YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli səhifələrindən biridir

Müsahibimiz Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı

- Musa müəllim, məlum olduğu kimi mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi tamam olur. Sizcə, Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdə yeri və rolu, əhəmiyyəti nədən ibarətdir?

- Məlum olduğu kimi, Azərbaycan xalqının qədim və zəngin dövlətçilik ənənələri çar Rusiyasının işğalından sonra qırılmış oldu. Lakin 1918-ci il mayın 28-də Azərbaycan xalqının müsəlman Şəqrində ilk dəfə olaraq demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Müsəlman Şərqinə Cümhuriyyət məfkurəsini, idarə-üsulunu Azərbaycan xalqı gətirdi. İstiqlala gətirən yol maarifçilik, milli özünüdərk, milli şüurun formalaşması kimi böyük bir prosesdən keçdi. Maarifçilik və milli hərəkatda görkəmli Azərbaycan ziyalıları müstəsna tarixi rol oynadılar. A.A.Bakıxanov, H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.Xoyski və b. fəaliyyəti xalqın taleyinə təsir edən amillərdən biri oldu.  XX əsrin əvvəllərində Azərbaycan xalqının müxtəlif ideoloji yönümlü siyasi partiya və təşkilatları yaradıldı. Bu, Azərbaycan xalqının siyasi zəkasının üstünlüyünün və siyasi tarixinin zənginliyinin göstəricilərindən biridir.

Birinci Dünya müharibəsinin sonlarında yaranmış şəraitdə Rusiya imperatorluğunun dağılmasından sonra yaranmış şəraitdə Azərbaycanın istiqlalı elan edildi. Azərbaycan əgər xanlıqlar formasında işğal edilib ilhaq olunmuşdusa, tək millət, tək dövlət, tək bayraq olaraq dövlətini bərpa etdi. Azərbaycan xalqı dövlət millətinə çevrildi. Xalq Cümhuriyyəti tariximizin şərəfli səhifələrindən biridir.

Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi. Lakin 1920-ci ilin aprel ayında Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Cümhuriyyətin varlığına daxili səbəblərdən deyil, bolşevik Rusiyasının işğalı nəticəsində son qoyuldu. Azərbaycan Sovet Sosialist Respublikası quruldu. Müstəqil dövlətin mövcudluğuna son verilsə də, dövlətçiliyin bəzi atributları saxlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, Azərbaycan SSR də qurulmazdı. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan SSR hüdudlarında bərpa edildi.

- Bu il həmçinin, Azərbaycan parlamentinin yaradılmasının 100 illik yubileyidir. Fəaliyyət göstərdiyi müddət ərzində qanunverici orqan respublikanın həyatı üçün vacib olan hansı sənədləri qəbul etdi?

- Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika idi. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti çoxpartiyalı və çoxfraksiyalı idi. Parlamentin açılış iclası 1918-ci il dekabrın 7-də, son iclası isə 1920-ci il aprelin 27-də olub. Azərbaycan parlamentinin 145 iclasından 130 iclasının ikisi – 28 may və 15 sentyabr 1919-cu il tarixli iclasları tarixi – Azərbaycanın istiqlalının və Bakının azad edilməsinin birinci ildönümləri münasibəti ilə; dördü təntənəli – 12 mart 1919-cu il və 12 mart 1920-ci il tarixli iclasları Böyük rus inqilabının 2-ci və 3-cü ildönümləri münasibəti ilə; ikisi – 27 iyun 1919-cu il Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlanması və 14 yanvar 1920-ci il Paris sülh konfransı iştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibəti ilə, ikisi isə fövqəladə iclas olaraq – 1918-ci il dekabrın 20-də Ermənistanın Gürcüstana müharibə elan etməsi və 1920-ci il martın 17-də Gürcüstan və Azərbaycan arasında bağlanmış iqtisadi əməkdaşlıq haqqında müqavilələrin təsdiqi münasibəti ilə keçirilib. Digər 122 iclas isə işgüzar iclas olub. Həmin iclaslarda ölkənin daxili və xarici siyasəti, sosial siyasət, aqrar siyasət, iqtisadiyyat və maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu, mədəni quruculuq və digər məsələlər müzakirə olunub, müvafiq qərar və qanunlar qəbul edilib. İclasların gündəliyinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan təxminən 230-u qəbul edilib. Həmin sənədlər dövlət quruculuğu, ictimai-siyasi, iqtisadi, mədəni, elmi və başqa sahələri əhatə edib.

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub. Bu qərarın əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

- Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 2018-ci ili  Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi, Cümhuriyyətin 100 illiyinin keçirilməsi barədə Sərəncamın verilməsi müstəsna əhəmiyyət kəsb edir. Milli dövlətçilik tariximizə dərin hörmət və ehtiramın göstəricisi olan bu sənədlər həm gənclərdə müstəqil dövlət, Vətən, torpaq, bayraq sevgisini artırır, həm də yeni tədqiqatların aparılması üçün inkanlar açır. Hesab edirəm ki, imzalanan sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi Cümhuriyyət tarixi məsələlərinin araşdırılmasında yeni bir mərhələ açacaqdır.

Prezident İlham Əliyevin bu qərarı Xalq Cümhuriyyətinə və onun qurucularına verilən yüksək dəyərdir. Cümhuriyyətin qurucuları olan insanların mütləq əksəriyyəti vətən, millət yolunda şəhid oldular. Bu qərar həm cümhuriyyət uğrunda şəhid olanların, həm də müasir müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhuna böyük ehtiramdır. Ona görə də, hər kəs bu qərarı yüksək qiymətləndirir.

- Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tarixi-elmi cəhətdən araşdırılması ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycan Xalq Cümhuriyyəti tarixi sovet dövründə araşdırılması qadağan edilmiş problemlər cərgəsinə daxil idi. Bu sahədə ilk addımlar 1980-ci illərin sonlarında atıldı. Bir sıra məqalə və ktablar dərc edildi. Lakin Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılması Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Cümhuriyyətin qurulmasının 80 illiyi münasibətilə imzaladığı sənədlərdən sonra başladı. Çoxlu işlər görüldü. Xarici siyasət sənədləri, parlamentin stenoqramları, Cümhuriyyət xadimlərinin həyatına həsr edilmiş kitablar nəşr edildi.

Musa müəllim, müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Bugünkü müstəqil dövlətimizin qazandığı uğurlar, dünyadakı mövqeyi və oynadığı rol haqqında fikirlərinizi bilmək istərdik...

- Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa edilib. Bu gün ölkəmizdə Cümhuriyyət abidəsi tikilib, Cümhuriyyət xadimlərinin adına küçə, prospekt və qəsəbələr verilib, kinofilmlər çəkilib. Bu gün müstəqil dövlətmiz dünyada söz sahibidir.

Cənab Prezidentimiz İlham Əliyevin liderliyi ilə Azərbaycan dövlətinin həm daxili, həm də xarici siyasətdə gördüyü böyük işlər, xüsusən, ölkəmizin qlobal  enerji, nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi, beynəlxalq nüfuzunun artması və s. amillər qururvericidir.