YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin davamlı olmasını istəyir

Müsahibimiz Milli Məclisin deputatı Əsabil Qasımov

- Əsabil müəllim, Azərbaycan mühüm ictimai-siyasi hadisə ərəfəsindədir, ölkəmizdə aprelin 11-də prezident seçkiləri keçiriləcək. Seçkiöncəsi mühiti necə qiymətləndirirsiniz?

- Yüksək beynəlxalq nüfuza və özünəməxsus inkişaf modelinə malik olan Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri öncəsi ictimai-siyasi vəziyyət sabitdir. Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir, hər bir namizədə bərabər şərait yaradılıb, siyasi mübarizə üçün rəqabət mühiti mövcuddur və bütün bunlar seçkilərin demokratik, şəffaf və ədalətli keçəcəyini deməyə əminlik yaradır. Ümumiyyətlə, təxminən 27 illik müstəqillik tarixinə malik olan Azərbaycanın zəngin və mütərəqqi seçki təcrübəsi mövcuddur Bu zamana qədər ölkəmizə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri ədalətli, şəffaf və demokratik şəraitdə baş tutub və beynəlxalq miqyasda təqdirlə qarşılanıb. Hazırkı reallıqlar, yəni məvcud şərait məhz aprelin 11-də keçiriləcək prezident seçkilərinin də demokratik standartlara uyğun baş tutacağını – Azərbaycanın demokratik ənənələrə sadiq qalacağını söyləməyə əsas verir.

Ölkəmizdə seçkiöncəsi şəraiti səciyyələndirən ən mühüm amillərdən biri məhz ictimai-siyasi sabitlikdir. Cənab İlham Əliyevin 2003-cü ildən indiyə qədər ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan sabitlik adası kimi səciyyələndirilib. Bu gün Azərbaycanı bir çox ölkələrdən fərqləndirən xüsusiyyət məhz ictimai-siyasi sabitlikdir. Sabitliyi şərtləndirən amil isə cənab İlham Əliyev tərəfindən uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsidir. Azərbaycanda həyata keçirilən daxili siyasət məhz sosialyönümlü olması ilə fərqlənir. Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların mənafeyi dayanır. Bütün sosial layihələr uğurla icra olunur, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Xarici siyasət sahəsinə gəldikdə isə, uğurlu və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, ölkəmiz regionda sabitləşdirici amil kimi çıxış edir. Bütün bu nailiyyətlər isə Azərbaycanda ictimai-siyasi sabitliyi şərtləndirir.

Azərbaycan prezident seçkilərinə sabitlik şəraitində gedir və qazanılan bütün uğurlar xalqın alternativsiz namizədi olan cənab İlham Əliyevin növbəti möhtəşəm və parlaq qələbəsini təmin edəcək mühüm faktorlardan biri olacaq.

-Azərbaycan vətəndaşları cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti qiymətləndirərkən iqtisadi inkişaf amilini əsas götürür. Ölkəmizin ötən müddət ərzində iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlarla bağlı nə deyə bilərsiniz?

-Azərbaycan 2003-cü ildən etibarən sürətli iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Neft gəlirlərindən səmərəli istifadə olunaraq qeyri-neft sektorunun inkişafı təmin olunub, bütün sahələrdə ardıcıl islahatlar həyata keçirilib və Azərbaycan qüdrətli dövlətə çevrilib. Statistik göstəricilər Azərbaycanın son 14 il ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişaf mərhələsi keçdiyini bariz şəkildə əks etdirir. Son 14 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. 2004-2017-ci illərdə Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi 3,2, sənaye məhsulu istehsalı 2,6, kənd təsərrüfatı məhsulu istehsalı 1,7, büdcə gəlirləri 13,5 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idi, hazırda isə 42 milyard dollara bərabərdir. Orta aylıq nominal əmək haqqı 6,8, minimum əmək haqqı 12,9 dəfə artım təşkil edib. İşsizlik səviyyəsi 5, yoxsulluq isə 5,4 faizə enib. Bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin real nəticələridir. Son 14 ildə respublika üzrə təxminən 1,9 milyon yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm amil kimi çıxış edir. Hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb. Son 14 ildə qəbul edilən müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin edilib. Bütün bunlar Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin sosial məzmunlu olmasına dəlalət edir və bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində məhz vətəndaşların mənafeyi dayanır. Buna görə də Azərbaycan cəmiyyəti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir və bu siyasətin davamlı olmasını istəyir.

-Son 14 il ərzində həyata keçirilən siyasətin uğurlu nəticələrindən biri də regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə edilməsidir. Bu sahədə görülən işlər və əldə edilən nəticələr barədə nə söyləmək olar?

-Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini regionların sosial-iqtisadi inkişafı təşkil edir. Dövlətimizin başçısının fərmanları ilə təsdiqlənərək 2004-cü ildən indiyədək uğurla reallaşdırılan müvafiq regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan konkret vəzifələr müvəffəqiyyətlə yerinə yetirilib. Bunun əyani göstəricisi bölgələrin hərtərəfli və dinamik inkişafıdır.

Cənab İlham Əliyev 2003-cü ildə  regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı beşillik Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü irəli sürmüşdü və Prezident seçildikdən sonra bu təşəbbüsü reallaşdıraraq bölgələrin inkişafına xdmət edən müvafiq Dövlət proqramlarının icra olunmasını təmin etdi. Cəban İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırıldı və müsbət göstəricilər əldə olundu. 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı isə hazırda yerinə yetirilir və qazanılan uğurlar göz qabağındadır.  İlk Dövlət Proqramının icrasına başlanmasından etibarən regionlarda 70 mindən çox müəssisə fəaliyyətə başlayıb, bölgələrdə ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. 2004-cü ildən etibarən Dövlət proqramlarının icrasına bütün mənbələr hesabına 50 milyard manatdan çox vəsait yönəldilib, dövlətimizin başçısı tərəfindən bölgələrdə yol infrastrukturunun yenilənməsinə, müxtəlif layihələrin reallaşdırılmasına və abadlıq-quruculuq işlərinin aparılmasına, eləcə də digər məsələlərə əlavə maliyyə vəsaitlərinin ayrılmasına dair çoxsaylı sərəncamlar imzalanıb.

-Əsabil müəllim, cənab İlham Əliyevin rəhbərliyi altında bu zamana qədər əldə edilən çoxsaylı nailiyyətlər və ölkəmizin dayanıqlı inkişafının təmin olunması gələcəyə dair nikbin proqnozlar ifadə etməyə imkan verir. Gələcək hədəflər və inkişaf perspektivləri barədə fikirlərinizi bilmək istərdik...

-Azərbaycan 2003-cü ildən bu günə qədər hərtərəfli inkişaf yolu keçib, bütün sahələrdə çoxsaylı uğurlar əldə olunub. Bütün bunlar gələcəyə optimist baxmağa əsas yaradır. Əminliklə demək olar ki, dövlətimizin başçısının rəhbərliyi ilə islahatlar növbəti illərdə də uğurla davam etdiriləcək, qarşıya qoyulan bütün məqsədlərə çatmaq mümkün olacaq. Növbəti mərhələdə də qeyri-neft sektorunun inkişafı, iqtisadi və maliyyə sisteminin sabitliyinin təmin olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi və digər istiqamətlərdə  strateji əhəmiyyətli tədbirlər davam etdiriləcək.

Nəticədə, sadalananlar Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda əmin addımlarla irəlilədiyini göstərir. Buna görə də bu inkişafın davamlı olmasını istəyən Azərbaycan vətəndaşlarının yeganə seçimi məhz cənab İlham Əliyevdir!