YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan idmançılarının seçimi birmənalı olaraq İlham Əliyevdir

Müsahibimiz Sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov

- Siz ölkəmizin idman ictimaiyyətini təmsil edirsiniz. Yəqin ki, idmançılar da qarşıdan gələn prezident seçkilərinə  fəal şəkildə qatılacaqlar?

- Mən sualınıza belə cavab verərdim: Müstəqil Azərbaycan idmançılarının ölkəmizin həyatında mühüm hadisə olan prezident seçkilərində fəal vətəndaş mövqeyi nümayiş etdirməməyə və son 15 ildə Azərbaycanın ünvanına saysız-hesabsız qələbələr gətirən dövlət başçımız, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin namizədliyini dəstəkləməməyə, sadəcə, mənəvi haqları yoxdur. Bilirsinizmi, idman daimi diqqət və qayğı tələb edən bir sahədir, burada hansısa ritorikalarla uğurlu nəticələrə nail olmaq mümkün deyil. Bu mənada idmançılarımızın öz potensiallarını artırmalarında, nüfuzlu beynəlxalq yarışlara qatılmaq imkanları əldə etmələrində, qələbələr qazanmalarında, bütövlükdə respublikada idmanın inkişafında İlham Əliyevin müstəsna xidmətləri vardır.

 Mənim yaşım Azərbaycanın müstəqilliyinin yaşı ilə üst-üstə düşür. Mən özümü dərk edəndən, idmanda ilk addımlarımı atmağa başlayandan İlham Əliyevin həm dövlət başçısı, həm də MOK-un prezidenti kimi ölkədə idmanın inkişafına göstərdiyi böyük qayğının şahidi olmuşam. Çoxminli idmançılar ordusu adından deyə bilərəm ki, biz Onun simasında özümüzün böyük dostumuzu tapmışıq. İlham Əliyev daim respublikamızda idmanın inkişafına yönələn yeni təşəbbüslərlə çıxış edir. Məndən daha yaşlı idmançılar etiraf edirlər ki, Azərbaycan idmanında keyfiyyətcə yeni inkişaf mərhələsi İlham Əliyev 1997-ci ildə MOK-un prezidenti seçildikdən sonra başlayıb. MOK-un yeni rəhbərinin milli təəssübkeşliyi, perspektivli idmançılara böyük qayğı ilə yanaşması, klubların, federasiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi bütövlükdə ölkənin idman həyatında yüksəliş dalğası yaradıb. Azərbaycanda idmana üz tutan gənclərin sayı sürətlə artmağa başlayıb.

Bu gün ölkəmizdə idman dövlət tərəfindən ən çox qayğı ilə əhatə olunmuş sahələrdən biridir, desəm, əsl həqiqəti ifadə etmiş olaram. Dövlətimizin başçısının müstəsna qayğısı sayəsində idmançılar cəmiyyətin sayılıb-seçilən üzvlərinə çevriliblər. Olimpiadalarda, digər mötəbər yarışlarda qələbələr qazanan, dünyanın nüfuzlu arenalarında Azərbaycan bayrağının qaldırılmasına, himnimizin səsləndirilməsinə nail olan idmançılar dünyanın heç bir ölkəsində rast gəlinməyən böyük qayğı və diqqətlə əhatə olunurlar.

- Yeri gəlmişkən, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurlar barədə ətraflı söhbət açmağınızı xahiş edirik.

- Ölkəmizdə dövlət tərəfindən idmanın inkişafına göstərilən hərtərəfli qayğı öz bəhrəsini verir. Belə ki, idmançılarımız  beynəlxalq səviyyəli mötəbər yarışlarda qələbələrin sayını ilbəil artırırlar. Azərbaycan idmançıları təkcə 2017-ci ildə bütün beynəlxalq yarışlarda 851 medal qazanıblar ki, onlardan 347-si qızıl medaldır.

 Göstərilən diqqət və qayğının nəticəsidir ki, idmançılarımızın olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi, Londonda 10 medal qazanmışdısa, Rio-2016 Olimpiadasında idmançılarımız medalların sayını daha da artırıblar. Belə ki, Braziliyanın paytaxtında keçirilən son Olimpiadada 56 atletlə təmsil olunan Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb və bu göstərici ilə Olimpiadanı 39-cu sırada başa vurub. Bu məqamda 2015-ci ilin yayında Bakıda keçirilən birinci Avropa Oyunlarının bütövlükdə Azərbaycan idmanının təntənəsinə çevrildiyini desək, əsl həqiqəti ifadə etmiş olarıq. Dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının qatıldığı Birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. Yarışlarda respublikamız Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq Rusiyadan sonra qitə ikincisi oldu.
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında da uğurlar seriyasını davam etdirib. İdmançılarımız İslamiadada qazandıqları qələbələrlə Azərbaycanın güclü idman dövləti olduğunu bir daha təsdiqləyiblər. Xatırladaq ki, Oyunlarda idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir. 
Bütün bu sadalanan faktlar göz önündə Azərbaycanın müasir mənzərəsini canlandırır. Deyilənlərdən də göründüyü kimi, həm dövlət, həm də Milli Olimpiya Komitəsi səviyyəsində göstərilən hərtərəfli qayğı və diqqət sayəsində respublikamız qısa müddətdə yüksək səviyyəli idman ölkəsinə çevrilib.

- İlham Əliyevin idmana göstərdiyi qayğı şəxsən sizin karyeranızda nə kimi rol oynayıb?

- Mən 2012-ci ildə keçirilən London olimpiadasında qızıl, Rio-2016 olimpiadasında gümüş medal qazanmışam. Azərbaycanın ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışam. 2008-2009-cu illərdə yeniyetmələr arasında Avropa çempionu olmuşam. 2010-2011-ci illərdə gənclər arasında Avropa və Dünya çempionu adını qazanmışam. Bir sözlə, yaşıma baxıb uğurlarım çoxdur.  Hər yerdə də Azərbaycanı şərəflə təmsil etməyə çalışmışam. Son illərdə olimpiadalarda, dünya miqyaslı çempionatlarda medallar qazanan bütün idmançılar kimi, mən də karyeramdakı uğurlara görə dövlətimizin başçısı, MOK-un prezidenti İlham Əliyevə minnətdaram. Bilirsinizmi, dövlət qayğısı, prezident səviyyəsində diqqət göstərilməsi idmançı üçün böyük stimuldur. London Olimpiadasındakı qələbədən sonra Prezident İlham Əliyevin mənə telefon açması, mənə təbriklər ünvanlaması həyatımın ən unudulmaz anları kimi yaddaşıma yazılıb. Dövlət başçısı məni ömürlük Prezident təqaüdünə layiq görüb. Müxtəlif illərdə "Şöhrət" ordeni və digər yüksək təltiflərə layiq görülmüşəm.

Bunlar gənc idmançının karyerasının ayrı-ayrı məqamlarıdır. Ölkəmizdə bütün idmançılar belə yüksək qayğı ilə əhatə olunublar. Yuxarıda vurğuladığım kimi, buradan da biz idmançıların seçimi formalaşıb. Biz istəyirik ki, respublikamızda idmanın inkişafına göstərilən qayğı siyasəti davam etdirilsin. Buna görə də biz idmançılar seçkilərdə mütləq İlham Əliyevə səs verəcəyik. Bu, bizim dəyişməz, qəti seçimimizdir!