YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təminatı yönündə apardığı siyasət uğurlu nəticələr verir

Müsahibimiz Milli Məclisin deputatı Azər Badamov

- Azər müəllim, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bir sıra sahələrin əsaslı yüksəlişini təmin edib. Bu mənada kənd təsərrüfatı və turizm sahələrini xüsusi qeyd etmək lazımdır. Son statistik göstəricilərdə də  aqrar sektorun ayrı-ayrı sahələrinin yüksək inkişaf tendensiyası əldə etdiyi məlum olur. Bu inkişaf tempinin əldə olunmasında əsas şərt nədən ibarətdir?

- Birmənalı şəkildə vurğulanmalıdır ki, son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadiyyatın şaxələndirilməsi strategiyasında kənd təsərrüfatı xüsusi yerə malikdir. Birmənalı şəkildə vurğulanmalıdır ki, kənd təsərrüfatının ayrı-ayrı sahələrində atılan addımlar, görülən tədbirlər, o cümlədən təsərrüfatların genişləndirilməsi və əkin sahələrinin artırılması istiqamətində görülən işlər bu gün aqrar sahənin poaulyarlıq qazanmasında əsaslı rol oynayıb. Bu ilin əvvəlindən regionların bir sıra kənd təsürrüfatı sahələri üzrə ixtisaslaşdırlması, ard-arda respublika müşavirələrinin keçirilməsi, bu sahədə ixracatın artırılması üçün görülən işlər göz önündədir. Pambıq və tütün istehsalının genişləndirilməsi, fındıq bağlarının, sitrus meyvələrinin yetişdirilməsi istiqamətində dövlətimizin gördüyü işlər, sahibkarlara verilən dəstək artıq öz bəhrəsini verir. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizin 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Bu təsərrüfatlar üçün yaradılan münbit şərait, verilən subsidiyalar isə istehsalın artımına öz əsaslı təsirini göstərməkdədir.

Təbii ki, bu təsərrüfatların yaradılmasına dövlətin verdiyi güzəştli kreditlərin də mühüm yeri var. Belə ki, bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. Bu olduqca böyük bir rəqəmdir və təsərrüfatların gələcək fəaliyyətinə də əsaslı təsir göstərir. Bunun nəticəsi idi ki, bu ilin məhsul istehsalında əldə olunan statistik rəqəmlər də yüksəkdir. Məsələn, iri fermer təsərrüfatlarının taxıl istehsalında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir. Bütün bu məqamları ümumiləşdirdikdə isə ortaya belə bir mənzərə çıxır. Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təminatı yönündə apardığı siyasət uğurlu nəticələr verir və bu siyasətin davam etdirilməsi ölkəmizin kənd təsərrüfatı məhsullarının ixrac potensialını artırır.

- Artıq ayrı-ayrı rayonlarımızda yeni aqroparkların yaradılması yönündə də əsaslı işlər görülür. Ümumiyyətlə, aqroparkların yaradılması ölkəmizdə aparılan iqtisadi siyasətdə hansı rola malikdir?

-Bəli, yeni yaradılan aqroparklar da olduqca mühüm əhəmiyyətə malikdir. Ölkə Prezidenti İlham Əliyev Neftçala rayonunda sənaye parkının açılışındakı çıxışında da bildirdi ki, gələn ilin İnvestisiya Proqramında dövlət investisiya xərcləri sırasında mütləq yeni bölgələrdə sənaye zonalarının yaradılması nəzərdə tutulmalıdır. Bu plan həm də ölkəmizdə sənayeləşmənin yeni mərhələsinin başlanğıcıdır. İndiyə qədər qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları yerlərdə yeni infrastrukturların qurulmasını, qazlaşdırma, elektrik təminatı, suvarmanı təmin edib. Bu gün bölgələrimizdə davamlı işıq, qaz, içməli su verilişi təmin edilib. Hətta ucqar kəndlərimizdə belə bu problem aradan qaldırılıb. O cümlədən, yeni yolların çəkilməsi istər sənaye məhəllərinin, istərsə də iri fermer təsərrüfatlarının işini daha da asanlaşdırır.

Yəni, yeni infrastrukturların qurulması artıq sənayenin və kənd təsərrüfatının yeni mərhələdəki inkişafını təmin edir. Regionların potensialı, ənənələri, əmək resursları və bu kimi digər mühüm amillər nəzərə alınmaqla yaradılan aqroparklar bir sıra nöqteyi-nəzərdən də əhəmiyyətlidir. Azərbaycan hər cəhətdən müasir təsərrüfatlar sayılan aqroparkların yaradılmasını siyasi və maddi cəhətdən dəstəkləməklə daxili ərzaq tələbatını bütünlüklə yerli istehsal hesabına qarşılamaq, eyni zamanda, xarici bazarlara çıxarılacaq məhsullarımızın həcmini artırmaq məqsədi güdür.

- Azər müəllim, məlumdur ki, ölkəmizin daha sürətli inkipafına torpaqlarımızın bir hissəsinin Ermənistan tərəfindən işğal olunması mane olur.  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin mövqeyi Azərbaycanın ərazi bütövlüyünün təminatına əsaslanır. Hər zaman işğalçı Ermənistana qarşı susqunluq nümayiş etdirən, bu münaqişənin həllinə laqeyd münasibət göstərən Qərb özü bu gün separatizmdən əziyyət çəkir. Necə düşünürsüz, Azərbaycana qarşı bu mənada ikili standartlarla yanaşan Qərb dünyasının indi bu problemin cənginə düşməsinə əsas səbəb nədir?

-Təəssüf ki, illərdir ölkəmizin torpaqlarını işğal edən, ərazi bütövlüyümüzü pozan Ermənistana qarşı beynəlxalq aləmin reaksiyası qətiyyəti ilə seçilməyib. Azərbaycan Prezidentinin apardığı siyasət ölkəmizin bu münaqişənin həlli prosesindəki üstünlüyünü təmin edib. İstər beynəlxalq hüquq normaları çərçivəsində atılan addımlar, istərsə də hərbi potensialın inkişafı yönündə görülən tədbirlər Azərbaycan dövlətinin üstünlüyünü açıq şəkildə ortaya qoymaqdadır. Bir müddət öncə Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı ölkəmizin mövqeyini bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi. Dövlət başçısının işğalçı dövlətə qarşı heç bir güzəştin olmayacağı, Azərbaycanın ərazi bütövlüyünün təmini, torpaqların qeyd-şərtsiz işğaldan azad edilməsi kimi fikirləri bu münaqişənin həlli prosesinin əsas konturlarını bir daha bəyan etdi. Prezidentimizin ötən ilin aprel döyüşlərinə istinad edərək Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək iqtidarında olmasını söyləməsi onsuzda bəlli olan hərbi üstünlüyümüzün göstəricisi idi. Amma bu, bir daha onu nümayiş etdirir ki, Azərbaycan dövləti bu münaqişənin həllinə danışıqlar vasitəsilə, qansız, müharibəsiz nail olmaq niyyətindədir. Bu fakt bizim humanizm siyasətinə sadiqliyimizi ortaya qoyur. Qərb dünyası bunu görməlidir.

Bu gün erməni işğalına göz yuman ölkələr, Avropa, Qərb dünyası separatizmin caynağındadır. Kataloniyada baş verənlər bunun bariz nümunəsidir. Bu presedentin başqa ölkələrə sıçramayacağını da heç kim iddia edə bilməz. Bunun üçün də beynəlxalq aləm birmənalı şəkildə işğala, separatizmə qarşı birləşməli və effektli mübarizə metodları nümayiş etdirməlidir. Azərbaycan dünyaya sülh, tolerantlıq, multikulturalizm nümunəsi göstərir. İnsan hüquq və azadlıqlarının təmini ölkəmizdə yüksək səviyyədədir. Amma dünənə qədər məhz bu faktorlardan dünya ölkələrinə qarşı təzyiq kimi istifadə edən Avropa artıq öz yalanlarının içində əriyir. İnanıram ki, gec-tez dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin də ədalətli həllində vasitəçi olacaq və ölkəmizin ərazi bütövlüyü təmin ediləcək.