YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Bələdiyyələrə subvensiyaların ayrılması nəzərdə tutulur

Müsahibimiz Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov

- Kamran müəllim, bildiyimiz kimi hazırda Azərbaycanın regionları sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir. Yerli özünüidarəetmə ortqanları-bələdiyyələr bu prosesdə nə kimi rola malikdir?

- Ümumiyyətlə, insan hüquqları, qanunun aliliyi, hakimiyyət bölgüsü, müstəqil məhkəmə sistemi və digər elementlərlə yanaşı yerli özünüidarəetmə institutu da  demokratiyanın əsas şərtləri sırasında xüsusi yer tutur. Yerli özünüidarəetmənin əsas məqsədi əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Ümumilikdə yerli özünüidarətmə öz statusuna görə əhaliyə ən yaxın qurum hesab edilir, vətəndaşlarda idarəetmə bacarığını təlqin edir. Bu, vətəndaşların bir növ məsuliyyət və idarəetmə təcrübəsidir.

Yerli özünüidarəetmənin anlayışı çox aydın şəkildə «Bələdiyyələrin statusu haqqında» qanunun 1-ci maddəsində göstərilib. Həmin maddəyə əsasən yerli özünüidarəetmə vətəndaşların fəaliyyətinin elə qeyri-dövlət sistemidir ki, bu sistem vasitəsilə onlar qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həyata keçirirlər. Bildiyimiz kimi, yerli özünüidarəetmə institutunun əsası Ulu öndər Heydər Əliyev  tərəfindən qoyulub. Bələdiyyələrə dövlət dəstəyinin göstərilməsi təbii ki, Heydər Əliyevin adı ilə bağılıdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul olunmuş Konstitusiyada bələdiyyələrə xüsusi olaraq IX-cu fəsil həsr olunub. Həmin fəsildə  bələdiyyələrin statusu, işinin təşkili, müstəqilliyinin təminatı və digər məsələlər öz əksini tapıb.

 - Yerli özünüidarəetmə qurumlarının səmərəli fəaliyyətinin təmin edilməsi üçün əsasən hansı şərtlər var?

- Bələdiyyələrin  səmərəli fəaliyyətinin təmin edilməsi üçün əsas altı şərt var. Bunların sırasına bələdiyyələrin fəaliyyəti üçün hüquqi bazanın mövcudluğu, seçkililiyi, müstəqilliyi, təşkilatlanması, müstəqil maliyyə resurslarına malik olması, kadr təminatı daxildir. Bütun bu məsələlər nəzərə alınmaqla hər bir  sivil dövlətdə, demokratik cəmiyyətlərdə belə qurumların yaradılması təmin edilə bilər.

Qeyd edim ki, Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti üçün möhkəm, dayanıqlı, təkmil normativ hüquqi baza yaradılıb. 1999-cu ildən keçən müddət ərzində bununla bağlı 20-yə yaxın qanun qəbul olunub. Buna nümunə olaraq «Bələdiyyələrin statusu haqqında», «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında», «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında», «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında», «Bələdiyyələrin əraziləri və torpaqları haqqında», «Bələdiyyə qulluğu haqqında» və digər qanunları qeyd etmək olar. Qəbul olunmuş qanunlara  zərurət yarandıqca dəyişikliklər edilir. Bu gün də həmin  qanunların təkmilləşdirilməsi posesi davam edir. Bunun əsas məqsədi bədəliyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın yüksəlməsi, ən əsası onların maliyyə və iqtisadi potensialının gücləndirilməsidir.

Bələdiyyələrin səmərəli fəaliyyətinin digər bir şərti isə seçkililik məsələsidir. Onların  dövlət qurumlarından fərqi məhz seçkili olmaları ilə əlaqədardır. Ölkəmizdə 1999,  2004, 2009 və 2014-cü illərdə bələdiyyə seçkiləri keçirilib. İlk iki seçkilər göstərdi ki, bələdiyyələrə seçilmiş üzvlərin bu fəaliyyətə hazırlıq səviyyəsi o qədər də yüksək olmamışdır. Təbii ki, bu işlə məşğul olmaq üçün bələdiyyələrə rəhbərlik üçün müəyyən idarəçilik bacarığı, bilik, təcrübə, yüksək intellekt və ixtisas olmalı idi. İlk iki bələdiyyə seçkilərinə nəzər salsaq görərik ki, bələdiyyə üzvlərinin əksəriyyəti yerli özünüidarəetmə  haqqında təsəvvürə malik olmamışlar.

Lakin 2009-cu ildə keçirilən seçkilərin nəticələri göstərdi ki, bələdiyyə üzvlüyünə layiqli insanlar seçildi, onların arasında ali təhsillilərin, gənclərin, qadınların  sayı artmışdı. Nəhayət, 2014-cü ildə keçirilmiş seçkilər nəticəsində göstəricilər daha da yüksək oldu.  2009-cu il bələdiyyə seçkilərində seçici fəallığı 31,86 faiz olduğu halda, 2014-cü ilin dekabr ayının 23-də keçirilmiş seçkilərdə seçici fəallığı artmış, onların 38,93 faizi seçkilərdə iştirak etmiş, bu da əhalinin yerli özünüidarəetmə orqanlarına olan marağının artdığını göstərmişdir. 2014-cü il bələdiyyə seçkilərində iştirak etmək istəyənlərin sayı 38 min nəfəri ötmüşdü. Orta hesabla 2009-cu ildə bir bələdiyyə üzvü yerinə 1,9 nəfər düşdüyü halda, 2014-cü ildə bu göstərici 2,5 nəfər olmuşdur. O zaman 1607 bələdiyyəmiz və 15035 bələdiyyə üzvü var idi. Yəni əvvəlki seçkilərlə müqayisədə rəqabət yüksək idi.

2014-cü ildə yeni seçilmiş bələdiyyə üzvləri sırasında ali təhsilli şəxslərin sayı 89,8 faiz təşkil edib. Eyni zamanda, qadınlar sayı 35,0 faiz, gənclərin sayı isə 36,4 faiz olub. Bələdiyyə sədrliyinə seçilən şəxslərin isə 93,7 faizi ali təhsilli, 30,0 faizi qadın, 27,4 faizi gənc idi. Bütün bunlar ondan xəbər verir ki, bizim cəmiyyətimiz, seçicilərimiz bu qurumlara diqqətini artırır. İnsanlar nəinki seçmək, eləcə də seçilmək niyyətlərini daşıyırlar.

- Bələdiyyələrdə vergi və ödəniş yığımları hansı səviyyədədir? Bu sahədə əvvəlki illərə nisbətən irəliləyişlər varmı?

- Qeyd etdiyim kimi, bələdiyyələrin müstəqil maliyyə resurslarına malik olması onların səmərəli fəaliyyəti üçün əsas şərtlər sırasındadır. Bələdiyyələr yerli sosial məsələlərin həlli üçün maliyyə imkanlarına  sahib olmalıdırlar. Təbii ki, bunun üçün pul vəsaiti lazımdir və onun mənbələri müəyyənləşməlidir. Bu mənbələr sırasında bələdiyyənin yerli büdcəsi, mülkiyyəti və əmlakı durur. Təəssüf ki, 2000-ci illərin əvvəlində bələdiyyələr bu maliyyə mənbələrindən düzgün istifadə etmədilər. Onlar sərəncamlarında olan bir çox torpaq sahələrini satdılar. Hesab edirdilər ki, satılmış torpaqlardan əldə olunan vəsaitləri əhaliyə xərcləyəcəklər və bu daim davam edəcək. Amma belə olmadı, torpaqlar tükəndi. Belə olan halda, bələdiyyələr ağır vəziyyətdə qalaraq alternativ maliyyə mənbələri axtarmağa başladılar. Bu məqamda onların əsas vəzifələri hesab edilən yerli vergi və ödənişlərin yığımı gündəmə gəldi. Deməliyəm ki, qanunvericilikdə bələdiyyələrin yerli vergi və ödənişlərin yığılması sahəsində olduqca geniş səlahiyyətləri mövcuddur. Belə ki, bələdiyyələrin 9 növ vergi və ödəniş yığmaq səlahiyyəti var. Bunların sırasında 4 növ vergi - fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi, yerli əhəmiyyətli materiallar üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi var. 5 növ ödənişlərin sırasına isə küçə-divar reklamının yayımına görə ödəniş, mehmanxana, sanatoriya, kurort və digər turizm xidmətlərinə görə ödəniş, nəqliyyat vasitələrinin daimi və müvəqqəti dayanacaqlarına görə ödəniş, bələdiyyə ərazisində stasionar və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş və bələdiyyənin mülkiyyətində olan əmlakın və torpaqların icarəsindən və satışından olan ödənişlər daxildir.

Təbii ki, bələdiyyələrin fəaliyyətinin ilk illərində vergi yığımı olduqca aşagı idi. Çünki bələdiyyə büdcəsinə daxil olan vəsaitin çox böyük faizi yalnız torpaq satışından formalaşırdı. Lakin bu sahədə 2014-cü ildə çox inqilabi bir dəyişikliklər baş verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə bəzi qanun layihələri təqdim edildi. Həmin qanun layihələrinə əsasən fiziki şəxslərin əmlak vergisinin hesablanması qaydasının tam dəyişdirilməsi, torpaq vergisinin dərəcələrinin dəyişdirilməsi, eyni zamanda dövlət büdcəsindən bələdiyyələrə ödənilən dotasiyalarin verilməsi meyarlarının təkmilləşdirilməsi, bələdiyyələrə dövlət büdcəsindən subvensiyaların verilməsi və bələdiyyələrə ödənilən yerli vergi və ödənişlərin nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulurdu. Və həmin il Milli Məclis tərəfindən bu qanunlar qəbul olundu. Bunun nəticəsində də 2015-ci əvvəlindən bələdiyyələr bu sahədə böyük irəlləyişlər əldə ediblər. Yığılan vergi və ödənişlərin həcmi ildən ilə artır. Məsələn, bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bələdiyyə büdcələrinə yerli vergi və ödənişlər nəticəsində daxil olan vəsaitin həcmi 12.5 faiz artıb.

Təbii ki, burada yalnız bələdiyyələrin səyləri kifayət etmir, vətəndaşlar da bu prosesdə fəal olmalıdır. Vətəndaşlarda vergi mədəniyyəti yüksək olmalıdır. Qanunla vergiləri ödəməlidir. Çunki bələdiyyələr toplanan vəsaiti həmin ərazinin sosial-iqtisadi inkişafına yönəldir. Bu sahədə bir çox işlər görülüb. Bir neçə ildir ki, bələdiyyələrin milli asossiasiyaları tərəfindən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü həyata keçirilir. Bələdiyyələr gördüyü işləri layihələr formasında reallaşdırırlar və bu layihələrə vəsait xərcləyirlər, görülən işlər haqqında vətəndaşlara hesabat verirlər. Hesab edirəm ki, bələdiyyə-vətəndaş münasibətləri daim güclənməlidir. Və bunun nəticəsində vətəndaşlar tərəfindən də bələdiyyələrə inam və etibar artır. Əgər biz bələdiyyələrin inkişaf etməsini istəyiriksə, vətəndaşlar və dövlət onlara öz dəstəyini göstərməlidir. Dövlət tərəfindən bələdiyyələrə hər il dotasiya verilir. Yarandığı vaxtdan indiyə qədər bələdiyyələrə təxminan 63 milyon manatdan çox dotasiya verilib.

- Bələdiyyələrin uğurlu fəaliyyəti üçün kadr təminatı da başlıca şərtlərdən biridir. Bu istiqamətdə vəziyyət nə yerdədir?

- Əlbəttə ki, bu, çox vacib məsələdir. Təbii ki, bələdiyyələrdə sədr və üzvlərlə yanaşı bələdiyyə qulluqçuları da çalışırlar. Onların fəaliyyəti və statusu “Bələdiyyə qulluğu haqqında” qanunla tənzimlənir. Dövlət və milli asossiasiyalar tərəfindən bələdiyyə qulluqçularının təcrübələrinin artırılması ilə baglı bir çox işlər görülür, maarifləndirmə tədbirləri həyata keçirilir. “Bələdiyyə qulluğu haqqında” qanuna edilən son dəyişikliklərə görə, hər bir bələdiyyədə müsabiqə komissiyaları yaradılıb. Bu o deməkdir ki, bələdiyyə qulluqçuları bələdiyyə sədri tərəfindən deyil, müsabiqə komisiyyaları tərəfindən işə qəbul ediləcək. Yəni işə qəbul kollegial qərar əsasında baş tutacaq. Bu da işə qəbul məsələsinin şəffaf qaydada həyata keçirilməsini təmin edəcək. Bununla da əhaliyə ən yaxın sayılan bələdiyyə qulluqçularının  insanlarla daha nəzakətli, diqqətli olmağa bir şərait yaradılacaq.

- Kamran müəllim, qeyd etdiniz ki, bələdiyyələr vergi və ödəniş hesabına öz büdcələrini formalaşdırırlar. Bələdiyyələr özlərinin müəssisə və xidmət sahələrini yaratmaqla da maliyyə imkanlarını artıra bilərlər. Yerli özünüidarəetmə orqanlarının belə təşəbbüslərinə rast gəlinirmi?

- Qanunvericiliyə əsasən, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq hüququ var. Həmin müəssisələrdən mənfəət vergisi alınır ki, bu da onların fəaliyyətini stimullaşdırır. 2007-2010-cu illərdə 40-dan çox bələdiyyə müəssisəsi var idi. Bu müəssisələr sırasında təmir-tikinti, məişət tullantılarının yığılması və nəqli, asfalt istehsalı, mineral su istehsalı fəaliyəti və s. var idi. Son zamanlar isə onların işi zəiflədi, çoxları fəaliyyəti dayandırdılar.

Amma hazırda məsələ ilə bağlı işlər gedir. Qanunvericiliyə edimiş son dəyişikliklərə əsasən bələdiyyələrə subvensiyaların ayrılması nəzərdə tutulur. Subvensiyaların dotasiyalardan fərqi odur ki, o konkret layihələr üçün nəzərdə tutulmuş vəsaitdir. Ümid edirik ki, növbəti illərdə dövlət büdcəsindən bu məqsədlə vəsait ayrılacaq. Dövlət həmin pulların təyinatı üzrə xərclənməsinə nəzarət edəcək və təyinatı üzrə xərclənməsə həmin vəsaiti geri qaytarmaq hüququ var.

Mən nümunə olaraq millət vəkili seçildiyim Şəmkir rayonunun bələdiyyələrinin fəaliyyətini göstərə bilərəm. Şəmkirdə 42 bələdiyyə var və onların hər birinin müəssisələri fəaliyyət göstərir. Rayon İcra Hakimiyyəti bu işdə bələdiyyələrə yaxından dəstək göstərir. Bütövlükdə hesab edirəm ki, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq imkanı var və buradan gələn gəlirləri əhalinin sosial məsələlərinin həllinə yönəltmək mümkündür.