YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur

Müsahibimiz Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov

- Şahin müəllim, bugünlərdə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq olunub. Bu proqramın əhəmiyyəti nədən ibarətdir?

- Əvvəla, Azərbaycan gənclərini növbəti dövlət proqramının qəbul olunması münasibətilə təbrik edirəm. Gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Ən vacib məsələ isə digər sahələr kimi gənclər siyasətində də dövlətin peşəkar, sistemli yanaşması müşahidə olunur. Azərbaycanda gənclər siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sevindirici hal ondan ibarətdir ki, bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Cənab Prezident il ərzində bir neçə dəfə gənclərlə görüşüb onlarla səmimi fikir mübadiləsi aparmışdır. Ölkəmizdə gənclər siyasətini həyata keçirmək üçün Gənclər və İdman Nazirliyi mövcuddur. Ötən dövr ərzində nazirlik kifayət qədər samballı fəaliyyət göstərmişdir. Bundan başqa Azərbaycan Prezidenti yanında  Gənclər Fondu da dövlət gənclər siyasətinin həyata keçirilməsində olduqca böyük rola malikdir.

Bildiyimiz kimi bu yaxınlarda Prezident Administrasiyasının tərkibində yeni Gənclər siyasəti və İdman məsələləri şöbəsi yaradılmışdır, V çağırış Milli Məclisin tərkibində də yeni Gənclər və İdman komitəsi fəaliyyətə başlamışdır. Bütün bunlar bir daha Azərbaycanda gənclər siyasətinə sistemli və davamlı münasibətin göstərildiyini nümayiş etdirir.

- Məlumdur ki, indiyə qədər gəncliyin inkişafı ilə bağlı bir neçə proqram qəbul olunub. Həmin proqramların icrası nə kimi nəticələr verib?

- Qeyd etdiyiniz kimi indiyə qədər gənclər siyasətinə dair bir sıra proqramlar qəbul olunmuşdur. Bu proqramlar ölkəmizdə gənclər üçün infrastrukturun yaradılmasından başlamış, onların xaricdə təhsilinə, yardıcı və elmi fəaliyyətlə məşğul olan gənclərlə yanaşı kütləvi idmanı təbliğ etməklə sağlam gəncliyin formlaşmasına töhvə verməklə çox geniş spektrı əhatə etmişdir. Konkret misallarla desək ötən proqramların nəticəsi kimi biz Gənclər Fondunun yaradılmasını, Virtual Qarabağ İKT mərkəzinin fəaliyyətə başlamasını, Gənclər Evləri şəbəkəsinin regionlarda və paytaxtda işə düşməsini, Azərbaycan Tələbə Kartınının ərsəyə gəlməsini, Azərbaycan Gənclər Paytaxtının təsis olunması və s. göstərə bilərik. Belə misallar yüzlərlədir. Bu proqramlardan minlərlə Azərbaycan gənci yararlanmışdır. Proqramların nəticəsi olaraq yeni-yeni gənc liderlər yaranmış və onlar bu və ya digər sahədə Azərbaycan dövlətinə, o cümlədən gəncliyimizin inkişafına  bu gün də töhvə verməkdədirlər.

- Hazırda Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun daha da gücləndirilməsi istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?

- Azərbaycan gəncliyi kifayət qədər vətənpərvərdir. Biz bunun ən yaxşı nümunəsini ötən ilin aprel döyüşlərində gördük. Azərbaycan gəncləri bir yumruq kimi Ali Baş Komandanın əmri ilə birləşməyə və düşməni məhv etməyə hazır olduqlarını ən yüksək səviyyədə göstərdilər. Fürsətdən istifadə edib bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Biz müharibə şəraitində yaşayırıq. Buna görə daim döyüş ruhumuz, vətənə bağlılığımız, tariximizə dəyər verməyimiz ən yüksək səviyyədə olmalıdır. Azərbaycanının qədim dövlətçilik ənənələri və zəngin mədəni tarixi var. Bu tarixin və mədəniyyətin təbliği üçün Azərbaycan gəncliyi bütün imkanlarından istifadə edir. Təbii ki, gəncliyimizin belə vətənpərvər ruhda yetişməsinin ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti ilə birbaşa bağlılığı var.

- Sizcə, gənclərimiz beynəlxalq müstəvidə ölkəmizi layiqli şəkildə təmsil edə bilirlərmi?

- Azərbaycan gəncləri il ərzində bir sıra beynəlxalq tədbirlərdə iştirak edirlər. Gənclərimiz beynəlxalq platformalarda özlərinin xarici həmkarları ilə nəinki baş-başa mübarizə apara bilir, bəzi hallarda isə onları üstəliyə bilirlər. Ötən dövr ərzində Azərbyacanda kifayət qədər savadlı, geniş dünyagörüşlü gənclik formalaşmışdır. Sevindirici tərəf ondan ibarətdir ki, gənclərimiz xaricdə yalnız müxtəlif tədbirlərdə iştirak etmirlər, eyni zamanda onlar müxtəlif beynəlxalq təşkilatların idarə heyətində də yer alırlar. Bu gün onlarla Azərbaycan gənci bir sıra beynəlxalq təşkilatların idarə heyətlərinin üzvləridirlər. Onlar artıq dünyanın müxtəlif regionlarında bu və ya digər siyasətin formalaşmasında birbaşa iştirak edirlər. Əminəm ki, qarşıdakı illərdə daha çox Azərbaycan gənci beynəlxalq platformalarda təmsil olunacaq.

- Şahin müəllim, yeni dövlət proqramının icrası ilə bağlı rəhbərlik etdiyiniz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) üzərinə nə kimi vəzifələr düşür?

- ATGTİ hər zaman dövlətin gənclər siyasətinin icra olunmasında üzərinə düşən işi layiqincə yerinə yetirməyə çalışmışdır. Eyni zamanda, biz növbəti proqram çərçivəsində də öz fəaliyyətimizi davam etdirəcəyik.