YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir

Müsahibimiz Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov

- Anar müəllim, 1918-ci ildə  azərbaycanlılara qarşı törədilmiş soyqırımının 100 ili tamam olur. Tarix boyu dəfələrlə ermənilər azərbaycanlılara qarşı qırğınlar törədiblər. Bunların sırasında miqyasına görə 1918-ci ilin mart ayında törədilmiş qətliamlar daha böyükdür. Ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə 31 mart tarixi hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu barədə sizin düşüncələrinizi bilmək istərdik...

- Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı mühüm siyasi və elmi əhəmiyyət kəsb edən müdrik  fikirləri var. Ulu öndərimiz vurğulayırdı ki, Azərbaycan xalqının XX əsrin sonunda əldə etdiyi ən böyük nailiyyətlərdən biri dövlət müstəqilliyinin bərpasıdır. Həqiqətən də, müstəqillik istənilən xalq, o cümlədən, Azərbaycan xalqı üçün böyük nemətdir. Azərbaycan xalqı müstəqilliyini qazandıqdan sonra öz keçmişini öyrənmək, tarixini araşdırmaq, üzləşdiyi faciələri unutmamaq və onlara işıq salmaq imkanı əldə etdi. Bu mənada XX əsrin 18-20-ci illərində yaşanmış faciələrə də siyasi, elmi və tarixi nöqteyi-nəzərdən işıq salmaq imkanı yarandı. Xüsusilə, Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman biz tarixçi alimlərə, o cümlədən, bu sahədə tədqiqat işi aparan tarixçilər üçün hüquqi əsas yaratdı. Bu, gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin obyektiv öyrənilməsi üçün çox mühüm bir sənəddir. Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra öz tarixinə müraciət etməyə, tarixini araşdırmağa, tarixdə olan qara ləkələri ayırd etməyə haqq qazandı. Bu baxımdan əlbəttə ki, imzalanan Fərmanın böyük tarixi əhəmiyyəti var. 

- Ümumiyyətlə, xalqımıza qarşı törədilmiş soyqırımın tarixi kökləri haqqında nə deyə bilərsiniz? Bu prosesdə ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nə dərəcədə rol oynayıb?
- Biz soyqırımdan danışanda iki tarixi hökmən vurğulamalyıq. Birincisi, 1918-ci il 31 mart soyqırımı, ikincisi, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı. Bu soyqırımlar ermənilərin xarici havadarları tərəfindən dəstəklənərək, maliyyələşdirilərək, hərbiləşdirilərək həyata keçirilib. Bu prosesin tarixinə gəldikdə isə qeyd etmək lazımdır ki, 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsindən sonra Azərbaycan torpaqlarında yerləşdirilən ermənilərin iştirakı ilə XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı soyqırımlar törədilib. Yəni bu dövrdən etibarən, hadisələr etnik təmizləmə, deportasiya mərhələsindən soyqırım mərhələsinə keçib. İlk növbədə, azərbaycanlıların sahib olduqları ərazilər əllərindən alınmağa başlandı. Konkret olaraq, ermənilərin köçürülməsi ilk olaraq İrəvan quberniyası ərazisində başlandı, oraya Naxçıvan qəzasının ərazisi, Zəngəzur qəzasının, Qarabağ xanlığının ərazisi daxil idi. Hətta 1828-ci ildə Türkmənçay sülh müqaviləsi imzalandıqdan sonra 1829-cu ilin 21 martında bu ərazidə erməni vilayəti yaratdılar. Bu hadisələr isə ona gətirib çıxartdı ki, həmin ərazilərdə ermənilərin sayı 1 milyon 300 mindən nəfərdən çox oldu. Baxmayaraq ki, Gülüstan sülh müqaviləsinə qədər bu ərazidə 1 nəfər də olsun erməni yaşamayıb.

- 1918-1920-ci illərdə azərbaycanlılara qarşı  həyata keçirilən soyqırımlarla bağlı fikirlərinizi bilmək istərdik...

- 1918-ci ilin martın 30-dan aprelin 2-dək Bakı və onun ətraf kəndlərində müsəlman əhalisi məqsədli şəkildə  soyqırıma və talanlara məruz qalaraq 11 mindən artıq günahsız insan qətlə yetirilib. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Talançılar Bakıda «Kaspi» qəzeti redaksiyasını, «Dağıstan», «İsgəndəriyyə» və «İsmailiyyə»ni yandırmışdılar. «Kaspi» qəzeti redaksiyasında "Quran-Kərim"ın yenicə çap edilmiş 5 min nüsxəsi də yandırıldı.
1918-1920-ci illərdə Zəngəzur qəzasında 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. 1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92, İrəvan şəhəri və onun çevrəsində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdi.
Lənkəran və Astarada 1000 nəfərdən çox, Salyan və Hacıqabulda 2000 nəfərdən çox, Kürdəmirdə 2000, ümumilikdə 6 minə qədər müsəlman qətlə yetirildi, evləri yandırıldı, əmlakları talan olundu.
1918-ci ilin aprel-may aylarında Şamaxı qəzası dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. S.Lalayan və T.Əmirovun rəhbərliyi ilə təkcə Şamaxı şəhərində bir neçə gündə 8 minə qədər müsəlman qətlə yetirilmiş, 13 məscid, eyni zamanda, səkkiz əsrlik tarixi olan Cümə məscidi yandırılmışdı. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən ermənilər Şamaxı şəhərində 8100, Şamaxı qəzasının 53 kəndində isə 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur.
Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdi. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hal-hazırda mövcud deyildir.

Cənubi Azərbaycanın Urmiya, Xoy, Maku, Səlmas, Təbriz şəhərlərində 100 minə qədər türk-müsəlman qətlə yetirilib.

Bütövlükdə, qəddarlığı baxımından ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir.

- Anar müəllim, soyqırımla bağlı faktları sadaladınız. Bəs  xalqımıza qarşı törədilmiş bu soyqırımın tarixi kökləri nədən ibarətdir?
- Tarix boyu ermənilər türk-müsəlman əhalisinə qarşı düşmən düşüncəsində olublar. Yəni ermənilərin xalqımıza qarşı düşmən münasibətinin kökü təkcə XIX-XX əsrlərlə bağlı deyil. Baxmayaraq ki, Osmanlı dövləti, Osmanlıya qədər səlcuqlar, bir sözlə, türklər  həmişə onlara tolerant münasibət göstərib. Ən çətin məqamda erməniyə əl uzadan türklər olub, erməni üçün şərait yaradan türk-azərbaycanlılar olub. Amma ermənilər isə bizə qarşı həmişə bunun əksini ediblər. Erməni xalqının tanınmış nümayəndəsi Xaçatur Abovyan da dəfələrlə bildirib ki, «türk dili erməni həyatı üçün xüsusi əhəmiyyət daşıyıb. Ermənilər öz dilində ifadə edə bilmədiyini bu dildə ifadə edib». Yəni  erməni mütəfəkkirlərinin əksəriyyəti türklər haqqında xoş söz deyiblər. Əslində bunu deməklə heç nə şişirtməliyblər, sadəcə doğrunu söyləyiblər.
Amma təəssüf ki, həmişə erməni düşüncəsində türk-müsəlmana düşmənçilik təbliğ olunub. Qaragen Njde özünün «Qaragen Njde və onun təlimi» kitabında kitabda türk-müsəlmana münasibətini belə bildirir: «Vaxtilə 1919-cu ildə italyanlar Mussolinin simasında faşizmi yaratdılar, amma onlar bir şey edə bilmədilər. 1933-cü ildə Hitler almanların simasında nasizmi yaratdı, o da bir şey edə bilmədi. Amma biz nə istəyirik? Dünyada sonuncu türk lal-kar, kor olsa belə, biz onu öldürməliyik». Yəni erməni  ideologiyasında rəhm deyilən  bir şey yoxdur. Necə ki, 1992-ci ilin fevral ayında törədilmiş Xocalı qətliamı  buna əyani misaldır. Xocalıda ermənilər insanlığa qarşı ən dəhşətli qəddarlığı etdi.
Birinci dünya müharibəsi başlanan dövrdə ermənilər hesab edirdilər ki, öz məqsədlərinə çatmaq üçün münbit şərait yaranıb. Onların düşüncəsinə görə, müdafiə etdikləri çar Rusiyası müharibədən qalib çıxsa, Osmanlı ərazisində Cənubi Qafqaz da daxil olmaqla «böyük Ermənistan» dövləti yaratmaq olar. Öz məqsədlərini reallaşdırmaq üçün isə bu torpaqlarda yaşayan türk-müsəlmanları məhv etməyi planlaşdırırdılar.
1914-1918-ci illər ərzində Omanlı ərazisində öz maraqlarını təmin edə bilməyən, dövlət yarada bilməyən ermənilər  silahlı dəstələri Şimali, Cənubi və  Qərbi Azərbaycanda on minlərlə türk-müsəlmanı qətlə yetirdilər. Qətlə yetirilənlər isə dinc əhali idi. Hansı ki, bu əhali vaxtilə ermənilərə torpaq, yaşamaq üçün yer-yurd vermişdilər. Bu proseslərin  ən dəhşətlisi 1918-ci ildə baş verən mart soyqırımıdr. Ermənilər həmin vaxt Bakı şəhərində martın 30-dan aprelin 2-dək kütləvi qətliam törətdi ki, bunun adı soyqırımdır.

- Azərbaycan Prezidenti İlham Əliyev bu ilin yanvar ayında «1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında» Sərəncam imzalayıb. Bu Sərəncamın tarixi əhəmiyyəti nədən ibarətdir?

- Şübhəsiz ki, dövlət başçısının Bu Sərəncamı böyük tarixi əhəmiyyət kəsb edir. Çünki  bununla da nəinki ölkəmizdə, eyni zamanda beynəlxalq miqyasda ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli soyqırıma nəzər salınır, bu məsələ yenidən gündəmə gətirilir. Bununla da, dünya ictimaiyyəti əsl tarixi həqiqətləri öyrənmiş olurlar.

Sərəncamda vurğulandığı kimi erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb.

Ötən  illər ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib.

Sərəncama əsasən respublikamızda və xarici ölkələrdə azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər həyata keçirilir. Bütün bunlar isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmsında müstəsna əhəmiyyət kəsb edir.

Tarixçi alimlərimiz də bu baxımdan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Azərbaycanlıların soyqırımı ilə əlaqədar xeyli sayda tədqiqat əsərləri nəşr olunub, sənədli filmlər çəkilib. Müxtəlif dillərdə tərcümə olunan əsərlər ayrı-ayrı dövlətlərin kitabxanalarında var. Biz bununla dünyaya sübut etmək istəyirik ki, əslində, soyqırıma məruz qalan azərbaycanlılıardır. Dünya ictimaiyyəti həqiqi soyqımın ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədildiyini bilməli və bunu qəbul etməlidir.  Biz həqiqəti deyirik. Və həqiqət uğrunda da mübarizəmizi davam etdiririk. Bu istiqamətdə böyük nailiyyətlər əldə olunub. Heç kim tarixi saxtalaşdıra bilməz. Ona görə də biz haqq işimizi yorulmadan davam etdirəcəyik.