YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər daha çevik idarəetmə sisteminin formalaşdırılmasına təkan verəcək

Müsahibimiz Milli Məclisin deputatı, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Kamaləddin Qafarov

- Kəmaləddin müəllim sentyabrın 26-da ölkəmizdə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcək və artıq bu istiqamətdə təbliğat-təşviqat kampaniyasına start verilib. Öncə ondan başlayaq ki, ümumiyyətlə, bu referendumun keçirilməsini zəruri edən səbəblər hansılardı?

- Məlum olduğu kimi ölkəmiz növbəti vacib siyasi proses ərəfəsindədi. Belə ki, sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcək. Bəzən siyasi opponetlərimiz bu referendumun keşirilməsinə zərurət olmadığını iddia edir, bəzən isə cənab Prezident İlham Əliyev tərəfindən təklif olunan əlavə və dəyişikliklərlə bağlı ictimaiyyəti çaşdırmaq məqsədi ilə yanlış izahlar, açıqlamalar verirlər. Odur ki, istər radikal kəsimin iddialarının tamamilə əsassız olduğunu, istərsə də vətəndaşlarımıza bu referendumun müstəqil Azərbaycanın gələcək inkişafı baxımından hansı əhəmiyyət kəsb etdiyini çatdırmaq üçün təklif olunan əlavə və dəyişikliklərlə bağlı izahın verilməsi əhəmiyyətli olardı. Lakin fikrimcə bu izaha keçməzdən öncə ümumiyyətlə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan ötən müddət ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində atılan addımlar barədə qısa məlumatın verilməsini zəruri hesab edirəm. Beləliklə, məlum olduğu kimi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrin 12-də keçirirlən ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi əsas qanunlarından sayılır. Bununla belə zamanın tələbindən irəli gələrərək, eyni zamanda bir sıra mühüm hüquqi normalara konstitusion status vermək üçün 2002-ci il avqustun 24-də ümumxalq səsverməsi-referendum keçirilmiş, Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31dəyişiklik və əlavələr olunmuşdu. Məlumat üçün bildirim ki, həmin referendum nəticəsində proporsional seçki sistemi ləğv olunmuş, müstəsna hallarda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin Milli Məclisin sədrinə deyil, Baş nazirə keçməsi proseduru təsdiqlənmiş, prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu ilə hesablanması qaydası müəyyənləşmiş, eyni zamanda hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsi, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiya məhkəməsinə verilməsi, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması və s. kimi prinsipial məsələlər hüquqi həllini tapmışdır. 2009-cu il martın 18-də ümumxalq səsverməsinə çıxarılan Referendum Aktının layihəsində isə 29 maddə üzrə 41 dəyişiklik və əlavənin edilməsi təklif olunmuşdu. Bu dəyişikliklərdən 17-si maddələrə yeni hissələrin və ya bəndlərin əlavə edilməsi, 7-si maddələrdə sözlərin əvəz edilməsi, 7-si maddələrə yeni sözün və ya sözlərin əlavə olunması, 6-sı maddələrə yeni cümlələrin əlavə olunması, 2-si maddələrin yeni redaksiyada verilməsi, 1-i isə maddədən sözün çıxarılması ilə bağlı idi.

Lakin dünya düzənində cərəryan edən proseslər, yeni inkişaf tendensiyaları və onların meydana çıxardığı tələblər, ən əsası isə 2009-cu ildə həyata keçirilmiş konstitusiya islahatından sonra Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş köklü dəyişikliklər növbəti dəfə ölkəmizin Əsas Qanuna bəzi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirmişdir.

Yeri gəlmişkən, Konstitusiyanın 152-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əsas Qanununun mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Konstitusiyaya əlavələrin təklif edilməsi təşəbbüsünü nəzərdə tutan 157-ci maddəyə əsasən, müvafiq təkliflə Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti çıxış edərsə, bu halda nəzərdə tutulan dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinin rəyi alınır. Elə bu məntiqlə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 18 iyul tarixində "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalamışdır. Referendum Aktına görə, Konstitusiyanın 23 maddəsinə (9, 24, 25, 29, 32, 36, 47, 49, 53, 56, 57, 58, 59, 60, 68, 71, 85, 89, 100, 101, 105, 121, 126) əlavə və düzəlişlərin edilməsi, habelə yeni 6 maddənin (98, 103, 106, 108, 110, 146) əlavə edilməsi nəzərdə tutulmuşdur.

- Kəmaləddin müəllim, növbəti Konstitusiya islahatının əhatə dairəsində danışarkən ilk novbədə hansı sahəni xüsusi olaraq qeyd etməyi vacib bilirsiniz?

Maddələrdən də göründüyü kimi, növbəti Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrinə: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur. Konkretləşdirməyə gəlincə bu sahələr içərisində təhlükəsizlik və müdafiə məsələlərinin təsbit olunduğu Konstitusiyanın 9-cu maddəsinin I hissəsinin aşağıdakı redaksiyada verilməsi xüsusi aktuallıq kəsb edir: "Azərbaycan Respublikası öz təhlükəsizliyi və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir."

Birmənalı olaraq vurğulamaq yerinə düşər ki, sözügedən dəyişikliyin qəbulu qeyri-qanuni hərbi birləşmələrin yaradılmasının qarşısını almaq üçün vacib hüquqi bazanı formalaşdıracaq. Məlum olduğu kimi, regional və beynəlxalq səviyyələrdə bu qəbildən təhlükələrin mövcudluğu və getdikcə daha da artması sözügedən məsələlərin ölkəmizdə konstitusion norma olaraq Əsas Qanunda təsbit olunmasını zərurətə çevirmişdir. Bunun bir qədər də geniş izahına gəlincə, əgər bu günə qədər Ali Baş Komanbdan statusu yalnız Ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq Konstitusiyaya təklif olunan dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabe olunacaq. Təbii ki, Prezident ali icra hakimiyyətinin başçısı kimi, bu səlahiyyətləri həyata keçirirdi, lakin Konstitusiya dəyişikliklərdə bütün silahlı birləşmələr üzərində vahid komandanlığın tətbiqi məsələsi öz əksini tapır. Yəni elə silahlı birləşmələr var ki, onlar silahlı qüvvələrə daxil deyil. Konstitusiya təklif olunan dəyişikliklərlə əlaqədar isə Silahlı Qüvvələr məvhumu daha da genişlənir. Onların hamısı Ali Baş Komandanın əmri əsasında fəaliyyət göstərəcək ki, bu da bizim həm təhlükəsizlik sistemimizin möhkəmlənməsinə, həm də ordu quruculuğunda, Silahlı Qüvvələrin möhkəmlənməsində, işğal edilmiş ərazilərimizin azad olunmasında xüsusi rol və əhəmiyyət kəsb edəcəkdir.

- Bəs, insan hüquq və azadlıqlarının müdafiəsi, həmçinin mülkiyyət hüququ ilə bağlı təklif olunan dəyişiklikləri necə dəyərləndirmək olar?

- Təklif olunan dəyişikliklərin bir hissəsi isə insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Yəni bir sıra əlavə və dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması, o cümlədən müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması kimi məsələlər əsas götürülüb. Biz mütəmadi olaraq müxtəlif informasiya portallarında, saytlarda kiminsə haqqında və yaxud kiminsə işi, şəxsi həyatı, fəaliyyəti ilə əlaqədar onun özünün razılığı olmadan “tədqiqat” aparıldığının və ictimailəşdirildiyinin şahidi oluruq. Konstitusiyaya təklif olunan dəyişikliklər məhz belə “ictimailəşdirmə”nin, anonim yazışmaların qarşısını alır və hər bir insan qarşısında məsuliyyət yardır. O cümlədən insanların sərbəst toplaşmaq azadlıqları ilə bağlı digərlərinin hüquqlarının pozulmasının və onlara qarşı hər hansı bir kin, nifrət aşılanmasının, ləyaqətdən kənar hərəkətlərin edilməsinin qarşısı alınır. Tutaq ki, sərbəst toplaşmaq haqqında qanuna uyğun olaraq hər hansı bir sərbəst toplaşmaq hərəkəti həyata keçirilir və həmin tədbirdə də kiminsə şərəf və ləyaqəti aşağılanır , yaxud da onun şərəf və ləyaqətinə qarşı hər hansı bir hörmətsizlik edilir. Bu da şəxsin toxunulmazlığının pozulmasına gətirib çıxarır. Məhz bu kimi məsələlər də əlavə və dəyişikliklərdə öz əksini tapıb. Bir sözlə, nəzərdə tutulan dəyişikliklər əsasən insan hüquq və azadlıqlarının daha da genişləndirilməsini özündə ehtiva edir, vətəndaşlara yeni hüquqlar verilir, hüququn realizə olunması ilə bağlı müəyyən məhdudiyyətlər aradan qaldırılır, eyni zamanda, hüquqdan sui-istifadə etmək imkanları məhdudlaşdırılır. Bu nöqteyi-nəzərdən Konstitusiyanın 24-cü maddəsinə "İnsan ləyaqəti qorunur və ona hörmət edilir" məzmunlu I hissənin, habelə III hissəyə "Hüquqlardan sui-istifadəyə yol verilmir" məzmunlu cümlənin əlavə edilməsinin təklif olunması olduqca vacib addım sayılmalıdır.

Eyni zamanda, Referendum Aktı layihəsinin 32-ci maddəsinə edilən VI, VII və VIII hissələr fərdi məlumatların dairəsi, onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtlərini müəyyən edir, insanların informasiya təhlükəsizliyi ilə bağlı hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən neqativ halların aradan qaldırılmasına xidmət göstərir.

Bildiyimiz kimi son dövrlər mülkiyyət hüququ ilə bağlı yerli qanunvericilik aktlarında bir sıra proqressiv dəyişikliklər olunmuşdur. Lakin mülkiyyət hüququ sahəsində artıq bu cür dəyişikliklərin Konstitusiyada da edilməsinə ehtiyac yaranmışdır. Xüsusilə də mülkiyyət hüququnun sosial ədalət prinsiplərinə uyğunluğu məsələsi təklif olunan dəyişikliklərdə öz əksini tapmışdır. Aşağıdakı cümlələrin Konstitusiyanın 29-cu maddəsinə əlavə edilməsi təklif olunur:
“Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər”.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasına əlavə olunan 1 saylı Protokolun 1-ci maddəsinə görə «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Lakin bu heç də o demək deyil ki mülkiyyət hüququ absolyut qüvvəyə malikdir. Avropa Konvensiyasının həmin madəsinin 2-ci bəndində mülkiyyət hüququnun məhdudlaşdırılması şərtləri qeyd olunur:“Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”. Göründüyü kimi Konstitusiyaya təklif olunan Mülkiyyət hüququ ilə bağlı dəyişiklik məhdudlaşdırıcı xarakter daşısa da Avropa İnsan Hüquqları Konvensiyasına tam uyğundur. Heç şübhəsiz, bu əlavələrin Konstitusiyada əks olunması təklifinin irəli sürülməsi Azərbaycan üçün strateji xarakterli aqrar sahənin (taxılçılıq, üzümçülük, pambıqçılıq, tütünçülük, baramaçılıq, heyvandarlıq və s), daha da inkişafı və möhkəmləndirilməsi mənafeyinə xidmət göstərir.

Referendum Aktı layihəsinin 36-cı maddəsinə təklif olunan dəyişiklik əmək hüququ əsasında işləyənlərin hüquqlarının müdafiəsini özündə ehtiva edir və elə bu səbəbdən də kifayət qədər böyük ictimai maraq doğurur. Bu məqsədlə müvafiq maddəyə edilən dəyişikliyə lokaut anlayışı əlavə edilmişdir.

Onu da xüsusi olaraq vurğulayım ki, referendum Aktı layihəsində böyük ictimai maraq və rezonansa səbəb olan dəyişikliklər sırasında 85-ci maddənin I hissəsi ("yaşı 25-dən aşağı olmayan" sözləri " seçkilərdə iştirak etmək hüququna  malik olan" sözləri ilə əvəz edilsin) və 100-cü maddəsi ilə bağlı dəyişikliyə gəlincə bildirim ki, təqdim olunan dəyişikliklərə əsasən, 18 yaşlı gəncin Milli Məclisin üzvü seçilməsinə hüquqi əsas yaranmış olacaqdır. Bundan savayı, prezident seçkilərində tətbiq olunan yaş senzi (35 yaş) ilə bağlı məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur. Konstitusiyanın 101-ci maddəsinin I hissəsində edilən dəyişiklik nəticəsində isə Azərbaycanda prezidentlik müddətinin 5 ildən 7 ilə yüksəldilməsi nəzərdə tutulmuşdur. Bu təklif də təsadüfi xarakter daşımır. Belə ki, anoloji praktika bir çox ölkələrdə uğurla tətbiq olunur.

- Məlum olduğu kimi, referendum Aktında idarəetmə institutlarında yeni keyfiyyət dəyişikliklərinin yaradılması nəzərdə tutulub...

- Bəli, sizin də qeyd etdiyiniz kimi referendum Aktında idarəetmə institutlarında yeni keyfiyyət dəyişikliklərinin yaradılması nəzərdə tutulub və burada söhbət vitse-prezidentlik institutunun yaradılmasından, həmçinin prezidentə əlavə səlahiyyətlərin verilməsindən gedir. Bir sıra inkişaf etmiş xarici ölkələrdə bu kimi nümunələrə rast gəlinir. Belə ki, Konstitusiya Aktı layihəsinə əlavə edilmiş 4 yeni maddə (103, 106,108 və 110-cu maddələr) ilk növbədə dövlət strukturlarının optimal təkmilləşdirilməsi, onların səlahiyyətlərinin dəqiqləşdirilməsi və son nəticədə yaxşı idarətmə mexanizmlərinin tələblərinə cavab verməsi mahiyyəti kəsb edir. Həmin dəyişikliklərə əsasən,  ölkəmizin siyasi idarəçilik sistemində ilk dəfə olaraq Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi nəzərdə tutulmuşdur. Hər iki yüksək dövlət postuna təyinatın Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilməsi konstitusion norma olaraq müəyyən edilmişdir. Əminəm ki, vitse-prezidentlik institutunun təsisi, prezidentlik institutunun gücləndirilməsi daha yüksək effektiv fəaliyyətə gətirib çıxaracaq ki, bu da həm milli təhlükəsizliyimizin əsasını yaradacaq, həm də inkişafımızı daha da sürətləndirəcək.

Bir sözlə, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hər biri mütərəqqi xarakter daşıyır və daha çevik idarəetmə sisteminin formalaşdırılmasına təkan verəcək. Əminəm ki, xalq bu islahatlara səs verəcək. Bununla da Azərbaycanın həyatında yeni mərhələ başlayacaq, biz gələcəkdə Azərbaycanda daha optimal, effektiv idarə etmənin şahidi olacaq, həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik.