YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin banisidir

Müsahibimiz Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev

- Abdin müəllim, bu gün dünyada müşahidə edilən çoxsaylı problemlər sırasında sivilizasiyaların toqquşması, dini, etnik zəmində ziddiyyətlər xüsusi yer tutur. Bir çox ölkələrin bu kontekstdə müxtəlif problemlərlə qarşılaşmasına baxmayaraq, Azərbaycan həm sabitlik adası və tolerantlıq nümunəsi kimi xarakterizə olunur, həm də sivilizasiyalararası dialoq prosesinə mühüm töhfələr verir. Bu barədə nə deyə bilərsiniz?

- Bu gün bütün dünyada geniş miqyas alan qlobal maliyyə-iqtisadi problemlərlə yanaşı, beynəlxalq terrorizm, siyasi təbəddülatlar, ictimai kataklizmlər əksər ölkələri ağır məhrumiyyətlərə düçar edib. Xüsusən dövlətlərarası ziddiyyətlərin güclənməsi, ksenofobiyanın və ekstremizmin baş alıb getməsi, milli zəmində yeni münaqişə ocaqlarının yaranması kimi məsələlər bəşəriyyətin qarşısında ən aktual qayğılar kimi durur. Təqdirəlayiq haldır ki, Azərbaycan özünü bütün bu mənfi tendensiyalardan sığortala bilib və belə çətin şəraitdə özünəməxsus inkişaf modelini icra etməyə müvəffəq olur.

Bu nailiyyətlər alternativsizliyi tam təsbit olunmuş Heydər Əliyev siyasi kursunun və Prezident İlham Əliyevin müdrik, düşünlmüş siyasətinin məntiqi nəticələridir. Əslində, bu gün qonşu dövlətlərimizdən Yaxın Şərqə və Avropaya qədər uzanan siyasi xaos, iqtisadi səfalət, miqrant axını, dövlətin parçalanması kimi ağrılı prosesləri Azərbaycan da yaşayıb. Ötən əsrin 1988-1993-cü illəri ərzində ölkəmizdə tüğyan edən böhran və separatizm dalğası məhz dünyanın ən böyük azərbaycanlısı hesab edilən Heydər Əliyev şəxsiyyətinin fədakarlığı və mübarizliyi sayəsində aradan qaldırıldı, Azərbaycan sabitliyə, tərəqqiyə qədəm qoydu.

Bu gün dünyanın onlarla dövlətinin yaşadığı təlatümləri televiziya ekranlarında, qəzet səhifələrində ürək ağrısı ilə izləyərkən, onların sırasında olmadığımıza görə ulu öndərimizin əbədiyaşar ruhu qarşısında bir daha minnətdarlığımızı bildirir, bu dahi şəxsiyyətin ən böyük əsəri olan müstəqil Azərbaycan idyeası ətrafında daha sıx birləşirik.

Heydər Əliyev xalqı vahid məram ətrafında səfərbər etdi, onu Azərbaycan bayrağı altında birləşdirdi

Ümummilli Liderimizin ən böyük uğurlarından biri də o idi ki, xalqımızın ən dəyərli keyfiyyətlərindən olan digər millətlərin hüquq və mədəniyyətlərinə hörmətlə yanaşma xüsusiyyətini milli ideologiya – azərbaycançılıq səviyyəsinə qədər yüksəltdi və rəsmiləşdirdi. Bu böyük şəxsiyyət Azərbaycanı separatizm və parçalanma bəlasından xilas edərkən tarixən bu torpaqlarda yaşayan xalqların təmsilçilərini də vahid məram ətrafında səfərbər etdi, onları Azərbaycan bayrağı altında birləşdirdi. Bu baxımdan tam əminliklə demək olar ki, bu gün dünyanın böyük maraqla öyrəndiyi Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin banisi də məhz ulu öndərimiz Heydər Əliyev olmuşdur.

Ümumiyyətlə, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş verməmiş, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər hökm sürmüşdür. Ona görə bu gün sürətli inkişaf yolunda olan respublikamız həm də müxtəlif mədəniyyət və dəyərlərə malik olan xalqların, dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadığı multikultural, tolerant məkandır. Çox ölkə və xalqlardan fərqli olaraq Azərbaycan onları özününkülərə və yadlara ayırmamış, hamıya eyni qayğı, məhəbbətlə yanaşmışdır.

- Azərbaycan, eyni zamanda, dünyaya özünəməxsus multikulturalizm təcrübəsi və çoxmədəniyyətlilik ənənələri təqdim edə bilib...

- Beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığını görürük. Ona görə ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir.

Heydər Əliyevin dövlətçilik dühası nəticəsində Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətləri qəbul edilmişdir

Ölkəmizdə müxtəlif millətlərə, dinlərə, adət və ənənələrə mənsub olan insanlar arasında tarixən mehriban münasibətlər mövcud olmuşdur. Müstəqillik illərində isə bu mühüm ənənənin daha da gücləndirilməsi müasir Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Lakin qeyd etdiyimiz kimi, Azərbaycanda əsrlər boyu bu ənənə mövcud olsa da, cəmiyyətin multikultural xarakteri məhz Heydər Əliyevin dövlətçilik dühası nəticəsində siyasi və hüquqi prinsiplər cərgəsinə yüksəldilmiş, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilmişdir. Azərbaycan xalqının yüksək milli şüurunun və təfəkkürünün göstəricisi olan bu dəyər ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının mühüm cəhətlərindən biri kimi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyimizin qüdrətlənməsində və dövlət quruculuğu prosesində mühüm rol oynamışdır.

Ümummilli Liderin böyük müdrikliklə irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli idi. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirirdi. Tariximizin yuxarıda xatırlatdığımız çətin dövrlərində – 1993-cü ildə Heydər Əliyev bu ərazidə yaşayan digər millətlərin nümayəndələri ilə intensiv görüşlər keçirir, onların yaşayış məntəqələrini ziyarət edir, onların tamhüquqlu Azərbaycan vətəndaşı olduqlarını anladırdı. Ölkəmizdə yaşayan bütün xalqların birlikdə vahid Azərbaycan cəmiyyətini formalaşdırdıqlarını ümummilli məram kimi müəyyənləşdirən dahi şəxsiyyət bu insanların yeni müstəqil dövlətin möhkəmlənməsinə töhfə vermələrinə də hər cür şərait yaratdı.

Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr zəminində birliyi ideyası durur

Bu prosesin ideoloji əsaslarını təmin edən isə məhz barəsində bəhs etdiyimiz azərbaycançılıq ideologiyası idi. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu bu ideologiya unitar, hüquqi, demokratik və müxtəlif xalqların dinc, mehriban və dostluq şəraitində yaşadığı dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inki­şafına uğurla xidmət etdi. Çünki azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr zəminində birliyi ideyası durur və onların müstəqil Azərbaycan qayəsi ətrafında vəhdətini təmin edir.

Heydər Əliyev öz müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək keyfiyyətcə yeni müstəviyə keçirmişdir. Ümummilli lider Heydər Əliyev haqlı olaraq azərbaycançılığın əsas tərkib hissəsi olan multikulturalizm siyasətini ölkənin demokratik və etnomədəni inkişafının mühüm elementlərindən biri hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan bütün etnosların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Ulu öndərin rəhbərliyi ilə demokratik inkişaf yolu götürmüş Azərbaycan Respublikası onun qeyd etdiyi kimi dinindən, dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşların eyni hüquqlara malik olmalarını təmin etməli idi. Məhz ulu öndərin təşəbbüsləri və siyasi uzaqgörənliyi ilə azərbay­cançılıq ideologiyasının başlıca prinsiplərinin – ana dili, milli mədə­niyyət, milli-mənəvi dəyərlərin inkişafı və cəmiyyət tərəfindən mənimsənilməsi sahəsində ardıcıl və məqsədyönlü addımların atılması öz növbəsində multikultural dəyərlərin möhkəmlənməsinə yol açdı. Ən əsası multikulturalizm müstəqil Azərbaycanın fəlsəfi-sosioloji doktrinasının sosiomədəni və etno-siyasi cəhətlərini özündə birləşdirdi.

Təsadüfi deyil ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Bununla yanaşı, ulu öndərin hakimiyyətə gəlməsindən sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün xalqların mədəni kimliyinə təminat verildi. Onların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə hüquqi zəmin yaradıldı. Ümummilli liderin bu siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanırdı.

Ümummilli Lider Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.

Uğurlarımızın təməlində Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və ulu öndərin irsinin layiqincə yaşadılması dayanır

Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan bu gün onun siyasi davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, dünya birliyinin layiqli üzvü kimi müstəqil siyasət həyata keçirir. Hər sahədə qazandığımız uğurların təməlində Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və ulu öndərin irsinin layiqincə yaşadılması dayanır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi fəaliyyət də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

- Yeri gəlmişkən, Azərbaycanda multikulturalizm həm həyat tərzi, həm də dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi səciyyələndirilir...

- Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilmişdir. Dövlət başçısı mütəmadi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramları münasibətilə təbrik edir. Prezidentin sərəncamı ilə 2014-cü il fevral ayının 28-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təsis edilməsi də həyata keçirilən uğurlu multikulturalizm siyasətinin göstəricisidir. Eyni zamanda, multikulturalizmi dövlət siyasətinin əsas komponentlərindən biri kimi dəyərləndirilməsinin nəticəsidir ki, 2014-cü ilin may ayında Prezident İlham Əliyevin fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.

Multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan dünyada bu prosesə qarşı olan təhlükəni hiss edir və onun xilası naminə mühüm təşəbbüslər irəli sürür. Təsadüfi deyil ki, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. Məhz bundan irəli gələrək son illər ölkəmizdə sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq üçün bir mərkəzə çevrilib. Paytaxtımız isə qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkan kimi tanınır.

Xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformasının təsis edilməsi və Azərbaycan xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədilə Azərbaycanda 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu forum göstərir ki, mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə inkişafı yönündə Prezident İlham Əliyevin təşəbbüskarlığı dünyanın diqqət mərkəzindədir. Məsələn, “Bakı prosesi” adı ilə məşhur olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşəbbüskarı şəxsən Prezident İlham Əliyevdir. “Bakı prosesi” artıq dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən qəbul olunur və dəstəklənir. Bu, dünyada keçirilən yeganə tədbirdir ki, burada adətən bir-biri ilə rəqabət aparan, bu sahədə işlər görən təşkilatların vahid bir platformada birləşdirilməsinə nail olunub. Forumun yüksək səviyyədə keçirilməsi artıq Bakıda bu mövzuya uyğun silsilə tədbirlərin təşkilinə də böyük maraq oyadır.

2015-ci ilin may ayında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyev haqlı olaraq qeyd edib ki: “Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik. Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk”.

- Abdin müəllim, Sivilizasiyalararası dialoq məkanı kimi çıxış edən Azərbaycanda qlobal əhəmiyyətli tədbirlər keçirilir, ölkə reallıqları bütün dünyaya nümayiş etdirilir. Bu istiqamətdə Heydər Əliyev Fondu öz fəaliyyəti ilə xüsusi rol oynayır....

- Bakı həm də qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır. Bu qəbildən artıq bir neçə ildir ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Bu cür tədbirlər multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın əvəzsiz rolunu təsdiq edir.

Multikulturalizm və tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur

Xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində böyük fədakarlıq göstərən, xeyirxah əməlləri ilə bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun da böyük əməyi var. Multikulturalizm və tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur. Fond fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfələrini verməkdədir. Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində indiyədək ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılıb.

- Abdin müəllim, multikultural dəyərlər və ənənələr dövlətlər və xalqlararası münasibətlərə də ciddi təsir göstərir. Bu məsələni necə xarakterizə etmək olar?

- Bəli, multikultural dəyərlər dövlətlərarası münasibətlərə də sirayət edərək onun inkişafına öz töhfəsini verir. Buna Azərbaycan-Rusiya əməkdaşlığını nümunə göstərmək olar. Yaxın qonşular olaraq Azərbaycan və Rusiya xalqlarının mədəniyyətləri, milli dəyərləri hər iki ölkədə hörmətlə qarşılanır. Bunun əsas əsas səbəblərindən biri Rusiya və Azərbaycan münasibətlərinin zəngin tarixi-mənəvi köklərinin olmasıdır. Bu iki dövlət uzun onilliklər ərzində tarixin əhəmiyyətli bir dövrünü birgə yaradıb. Sivilizasiyanın inkişafına, dünyada sülhün, əmin-amanlığın qorunmasına müştərək xidmət göstərib. Dünya mədəniyyətinə, bu ortaq tarixin məhsulu olan bir-birindən qiymətli incilər bəxş edib. Bu mənada Azərbaycan və rus xalqlarının əlaqələri həm də özündə mültikultural mahiyyət daşıyır.

Bakının Nərimanov rayonu ilə Rusiyanın Həştərxan vilayəti arasındakı dostluq və qardaşlıq əlaqələri də Azərbaycan-Rusiya münasibətlərinin yüksək mültikultural etimada əsaslanmasının ən gözəl nümunələrdən biridir. İki ölkə arasındakı sıx münasibətlərə, ortaq mədəni dəyərlərə əsaslanaraq bu əlaqələri daha da inkişaf etdirmək son illər diqqət yetirdiyimiz əsas işlərimizdən biridir. Bu əlaqələrin istiqamətvericisi isə Heydər Əliyev Fondudur. Azərbaycanda mərhəmətin, xeyirxahlığın və humanizmin rəmzi sayılan Fondun təşəbbüsü ilə Həştərxan vilayətində də iri layihələr uğurla icra olunub.

Rus xalqının, o cümlədən Həştərxan sakinlərinin Azərbacyanın ümummilli lideri, Azərbacan-Rusiya əlaqələrinin yeni mərhələdə inkişafının banisi olan və multikultural dəyərlərə böyük önəm verən Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiram sonsuzdur. Bu ehtirama əsaslanaraq Həştərxan şəhərinin mərkəzində, Volqa çayının sahilindəki mənzərəli bağda nümunəvi abadlıq işləri aparılaraq ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucaldılıb. Abidənin asılışında Prezident İlham Əliyev də iştirak edib. Bu abidə azərbaycanlıların Həştərxana töhfəsi və xalqlarımız arasında dostluğun rəmzidir. Həm rusiyalıların, həm də azərbaycanlıların dostluğunun, qarşılıqlı ehtiramının, bir-birlərinin dəyərlərinə hörmətin simvoludur.

Bundan başqa Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə ulu öndər Heydər Əliyevin adı verilib, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin əsas korpusu genişmiqyaslı rekonstruksiya olunub, müasir standartlara uyğun iki yeni korpus inşa edilib və şagirdlərin təhsilinin lazımi səviyyədə təşkil edilməsi üçün bütün şərait yaradılıb, mebel və texniki avadanlıqlarla təchiz olunub.

Prezident İlham Əliyevin təşəbbüsü və Fondun dəstəyi ilə Müqəddəs Vladimir məbədinin önündəki meydanda Knyaz Vladimirin abidəsi qoyulub və onun yerləşdiyi ərazidə yeni park salınıb. Həştərxanın Nərimanov şəhərində Nəriman Nərimanovun abidəsinin yerləşdiyi parkın ərazisinin bərpa edilərək abadlaşdırılması, vilayətin mərkəzində “Arzu” uşaq əyləncə şəhərciyinin açılışı, Voljskiy küçəsində ən müasir səviyyədə uşaq bağçasının tikintisinin aparılması, həmçinin digər layihələr Heydər Əliyev Fondunun Həştərxan sakinlərinə töhfəsidir.

Bir məqamı da qeyd edim ki, Həştərxanda «Azərbaycan-Rusiya Dostluq körpüsünün» açılması, Nərimanov rayonunda isə “Bakı və Həştərxan dostluğu” abidəsinin ucaldılması iki qardaş xalqın səmimi münasibətlərinin uğurlu simvolikasıdır. Bu səmərəli əməkdaşlıq və müsbət nəticələri olan işgüzarlıq qarşılıqlı etimadı möhkəmləndirməklə yanaşı, hər iki tərəfdə rəsmi diqqət və təltiflərlə qarşılanıb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev şəhər dumasının qərarı ilə «Həştərxan şəhərinin fəxri vətəndaşı» adına, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva «Həştərxan vilayəti qarşısında xidmətlərinə görə» ordeninə layiq görülüblər. Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə Leyla xanım Əliyevanın “III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa Ordeni” ilə təltif olunmasının ən əlamətdar məqamı odur ki, Leyla xanım bu mükafatı alan ilk müsəlman xanımı olmuşdur. Həmçinin Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin də Azərbaycanın yüksək dövlət mükafatı – “Dostluq” Ordeni ilə təltif olunan Rusiyanın ilk federasiya subyektinin rəhbəri olmuşdur.

Rusiyada azərbaycanlıların yaşamadığı federasiya subyekti, yaxud bir şəhər tapmaq çətindir, eləcə də Azərbaycanda da ruslar geniş məskunlaşıblar. Hər iki xalqın nümayəndələri paytaxtlardan kəndlərə qədər inteqrasiya ediblər. Bunun da əsas səbəblərindən və eyni zamanda münasibətlərin pozitiv məqamlarından biri hər iki xalqın bir-birlərinə, mədəniyyətlərinə, dəyərlərinə tolerant və hörmətlə yanaşmasıdır. Bu mənəvi irsə əsaslanaraq Həştərxanla regional əməkdaşlıqda qarşımızda duran əsas vəzifələrdən biri də tarixi kökləri olan bu ənənəni daha da möhkəmləndirməkdir.

Qeyd edim ki, paytaxtımızın mərkəzi yaşayış məntəqələrindən olan Nərimanov rayonunu multikultural səviyyədə Azərbaycanın kiçildilmiş nümunəsi də hesab etmək olar. Belə ki, ölkəmizin çoxmillətli xarakterik xüsusiyyəti rayonumuza da tam şamil olunub. Burada fərqli xalqların nümayəndələri yaşayır, təhsil alır, işləyir. Onların bütün hüquqları qorunur, milli və dini mərasimlərinin icra etmələri üçün hər cür şərait yaradılır. Nərimanov rayonunu inkişafı və abadlaşması prosesində digər xalqların təmsilçiləri də fəallıq göstərir, bir sözlə, əsl Azərbaycan vətəndaşları olaraq, dövlətə layiqli xidmət edirlər.

Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi ölkəmizin multikultural dəyərlərin inkişafına və möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlılara məxsus həyat nümunəsi olub. Bu gün də bu xüsusiyyət milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının dəyər verdiyi ənənədir. Bu baxımdan Azərbaycanda həyata keçirilən multikulturalizm bütün dünyaya nümunədir və ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin daha möhkəm olmasında mühüm rol oynayır.