YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz namizədidir

Müsahibimiz Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu

- Hikmət müəllim, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Hazırda ölkəmizdəki seçki mühitini necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, hər bir demokratik cəmiyyətdə seçki ili ictimai-siyasi mühit üçün fəal dövr kimi səciyyələndirilir. Azərbaycanda da belədir. Artıq Azərbaycan cəmiyyətində özünəməxsus demokratik seçki ənənələri formalaşıb və bu ənənələr, hər şeydən əvvəl, insan hüquq və azadlıqları, eyni zamanda, seçki hüququna əsaslanır. Ona görə də, hesab edirəm ki, Azərbaycan seçici fəallığı baxımından bir sıra Qərb ölkələrindən daha irəlidədir. Azərbaycanda seçki mühitindən danışdıqda, ilk növbədə, demokratik seçkilərin keçirilməsini təmin edəcək ictimai-siyasi sabitliyi qeyd etmək lazımdır. İstənilən cəmiyyətdə sabitlik, hər şeydən əvvəl, hüquqi mexanizmlərin lazımi səviyyədə işləməsini təmin edən vasitə kimi çıxış edir. Bundan sonra siyasi sistemin demokratik institutlarının funksionallığı məsələsidir ki, bu da ölkəmizdə mövcuddur. Burada önə çıxan əsas institut isə ölkənin siyasi sisteminin lokomotivi hesab olunan siyasi partiyaların seçki kampaniyasına qoşulmasıdır. Bu demokratik yarışa xeyli sayda partiya qoşulub. Seçkini müşahidə etmək üçün çoxsaylı beynəlxalq və regional təşkilatlara dəvətnamələr göndərilib. Bütün bunlar seçkiqabağı demokratik mühitin təmin olunmasının göstəriciləri hesab edilməlidir. Ona görə də seçki mühitini olduqca müsbət qiymətləndirmək olar.

- Hazırda prezident seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsi davam edir. Yeni Azərbaycan Partiyasının namizədi, cənab  İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ilə bağlı düşüncələriniz nədən ibarətdir?

- Yeni Azərbaycan Partiyası öz layiqli namizədinin təbliğat və təşviqat kampaniyasını yüksək səviyyədə qurub. Seçki Məcəlləsinə uyğun olaraq prosedurlar düzgün müəyyənləşdirilib, görüləcək işlər əvvəlcədən təyin olunmuş təqvim əsasında ardıcıllıqla müəyyən edilib və təbliğat-təşviqat işləri yüksək səviyyədə təşkil olunub.

Seçicilərlə görüşlərdə hiss edirik ki, əslində Prezident İlham Əliyevin təbliğat və təşviqat kampaniyasına ehtiyac yoxdur. Çünki seçicilərlə görüşdə aydın olur ki, hər bir seçici cənab Prezidentin fəaliyyəti ilə bağlı ən azı Onu təbliğ etməyə gedən insanlar qədər məlumatlıdır və dəqiq mövqeyə malikdir. Bu, Azərbaycan xalqının mövqeyidir. Son 15 il ərzində cənab Prezidentin fəaliyyəti Azərbaycan xalqının gözləri önündədir. Ötən 15 il ərzində dövlət başçısı hər gün yeni obyektlərin açılışında iştirak edib. Ölkə rəhbərinin fəaliyyətinin şəffaf olması, Onun gördüyü işlərin böyüklüyü, xalqın isə bu barədə yetərincə məlumatlı olması cənab Prezidentin xüsusi təbliğata ehtiyacının olmadığını göstərir. Dövlət başçısı Öz təbliğatını əməlləri ilə yüksək səviyyədə təşkil edib. Buna görə də hesab edirik ki, cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz namizədidir. Ötən 15 il ərzində dövlət başçısının reytinqi xalq arasında əhəmiyyətli dərəcədə yüksəlməkdə davam edib. Bu sosial-siyasi göstərici ölkə rəhbərinin effektiv fəaliyyətinin nəticəsidir. Azərbaycanın dövlət və milli maraqlarının bariz şəkildə müdafiə edilməsinin nəticəsidir ki, 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbə qazanacağı heç kəsdə şübhə doğurmur.

- Məlum olduğu kimi,  Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. Azərbaycan regionun ən güclü dövləti olmaqla yanaşı, bölgənin inkişaf paradiqmalarının müəyyənləşdirilməsində birbaşa iştirak edir. Bu mənada qarşıdan gələn prezident seçkilərinin regionun gələcəyi baxımından əhəmiyyəti nədən ibarətdir?

- Qeyd edim ki, məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuz sahibinə çevrilib. Azərbaycanın rolu artaraq təkcə regional səviyyədə deyil, regionlararası inteqrasiya proseslərində də öz sözünü deyən mühüm faktora çevrilib. Azərbaycan Avropa ilə Asiya qitələrini təkcə coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir.
Prezident İlham Əliyevin xarici siyasət strategiyası dünya ictimaiyyəti tərəfindən təqdir olunan model kimi səciyyələndirilir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir.

Ölkəmizin tutduğu inkişaf yolu milli mənafeyi ifadə etməklə yanaşı, bölgənin inkişafına və sabitliyinə də xidmət edir. Buna görə də, Azərbaycanın iqtisadi, hərbi, mədəni və digər sahələrdə həyata keçirdiyi siyasət təkcə özünün deyil, əməkdaşlıq etdiyi qonşu regionlardakı ölkələrin də inkişafına şərait yaradır. Bu isə, ilk növbədə, Azərbaycanın gücünü, qüdrətini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz böyük regional amilə çevrilib: "Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir".

Şübhəsiz, Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktorudur və özünün milli maraqlarına müvafiq olaraq beynəlxalq sistemə inteqrasiya olunur. Belə olan təqdirdə, infoimperializmə qarşı etibarlı müdafiə mexanizmi formalaşdırmaq və ölkəmizi, cəmiyyət nümayəndələrini, ayrı-ayrı strateji obyektləri kənar təsirlərdən qorumaq lazımdır. Burada isə aparıcı faktor məhz ölkəyə rəhbərlik edən şəxsin həyata keçirdiyi idarəetmə strategiyasının nə dərəcədə səmərəli olmasıdır. Tərəddüdsüz qeyd etmək olar ki, Azərbaycan xalqının alternativsiz lideri olan cənab İlham Əliyevin milli maraqları, xalqın ali mənafeyini, ölkəmizin suverenliyini qətiyyətlə qoruması infoimperializmin Azərbaycana qarşı mümkün neqativ təsirlərini neytrallaşdırıb. Beləliklə, Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə öz müstəqilliyini qorumağa müvəffəq olub və hazırda müasir beynəlxalq münasibətlər sistemində suveren aktor kimi çıxış etməkdədir.

- Seçkilər istənilən ölkənin tarixində yeni bir dövrün, inkişaf və islahatlar mərhələsinin başlanğıcı kimi xarakterizə edilir. Siz necə hesab edirsiniz, növbəti prezident seçkiləri Azərbaycanın tarixində hansı rol oynayacaq?

- Hər seçki yeni başlanğıc olduğu kimi, həm də özünə qədərki mərhələnin davamıdır. Bu mənada demokratik seçkilər həmçinin cəmiyyətin inkişaf ənənələrinin varisliliyini təmin edən vasitədir. Azərbaycan hazırda ən yeni tarixinin mühüm inkişaf mərhələsini yaşayır. Ölkəmiz müasir mürəkkəb beynəlxalq münasibətlər və geostrateji şərtlərdə öz inkişafını davam etdirməyə nail olur. Üstəlik öz təhlükəsizliyini təmin etmək, ərazi bütövlüyünü bərpa etmək üçün hərbi qüdrətini artırır, güclü ordu yaradır və bu ordu Aprel zəfəri kimi ciddi hərbi uğurlara imza atır. Bütün bunlar həm də ölkəmizin idarəetmə, hüquq və iqtisadi münasibətlər sistemində ciddi islahatlarla müşahidə edilir.

Ölkəmizdə işsizliyin, yoxsulluğun aradan qaldırılması istiqamətində çox mühüm addımlar atılır. Qeyri-neft sektorunun inkişafı yeni iqtisadi mərhələnin prioriteti kimi müəyyənləşdirilib. Yeni müasir sənaye mərkəzləri yaradılır, regionlarımız inkişaf edir, olduqca müasir infrastruktur yaradılır. Təhsil, səhiyyə və digər bu kimi mühüm strateji sahələrdə ciddi islahatlar aparılır. Bütün bunlar isə yeni mərhələdə daha dərin və keyfiyyətli islahatlar aparmaq üçün ciddi əsaslar yaradır. Ona görə də 11 aprel tarixində keçiriləcək prezident seçkiləri bütün istiqamətlər üzrə inkişafımızda yeni keyfiyyət mərhələsi yaradacaq.

- Hikmət müəllim, prezident seçkiləri öncəsi vəziyyəti geniş təhlil etdiniz. Necə düşünürsünüz, 11 aprel prezident seçkilərində Azərbaycan xalqının seçimi necə olacaq?

- Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. 

Lider həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri, ilk növbədə, insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Ulu öndər Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb.

Məhz Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Təbii resurslardan düzgün istifadə edilməsi nəticəsində ölkəmiz maliyyə imkanlarını genişləndirib. Bütün sahələr üzrə dinamik inkişaf göstəricilərinə nail olan Azərbaycan qarşıya çıxan maneələri aradan qaldırmaq gücündədir. Bu səbəbdən respublikamız ən çətin vaxtlarda da kənar yardımlara ehtiyac hiss etmir. Bütün dünyanı iqtisadi böhran bürüdüyü zamanda Azərbaycan ciddi zərərə məruz qalmayan azsaylı ölkələrdən biri oldu. Kapital imkanları genişlənən ölkəmiz nəinki kənar yardımlara ehtiyac duymur, hətta özü də donor ölkə kimi çıxış edir. Bir sözlə, Azərbaycan, sözün əsl mənasında, özünü təmin edən dövlətdir. Bütün bu nailiyyətlərin əldə edilməsi isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində mümkün olub. Ona görə də 11 aprel  2018-ci  il prezident seçkilərində xalqın yalnız bir seçimi olacaq: cənab İlham Əliyev.