YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İqtisadiyyatın dinamik inkişafı sığorta bazarının inkişafına təminat yaradır

Müsahibimiz Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin sədri, respublikanın Əməkdar iqtisadçısı Məmməd Məmmədov

- Məmməd müəllim, Azərbaycanda mövcud olan sığorta sistemi haqqında nə deyə bilərsiniz? Dünya iqtisadi böhranı şəraitində sığorta sahəsində vəziyyət necədir?

- Neftin qiymətinin iki dəfədən çox düşməsi ilə dünyada iqtisadi və maliyyə böhranı davam edir. Azərbaycan iqtisadiyyatının bu böhrandan qorunması üçün ölkə rəhbərliyi xüsusi ilə Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən əvvəlcədən düşünülmüş iqtisadi islahatlar həyata keçirilmiş, siyasi sabitlik bərqərar olmuş, regionların iqtisadi inkişaf planları hazırlanıb həyata keçirilmişdir.

Məhz bu səbəbdən Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir. Cari ilin 6 ayının yekunlarına görə Ümumi Daxili Məhsul 6,0% artmışdır. Qeyri-neft sahəsində iqtisadiyyat 9,0%-dən çox, kənd təsərrüfatı iqtisadiyyatı 7,3% artmışdır. Dünyada iqtisadi böhranların davam etdiyi bir zamanda vaxtında həyata keçirilən islahatlar, Azərbaycanda iqtisadi inkişafın davam etməsinə səbəb olmuşdur. Həyata keçirilən iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilmişdir.

Ölkədə iqtisadiyyatın dinamik inkişafı, qarşıda duran sosial-iqtisadi tədbirlərin maliyyələşdirilməsinə, sosial infrastruktur layihələrin icrası təmin edilmişdir. Bununla yanaşı əhalinin sosial müdafiəsinə əlavə təminat yaradılması məqsədi ilə həyata keçirilən tədbirlərdən biri də sığorta işidir. Təbii fəlakətlər yanğın, zəlzələ, daşqın, və digər gözlənilməz hadisələr nəticəsində hüquqi və fiziki şəxslərə məxsus əmlakların zədələnməsi, məhv olması nəticəsində dəyən zərərlərin ödənilməsinə təminat yaratmaq sığorta vasitəsilə həyata keçirilir.

Respublikada mövcud olan iqtisadi inkişaf bütün sahələrdə olduğu kimi sığorta bazarının inkişafına da zəmin yaradır. Sığorta bazarının inkişaf etdirilməsi, onun beynəlxalq səviyyəyə çatdırılması məqsədi ilə hər il dövlət səviyyəsində qanunvericilik aktları qəbul edilir, qüvvədə olan qanunlar təkmilləşdirilir, sığortalılara daha dolğun sığorta təminatı yaradılması məqsədi ilə yeni qərarlar qəbul edilir. Respublika sığorta bazarının beynəlxalq sığorta şirkətləri tərəfindən tanınması məqsədilə Sığortaçılar Assosiasiyası tərəfindən hər il Beynəlxalq Sığortaçılar Forumu keçirilir. 2015-ci ilin iyun ayında V Beynəlxalq Sığortaçılar Forumunda 21 ölkənin sığorta şirkətinin 223 nümayəndəsi iştirak etmiş, yeni sığorta məhsulları barədə seminarlar təşkil edilmişdir.

- Sığorta haqlarının Ümumi Daxili Məhsulda payı nə qədərdir? Sığorta şirkətləri tərəfindən sığorta haqqı toplanması hansı səviyyədədir?

- Respublikada fəaliyyət göstərən 28 sığorta şirkəti tərəfindən 2014-cü ildə 429,0 mln. manat, cari ilin 6 ayında isə 283,1 mln. manat sığorta haqqı toplanması təmin edilmişdir. Sığorta haqlarının Ümumi Daxili Məhsulda payı ildən-ilə artaraq 0,7%-i, adam başına düşən sığorta haqları 43 manat 36 qəpik olmuşdur ki, bu da sığorta bazarının daha da inkişaf etməsinin göstəricisidir. Sığorta bazarının fəal iştirakçılarından biri də Dövlət Sığorta Şirkətidir. Təməli 1921-ci ildə qoyulmuş, bu gün də sığorta bazarında müvəffəqiyyətlə fəaliyyət göstərən Dövlət Sığorta Şirkəti respublikanın bütün rayon və şəhərlərində hüquqi və fiziki şəxslərə 28 könüllü, 8 icbari sığorta növü üzrə xidmət göstərən 79 filialı mövcüddür.

Şirkətin İdarə Heyətinin müvafiq qərarları ilə iqtisadi cəhətdən səmərəli olmadığına görə Sumqayıt şəhəri, Naftalan şəhəri, Zərdab rayon və 2 saylı Bakı şəhər filiallarının fəaliyyəti dayandırılmışdır. Cari ilin sonunadək iqtisadi cəhətdən səmərəli olmayan bir neçə filialın fəaliyyətinin dayandırılması nəzərdə tutulub.

Dövlət Sığorta Şirkəti dövlətin sığorta siyasətini həyata keçirməklə əhaliyə əlavə sığorta təminatı yaradılmasında sığorta bazarında mühüm əhəmiyyət kəsb edir. Şirkət 2014-cü ildə 366.777 sığorta müqaviləsi bağlamaqla 41,6 mln. manat sığorta haqqı toplamaqla sığorta şirkətləri arasında 3-cü yeri tutmaqla sığortaçılar arasındakı payı 10,0% təşkil edir. Cari ilin 6 ayında isə 19,5 mln. manat sığorta haqqı toplamaqla sığorta şirkətləri tərəfindən toplanan sığorta haqlarındakı payı 8,6% təşkil etmişdir. Həmin dövrdə Şirkət tərəfindən 2014-cü ildə

13,3 mln manat, cari ilin 6 ayında isə 5,9 mln. manat məbləğində sığorta ödənişi ödəməklə vətəndaşların ailə büdcəsinin doldurulmasında yardımçı olmuşdur.

- Dövlət Sığorta Şirkəti tərəfindən sığortanın əhəmiyyəti və səmərəliliyi barədə kütləvi informasiya vasitələrində aparılan təbliğat və təşviqat işləri hansı nəticələri verməkdədir?

- Dövlət Sığorta Şirkəti tərəfindən sığortanın əhəmiyyəti və səmərəliliyi barədə kütləvi informasiya vasitələri ilə müvafiq təbliğat və təşviqat işləri aparılsa da əksər əmlak sahibləri tərəfindən yaşayış evlərinin, mənzillərin, avtonəqliyyat vasitələrinin könüllü sığorta olunması istənilən səviyyədə təmin edilmir. Ona görə də baş verən sığorta hadisələri zamanı sığortası olmayan əmlak sahiblərinə dəyən zərərlərin ödənilməsi təmin edilmir.

Şirkətin fəaliyyəti sığortaçılar və Kütləvi İnformasiya Vasitələri tərəfindən yüksək qiymətləndirilərək sığorta şirkətləri arasında bir neçə ilə «İlin Şirkəti» mükafatına layiq görülmüşdür. Bu, Şirkətin çoxsaylı kollektivini daha yüksək nailiyyətlər qazanmağa istiqamətləndirir, onları əzmlə çalışmağa, sığortalılara daha dolğun və önəmli sığorta xidməti göstərməyə sövq edir.

Qeyd olunduğu kimi respublikada iqtisadiyyatın inkişafı, əhalinin pul gəlirlərinin artımı şəhər və kəndlərdə müasir tipli, hər cür şəraiti olan yaşayış evlərinin, mənzillərin və müxtəlif qeyri-yaşayış binalarının tikilməsinə şərait yaratmışdır. Lakin, baş verən təbii fəlakətlər, yanğınlar, zəlzələ, sel-suların daşqını və sair gözlənilməz hadisələr nəticəsində vətəndaşlara məxsus yaşayış evlərinə, mənzillərə və qeyri-yaşayış binalarına böyük məbləğdə zərər dəyir. Sığorta olunmayan yaşayış evləri və mənzillər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv olduqda dəyən zərər ödənilmir.

Belə hallarda dövlət məcburiyyət qarşısında qalıb vətəndaşlara dövlət büdcəsindən ayrılan vəsait hesabına yardım verilməsini və ya yeni yaşayış evlərinin tikintisini öz üzərinə götürür. Bu da əlavə büdcə vəsaitinin xərclənməsinə səbəb olur. Məlum olduğu kimi 2012-cu ilin may-oktyabr aylarında baş verən güclü zəlzələ nəticəsində Zaqatala, Balakən, Qax, Şəki rayonlarında vətəndaşalra məxsus yaşayış evlərinə, mənzillərə, ictimai binalara ciddi zərər dəymiş, yararsız hala düşmüşdür. Qeyd olunan zəlzələ nəticəsində əmlakı sığorta olunmuş 178 vətəndaşa 271,0 min manat sığota ödənişi verilmişdir.

Zəlzələnin nəticəsi araşdırılarkən müəyyən edildi ki, zədələnmiş, məhv olmuş yaşayış evlərinin əksər hissəsi sahibləri tərəfindən sığorta olunmayıb. Ona görə də vətəndaşlara dəyən zərərin ödənilməsini dövlət öz üzərinə götürərək büdcə vəsaiti hesabına vətəndaşlara maddi yardım ödənilmiş və yeni yaşayış evləri tikdirmişdir.

Bununla əlaqədar ölkə Prezidenti çıxışında qeyd etmişdir ki, təbii fəlakətlər, zəlzələ və digər gözlənilməz hadisələr nəticəsində vətəndaşlara dəyən zərərlər sığorta Şirkətləri tərəfindən ödənilir. Lakin bizdə vətəndaşlar yaşayış evlərini sığorta etdirmədikləri üçün bütün xərcləri dövlət öz üzərinə götürmüşdür.

Təbii fəlakətlər nəticəsində dəyən zərərlərin ödənilməsinə təminat yaratmaq üçün 24 iyun 2011-ci il tarixdə «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir.

- Məmməd müəllim, sığorta sahəsində qanunvericilik bazasını necə qiymətləndirirsiniz? «İcbari sığortalar haqqında» qanun hansı icbari sığorta növlərini əhatə edir?

- «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanunu özündə 4 mühüm icbari sığorta növünü - «Daşınmaz əmlakın icbari sığortası», «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası», «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası» və «Sərnişinlərin icbari sığortası»nı əhatə edir.

«Daşınmaz əmlakın icbari sığortası haqqında» Qanun əsasında vətəndaşlar tərəfindən sığorta olunmuş əmlaklara qanunda nəzərdə tutulmuş hər hansı bir hadisə nəticəsində dəyən zərərin ödənilməsi təmin edilir. Bu Qanuna əsasən hüquqi və fiziki şəxslərə məxsus yaşayış və qeyri-yaşayış binaları, mənzilləri, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilən dövlət əmlakı icbari qaydada sığortaya cəlb olunmalıdır.

«İcbari sığortalar haqqında» Qanunun 75-ci maddəsinə və bu Qanunun tətbiq edilməsinə dair Respublika Prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanının 4.4. bəndinə əsasən yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortasına nəzarət yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Bununla əlaqədar Şirkətin İdarə Heyəti adından rayon, şəhər icra başçılarına müraciət olunmuşdur ki, yerlərdə vətəndaşlara məxsus yaşayış evlərinin, mənzillərin icbari qaydada sığorta olunmasında Dövlət Sığorta Şirkətinin rayon və şəhərlərdə fəaliyyət göstərən filiallarına köməklik göstərsinlər. Bir sıra rayon icra başçıları qeyd olunan qanun və fərmanın icrasını, Dövlət Sığorta Şirkətinin müraciətini nəzərə alıb vətəndaşlara məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortaya cəlb olunmasına köməklik göstərmişlər. Əksər rayon və şəhər icra başçıları bu qanunun icrası ilə bağdı heç bir tədbir görməmişlər. Ona görə də Respublika üzrə mövcud olan yaşayış evlərinin və mənzillərin cəmi 6,0% icbari sığortaya cəlb olunmuşdur.

Bu səbəbdən də Dövlət Sığorta Şirkəti tərəfindən 89526 yaşayış evi və mənzil sığorta olunmaqla 3,0 mln. manat sığorta haqqı toplanmasına nail olunmuşdur. Qeyd olunan dövrdə qanunda nəzərdə tutulmuş sığorta hadisələri nəticəsində zərərçəkmiş əmlak sahiblərinə 1,0 mln. manat sığorta ödənişi verilmişdir.

«Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının 31 may 1996-cı il tarixli qanununda ümumi sığorta məbləği 5 min manat nəzərdə tutulmuşdur ki, bu da yol nəqliyyat hadisəsi zamanı zərər çəkən avtomobil sahiblərinin tələbatını ödəmirdi. 24 iyun 2011-ci il tarixdə qəbul edilmiş «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Qanunda ümumi məsuliyyət məbləği 55 min manat, o cümlədən əmlaka dəyən zərər üzrə 5 min manat, səhhətə dəyən zərərə görə 1 nəfərə 5000 manat hesabı ilə cəmi, 50 min manat müəyyən edilmişdir. Bu qanunla yol nəqliyyat hadisəsi zamanı zərər çəkən avtomobil sahiblərinin tələbi əsasən ödənilir. Həmin qanun qəbul edildikdən sonra Dövlət Sığorta Şirkəti tərəfindən bu növ sığorta üzrə 2014-cü ildə 6484,4 min manat sığorta haqqı toplanmışdır,

Göründüyü kimi respublika üzrə qeydiyytdan keçmiş avtomobillərin təqribən 30,0% icbari sığortaya cəlb olunmamışdır. Avtomobillərin icbari sığortaya cəlb olunmasında DYP-nin və digər təşkilatların köməyinə ehtiyac vardır.

Kənd təsərrüfatı məhsullarının istehsalı iqtisadiyyatın çox vacib və strateji sahələrindən biridir. Respublika Prezidenti bu səbəbdən 2015-ci ili «Kənd təsərrüfatı ili» elan etmişdir. Kənd təsərrüfatının inkişaf etdirilməsi iqtisadiyyatın prioritet sahəsidir. Məlum oluduğu kimi kənd təsərrüfat bitkiləri müxtəlif təbii fəlakətlər, şaxta, yanğın və sair hadisələr nəticəsində tam məhv olur və ya qismən zədələnir ki, bu da məhsul itgiisinə səbəb olur. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə və sahibkarlara qeyd olunan hadisələr nəticəsində dəyən zərərlərin ödənilməsinə təminatı yalnız əmlakın sığortalanma vasitəsilə həyata keçirmək olar.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə və sahibkarlara dövlət dəstəyi olaraq Nazirlər Kabinetinin 04.03.2004-cü il tarixli 23 saylı qərarı ilə payızlıq dənli bitkilərin, dən üçün qarğıdalı, günəbaxan, kartof, şəkər çuğunduru, meyvə bağları, sitrus bitkilərinin məhsulunun sığortası üzrə hesablanmış sığorta haqqının 50% dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Zərər dəydikdə isə dəymiş zərər tam fermerlərə və ya sahibkara ödənilir.

Çox təəssüflə qeyd edim ki, fermer təsərrüfatları bu imkandan istifadə etmirlər. Təbii fəlakət baş verdikdə, məhsul məhv olduqda isə Respublikanın ali orqanlarına kömək üçün müraciət edirlər.

Şirkətdə Kompyuterləşdirmə və informasiyaların elektron idarə edilməsi proqramı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” tələblərinə uyğun işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində son illər Respublikada aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanılmış və iqtisadi artımın davamlığı təmin edilmişdir.

- Hazırda bir çox dövlət qurumları əhaliyə yüksək səviyyədə elektron xidmət göstərirlər. Bu baxımdan, Dövlət Sığorta Şirkəti nə kimi tədbirlər görmüşdür?  

- Respublika Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı, xüsusilə də informasiya texnologiyaları və telekommunikasiya sahəsinin inkişaf etdirilməsi ilə bağlı 2011-ci il 23 may tarixli 429 nömrəli Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” və 2012-ci il 19 iyul tarixli “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanlarının icrasına əsaslanaraq Şirkət özünün veb saytını yaratmış, elektron poçt xidmətləri qurmuş, şirkətin 79 filalı üçün fərdi elektron poçt xidmətləri yaradılmış və Şirkətin Veb Servis xidmətindən istifadə edərək fasiləsiz və təhlükəsiz elektron poçt və elektron informasiya mübadiləsi təşkil edilmişdir.

“Elektron hökümətin” formalaşdırılması və “Elektron Ticarətin” qurulması proqramı tələblərinə uyğun Şirkətimiz tərəfindən bir sıra geniş tədbirlər təşkil edilmişdir. Sığorta müqavilələrinin idarə edilməsi, elektron daxil edilməsi və mühasibatlığın müasi tələblərə uyğun qurulması üçün “1CMüəsissə” və üçün “1C Mühasibatlıq” proqramları Şirkət tərəfindən hazırlanmış və tətbiq edilmişdir ki, bu da üçot və hesabatların vaxtında tərtib edilməsinə təminat yaratmışdır.

“İcbarı sığorta haqqında” qanunun tələblərinə uyğun olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin, daşınmaz əmlak və daşınmaz əmlakın istismarının mülkü məsuliyyəti İcbarı sığorta müqavilələrini daxil edilməsi üçün icbarı sığorta bürosunun (İSB) təkliflərinə uyğun olaraq sığorta şəhadətnamələrin elektron formada daxil edilməsi və müştərilərə SMS vasitəsi ilə təsdiqinin çatdırılması işləri yerinə yetrilmişdir ki, bununlada sığorta müqavilələrinin vaxtında bərpa olnması, sığortalılara xidmət səviyyəsi yüksəlmişdir. Filallarla şirkət arasında informasiya mübadiləsi əvvəlki dövürlərə nisbətən sürətlənmişdir.

Hazırda "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın layihəsi çərçivəsində şirkətimiz tərəfindən bütun sahələrin elektron formada reallaşması işi həyata kecirilir. Fərdi məlumatların saxlanılması üçün proqramlar yazılır və filiallrında çalişan işcilər üçün informasiya texnologiyalarından səmərəli və məqsədi istifadə etmək məqsədi ilə kurslar təşkil edilmişdir. Bu məqsədlə bir sıra xarici ölkələrlə bu sahənin inkişaf etdirilməsi üçün muvafiq informasiya texnologiyaları sahəsində bilik və hazırlıq təcrübələri keçirilmişdir .

Şirkətimiz sığorta xidmətlərinin və idarəetmənin beynəlxalq tələblərinə uyğun təşkil etdiyinə, xidmət keyfiyyətinin yüksəldilməsinə və təkmilləşdirilməsinç görə Beynəlxalq İSO 9001 keyfiyyət sertifikatını almışdır. Şirkətimiz öz fəaliyyətini «Sığorta fəaliyyəti haqqında» qanunun, Mülki Məcəllənin və digər normativ hüquqi aktların tələbinə uyğun qurmuşdur. Respublikanın bütün şəhər və rayonlarında hazırda Şirkətin 79 filialı fəaliyyət göstərir və bu filiallarda 450 nəfər mütəxəssis çalışır.

Mən əminəm ki, bu peşəkar mütəxəssislər – sığortaçılar ölkə iqtisadiyyatının dinamik inkişafı üçün öz vəzifə borclarını layiqincə yerinə yetirəcək, vətəndaşlara sığorta təminatı yaradacaq, onların maddi rifahının daha da yaxşılaşdırılması naminə qarşıya qoyulan vəzifələri icra edəcəklər.