YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsinin təmin olunmasıdır

Müsahibimiz Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov

-Hüseyn müəllim, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsidir. Bu istiqamətdə görülən işlər və əldə olunan nəticələri necə dəyərləndirirsiniz?

-Müstəqil Azərbaycan dövlətinin, onun rəhbərliyinin, xüsusən dövlətimizin qurucusu, Ümummilli lider Heydər Əliyevin və onun davamçısı cənab İlham Əliyevin qətiyyətli, məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi istiqamətində də əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir.       

İqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi  bu gün də Azərbaycan dövlətinin və Ulu öndər Heydər Əliyevin siyasi-  iqtisadi kursunu uğurla irəli aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir və ölkəmizdə reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsini, insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.  Buna uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmiş, müvafiq surətdə ətraf mühitin bütün sahələrində, o cümlədən aqromeşələrin salınmasında, yaşıllıqların artırılmasında, meşələrin inkişafında, biomüxtəlifliyin mühafizəsində, su ehtiyatlarının davamlı idarə olunmasında və digər sahələrdə nəzərəçarpacaq nailiyyətlər əldə olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 6 dekabr tarixli Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanında aqrar sahənin inkişafı əsas məqsədlərdən biri kimi qarşıya qoyulduğundan yaşıllıq ərazilərinin miqyasının genişləndirilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac potensialının gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və idxaldan asılılığın azaldılması üçün meşə və qeyri-meşə fondu torpaqlarından daha səmərəli istifadə edilməsi istiqamətində aqromeşə massivlərinin salınması sahəsində işlərə başlanılmışdır.           Meşə və qeyri-meşə fondu torpaqlarında meyvə bağlarından ibarət aqromeşə massivlərinin salınması istiqamətində  qarşıdakı 5 ildə Nazirliyin daxili imkanları hesabına 23 çeşiddə 87,6 milyon ədəd müxtəlif meyvə tinglərinin alınması nəzərdə tutulmuşdur ki, artıq bunlardan 3290 mini yetişdirilmişdir. Eyni zamanda meşə fonduna aid nisbətən kiçik sahəli açıq talalardan ibarət 24678 hektar ərazilər müəyyən edilərək xəritələşdirilmişdir.

  Meşələrin ətraf mühitin sağlamlığının tənzimləyicisi rolunun artırılması ilə yanaşı ETSN 2017-ci ilin əvvəlindən meşə fondunun meşə ilə örtülü olmayan ərazilərinin 2187 hektarında 1 milyondan çox aqrar əhəmiyyətli zeytun, fındıq, qoz, badam, nar, tut, innab, püstə, ərik və s. cinslərdən ibarət aqrobağlar salmışdır. Eyni zamanda, qeyri-meşə fondu ərazilərində son illərdə 2000 hektarda 1,3 milyon ədəddən artıq zeytun ağacı əkilmiş və bu bağlardan məhsuldarlığın ildən-ilə artaraq 2025-ci ildə 14000 tona çatması gözlənilir. Bundan başqa, meşə fondu ərazisində əvvəlki illərdə əkilmiş meşə cinsli ağaclardan başqa 3000 hektardan yuxarı ərazidə ayrı-ayrı meyvə cinsləri, o cümlədən qoz, şabalıd, fındıq, tut, nar cinslərindən ibarət meşə bağları salınmışdır ki, bu bağların da məhsuldarlığının artırılması üçün müvafiq tədbirlər görülməkdədir. Bütövlükdə Respublikamızın meşə və  qeyri-meşə fondu ərazilərində 7000 hektardan artıq sahədə meyvə cinslərindən ibarət aqrobağlar salınmışdır ki, bunun da 5000 hektarı artıq bar verməkdədir.

Eyni zamanda, yerli cinslərlə yanaşı, ana bağların yaradılması üçün Nazirliyin daxili imkanları hesabına xaricdən 30 minə yaxın elit sortlu məhsuldar qoz, tut, innab, badam, püstə və digər meyvə tingləri alınaraq ölkəyə gətirilmişdir. Bu tinglər hesabına, Nazirliyin tinglik müəssisələrində artırılması təmin edilməklə digər ərazilərdə də həmin ağac cinslərindən ibarət aqromeşələr salınacaqdır.

-Qeyri-meşə torpaqlarında yaşıllaşdırma işlərinin aparılması, aqromeşələrin salınması və yaşıllıqların artırılması istiqamətində hansı işlər görülüb?

- Qeyri-meşə fondu torpaqlarında da yaşıllaşdırma işləri geniş vüsət almış, son illlər ərzində “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC tərəfindən arid sahələrdə müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilmiş, 4000 hektardan artıq ərazidə 5 milyon ağac əkilmiş, 11 min kilometr uzunluğunda damcılı suvarma sistemləri qurulmuşdur.

Əvvəlki illərdə salınmış zeytun bağlarının sahəsinin artırılması da Nazirliyin diqqətindən kənarda qalmamışdır. 2017-2021-ci illər ərzində aqromeşə massivlərinin yaradılması çərçivəsində artıq bar verən 2000 hektar zeytun bağlarına əlavə olaraq, respublikanın müxtəlif rayonlarında  5396 hektar sahədə yeni zeytun plantasiyalarının salınması nəzərdə tutulur ki, bu da gələcəkdə zeytun məhsullarına ölkənin bütün ehtiyaclarının ödənilməsini təmin etməklə bərabər ixrac potensialının yaradılmasına səbəb olacaq.

Qeyd edək ki, artıq ikinci ildir ki, Ümummilli lider Heydər Əliyevin ad günündə ağacəkmə aksiyalarının təşkil edilməsi və Prezidentin ailəsinin bu aksiyada iştirakı aqromeşələrin salınmasına və ümumiyyətlə yaşıllıqların artırılmasına verilən örnək və töhfə kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, dövlət başçısının təşəbbüsü ilə ölkədə milyonlarla ağac əkilib. 

Ümumiyyətlə, son bir neçə ildə intensiv şəkildə meşəsalma və meşəbərpa tədbirlərinin aparılması, regionların qazlaşdırılması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, o cümlədən qanunsuz ağac kəsmə hallarının ilbəil azalması hesabına meşə ilə örtülü ərazilərin sahəsinin artmasına nail olunmuşdur. Meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artmışdır.  Son 15 ildə 144,5 min hektar sahədə 101,5 milyon ağac əkilmiş, 88,6 min hektar ərazidə meşə əkinləri meşə ilə örtülü ərazilərə keçirilmişdir. Təkcə 2016-cı ildə 10151 hektar sahədə meşəbərpa tədbirləri aparılmış, o cümlədən 2645 hektar yeni meşələr salınmış, 3 milyon 546 min ədəd ağac əkilmişdir. Tingliklərdə 35 milyon əkin materialı yetişdirilmiş, 158 ton toxum tədarük edilmişdir.

- Hüseyn müəllim, rəhbərlik etdiyiniz qurum tərəfindən ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?

- Ümumilikdə ölkəmizdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Xüsusilə qeyd etmək yerinə düşər ki, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin  tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi Azərbaycan dövlətinin  ekoloji siyasətinin əsas istiqamətləridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir.

Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilmiş və onların icrası istiqamətində tədbirlər görülmüşdür. Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilmiş, milli parklar yaradılmış, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarət olmuşdur. Ətraf mühitlə bağlı qəbul olunmuş proqramların uğurla reallaşdırılması, ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına aydın misaldır.

Təbii ehtiyatların istismar intensivliyi nəzərə alınaraq Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına və bu sahədə əsaslı dönüşün yaranmasına gətirib çıxarmışdır.

Ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması, aztullantılı texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərini tətbiq edir.

- Hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri barədə də fikirlərinizi bilmək istərdik...

- Son dövrlərdə iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri demək olar ki, başa çatdırılmışdır. Təkcə 2016-cı ildə 30 ədəd ən müasir avtomat meteoroloji stansiya quraşdırılmış və onların sayı 68-ə çatmışdır. Bundan başqa, iqlim məlumatlarının idarə olunması sistemi və müasir telekommunikasiya sistemi quraşdırılmış, bununla da hidrometeorologiyanın avtomatlaşdırma səviyyəsi 100 faizə çatdırılmışdır.

2017-ci ilin yanvarından hidrometeoroloji müşahidə məlumatlarının elektron qaydada toplanması təmin olunmuş, Ümumdünya Meteorologiya Təşkilatı ilə məlumat mübadiləsinin yeni sistem vasitəsi ilə həyata keçirilməsinə başlanılmışdır. Hidrometeoroloji stansiyalarda 6 ədəd birbaşa videogörüntü kameraları quraşdırılaraq onların sayı 29-a çatdırılmışdır.

Hidrometeorologiya sahəsində modernləşdirmə işlərinin nəticəsi olaraq meteoroloji proqnozların özünü doğrultması səviyyəsi 94-97 faizə çatdırılmışdır. Nəticədə Ümumdünya Meteorologiya Təşkilatından daha geniş çeşiddə məlumat almaq imkanı yaradılmışdır və bu da istənilən fövqəladə hadisə zamanı meteorologiya sisteminin fəaliyyətinin etibarlılığını qat-qat artırır.

Eyni zamanda milli monitorinq sistemi modernləşdirilmiş və  ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumat bazasının yaradılması həyata keçirilmişdir ki, bu da operativ və rejim məlumatlarını əks etdirən gündəlik, üçgünlük, ongünlük və s. bülletenlərin hazırlanaraq aidiyyəti üzrə qərar qəbul edən dövlət orqanlarına çatdırılmasına və ictimaiyyətin məlumatlandırılmasına imkan verir.

Müxtəlif bölgələrdə, o cümlədən qonşu dövlətlərin ərazisində son dərəcə çirklənməyə məruz qalan transsərhəd çayların üzərində ən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş analitik tədqiqat labaratoriyaları istifadəyə verilmişdir. Xızıda quraşdırılmış atmosferin yüksək qatları ilə ölkəyə daxil olan transsərhəd çirkləndiriciləri təyin edən müasir atmosfer havasının fon monitorinqi stansiyası ilə yanaşı 2016-cı ildə Bakıda atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqinin keçirilməsi məqsədilə üçüncü nəsil avtomatik stansiyalar kompleksi quraşdırılmış və radiasiya, səs-küy, vibrasiya, toz və qazların ölçülməsi məqsədi ilə çoxsaylı avtomatik qurğular alınaraq sözügedən şəbəkənin istifadəsinə verilmişdir.

Transsərhəd ərazilərdə radiasiya fonu üzrə tam avtomatlaşdırılmış erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemi qurulmuş və monitorinq məlumatları hər yarım saatdan bir aidiyyəti dövlət qurumlarına ötürülür.

 

- Hüseyn müəllim, bioloji müxtəlifliyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlərin nəticələri barədə nə demək olar?

- Bioloji müxtəlifliyin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılmışdır. Hazırda ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. 

Bu sahədə fəaliyyətin davamı olaraq Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğun yaradılması istiqamətində iş aparılır. Eyni zamanda Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Dənizkənarı Milli Parkın yaradılması məqsədilə zəruri tədbirlər görülür. Yeni qorunan ərazilərin yaradılması işi başa çatdıqdan sonra xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcək.

Milli parklarda müasir xidmət infrastrukturunun yaradılması sayəsində ekoturistlərin sayı kəskin artmışdır. Göygöl Milli Parkında əhalinin müxtəlif təbəqələri üçün müasir tələblərə cavab verən ekoturizm infrastrukturu istifadəyə verilmiş, təkcə 2015-2016-cı illər ərzində buraya 265 min turist səyahət etmişdir. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya” təsdiq edilmişdir.

Vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlər davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi və IDEA İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində 170 başdan artıq ceyran öz tarixi areallarına köçürülmüşdür.

- Yeri gəlmişkən, bu kontekstdə hazırda daha iki məsələ aktuallıq kəsb edir: su hövzələrində bioloji resursların artırılması və əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması..

- Su hövzələrində bioloji resursların artırılması istiqamətində son 15 ildə 6,5 milyard ədədə yaxın balıq, o cümlədən nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılmışdır. Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilmiş müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılmışdır. Artıq burada süni yetişdirilmiş ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilir. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə edən və effektiv nəticələr verən əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması tədbirləri üzrə 2007-ci ildə qurulmuş ilk modul tipli sutəmizləyici qurğular artıq 10 ildir ki, istismar olunur. Qeyd etmək lazımdır ki, qazanılmış təcrübə nəzərə alınaraq, yerli şəraitə tam uyğunlaşdırılmış texnoloji sxem əsasında sutəmizləyici qurğuların ölkədə istehsalı təşkil edilmişdir. Bu tədbirlər çərçivəsində 2007-2017-ci illərdə 24 rayonun 384 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 625 mini keçmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2017-ci il tarixli Sərəncamına əsasən 15 rayonun 100 kəndində (77 min nəfər əhali) icraçı şirkət tərəfindən Nazirliyin nəzarəti altında layihələndirmə işləri yekunlaşmış və artıq tikinti işlərinə başlanılmışdır. Bununla da ümumilikdə sözügedən fəaliyyət nəticəsində 484 yaşayış məntəqəsində 700 mindən artıq əhali keyfiyyətli içməli su ilə təmin ediləcəkdir.

Təcrübə göstərdi ki, yaşayış məntəqələrinin qısa müddətə təmiz su ilə təmin edilməsi kimi müasir yanaşma uğurlu olmuş və ictimaiyyətin rəğbətini qazanmışdır.

Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün yeni yanaşma və texnologiyaların tətbiqi məqsədilə infrastruktur imkanları 20 min m3 olan, ilkin mərhələdə pilot olaraq sutkada 2000 m3 su duzsuzlaşdırmaq gücündə avadanlıq quraşdırılmış Dəniz suyunun duzsuzlaşdırılması zavodunda emal edilmiş sudan ətraf ərazilərdə salınmış yaşıllıqların suvarılmasında istifadə olunur. Eyni zamanda, Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların istehsal gücü də 2 dəfə artırılaraq sutkada 5000 m3 çatdırılmışdır.

Son illər respublikada mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud çirkab sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr həyata keçirilir. Eyni zamanda Xəzər dənizinin kiçik lokal mənbələrdən çirklənməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Abşeron yarımadasının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan Mərdəkan, Buzovna, Bilgəh, Nardaran, Pirşağı, Novxanı və Sumqayıtın 90 kilometrə yaxın sahilboyu ərazilərində ümumilikdə gündə 7900 m3 çirkab su təmizləmə gücünə malik modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya istismara verilərək “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılmışdır. 

- Hüseyn müəllim, yer təkinin geoloji öyrənilməsi, həmçinin Geodeziya və kartoqrafiya sahəsində hansi işlər görülmüşdür?

-Ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində təmin edilmiş yüksək iqtisadi inkişafı xammal bazası ilə təmin etmək üçün yer təkinin geoloji öyrənilməsi işlərində ciddi nəticələr əldə olunmuş, dağ-qazma və buruq-qazma avadanlıqları bazasının yenilənməsi, yeni texnika və texnologiyaların tətbiqi sayəsində geoloji-kəşfiyyat işlərinin iqtisadi səmərəliliyinin artırılmasına nail olunmuşdur. 2001-2016-cı illər ərzində 297 yataq, o cümlədən 12 filiz, 64 qeyri-filiz, 214 inşaat materialları və 7 yeraltı şirin su yatağı  Azərbaycanın Faydalı Qazıntı Ehtiyatlarının Dövlət və Sahə balansında qeydə alınmışdır. Hazırda yeni kəşf olunmuş yataqlar hesabına inşaat materiallarına və qeyri-filiz xammalına olan tələbat tam ödənilir. 

Geodeziya və kartoqrafiya sahəsində topoqrafiya-geodeziya işləri üzrə beynəlxalq rəqəmsal xəritə standartlarında Azərbaycan Respublikasının Dövlət Yüksəklik Şəbəkəsi, Dövlət Geodeziya Şəbəkəsi işləri, Azərbaycan Respublikası ərazisini tam, həmsərhəd ölkələrin ərazilərini qismən əhatə edən 1:25000, 1:50000, 1:100000 miqyaslarda rəqəmsal topoqrafik xəritələrin hazırlanması, trianqulyasiya, poliqonometriya məntəqəsində nivelir nişanlarının müayinəsi və bərpası, müşahidə, həmçinin topoqrafik planalma, köhnə xəritələrin yenilənməsi, yeni xəritələrin tərtibatı və çapa hazırlanması işləri yerinə yetirilmişdir.

Kartoqrafiya işləri üzrə  908  adda  46740 nüsxə  topoqrafik plan və xəritələr, 43 adda 2010 nüsxədə tematik xəritələr tərtib edilərək nəşr olunmuşdur. Belə ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəddinin demarkasiyası məqsədilə çöl deşifrlənməsi işləri, Azərbaycan Respublikası ərazisinin 1:50000 miqyaslı topoqrafik rəqəmsal xəritələrinin yenilənməsi və nəşrə hazırlanması işləri, Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları əhatə edən rəqəmsal xəritələrin GİS proqramında tərtibi və PDF formatında çapa hazırlanması işləri başa çatdırılmışdır. Zaqatala, Masallı, Daşkəsən, İsmayıllı, Ağsu, Qusar rayonlarının 1:2000, 1:5000 miqyaslı planlarının yenilənməsi və tərtibatı işləri başa çatdırılaraq nəşr üçün  təqdim olunmuşdur.

Bununla yanaşı, Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı ərazinin müfəssəl xəritəsi hazırlanmış, “Tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 dekabr tarixli Fərmanının icrası məqsədilə bu ilin 3 ayı ərzində respublikanın 36 şəhər və rayon mərkəzində yaşıllıq ərazilərinin sərhədlərinin qrafik təsvirini əks etdirən xəritələr hazırlanmış və nazirliyin elektron saytında yerləşdirilmişdir.

Keçmişdən miras qalmış ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması Azərbaycan Respublikasının başqa sahələrdə olduğu kimi ətraf mühit sahəsində də beynəlxalq miqyasda nüfuzunun artmasına gətirib çıxarmışdır. Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdir. Nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən BMT-nin sifarişi ilə hazırlanmış və 2016-cı ildə açıqlanmış Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi (Environmental Performance İndex) sənədində ətraf mühitlə bağlı problemlərin həllində müsbət dəyişikliklərin tempinə və əldə olunmuş nailiyyətlərə görə Azərbaycan 180 ölkə arasında 31-ci sırada qərarlaşmış, Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl ölkələrindən daha yüksək mövqe tutmuşdur. Ölkəmiz Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə 2-ci, MDB ölkələri arasında isə birinci olmuşdur. Azərbaycan ətraf mühitlə bağlı ayrı-ayrı sahələr üzrə, o cümlədən iqlim və enerji sahələri üzrə 2-ci, meşə örtüyündə dəyişiklik üzrə 5-ci, ətraf mühitin insan sağlamlığına təsiri üzrə isə 32-ci yerdə qərarlaşmışdır.