YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Başlanan və uğurla davam edən işləri İlham Əliyevlə davam etmək zamanın tələbidir, xalqın təkididir, Azərbaycan ziyalılarının təklifidir

Müsahibimiz AMEA-nin prezidenti, YAP Sədrinin müavini, akademik Akif Əlizadə

- Akif müəllim, Azərbaycan Respublikası mühüm siyasi hadisə ərəfəsindədir. Aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar olaraq sizin düşüncələrinizi bilmək istərdik...

- Əvvəlcə qeyd edim ki, bu il bütün müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında "Xalq Cümhuriyyəti ili" elan edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Xalqımızın  dövlətçilik ənənələrini, azadlıq, müstəqillik eşqini öz qəlbində daim qoruyub saxlamasının nəticəsidir ki, 70 illik sovet hakimiyyətindən sonra Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etmiş, bütün çətinliklərə baxmayaraq müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində onu qoruyub saxlamağa nail olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq qurulan  müstəqil Azərbaycan otuz ilə yaxın bir müddətdə öz strateji hədəflərinə doğru inamla addımlamaqda, dünya birliyinin bərabərhüquqlu üzvü kimi beynəlxalq aləmə inteqrasiya olunmaqda, sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkişaf etməkdədir.

Dövlətçilik ənənələri baxımından olduqca əlamətdardır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etdiyimiz 2018-ci il həm də demokratik cümhuriyyətçilik ənənələrinin ən mühüm göstəricilərindən olan Azərbaycan Respublikası Prezidentliyinə növbəti seçki ilidir. Təbiidir ki, bu, ölkəmiz üçün olduqca əlamətdar bir hadisədir. Heç şübhəsiz, əvvəlki dövrlərdə olduğu kimi, bu seçkilərdə də xalqımızın alternativsiz namizədi hazırda dünya siyasi liderləri içərisində intellektual potensialına görə xüsusilə fərqlənən,  müasir imicli siyasi xadim kimi böyük nüfuza  malik  olan  İlham Heydər oğlu Əliyevdir.

Tarixin təcrübəsi sübut edir ki, hər bir siyasi xadimin, dövlət rəhbərinin ideoloji məramı, idarəçilik fəlsəfəsi, fəaliyyət diapazonu onun mənsub olduğu xalqa münasibəti ilə şərtlənir. Bu mənada son on beş ildə İlham Əliyevin müstəqil Azərbaycan Respublikasının rəhbəri olaraq həyata keçirdiyi siyasət onu göstərir ki, onun idarəçilik fəlsəfəsinin əsasında xalqımızın tarixi taleyi qarşısında ümummilli məsuliyyət və cavabdehlik hissi dayanır. Azərbaycana rəhbərlik illərində xalqın taleyi ilə öz şəxsi taleyini birləşdirmək, öz ömrünü xalqının ömrü kimi yaşamaq İlham Əliyevin tale yazısına çevrilmişdir. Bu, çətin və məsuliyyətli  olmaqla yanaşı, həm də olduqca şərəfli bir taledir!

- Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib. Bu dövrdə əldə olunan quruculuq və inkişaf proseslərinin müstəqil ölkəmizin müasirləşməsi baxımından əhəmiyyəti nədən ibarətdir?

- Son on beş ildə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkişaf etmiş, beynəlxalq aləmdə ölkəmizin strateji  mövqeləri kifayət qədər möhkəmlənmişdir. Həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarının reallaşması, demokratik idarəçilik mexanizmlərinin tətbiqi, vətəndaş cəmiyyətinin qurulması, hüquqi təsisatların bərqərar edilməsi, ən müxtəlif sahələr üzrə etibarlı beynəlxalq tərəfdaş imicinin qazanılması inkişaf edən müasir Azərbaycanın reallıqlarına çevrilmişdir. Hazırda dünyada və regionda siyasi, iqtisadi və hərbi böhranların müşahidə olunduğu bir şəraitdə ölkəmizin müxtəlif xarakterli risklərdən uğurla yayınması, respublikada sabitliyin qorunub saxlanılması, sosial-iqtisadi və mədəni-mənəvi  inkişaf tempinin heç bir halda zəifləməsinə yol verilməməsi də bilavasitə cənab İlham Əliyevin uğurlu dövlət siyasətinin nəticəsidir.

Hamıya yaxşı məlumdur ki, İlham Əliyev on beş il bundan öncə Prezidentlik fəaliyyətinə başlayarkən “Neft kapitalını insan kapitalına çevirməliyik!” devizi altında təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidi ölkənin strateji hədəfi elan etdi.

Azərbaycanın bütün sahələr üzrə hərtərəfli inkişafı onu deməyə əsas verir ki, müasir dünyadakı kataklizmlərə baxmayaraq, ölkəmiz neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində, intellektual inkişaf modelinə əsaslanan modern cəmiyyət quruculuğu yolunda uğurla addımlamaqdadır. Xalqımız qeyd olunan bütün bu uğurlara İlham Əliyevin rəhbərliyi ilə nail olmuşdur. Prezident İlham Əliyevin bir siyasi lider kimi yetişməsinə bir sıra amillər mühüm təsir göstərmişdir. İlk növbədə onun doğulub boya başa çatdığı ailə mühitini xüsusilə qeyd etmək lazımdır. İlham Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ailəsində dünyaya göz açmış, bu dahi şəxsiyyətin tərbiyəsi ilə böyümüş, onun milli dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin ideyaları işığında bir şəxsiyyət kimi formalaşmışdır. Belə bir genetik və mənəvi varisliyin nəticəsidir ki, Ümummilli lider Heydər Əliyevin bütün varlığı ilə bağlı olduğu Azərbaycan idealı İlham Əliyevin də  amalına çevrilmişdir. Onun şəxsində genetik kökdən və “ailə məktəbindən” gələn xüsusiyyətlərlə modern təhsildən gələn cəhətlər üzvi şəkildə birləşərək unikal bir şəxsiyyət bütövü yaratmışdır.

Modern cəmiyyətlərin xarakterini öyrənən alimlər hesab edir ki, hazırkı şəraitdə sosial tərəqqi tempi əsasən hakimiyyətin intellektlə uzlaşdırılması dərəcəsindən asılıdır. Bu fikri geniş mənada dərk etmək lazımdır. Burada hər bir cəmiyyətin keçdiyi tarixi, geomədəni, siyasi, iqtisadi təkamül yolunu nəzərə alaraq intellektual potensialdan optimal surətdə istifadə etmək ideyası vardır. Həmin xüsusiyyət İlham Əliyevin inteqrativ modernləşmə kursunda öz əksini tapmışdır. Bu kursun bir tərəfi dövlətçiliyin inkişafında mədəniyyət faktoruna böyük önəm verilməsinə bağlıdırsa, digər tərəfi cəmiyyətin konsolidasiyasına, daxili inteqrasiyasına önəm verilməsinə dayanır. Ölkənin intellektual sərvəti bu yanaşmada strateji əhəmiyyət kəsb edir. Həyata keçirilən bütün islahatlarda intellektual potensial əsas yer tutur. İnsan kapitalı digər dəyərlərdən daha vacib hesab edilir. Eyni zamanda, cəmiyyətin bütün təbəqələrinin və sahələrinin qarşılıqlı əlaqəsi, harmonik inkişafı əsas hədəf kimi qəbul edilir. Bütün bunların yekunu isə “biliklər cəmiyyəti”nin yaradılması olmalıdır. Azərbaycan məhz bu istiqamətdə uğurla və inamla irəliləməkdədir. Bu gerçəkliyi yalnız biz demirik, bunu bütün dünya etiraf edir. İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə fəaliyyətində intellektə çox böyük yer verməsi səbəbsiz deyil.

- Akif müəllim, ötən 15 ildə qazanılan nailiyyətlərdən söhbət açarkən, Azərbaycan elminin inkişafı haqqında da fikirlərinizi bilmək maraqlı olardı. Bu sahədə hansı nailiyyətlər əldə olunub və gələcək üçün hədəflər nədir?

- Çəkinmədən deyərdim ki, Prezident İlham Əliyev postsovet məkanında hakimiyyətlə intellektin vəhdətinə nail olan tək-tək liderlərdəndir. O, milli sərvətimizin ayrılmaz tərkib hissəsi olan elmi potensialın qorunmasını və inkişaf etdirilməsini dövlət siyasətinin vacib istiqamətlərindən biri hesab edir. Azərbaycan alimlərinin maddi rifah halının yaxşılaşdırılmasına, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsinə, milli cəmiyyət və demokratik dövlət quruculuğu işində elmi potensialdan istifadəyə yönəlmiş əməli addımlar bunun bariz nümunəsidir.

Son on beş ildə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə elmi fəaliyyət sahəsinin inkişafını üç mühüm mərhələyə ayırmaq mümkündür:

I. 2003-2008-ci illər: "neft kapitalının insan kapitalına çevrilməsi" sosial-iqtisadi inkişafın əsas formulu kimi

2003-2008-ci illər dövlətin neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq, Azərbaycan elmi  öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur. Bu yeni mərhələ elmin maddi-texniki bazasının gücləndirilməsi, alimlərin sosial vəziyyətinin əsaslı olaraq yaxşılaşdırılması, elmin prioritet fəaliyyət sahəsi kimi cəmiyyətdə nüfuzunun artırılması, dövlət siyasətinin həyata keçirilməsində elmi potensialdan səmərəli istifadə edilməsi, elmin informasiya təminatının gücləndirilməsinə xidmət edən uzunmüddətli layihələrə start verilməsi və s. kimi istiqamətlərlə xarakterizə olunur.

II. 2008-2013-cü illər: dövlətin modernləşmə siyasəti kontekstində elmin inkişaf strategiyası

2008-2013-cü illər Azərbaycan elminin inkişafında növbəti mühüm bir mərhələni təşkil edir. Bu illər ərzində Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya və həmin Strategiya ilə bağlı Dövlət Proqramı həyata keçirilib. Strategiyanın icrası istiqamətində dövlətin elmi-texniki və innovasiya siyasətinin əsas istiqamətləri müəyyənləşdirildi,  elm və texnika sahəsində idarəetmə sisteminin və elmi qurumların strukturunun təkmilləşdirilməsi, beynəlxalq elmi əməkdaşlıq, yüksəkixtisaslı kadrların hazırlanması, xüsusən gənclərin Avropanın xarici elmi mərkəzlərinə göndərilməsi, Akademiyanın dövlət proqramlarının icrasında yaxından iştirakı və s. kimi istiqamətlər üzrə olduqca əhəmiyyətli addımlar atıldı. Həmçinin, elm və təhsilin inteqrasiyası, elmi işçilərin sosial müdafiəsinin gücləndirilməsi, elektron elmin formalaşması sahəsində də bir sıra uğurlar əldə edildi.

III. 2013-2018-ci illər: elmi fəaliyyətdə çoxprofilli islahatlar zəminində yüksəktexnologiyaların və innovasiya potensialının inkişafı

2013-2018-ci illər Azərbaycan elminin inkişafı baxımından olduqca mühüm bir tarixi mərhələdir. 2013-cü ilin aprel ayında AMEA Rəyasət Heyətinin yeni tərkibi seçilmiş, onun gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, elmi fəaliyyət sahəsində köklü islahatlara start verilmişdir. Nəzərdə tutulan islahatyönlü işlərin həyata keçirilməsi üçün ilk növbədə Rəyasət Heyətinin Mərkəzi aparatının strukturunda əsaslı dəyişiklik edilmişdir. Rəyasət Heyəti, sözün əsl mənasında, ən aktual elmi, elmi-innovativ və elmi-təşkilati məsələlərin professional və multidissiplinar səviyyədə müzakirə olunduğu intellektual beyin mərkəzinə çevrilmişdir. Bu mərhələdə respublikanın sosial-iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən bir sıra elmi məruzələr geniş müzakirə olunmuşdur. Həmçinin fundamental elmlər üzrə araşdırmaların müasir tələblər səviyyəsinə çatdırılması, multidissiplinar tədqiqatların elmi fəaliyyətin perspektivli sahəsi kimi dəyərləndirilməsi, nano-, bio-, informasiya və digər qabaqcıl texnologiyaların araşdırılması, innovasiya fəaliyyətinin gücləndirilməsi, elmi potensialın inkişafında dövlət, biznes və qeyri-dövlət sektorlarının qarşılıqlı əlaqələrinin təşkili və s. məsələlər barəsində müvafiq qərarlar qəbul edilmişdir.

Azərbaycan elminin son beş illik tarixinin ən mühüm hadisələrindən biri 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin təntənə ilə qeyd edilməsi olmuşdur. Olduqca əlamətdar bir hadisədir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Akademiyanın 70 illik yubileyinə həsr olunmuş  Ümumi yığıncaqda iştirak etmiş, dərin məzmunlu nitq söyləmişdir.  Ölkə Prezidenti  cənab İlham Əliyev Ümumi yığıncaqdakı parlaq çıxışı ilə müasir şəraitdə Azərbaycan elminin prioritetlərini müəyyənləşdirdi, onların həyata keçirilməsi üçün Akademiyamız qarşısında mühüm vəzifələr qoydu. Hazırda Azərbaycan alimləri cənab İlham Əliyevin müəyyənləşdirdiyi prioritetlər üzrə öz gələcək hədəflərinə doğru uğurla addımlamaqdadırlar.

Qeyd etdiyimiz kimi, hazırda Azərbaycan xalqı öz gələcək tarixi taleyinin müəyyənləşməsi baxımından olduqca taleyüklü bir dövrü yaşamaqdadır.  Belə bir məqamda mən bütün yaradıcı elmi ictimaiyyəti, Azərbaycan ziyalılarını, bütün xalqımızı Azərbaycan Respublikasının  Prezidenti İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləməyə, ona səs verməyə çağırıram! Biz Azərbaycanın bugünkü inkişafına cənab Prezidentimizin rəhbərliyi ilə gəlib çatmışıq. Növbəti uğur və nailiyyət zirvələrinə doğru da onun rəhbərliyi altında yenə birgə addımlamalıyıq. Həm də bu, yalnız bizim arzumuz deyil! Bunu xalqın müasir dövrdəki tarixi taleyi tələb edir.  Yeni Azərbaycan Partiyası hakim partiya olaraq xalqın gələcəyi naminə öz üzərinə böyük məsuliyyət götürmüş, İlham Əliyevin rəhbərliyi ilə bu məsuliyyətin öhdəsindən bu günə qədər uğurla gəlmişdir.

- Hazırda prezident seçkilərinin təbliğat-təşviqat  mərhələsindəyik. Azərbaycan seçicilərinə nə deyərdiniz?

- Cənab İlham Əliyev Prezidentlik illərində Azərbaycan cəmiyyətinin daxili potensialına əsaslanan modernləşmə mərhələsinə keçidi üçün zəruri olan bütün əsasları hazırlamışdır. Həmin dövrdə iqtisadiyyatda keçid mərhələsi başa çatmış, sosial, siyasi, mədəni sahələrdə vətəndaş cəmiyyətinin formalaşmasının təməlini hazırlayan islahatlar həyata keçirilmiş, ölkənin regional geostatusu dəqiqləşmişdir. Həmçinin, İlham Əliyev Azərbaycanın modernləşməsinin yeni mərhələsini həyata keçirməyə başlamış və bu kursun nəticəsində Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan inkişaf edərək bölgənin lider dövlətinə çevrilmişdir. İndi Azərbaycan qəbul olunan dövlət proqramlarında, strateji dövlət sənədlərində əksini tapdığı kimi, intellektual inkişaf modelinə əsaslanan keyfiyyətcə tamamilə yeni inkişaf mərhələsinə keçid ərəfəsindədir. Başlanan və uğurla davam edən işləri bir an belə olsun yarımçıq qoymaq olmaz! Bu, zamanın tələbidir! Bu, xalqın təkididir! Bu Azərbaycan ziyalılarının təklifidir!

Mən əminəm ki, Azərbaycan dövlətini və cəmiyyətini intellektin və mənəvi dəyərlərin işığında gələcəyə apara biləcək ən layiqli insan İlham Əliyevdir! Bütün xalqımızı İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləməyə, hamını işıqlı gələcəyə səs verməyə çağırıram!