YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

YAP ötən müddət ərzində xalqın sarsılmaz etimadını qazanıb

Müsahibimiz Milli Məclisin deputatlığına namizəd, MM-in komitə sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov

- Səməd müəllim, noyabrın 1-də ölkəmizdə parlament seçkiləri keçiriləcək. Ümumiyyətlə, Azərbaycanda keçirilən seçkilərin beynəlxalq əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Azərbaycan regionun lider ölkəsi olmaqla yanaşı, həm də davamlı inkişafa malik olan ölkələrdən biridir. Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsini təsəvvür etmək belə mümkün deyil. Ona görə də dünyanın diqqəti Azərbaycandadır və bu, seçkilər dövründə də belədir. Onu da deyim ki, Azərbaycan dünyada əhəmiyyətli rol oynadığına, öz gücü və potensialını davamlı surətdə artırdığına görə ölkəmizə qarşı seçkiqabağı müəyyən təzyiq kampaniyaları başladıldı. Bu, müəyyən beynəlxalq təşkilatların timsalında da müşahidə edildi. Bəlli olduğu kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina etdiyini açıqlamışdı. Təşkilat texniki bir nünasdan bəhanə kimi istifadə edərək bu addımı atmışdı. Ardınca ATƏT-in Parlament Assambleyası da bundan imtina etmişdi. Amma biz Avropa Şurasında bu məsələni iki dəfə müzakirəyə çıxadıq və ölkəmizin mövqeyini müdafiə edə bildik. Avropa Şurasının müşahidə missiyasının Azərbaycana gəlişini təmin etdik.

Onu da əlavə edim ki, bu gün Azərbaycanı istəməyən qüvvələrin ölkəmizin siyasi, iqtisadi potensialını, geniş xarici əlaqələrini nəzərə almamaq şansı yoxdur. Beynəlxalq təşkilatlardan müşahidəçilər gələcək, onlar seçkiləri müşahidə etməklə yanaşı, Azərbaycan reallıqlarını aşkar surətdə görəcəklər. Azərbaycanın inkişafına, müstəqil siyasətinə qısqanclıqla yanaşan həmin qərəzli qüvvələr isə öz istəklərinə nail ola bilməyəcəklər.

Ümumiyyətlə, Prezident İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənir, ölkəmizə maraq artır. Biz beynəlxalq təşkilatlarda, xüsusilə də Avropa Şurasında öz maraqlarımızn müdafiəsi, ölkəmizin mövqeyinin möhkəmlənməsi üçün fəaliyyət göstəririk. Biz öz fəaliyyəmizlə həm də hər bir vətəndaşımızın mövqeyini beynəlxalq müstəvidə qoruyuruq. Azərbaycanda sabitliyin pozulmasını, vəziyyətin gərginləşməsini istəyən qüvvələrin niyyətləri isə iflasa uğrayır.

- Azərbaycanın Milli Məclisi də geniş beynəlxalq əlaqələrə malikdir. Sizcə, ötən 5 il ərzində parlament öz fəaliyyəti ilə ölkənin xarici siyasətinə hansı töhfələr verib?

- Əvvəla nəzərə çatdırım ki, ötən beş ildə beynəlxalq təşkilatların yüzlərlə nümayəndəsini qəbul etmişik, müxtəlif məsələlərlə bağlı danışıqlar aparmışıq. Beynəlxalq təşkilatların iclaslarını burada yüksək səviyyədə keçirməyə nail olmuşuq. Nümunə  olaraq deyim ki, ATƏT-in Parlament Assambleyasının sesiyasını Azərbaycanda təşkil edərək böyük bir nailiyyətə imza atmışıq.

Azərbaycan beynəlxalq əlaqələrini uğurla inkişaf etdirir, əlaqələrin əhatə dairəsini mütəmadi olaraq genişləndirir. Eyni zamanda, parlament səviyyəsində xarici əlaqələr inkişaf edir və bu ölkəmizin dünya arenasında mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir. Biz, həmçinin parlament səviyyəsində beynəlxalq əlaqələrimizdə bir nömrəli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə dair prinsipial mövqeyimizi xüsusi olaraq ifadə edirik. Bu məsələdə bizim konkret mövqeyimiz ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Ümumiyyətlə, bilirsiniz ki, Azərbaycan münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyət sərgiləyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin qarşıya qoyduğu ən prioritet məsələdir. Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan bu münaqişə nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayon zəbt edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olub. Azərbaycan konfliktin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyi tamamilə aydın və birmənalıdır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayonu işğaldan azad edilməli, soydaşlarımızın yurd-yuvasına qayıtması və təhlükəsiz həyat şəraiti təmin olunmalı, daha sonra Dağlıq Qarabağın statusu məsələsi öz həllini tapmalıdır.

Biz, həmçinin ikitərəfli və çoxşaxəli əlaqələrin sırf beynəlxalq hüquq normaları və milli maraqlar əsasında davam və inkişaf etdirilməsinin tərəfdarıyıq. Beş il ərzində həyata keçirilən siyasətin, görülən tədbirlərin nəticəsi kimi, Azərbaycanın mövqeyi beynəlxalq müstəvidə nəzərə alınır, ölkəmizlə əməkdaşlıq əlaqələri gücləndirilir və Azərbaycana qarşı təxribat cəhdlərinin nəticəsiz olduğu başa düşülür.

- Bəs ötən beş il ərzində Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti öz üzərinə düşən vəzifələri hansı səviyyədə yerinə yetirib?

- Hesab edirəm ki, nümayəndə heyətimiz uğurlu fəaliyyət göstərir.  Əvvəla, bu müddət ərzində Azərbaycan nümayəndə heyətinin  üzvləri Avropa Şurasında məruzəçilər seçildilər. 47 ölkənin, yüzlərlə millət vəkilinin təmsil olunduğu qurumda məruzəçi seçilmək asan deyil. Ayrıca, məruzəçi seçilmək üçün yetərli intellektual potensiala, nüfuza və mövqeyə sahib olmaq lazımdır. Digər tərəfdən, Azərbaycan nümayəndə heyətinin  üzvləri Avropa Şurasının idarəetmə strukturlarında təmsil olunurlar. Onlar, həmçinin Avropa Şurasından kənar olan iclaslarda bu qurumun adından təmsilçi kimi çıxış edirlər. Bizim nümayəndələrimiz, eyni zamanda, Avropa Şurasının Monitorinq Komitəsinin başqa ölkələrin yoxlanılması üçün məruzəçisi rolunu oynayırlar, bu komitənin rəhbərliyində təmsil olunurlar. Bu, Azərbaycan nümayəndə heyətinin işinə verilən qiymət kimi xarakterizə edilməlidir.

Göründüyü kimi, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti olduqca aktiv və səmərəli fəaliyyət göstərir. Belə olmasa idi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni məruzə, o cümlədən Sərsəng su anbarı ilə bağlı məruzə qurumda müzakirəyə hazır vəziyyətdə olmazdı.

Onu da deyim ki, vaxtilə qurumda Azərbaycanın nümayəndə heyətinin rəhbəri Prezidentimiz  İlham Əliyev olmuşdur və Onun başlıca tapşırığı ondan ibarətdir ki, Azərbaycan nümayəndə heyəti bütün beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında aktiv təmsil olunsun, ölkənin mövqeyi qətiyyətli şəkildə ifadə və müdafiə edilsin. Məhz biz bu gün bu tapşırıqdan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün aktiv fəaliyyətimizi davam etdiririk və hesab edirəm ki, ötən beş ildə əldə edilən nəticələr bunu göstərir. Burada iki məqamı qeyd etmək istəyirəm. Birincisi, Ştrasserin Azərbaycana qarşı qərəzli məruzəsinin qurumda qəbul olunmaması, ikincisi isə, seçki ərəfəsində Avropa Parlamentinin təxribat xarakterli çağırışına uyaraq Avropa təşkilatları Azərbaycana müşahidəçi göndərmədiyi halda, Avropa Şurasının parlament seçkilərinə nümayəndə göndərməsi həyata keçirilən işlərin real nəticəsidir.

- Səməd müəllim, siz parlament seçkilərində Yeni Azərbaycan Partiyasını təmsil edirsiniz. Partiyamızın  seçkilərdə şansını necə dəyərləndirirsiniz?

- Öncə qeyd edim ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq həm böyük şərəf, həm də məsuliyyətdir. Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən YAP ötən müddət ərzində xalqın sarsılmaz etimadını qazanıb. Münki YAP xalqla birbaşa bağlı olan partiyadır.

Partiyanın nüfuzu o qədər yüksəkdir ki, onun müəyyənləşdirdiyi siyasəti həyata keçirməyə məsuliyyət daşıyırıq. Biz – partiya tərəfindən irəli sürülmüş namizədlər daha aktiv və məsuliyyətlə fəaliyyət göstərməliyik ki, bizə göstərilən etimadı doğruldaq. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının və dövlətinin maraqlarını ifadə edir, ona görə də biz öz fəaliyyətimizdə bu prinsipi, yanaşmanı əsas götürürük. Bu mənada partiyamızın seçkilərdə şansını çox yüksək qiymətləndirirəm və inanıram ki, xalqımız bir daha YAP-a etimad göstərəcək. Yenə də təkrar edirəm ki, böyük bir məsuliyyət bizi daha yüksək səviyyədə fəaliyyət göstərməyə və daha xalqa daha yaxın olmağa vadar edir. Ona görə ki, bu partiya xalqın içərisindən doğub, xalqla birdir və xalqın maraqları ilə yaşayan partiyadır.

- Ötən beş il ərzində seçicilərlə ünsiyyətiniz necə olub, onların müraciətlərinə, praoblemlərinin həllinə hansı səviyyədə yanaşıbsınız?

- Mən artıq dördüncü dəfədir ki, parlament seçkilərində iştirak edirəm. Mən seçicilərimlə alnıaçıq şəkildə görüşlərə gedirəm. Çünki ötən müddət ərzində elə olmayıb ki, seçicilərimin hansısa istəyi, problemi diqqətdən kənarda qalsın. İndiyə qədər seçicilərimin bütün müraciətlərinə həssaslıqla yanaşaraq öz üzərimə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirmişəm. Onların məişət problemləri və müxtəlif məsələlərlə bağlı müraciətləri daim diqqət mərkəzində olub. Yəni bu problemləri də həll edirik. Çünki bu, bu, millət vəkilinin vəzifə borcudur və bu məsələyə daim diqqətli yanaşmaq lazımdır.

Bu yaxınlarda Xətai rayonunda seçicilərlə görüş keçirdim və orada səslənən fikirlər bir daha göstərdi ki, biz doğru yoldayıq. Bu nöqteyi-nəzərdən mənim seçicilərlə ünsiyyətim həmişə açıq olub. Onlar sərbəst şəkildə mənə müraciətlərini ediblər və mən da çalışmışam ki, insanların müraciətlərini yerinə yetirim. Yəni seçicilərlə unsiyyətim qarşılıqlı hörmət əsasında qurulub.

Qarşıdan gələn seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərimlə bir neçə görüşüm olub və bu görüşlər davam edir. Onu da qeyd edim ki, kütləvi görüşlərlə yanaşı, mən və səlahiyyətli nümayəndələr, təbliğat qrupunun üzvləri məhəllələrdə də görüşlər keçirərək onları seçkilərə dəvət edirik, eyni arzu və istəklərini dinləyib həll etməyə çalışırıq.