YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Müsahibimiz Azərbaycanın dövlət müstəqilliyi - 25 zirvə hadisə

1. “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunması

1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə səs verib.

2. Azərbaycanın BMT-nin tamhüquqlu üzvlüyünə qəbul olunması

Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır.

3. Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra suverenliyin əsas atributlarından sayılan milli valyuta - manat tədavülə buraxılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır.

4. Yeni Azərbaycan Partiyasının yaradılması

1992-ci il oktyabrın 16-da xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri - 91 nəfər ziyalı Ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi.

5. Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı

Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

6. Separatizmin aradan qaldırılması

Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuş separatizm meyillərindən xilas etdi. Etnik və milli zəmində baş qaldırmış müxtəlif qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu. Azərbaycan xalqının Ulu öndərin azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsi ilə müstəqil Azərbaycan dövlətçiliyi daha da möhkəmləndi.  

7. Xaos və anarxiyanın cilovlanması, sabitliyin təmin edilməsi

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdı.

8. Atəşkəs rejiminin elan olunması

12 may 1994-cü ildə cəbhə bölgəsində atəşkəsin əldə edilməsini nəzərdə tutan Bişkek Protokolu imzalanmışdır. Atəşkəsin əldə edilməsindən sonra həm ölkə daxilində sabitliyin təmin olunması, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik danışıqların aparılması üçün real fürsət yaranmışdır.

9. 1994 və 1995-ci illərdə dövlət çevrilişləri cəhdlərinin qarşısının alınması və siyasi sabitliyin təmin edilməsi

1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaqlar oldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin, dövlət çevrilişi cəhdlərinin  qarşısı alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu.

10. Azərbaycan Milli Ordusunun yaradılması

Hazırda Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın ən böyük uğurlarından biri də qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə, ölkənin ərazi bütövlüyünü təmin etməyə qadir olan güclü ordu quruculuğu ilə bağlıdır. Son 12 ildə ölkəmizin dövlət büdcəsində ordu üçün nəzərdə tutulan xərclər 20 dəfədən çox artıb. Hazırda ordumuzun arsenalında olan ən müasir tanklar, artilleriya qurğuları, döyüş təyyarələri və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir.

11. “Əsrin müqaviləsi”nin  imzalanması

 Karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın təməli Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontraktın imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu.

12. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması

Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində 1995-ci il noyabr ayının 12-də xalq referenduma gələrək öz dövlətçiliyinin əsas hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi. 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixlərində keçirilən ümumxalq səsverməsi-referendumlar qanunvericilik bazasının zənginləşməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsinə, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına, idarəetmənin daha da təkmilləşməsinə mühüm töhfələr verib.

13. Müstəqil Azərbaybaycanda ilk parlament seçkilərinin keçirilməsi

1995-ci il noyabrın 12-də  ümumxalq  səsverməsi ilə  müstəqil Azərbaycanın  ilk demokratik  Konstitusiyası qəbul olundu.  Həmin gün müstəqillik dövründə ilk dəfə parlamentə seçkilər keçirildi və I çağırış Milli Məclis işə başladı.

14. Torpaq islahatlarının həyata keçirilməsi

Azərbaycanda MDB məkanında ilk dəfə olaraq torpaq üzərində mülkiyyət hüququnun dəyişdirilməsini, torpaqdan səmərəli istifadənin hüquqi bazasının yaradılmasını və kənd təsərrüfatının daha sürətli inkişafını təmin etmək məqsədilə genişmiqyaslı torpaq islahatları həyata keçirildi.

15. “Şahdəniz” qaz yatağı üzrə müqavilənin imzalanması

Xəzər dənizinin Azərbaycana məxsus sektorundakı "Şahdəniz" neft-qaz yatağının müştərək işlənməsinə, istifadə edilməsinə dair müqavilənin imzalanması Azərbaycanın enerji sektorunun inkişafında,  enerjidaşıyıcılarının dünya bazarlarına çıxarılmasında mühüm mərhələ olmuşdur.

16. Azərbaycanda ilk dəfə olaraq yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə seçkilərin keçirilməsi

1999-cu ilin dekabrın 12-də Azərbaycanda ilk dəfə olaraq  bələdiyyə seçkiləri keçirilmişdir. Demokratik qaydada, seçicilərin yüksək fəallığı ilə keçirilmiş seçkilər nəticəsində Azərbaycan Respublikasında 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2 409 kənd bələdiyyəsi seçilmişdir. 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının inamlı zəfəri ilə başa çatmışdır.

17. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunması

17 yanvar 2001-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasinda Azərbaycan Respublikasinin Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir. 25 yanvar 2001-ci il tarixində Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasim keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak etmişdir. 24-27 aprel 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyası keçirilmişdir. Azərbaycan Respublikasının AŞPA-da nümayəndə heyəti cənab İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak etmişdir.

18. Ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi

Müstəqilliyimizin bərpasından sonra ölkədə tədricən latın qrafikalı əlifba tətbiq olunub. 2001-ci ilin 18 iyununda Ümummilli lider Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıb, Azərbaycanda latın qrafikalı əlifbaya keçid qətiləşib. Həmin il avqustun 9-da isə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalanıb.

19. Azərbaycan Respublikasında növbəti prezident seçkilərinin keçirilməsi – cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi

2003-cü il oktyabrın 15-də keçirilən seçkilər nəticəsində cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 % səsini qazanan cənab İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Cənab İlham Əliyev 2013-cü il oktyabr ayının 9-da keçirilən Prezident seçkilərində 84,54 faiz səs toplayaraq üçüncü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

20. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi

“Əsrin müqaviləsi” ilə əsasa qoyulan uğurlu enerji siyasəti  Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və digər strateji əhəmiyyətli layihələrin reallaşdırılması ilə davam etmişdir. Bu layihələr ölkəmizin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasını təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təminatında da müstəsna əhəmiyyət kəsb edir.

21. Bakıda dünyanın ən uca bayrağının inşası

Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalamışdı. Həmin il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyulub. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

22. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi

24 oktyabr 2011-ci il tarixində 155 ölkənin lehinə səsverməsi nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.

23. Azərbaycanda “Eurovison” beynəlxalq musiqi müsabiqəsinin keçirilməsi

2012-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakıda “Eurovision” beynəlxalq mahnı müsabiqəsi keçirilmişdir. “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsi Azərbaycan Respublikası Prezidentinin 19 may 2011-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. 2012-ci ilin may ayında Bakıda keçirilən 57-ci “Eurovision” mahnı müsabiqəsində iştirak edən ölkələrin sayı 2008 və 2011-ci illərdəki rekordu təkrarlayıb.

24. Azərbaycanda “Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsi

12-28 iyun 2015-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində ilk Avropa Oyunları keçirilib. Yarışlarda Avropanın 50 ölkəsinin 10 min idmançısı mübarizə aparıb. 2015 Avropa Oyunlarının təşkili üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 yanvar 2013-cü ildə imzaladığı Sərəncamla təşkilat komitəsi yaradılmışdır. Qərara əsasən, təşkilat komitəsinin sədri UNESCO və İSESCO-nun xoş məramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təyin edilmişdir.

25. Paytaxt Bakının yenidən qurulması

“Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində Bakının siması tamamilə dəyişmiş və bu gün ölkəmizin paytaxtı xarici turistlərin yüksək dəyər verdiyi ən gözəl şəhərlərdən olmaqla yanaşı, müxtəlif xarakterli nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir.