YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan mediası ümumən dövlət maraqlarını qorumaq üzərinə köklənmiş mediadır

Müsahibimiz Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov

- Əflatun müəllim, ilk olaraq istərdik ki, milli mətbuatımızın ötən dövr ərzində keçdiyi inkişaf yolu haqqında fikirlərinizi bildirəsiniz...

- Azərbaycan mətbuatı ötən 141 ildə şərəfli tarixi yol keçib. Bu yolu dəyərləndirmək üçün müxtəlif məqamlardan söz açmaq mümkündür. Mən mətbuatın inkişafı müstəvisində ümumən cəmiyyətin inkişafı məsələləri üzərində dayanmaq istərdim.

XIX əsrin sonu XX əsrin əvvəllərindəki Azərbaycanın vəziyyətinə diqqət yetirək. Çar Rusiyasında müəyyən demokratik meyllər baş qaldırırdı. Bu meyllər imperiya ucqarı olan Azərbaycana da öz təsirini göstərirdi. Təbii ki, mövcud xüsusda cəmiyyətin inkişafını doğuran amillərdən söz aça bilərik. Ancaq inkişaf necə gedirdi? İnkişaf ona görə gedirdi ki, millət tərəqqi etsin? Belə bir meyl yox idi. İnkişaf çarizmin bölgədəki iqtisadi siyasəti üçün minimum plasdarm yaratmaq niyyətinə xidmət edirdi. Ancaq bunun özü belə şans idi. Sabirin təbirincə desək, əcnəbinin seyrə balonlarda çıxdığı bir dövrdə Azərbaycan türkünü avtomobilə mindirmək çətinlik yaratsa da, heç olması arabadan endirmək lazım idi. Bu missiyanı öz üzərinə ziyalılar götürdü. Allah Azərbaycana Mirzə Fətəli Axundov kimi dühanı bəxş etdi. Tanrı eyni zamanda Həsən bəy Zərdabi kimi misilsiz millət fədaisini də xalqının taleyinə çıxartdı. Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə və digər görkəmli fikir adamları özlərinin bir məmləkət səviyyəsinə sığmayan yaradıcılıq dəst-xəttləri ilə o dövrün Azərbaycanını sanki diriltdilər, mənfi stereotipləri aradan qaldırdılar.

Bu şəxslərin hər biri həm də gözəl jurnalist idi. Onlar öz ideya və baxışlarını xalqa mətbuat orqanlarında çatdırırdılar. Milli şüuru və milli özünüdərki təbliğ edirdilər. Məhz bu mənada mətbuat cəmiyyəti inkişafa aparırdı. Elə bir inkişafa ki, «Əkinçi»dən cəmi 43 il sonra Azərbaycan Xalq Cümhuriyyətinin timsalında özünün fəxarət nöqtəsinə çatdı. Nəzərə alaq ki, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi, sosial-mənəvi şərtlər müstəqillik perspektivi üçün əsaslar vermirdi. Ancaq adlarını çəkdiyimiz şəxslərin və onların ardıcıllarının ideya-siyasi platformaları istiqlal perspektivi yaratdı, proses üçün əla zəmin hazırladı. Üstəlik bu şəxslər bütövlükdə türk-müsəlman dünyasında canlanma yaratdılar.

Təəssüf ki, imperilalizmin sovetlər birliyi qiyafəsində zühuru yeniliklər qarşısında qırmızı işıq yandırdı. Bəli, Azərbaycan Xalq Cümhuriyyəti cəmi ikicə il ömür sürdü. Ancaq 1918-1920-ci illərdə Azərbaycanda dövri mətbuat özünün yüksək inkişaf mərhələsini yaşadı. Həmin mərhələdə mətbuat orqanları xalqı demokratik və müstəqil dövlət quruculuğunun təbliği uğrunda mübarizəyə səsləməklə, yeni mədəniyyətin, incəsənətin və ədəbiyyatın, əxlaq tərzi və düşüncənin bərqərar olmasında həlledici rol oynadılar. Ümumən Cümhuriyyət dövrü mətbuatı Həsən bəy Zərdabi ideyalarının, «Əkinçi» prinsiplərinin həyata keçirilməsinin inkişafa aparan çox mühüm mərhələsi idi.

Ancaq onu da demək olmaz ki, sovet dövründə Azərbaycan mətbuatı cəmiyyətin inkişafına heç bir töhfə verməmişdi. Təbii ki, totalitarizmin qəlibləri yaradıcılıq imkanlarını məhdudlaşdırırdı, indi təsəvvür etdiyimiz jurnalistika prinsipləri yox idi. Bununla belə mətbuat «Əkinçi» ənənələrinə sadiqlik ruhunu tamamilə itirməmişdi. O dövrün mətbuat orqanlarında kommunist ideologiyası ilə bağlı məsələlərlə yanaşı, respublikanın iqtisadi, elmi, mədəni inkişafına dair problemlər də öz əksini tapdı. Tənqidi qeydlərə rast gəlinirdi. Tədricən xalqımızın dil, ədəbiyyat və mədəniyyətinə, azərbaycançılıq məfkurəsinə xidmət edən materialların da sayı artmağa başladı. Bunun özü cəmiyyəti inkişafa daşıyırdı.

Mətbuat əsrin əvvəllərində olduğu kimi, əsrin sonunda da milli şüur və düşüncənin əsas ifadə plasdarmı kimi çıxış etməyə başladı. XX əsrin 80-ci illərinin sonlarına doğru müstəqil mətbuat orqanlarımız yarandı ki, onların başlıca hədəfi Azərbaycanın dövlət müstəqilliyinə nail olmaq idi. Təbii, SSRİ-nin süqutu qaçılmaz idi. Ancaq bu, o demək deyildi ki, Azərbaycan üçün müstəqillik günəşi doğmuşdu. Elə öz daxilimizdə müstəmləkə boyunduruğuna razı olan qüvvələr az deyildi. Məhz belə bir qeyri-müəyyənlik şəraitində mətbuat istaqlal üçün qətiyyət göstərdi. Bu qətiyyət nəticəsində yaranmış müstəqil Azərbaycan Respublikası yeni inkişaf mərhələsini doğurdu. Ümumi inkişafdan media da öz payını götürdü.

- Müstəqillik illərində mətbuatın ictimai nəzarət institutu kimi yeni demokratik cəmiyyət quruculuğu prosesindəki rolunun gücləndirilməsi baxımından Umummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən islahatların əhəmiyyəti nədən ibarət olmuşdur?

- Əvvəldə bildirdim ki, uca Tanrı Azərbaycana Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi şəxsiyyətləri bəxş etdi. Hesab edirəm ki, bu məsələdə bir qəribə mistika, izaholunmaz nə isə var. Çünki Allah xalqımız üçün hər zaman böyük şəxsiyyətlər yetirir. Həmin şəxsiyyətlər tarixin ən çətin dövrlərində çiyinlərini ağır yükün altına verirlər və xalqı irəliyə doğru aparırlar. Belə şəxsiyyətlərdən biri Ümummilli lider Heydər Əliyevdir.

Az öncə sovetlər birliyi dönəmində mətbuatın fəaliyyətindən söz açdım. Heydər Əliyevin 1969-cu ildə Azərbaycana birinci dəfə rəhbərliyə başladığı dövr ümumən SSRİ miqyasında müəyyən ictimai canlanmanın müşahidə olunduğu zaman kəsiyi idi. Ulu öndər hadisələrin hansı səmtə cərəyan edəcəyini gözəl görürdü. O, mətbuatda əks fikirlər söyləyən ziyalıları qoruyurdu. Həmin ziyalıların timsalında elə mətbuat orqanlarının özlərini də imperiyanın sərt sifəti ilə üzləşmək təhlükəsindən qurtarırdı. Heydər Əliyev bununla kifayətlənməyərək azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu təhsil ocaqlarında təhsil almalarını təmin edirdi. Bu baxımdan jurnalist təhsili də əsas yeri tuturdu. Mən özüm də belə diqqət və qayğının nəticəsində Moskva Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alan gənclərdən biri olmuşam.

Bilirsiniz, Ulu öndərin bu dəst-xətti təsadüfi deyildi. O, Azərbaycanın müstəqil dövlət olacağını hamıdan gözəl görürdü və dövlətin müstəqillik illərindəki idarəçiliyi üçün kadr hazırlığını həyata keçirirdi. Yəni bu o deməkdir ki, Heydər Əliyev islahatlara hələ sovet dönəmində start vermişdi. 1993-cü ildə hakimiyyətə gəldikdən sonra isə Onun qarşısında böyük yol açılmışdı.

Beləcə ölkədə həyata keçirilməkdə olan siyasi kurs jurnalistikamızda da dolğun təzahür formalarını tapmağa başladı. İlk addım kimi 1995-ci il Konstitusiyasını göstərmək istərdim. Ulu öndərin müəllifi olduğu ana qanunumuzun 47-ci maddəsinin 1-ci bəndində deyilir ki, hər kəsin fikir və söz azadlığı vardır. Bu maddə media sahəsindəki qanunvericilik bazasının istinad nöqtəsidir. Bu maddə həmçinin fikir və söz azadlığının gerçəkləşmə arealı kimi kütləvi informasiya vasitələrinin rolunu ön plana çıxartdı.

Prezident Heydər Əliyev islahatların davamı kimi müharibə təhlükəsinin sovuşmadığı ölkə üçün son dərəcə qətiyyətli addım atdı. Dövlət başçısının 6 avqust 1998-ci il tarixli fərmanı ilə Azərbaycanda senzura aradan qaldırıldı. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında”Azərbaycan Respublikasının yeni qanunu qəbul edildi. Liberal mahiyyət daşıyan bu qanun KİV sahəsindəki fəaliyyətin hər bir şəxs üçün ələçatımlılığını təmin etməklə yanaşı həm də cəmiyyətdə söz və ifadə azadlığının dərinləşməsinə, ümumən demokratik cəmiyyət quruculuğu prosesini sürətlənməsinə yönəlmişdi. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə medianın tam dövlətsizləşdirilməsi xətti götürüldü ki, bu da jurnalistikanı azad görmək niyyətindən qaynaqlanırdı. Əlbəttə, medianın azad olması onun həm də iqtisadi sıxıntıdan qurtulması idi. Bu mənada qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan borclarının dondurululması, ölkəyə gətirilən qəzet kağızı üzərindən gömrük rüsumunun ləğvini göstərmək mümkündür.

Ümumilli lider Heydər Əliyev 27 mart 2000-ci il tarixli Fərmanı ilə müstəqil Azərbaycan Respublikasında milli mətbuatın yubileylərinin keçirilməsi ənənəsinin başlanğıcını qoydu. Milli mətbuatımızın 125 illiyi böyük təntənə və coşğu ilə qeyd edildi. Bütün bu tədbirlər media ictimaiyyəti tərəfindən razılıq və rəğbətlə qarşılandı. Məhz buna görə də 2002-ci ildə Heydər Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olundu.

- Bu gün Azərbaycan Prezidenti İlham Əliyev mətbuata diqqət və qayğı göstərir. Bu mənada, hazırkı mərhələdə dövlətin milli mətbuatımızın inkişafına qayğısını necə xarakterizə edərdiniz?

- Prezident İlham Əliyev qəzetlərin «Azərbaycan» Nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan borclarının dövlət büdcəsi hesabına ödənilməsini təmin etdi. Bu, ilk addım idi.

Dövlət başçısı Ulu öndər Heydər Əliyev zamanında əsası qoyulmuş mediaya dövlət qayğısı siyasətini sistemləşdirdi, onun qanunvericilik bazasını formalaşdırdı. Aparılan siyasət eyni zamanda medianın potensialını dövlətin və cəmiyyətin maraqlarının təminatına yönləndirmək məqsədi daşıdı. Bu baxımdan əlbəttə «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası» xüsusi vurğulanmalıdır.

2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə milli mətbuatımızın 130 illik  yubiley təntənəsi yaşandı. Həmin il müstəqillik illərində ilk dəfə olaraq media nümayəndələri kütləvi şəkildə dövlət təltiflərinə layiq görüldülər. Mən xüsusilə “Əməkdar jurnalist” fəxri adının bərpasısı vurğulamaq istərdim. Bu, jurnalist peşəsinin stimullaşdırılması baxımdan son dərəcə mühüm addım idi.

Ümumən cənab İlham Əliyevin Prezidentliyi dönəmi jurnalistika ilə bağlı ideyaların gerçəkləşməsi dövrüdür. Bu dövrü keyfiyyətcə tam yeni mərhələ kimi xarakterizə etmək üçün kifayət qədər əsaslar var. Mövcud mərhələnin ən böyük uğuru mediamızın hüquqi bazasının zənginləşdirilməsi və iqtisadi müstəqilliyinin təminatına yönələn real tədbirlərin gerçəkləşdirilməsi, həmçinin problemlərin və onların real həlli yollarının müəyyənləşdirilməsidir. Ancaq bütün bunları qeyd edərkən jurnalistikanın sosial cəhətdən imtiyazlı peşə kimi təsdiqlənməsinə xüsusi nəzər salmaq lazımdır. Bu təsdiqlənmə peşəyə, peşənin daşıyıcılarına verilən böyük dəyərdir. 2013-cü ilin iyulun 22-də cənab Prezident Öz Sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş 17 mərtəbəli binanın açılışında iştirak etdi. Həmin gün daha 250 mənzilli binanın təməlini qoydu.

Bu gün Azərbaycan dövlətinin media ilə bağlı siyasəti yuxarıda qeyd etdiyimiz ənənəvi istiqamətlərlə yanaşı, jurnalist peşəkarlığının artırılmasına, jurnalistika sahəsindəki təhsilin forma və metodlarının təkmilləşdirilməsinə, ölkə KİV-lərinin qlobal informasiya müharibəsi şəraitinə adekvat fəaliyyət göstərmələrinin təminatına yönəlib. Bütün bunlar isə yalnız “Əkinçi”yə, onun yaranmasında müstəsna xidmətləri olan Həsən bəy Zərdabiyə yüksək qiymət deyil, eyni zamanda 141 illik çətin, məşəqqətli, ancaq çox şərəfli tarixi yola verilən böyük dəyərdir. Ötən 141 ilin ənənələrinə sadiqlik ruhu mətbuatın uğrunda mübarizə apardığı dövlət müstəqilliyinin uzunömürlülüyünün təminatıdır.

- Son illər Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinin qlobal informasiya əsrinin tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar barədə nə deyə bilərsiniz?

- Cənab Prezident media ilə bağlı çıxışlarında Azərbaycan jurnalistikasının obrazlı desəm, ölkə sərhədlərini aşması reallığını qabardıb. Bu baxımdan peşəkarlıqla yanaşı, əcnəbi dil biliklərinə yiyələnmənin zəruriliyini doğlun şəkildə əsaslandırıb. Doğru vurğulayırsınız ki, qlobal informasiya əsrinin tələblərinə uyğunlaşmalıyıq. Çünki haqq səsimizi ucaltmaq üçün media ən mühüm vasitədir.

Azərbaycan mediasında, əlbəttə, xarici dil bilikləri olan jurnalistlər çalışır. Dünyada tanınan, istinad edilən kütləvi informasiya vasitələrimiz də var. İlk növbədə onların sayı artırılmalıdır.

Məsələyə bir qədər də fundamental yanaşsaq, ümumən jurnalistika sahəsinin özünü rentabelli etmək zəruridir. Biz uğurlardan söz açdıq. Ancaq düşünürəm ki, indiki dövrdə medianın iqtisadi gücü artmalıdır. Məhz bu yolla biz xarici dil biliklərinə malik şəxsləri mövcud məkanda saxlaya bilərik. Həm də maddi vəziyyətin qənaətbəxşliyi hər bir KİV-ə özünün xaricə yayımını etmək şansı verəcək. Bu da Azərbaycanla bağlı bəzi qüvvələrin yaratdıqları mənfi təsəvvürə qarşı alternativ ictimai rəy formalaşdıracaq. Hesab edirəm ki, məsələ çox ciddidir. Mövcud istiqamətdə əsaslı xəttin götürüləcəyinə inanıram.

- Əflatun müəllim, Azərbaycan mətbuatı dövlət maraqlarını nə dərəcədə qoruyur. Bu baxımdan, hansısa problemlər mövcuddurmu?

- Birmənalı şəkildə demək olar ki, Azərbaycan mediası ümumən dövlət maraqlarını qorumaq üzərinə köklənmiş mediadır. Bu cəhət onun mahiyyətindən, varlığından qaynaqlanır. Hansısa media orqanı cəmiyyətdəki nöqsanları, ayrı-ayrı məmurların, vəzifəli şəxslərin işindəki yarıtmazlıqları aşkarlayıb yazırsa, bu da dövlət maraqlarına xidmətdir. Çünki dövlətin marağı əslində elə cəmiyyətin marağının təmin olunması üzərində qurulub. Media yolverilməz halları diqqətə çatdırmaqla dövlətin müvafiq strukturlarının konkret məsələyə reaksiyasını doğurur. Ancaq bu istiqamətdə problemlər var. Problemlər peşəkarlığın azlığından qaynaqlanır. Bu baxımdan elə hallar olur ki, media orqanı, konkret olaraq jurnalist haqlıykən haqsız duruma düşür. Ona görə ki bir daha deyim, yanaşması peşəkar olmur.

Məsələyə bir qədər geniş aspektdən yanaşsaq, bu ilin aprel ayında cəhbə xəttində baş verən gərginliyin media tərəfindən işıqlandırılması vəziyyətinə diqqət yetirməliyik. Əlbəttə, media «aprel müharibəsi» zamanı ümummilli mövqedən çıxış etdi. Hətta əvvəlki illərdə cəbhə materiallarının təqdimatındakı mənfi meyllərin bir çoxu da aradan qalxdı. Ancaq bəzən müəyyən yarışçılıq meyllərini də gördük. Nəticə etibarilə bəzən elə materiallar dövriyyəyə baraxıldı ki, onların yayılması düşmən tərəf üçün sərfəli idi. Bilirsiniz, bu, çox çətin məsələdir. Həddən artıq həssas olmaq lazımdır. Həssaslıq da yenə peşəkarlıqdan irəli gəlir.

Bir məqama da diqqət yetirmək istərdim. Bilirsiniz, jurnalist həqiqəti də tam çılpaqlığı ilə göstərə bilər, hətta nəyisə yanlış da etməsi mümkündür. Hesab edirəm ki, onun yaradıcılığında niyyət, məram məsələsi öndə olmalıdır. Əgər niyyəti, məramı safdırsa, müəyyən mənada yol verdiyi nöqsan anlaşılandır. Ancaq həqiqəti çatdırmaq əzmi hansısa fərqli niyyətlərə söykənibsə, bu, artıq malik olduğu peşəkarlığı sui-istifadəyə xərcləməkdir. Təbii, belə hallar yolverilməzdir.