YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni hədəflərə doğru addımlamalıyıq

Müsahibimiz Milli Məclisin deputatlığına namizəd, MM-in deputatı, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva

- Sevinc xanım, hazırda parlament seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsindəyik. Yeni Azərbaycan Partiyası ilə yanaşı seçki kampaniyasında bir sıra siyasi partiyalar da mübarizə aparır. Bu mübarizədə qüvvələr balansını necə qiymətləndirirsiniz?

- Bütün dünyada olduğu kimi Azərbaycanda da parlament seçkiləri dövlətimizin, cəmiyyətimizin demokratik inkişafının göstəricisidir. Xalq mövcud vəziyyəti, ölkədə və dünyada gedən prosesləri təhlil edib öz seçimini edir. Bilirsiniz ki, Azərbaycanda 50-dən çox  siyası partiya fəaliyyət göstərir. Onlardan 11 siyasi partiya Milli Məclisdə təmsil olunur. Ölkədə söz azadlığı, fikir azadlığı tam təmin edilir. Lakin, təcrübə göstərir ki, xalqımız çox müdrik xalq olaraq bütün prosesləri izləyərək, düzgün qiymət verərək bütün seçkilərdə, habelə bütün atdığı addımlarda, seçdiyi yolda YAP-a öz səsini verir.

Bu ondan irəli gəlir ki, bu gün YAP-ın Sədri, ölkə başçısı cənab İlham Əliyev dövlət siyasətində insan kapitalının inkişafını ən əsas amil kimi tutaraq Azərbaycan xalqının rıfahının artması, milli maraqların qorunması naminə çalışır. Bu gün Azərbaycan xalqı üçün YAP gələcəkdə əmin-amanlıq, firəvanlıq, sabitlik deməkdir, Azərbaycanın dünyada rolun artması deməkdir. Buna görə də, şübhəsiz ki, bu seçkilərdə də, həmişə olduğu kimi, YAP-ın namizədləri qalib gələcək.

- YAP tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən sizin deputatlığa namizədliyiniz irəli sürülüb. Siz ötən beş il ərzində də bu seçki dairəsinin seçicilərini Milli Məclisdə təmsil etmisiniz. Parlamentin beş il ərzindəki fəaliyyəti haqqında fikirlərinizi bilmək istərdik...

- Bəli, beş il öncə YAP rəhbərliyi mənə etimad göstərərək namizədliyimi parlament seçkilərində irəli sürmüşdü və ötən illər ərzindəki fəaliyyətim hamının gözü qarşısındadır. Suraxanı rayon sakinlərinin etimadını qazanaraq Milli Məclisdə partiyamızı və seçicilərimizi layiqincə təmsil etməyə çalışmışam.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr muavini seçildim, Azərbaycan-ABŞ, Azərbaycan-Misir, Azərbaycan Qətər və Azərbaycan-Yunanistan dostluq qruplarında fəaliyyət göstərmişəm. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü olaraq orada bütün müzakirələrdə iştrak edib, çıxış edərək Azərbaycan həqiqətlərini Avropa içtimayətinə çatdırmağa çalışmışam. AŞPA-nın "Uşaqlara qarşı zorakılıqla mübarizə" proqramının Azərbaycan üzrə koordinatoru qismində uşaq hüququnun müdafiəsi naminə çalışaraq həmin proqramın təbliğini Azərbaycanda təmin etmişəm. Bu il isə AŞPA-nın Uşaqlar üzrə Baş məruzəçisi seçilmişəm. Qeyd etmək lazımdır ki, mən bu vəzifəyə seçilən ilk azərbaycanlı olmuşam və AŞPA-nın Sosial məsələlər, davamlı inkişaf və səhiyyə komitəsinin üzvlərinin səs verməsi nəticəsində bu vəzifəyə təyin olmuşam. Adı çəkilən qurumda bu il mən alt komitənin sədr muavini seçilmişəm. 2015-ci ildə YAP rəhbərliyinin göstərdiyi etimada əsasən YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşam. 2012-2013-cü illərdə MDB Parlamentlərarası Gənclər Assambleyasının ilk əlaqələndiricisi seçilmişəm.Və ən əsası daimi olaraq seçicilərimlə görüşüb, onları narahat edən məsələlərlə məşqul olmuşam.

Yəni əldə etdiyim bu nailiyyətlər bütövlükdə dövlətimizin və partiyamızın uğurudur. Təbii ki, dövlətimizin və partiyamızın dəstəyi olmasaydı, bu nailiyyətləri əldə etmək mümkün olmazdı. Mənim fəaliyyətimi qiymətləndirən hər kəsə təşəkkür edirəm və bundan sonra dövlətimizin yolunda bütün səylərimizi səfərbər edəcəyəm.

- Qeyd etdiyiniz kimi, siz Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini və AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvüsünüz. Necə hesab edirsiniz, beynəlxalq təşkilatlarda ölkəmizi, Milli Məclisi, milli maraqlarımızı lazımi səviyyədə təmsil edə bilirsinizmi?

- Muasir dünyada gedən proseslər, Yaxın Şərqdə münaqişələr, terrorizmin yayılması bütün dövlətləri narahat edir, çünki bu problemlərin onlara da təsiri var. Bu mürəkkəb vəziyyətdə Azərbaycan üçün ən əsas məsələ milli maraqların qorunmasıdır. Ölkə başçısı tərəfindən müəyyən edilmiş xarici siyasət isə məhz bu meyara əsaslanır. Bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı son zamanlar artan təzyiqinin səbəbi isə dövlətimizin müstəqil siyasət aparması, milli maraqların qorunması, xalqımızın və ölkəmizin təhlükəsizliyini təmin etməsidir. Bizim beynəlxalq təşkilatlarda, məhz AŞPA-da fəaliyyətimiz ondan ibarətdir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycanda gedən proseslərin obyektiv şəkildə təqdim olunması və ən əsası Azərbaycanda demokratik inkişaf haqda, Azərbaycanın 20% torpaqlarının işğalı haqda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında yanlış məlumatların yayılmasının qarşısının alınmasıdır. Biz daima öz mövqeyimizi Avropa həmkarlarımıza çatdırmaqla bir sıra naliyyətlər əldə etmişik.

Çox təəssüf ki, beynəlxalq aləmdə ikili standartlar hələ də davam edir. Beynəlxalq təşkilatlar, bir çox dövlətlər baş verən ədalətsizliklərə göz yumur, öz maraqlarını təmin etmək üçün obyektiv mövqe ortaya qoymurlar. Azərbaycan da belə ədalətsizliklərlə üzləşir. Amma buna baxmayaraq, biz öz haqq yolumuzdan dönməyərək öz işimizi davam etdiririk.

- Bəs seçicilərinizlə münasibətləriniz hansı səviyyədədir? Millət vəkili oalarq onlarla tez-tez görüşə bilirsinizmi?

- Qeyd etdiyim kimi, mən daha çox beynəlxalq fəaliyyətlə məşğul olduğum üçün tez-tez xaricdə səfərlərdə oluram və hər bir tədbirdə ölkəmizi, xalqımızı layiqincə təmsil etməyə çalışmışam. Hesab edirəm ki, əgər bu yöndə az da olsa uğur əldə etmişəmsə, bir  azərbaycanlı olaraq böyük qürur duyuram. Təbii ki, seçicilərim də mənim beynəlxalq fəaliyətimi izləyir və müsbət qiymətləndirirlər.

Ancaq bu o demək deyil ki, seçicilərlə ünsiyyət, onlarla görüşüb problemlərini, arzu, istəklərini dinləmək diqqətdən kənarda qalmalıdır. Əsla, belə deyil. Mən mütəmadi olaraq seçicilərimlə görüşmüşəm, onların müraciətlərini, qaldırdıqları problemləri həm parlamentdə səsləndirmişəm, eləcə də müvafiq dövlət qurumları qarşısında məsələ qaldırmışam. Çox yaxşı haldır ki, müvafiq qurumlar bu müraciətlərə çox diqqətlə yanaşırlar.

Eyni zamanda, Suraxanı rayonunda daim ictimaiyyətin arasındayam, rayonda keçirilən müxtəlif tədbirlərdə iştirak edirəm və həmin tədbirlərdə də seçicilərimlə birbaşa ünsiyyətdə oluram. Bir sözlə, ötən beş il ərzində seçicilərimin etimadını doğrultmağa çalışmışam.   

- Sevinc xanım, növbəti beş il üçün seçicilərinizə nə vəd edirsiniz?

- Bu seçkilərdə də mən seçicilərin dəstəyinə inanaraq, daima onlarla birgə olmağı, ölkəmiz, xalqımız naminə çalışmağı vəd edirəm. Bu gün hər birimiz Azərbaycanımız naminə, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək Yeni Hədəflərə Doğru addımlamalıyıq. İnanıram ki, uğur daim bizimlə olacaq!