YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov

- Yaqub müəllim, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi mühiti və mövcud ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

- İnanırıq ki, aprelin 11-də Azərbaycan seçicilərinin böyük əksəriyyəti səsvermədə iştirak edərək İlham Əliyevin lehinə səs verəcək. Belə qənaətə gəlməyin əsas səbəbi odur ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadi, sosial və digər sahələrdə böyük inkişaf mərhələləri keçib, insanların həyat şəraiti yüksəlib və ölkəmizin beynəlxalq aləmdə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu reallıqlar İlham Əliyevin siyasi reytinqini kifayət qədər yüksək səviyyəyə qaldırıb. Xalqımız bu siyasəti qətiyyətlə dəstəkləyir.

Qlobal siyasi və hərbi kataklizmlərə baxmayaraq, Azərbaycan sabitlik adası olaraq qalmaqdadır. Ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi Azərbaycan Respublikası Cənubi Qafqazın aparıcı dövlətinə çevrilib. Hazırda Azərbaycan dünyanın həsəd aparacağı ölkələrdən biridir. İctimai-siyasi sabitlik və əmin-amanlıq Azərbaycanın inkişafının təməl prinsiplərindən biridir.

Həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatımız yeni keyfiyyət mərhələsinə daxil olub. Son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb.

Seçkilər hər bir demokratik ölkənin həyatında mühüm siyasi hadisə sayılır. Təəssüf ki, biz bu dönəmdə də Azərbaycana qarşı bəlli siyasi mərkəzlərin həyata keçirmək istədikləri qarayaxma cəhdlərini görürük. Lakin Azərbaycan cəmiyyəti ayıqdır.

Beləliklə, Azərbaycanda növbəti prezident seçkiləri ərəfəsində cəmiyyətimizin iqtisadi, ictimai-siyasi, mənəvi-psixoloji durumu və mənzərəsi kifayət qədər ürəkaçandır. Ən başlıcası isə, insanlar inkişafımızın davamlı olduğunu bilir və optimist hisslər formalaşır. Bir sözlə, mövcud ictimai-siyasi mənzərə özündə yüksək əhval-ruhiyyəni ehtiva edir.

Bu gün Azərbaycan cəmiyyətini narahat edən yeganə məsələ torpaqlarımızın bir qisminin işğal altında olmasıdır. Dağlıq Qarabağ münaqişəsinin bugünə qədər nizama salınmaması hər bir vətəndaşımızı dərindən narahat edir. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa öz mövqelərini qəti şəkildə bildirməlidirlər. Beynəlxalq güc mərkəzləri və müvafiq təşkilatlar Ermənistanın işğalçı faşist rejiminə təzyiq göstərmir.

- Prezident İlham Əliyevin xalqımız və dövlətimiz qarşısındakı mühüm xidmətlərindən biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə müvəffəqiyyətlə çatdırılmasıdır. Bu barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan həqiqətləri, o cümlədən tarixi reallıqlar dünya ictimaiyyətinə çatdırılıb. Ulu öndər Heydər Əliyev kimi, Prezident İlham Əliyev də tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan, inkişaf etdirən dövlət başçısı və tarix yaradan tarixi şəxsiyyətdir. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi-tədqiqat fəaliyyəti də ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 14 ildə Tarix İnstitutunda 400-dən çox tədqiqat əsəri işıq üzü görüb.

İlham Əliyev xalqımıza “26 Bakı komissarları” adı ilə təqdim olunmuş və Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyan və digər cəlladların cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanına köçürtməklə şüurlarda inqilab edib. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə əməl olunaraq, İlham Əliyevin prezidentliyi dövründə Tarix İnstitutu ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.

Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hər il 28 May – Respublika Günündə ölkəmizin qabaqcıl elm və mədəniyyət xadimlərinə, ziyalılarına dövlət mükafatları təqdim olunur. 2012-ci ildəki ənənəvi qəbulda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı verilib.

Azərbaycan Prezidentinin sayəsində tarix elmini müstəqil inkişaf yoluna çıxara bilmişik. Biz keçmişdə qadağan edilən mövzulara onlarla əsər həsr etmişik və saxtalaşdırılmış məsələlərə yenidən baxmışıq. İnstitut “Azərbaycan tarixi atlası”nı buraxıb, “Azərbaycanın milli atlası”na isə 85 tarix xəritəsi daxil edib. İrəvan xanlığının tarixini araşdırmaqla ermənilərə dünya miqyasında sübut etmişik ki,  bugünkü Ermənistan dövləti Azərbaycanın tarixi torpaqlarında yaradılıb.

Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətçilik tariximizlə bağlı atılan mühüm addımlardandır. İnstitutda Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Xalq Cümhuriyyəti tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Son illərdə nəşr olunmuş onlarla fundamental tədqiqat, o cümlədən “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb.

Prezidentin təşəbbüsü və himayəsi altında hər il Azərbaycanda dünya tarixçilərinin Beynəlxalq soyqırımı konfransları keçirilir. Tarix İnstitutu Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımlarıyla bağlı ayrı-ayrılıqda monoqrafiyalar çap etdirib.

- Azərbaycan Prezidenti bütün milli məsələlərdə, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Prezident İlham Əliyev hər zaman yüksək beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətini ifşa edir və bəyan edir ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək.

Prezidentimizin dəfələrlə “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunacağına ümidləri daha da artırır.

Dağlıq Qarabağ probleminin yoluna qoyulması ilə bağlı rəsmi Bakının təklifləri konstruktivdir. Bu, ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı Ermənistanın hərbi qüvvələri zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalıdırlar. Öz ata-baba yurdlarından məcburi köçkün düşmüş soydaşlarımız isə doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Yalnız bundan sonra Dağlıq Qarabağın gələcək statusu barədə danışmaq olar. Prezident İlham Əliyev 2016-cı ildə “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində Dağlıq Qarabağ problemi ilə bağlı bunları deyib: “Azərbaycanın ərazi bütövlüyü diskussiya mövzusu deyil və ola da bilməz. Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət - biz münaqişənin nizamlanmasını belə görürük”.

Bugünkü Azərbaycan XX əsrin 90-cı illərinin Azərbaycanı deyil. 2016-cı ilin aprel döyüşlərində düşməni əzən, hərbi baxımdan xeyli sayda strateji yüksəklikləri, ümumən isə 2 min hektara qədər işğal altında olan ərazimizi azad edən Azərbaycan ordusu isə inkişaf edən Azərbaycanın real mənzərəsidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ordusu bir çox məsələlərin həlli üçün ciddi potensiala malikdir. Bəli, Azərbaycan Ermənistan qarşısında böyük hərbi üstünlüyə malikdir.

Əsas məqsədimiz işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək və ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. Biz tarixçilər inanırıq ki, xalqımız nəinki Qarabağdakı yurd yerlərinə, həmçinin gələcəkdə İrəvan, Zəngəzur və Göyçə ellərinə də qayıdacaq. İlham Əliyevin ətrafında sıx birləşməklə biz bu qələbələrə hökmən nail olacağıq.

- Yaqub müəllim, mövcud reallıqlar və perspektiv hədəflər fonunda, sizcə, aprelin 11-də Azərbaycan xalqının seçimi necə olacaq?

- Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir. İlham Əliyevin əsas təbliğatçısı son 15 ildə əldə olunan böyük uğurlardır. Vətəndaşlarımız bu uğurları öz həyatlarında hiss edirlər. Biz insanların bu əhval-ruhiyyəsini bilirik və buna istinad edərək xalqın İlham Əliyevə səs verəcəyinə əminik. İlham Əliyevə səs vermək Azərbaycanın tarixinə sahib çıxmağa və inkişafımızın davamlı olmasına səs verməkdir. Xalqımızı Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyirəm.

Müasir inkişafın Azərbaycan modeli ilə bu gün bütün dünya maraqlanır. Bu modelin müəllifi isə Heydər Əliyevin siyasi varisi olan dövlətimizin başçısı İlham Əliyevdir. Bütün xalqımızı 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verməyə çağırıram!