YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır

Müsahibimiz Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri Mübariz Qurbanlı

- Mübariz müəllim, Bakıda NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminar keçirilib. Azərbaycan tərəfi Ermənistan nümayəndə heyətinin təşkilatdan çıxarılmasını rəsmi olaraq təklif edib. Bu təklifə münasibətiniz necədir?

- Əlbəttə ki, Azərbaycan belə bir təkliflə çıxış etməkdə tamamilə haqlıdır. Çünki ölkəmizin bu mövqeyi ciddi arqumentlərə əsaslanır. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib  və bunun nəticəsində də bir milyondan çox insan qaçqın-köçkün vəziyyətinə düşüb. Ermənistan hərbi birləşmələri  işğal etdiyi ərazilərimizdə maddi-mədəni və tarixi abidələri, bütövlükdə bütün infrastrukturları məhv edib. Təbii ki, bütün bunlar beynəlxalq hüququn, qayda-qanunların kobud surətdə pozulmasıdır. Eyni zamanda, Ermənistanın  Azərbaycanda törətdiyi terror hadisələri sübut olunub və belə bir terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir. Nəzərə alaq ki, NATO PA, eləcə də AŞPA bəzi dövlətləri beynəlxalq hüququ pozduğuna görə cəzalandırıb. Amma nəyə görə işğalçı Ermənistan cəzalandırılmamalıdır? Ona görə də, Azərbaycan tərəfinin irəli sürdüyü təklif tamamilə ədalətlidir. Hesab edirəm ki, NATO PA kimi nüfuzlu beynləxlaq təşkilat bu məsələdə obyektiv qərar qəbul etməlidir.
Doğrudur, bu gün beynəlxalq təşkilatların əksəriyyəti münaqişənin sülh yolu ilə həllinə, tərəflər arasında etimad mühtinin yaradılmasına və s. ümumi formada çağırışlar edir. Təbii ki, Azərbaycan sülhün tərəfdarıdır və münaqişənin tezliklə həllini istəyir. Amma qeyri-konstruktiv mövqeni işğalçı Ermənistan nümayiş etdirir. Bu səbəbdən də, işğalçını beynəlxalq ictimaiyyət cəzalandırmalıdır ki, sülhə gəlməyə məcbur olsun. 
Qeyd etdiyim kimi Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə tərəfdarıdır və buna görə də danışıqlar prosesinin davam etməsinə maraqlıdır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində görüş təşkil etmək təşəbbüslərini də müsbət qarşılayırıq. Amma ölkəmizin mövqeyi bundan ibarətdir ki, bu görüşlər konkret nəticə verməlidir. Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən ATƏT çərçivəsində Ermənistan təcavüzkar siyasəti ilə bağlı mövqeyini bildrir və işğalçı dövlətin münaqişənin sülh yolu həllinə maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil və Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur. 
Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır. Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Münaqişənin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən bunun üçün səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır. İşğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışır. Ölkəmiz isə belə vəziyyətin davam etməsini qəbuledilməz sayır. 

- Azərbaycanın xarici siyasətinin  uğurları haqda nə deyə bilərsiniz? Balanslaşdırılmış xarici siyasət ölkəmizə hansı dividentlər gətirir?  

- Azərbaycanın xarici siyasəti praqmatik, çevik siyasətdir və hücum diplomatiyasına istinad edir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş ölkəmizin xarici siyasətinin hədəfləri də bəllidir. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz bəhrəsini verir. Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır. Bu gün Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir. Ona görə də, dövlətimiz Avropa ilə yanaşı, Latın Amerikası, Asiya, Afrika ölkələri ilə də əlaqələrə diqqət yetirir.
Bütün bunlar diplomatik cəbhədə üstün mövqe qazanmaq baxımından əhəmiyyətlidir. Ölkəmizin xarici siyasətindəki bu çeviklik böyük dividentlər verir. Bu gün Azərbaycan 150-yə yaxın ölkə ilə iqtisadi əməkdaşlıq edir. Azərbaycan bloklara qoşulmamaq hərəkatındadır, eyni zamanda, bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Bütövlükdə beynəlxalq müstəvidə əlaqələrimiz daha geniş xarakter alır. Bu faktor isə xarici siyasətimizin məqsəd və vəzifələrinə uyğundur. 

- Bugünlərdə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ölkəmizdə səfərdə oldu və mühüm bəyanatlar səsləndirdi. Səfərin Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişafı baxımından əhəmiyyəti nədən ibarətdir? 

- Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir. Məlumdur ki, Avropa İttifaqı «Şərq tərəfdaşlığı» və «Yaxın qonşuluq» proqramıları əsasında Cənubi Qafqaz dövlətləri, o cümlədən  Azərbaycanla  ikitərəfli əməkdaşlıq edir. Ölkəmiz AVRONEST Parlament Assambleyasında da fəal təmsil olunur. Bildiyiniz kimi Azərbaycanın xarici siyasəti müstəqil prinsipə əsaslanır və bu prinsip də milli maraqları özündə ehtiva edir. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Hesab edirik ki, Avropa Komissiyasının sədrinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafında çox ciddi rol oynayacaq. 
Aİ bu gün dünyanın iqtisadi-siyasi mərkəzlərindən biri hesab olunur. Əgər bugünkü dünyanın iqtisadi mərkəzlərinə nəzər salınsa bir tərəfdə ABŞ, digər tərəfdə isə  Aİ diqqəti çəkir. Bununla belə, üçüncü istiqamət var ki, bu istiqamətdə Çin iqtisadiyyatını, güclənən Hindistanı və digər fəallaşan ölkələri görürük. 
Yəni bugünkü dünya çoxqütblü dünyaya çevrilib. Əgər sovetlər ittifaqı dağıldıqdan sonra dünya birqütblü idisə, bu gün dünyanın iqtisadi güc mərkəzləri formalaşır və inkişaf edir. Təbii ki, bu amil dünya siyasətinə təsir göstərir. Ona görə də, Azərbaycanın xarici siyasətində və iqtisadi münasibətlərində çoxşaxəli prinsip özünü göstərməkdədir. Bu gün Azərbaycan dünyanın 150-yə yaxın ölkəsi ilə iqtisadi-ticarət əlaqələrinə malikdir. Cənubi Qafqaz regionunun lideri olaraq Azərbaycan böyük layihələrin iştirakçısıdır, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin aparıcı dövlətidir. Belə olan şəraitdə ölkəmizin Aİ ilə əlaqələri də müxtəlif istiqamətləri özündə əks etdirir. Bunlardan birincisi, siyasi istiqamətdir. Təbii ki, Aİ güclü maliyyə-iqtisadi və siyasi mərkəz kimi bizim üçün əhəmiyyətlidir. Aİ ilə ölkəmizin əlaqələri iqtisadi sahədə də özünü göstərir. Çünki bu təşkilat tarixi İpək Yolunun bərpasına və bu yöndə fəaliyyətin genişlənməsində maraqlıdır, eləcə də, mühüm  enerji layihələri də mövcuddur. İqtiadi böhran yaşayan üzv dövlətlərin olduğu Aİ təbii ki, yeni istiqamətlər axtarmaqda, yeni layihələrin həyata keçirilməsində maraqlıdır. 
Bu səfər zamanı ölkəmiz üçün daha çox önəmli olan məsələ Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi fikirlər səsləndirildi. Aİ güclü iqtisadi-siyasi mərkəz olaraq bu məsələdə çox əhəmiyyətli yer tuta bilər. Hesab edirəm ki, bu səfər ikitərəfli münasibətlərin dərinləşməsinin növbəti mərhələsi olacaq. 

- Mübariz müəllim, Avropa Komissiyasının sədri səfər zamanı ölkəmiz haqqında yüksək fikirlər bildirdi. Amma bəzi dairələr hələ də ölkəmizdə insan hüqquları və demokratiya bağlı vəziyyəti  əsassız olaraq tənqid edirlər. Buna münasibətiniz necədir? 

- İnsan hüquq və azadlıqlarının təminatı Azərbaycan dövlətinin başlıca prinsiplərindəndir. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması və təmin edilməsi istiqamətində çox mühüm addmlar atılır. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" buna nümunədir. Eyni zamanda, digər hüquqi sənədlər, müvafiq dövlət qurumlarının fəaliyyəti bu hüquqların təmin edir. 
Beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan insan hüquqları sahəsində böyük uğurlar əldə edib. Biz bu sahədə beynəlxalq təşkilatlarla təzyiq altında deyil, bərabərhüquqlu üzv kimi əməkdaşlıq edirik. İnsan hüquqlarının yüksək səviyyədə təminatı dövlətimizin tutduğu yolun əsas tərkib hissəsidir. Azərbaycan azad və demokratik dövlətdir. Ölkəmizdə qanunvericilik çərçivəsində hər bir vətəndaş özünün bütün hüquqlarından istifadə edir. Ümumiyyətlə, beynəlxalq aləmdə ölkəmizin nüfuzu yüksəlib və bu prosesdə Azərbaycanda demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində də görülən işlər vacib rol oynayır. Eyni zamanda, Azərbaycanda internet azadlığı, sərbəst toplaşmaq azadlığı tam mövcuddur, insan haqları yüksək səviyyədə təmin olunub. Amma bu amillərdən sui-istifadə halları da yolverilməzdir. Bu demokratik şəraitdən istifadə edərək yeni media qurumları, internet saytları və s. yaradılır. Bəzi  informasiya saytları isə insanlar haqqında əsassız yazılara yer verirlər. Bu, düzgün deyil, hamı qanun qarşısındla bərabərdir və hes kəsin şəxsiyyətinə böhtan atmaq olmaz. Bəzi beynəlxalq QHT-lər və onların nümayəndələri kimlərinsə qanunsuzluğunu «demokratiya» hesab edirlərsə, yanılırlar. Hüquqi dövlətdə qanunun aliliyi başlıca yer tutur və Azərbaycan dövləti də qanunun aliliyinin təmin olunmasını başlıca vəzifəsi hesab edir.