YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

YAP-ın mükəmməl seçki kampaniyası parlament seçkilərində növbəti böyük qələbənin təminatıdır

Müsahibimiz YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov

- Rövşən müəllim, Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki yeri və rolu haqqında fikirlərinizi bilmək istərdik...

- Yeni Azərbaycan Partiyasının Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Partiyamız ötən illər ərzində öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır.
Ümumiyyətlə, tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 650 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası kimi çıxış edib. 

Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir.

- Hazırda ölkəmizdə parlament seçkiləri kampaniyası başlayıb. Partiyamızın seçkilərə yüksək səviyyədə hazırlaşıb. Sizcə, bu uğurun əsasında hansı amillər dayanır?

- Ümumiyyətlə, YAP-ın fəaliyyət mexanizminin əsasları kontekstində aşağıdakı siyasi ümumiləşdirmələri aparmaq olar. Birincisi, Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında ən güclü və fundamental resurslara malik sosial-siyasi təsisatdır. Partiyanın fundamental resursları sırasına onun öz ətrafında cəmiyyətin ən nüfuzlu ictimai-siyasi fiqurlarını birləşdirməsi, üzvlərinin sayının 650 mindən çox olması, güclü siyasi idarəçilik təcrübəsinə malik olması kimi kəmiyyət və keyfiyyət göstəriciləri daxildir. İkincisi, Yeni Azərbaycan Partiyası siyasi sistemdəki yerinə və fəaliyyət mexanizminə görə rəqabət partiyası  kimi səciyyələndirilir. Belə ki, YAP öz fəaliyyəti ilə rəqiblərini aktiv siyasi mübarizəyə və rəqabətə cəlb edən, sosial konsensusu və siyasi sistemin rəqabətlilik qabiliyyətini təmin edən təsisatdır. Bütövlükdə, Yeni Azərbaycan Partiyası siyasi plüralizmin yüksək səviyyədə təmin olunmasına və sistemin komponentlərinin tərəqqisinə xüsusi təkan və töhfələr verməkdədir. 

Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, YAP-ın ideoloji prinsipləri milli həmrəylik və bütövlüyü təmin edən mexanizm kimi çıxış edir.

Ümumiyyətlə, YAP-ın fəaliyyət mexanizminin mühüm istiqamətlərindən birini də onun ideoloji siyasəti təşkil edir. Partiyanın ideoloji siyasətinin əsasları onun başlıca ideoloji prinsiplərində öz əksini tapıb. Yeni Azərbaycan Partiyasının ideoloji siyasəti milli həmrəylik və bütövlüyü təmin edən mexanizm qismində çıxış edir. Bu ideoloji prinsiplər cəmiyyətdə milli dəyərlərin təşəkkül tapmasını və möhkəmlənməsini şərtləndirən, milli həmrəylik və bütövlüyü təmin edən mühüm institusional mexanizm qismində dəyərləndirilməlidir.

Hesab edirəm ki, bütün bu amillər hazırki seçki kampaniyasında da öz sözünü deyəcək. Mükəmməl seçki praktikası, uğurlu seçki kampaniyasının aparılması qarşıdan gələn parlament seçkilərində partiyamız üçün növbəti böyük nailiyyət kimi tarixdə qalacaq.

- Rövşən müəllim, YAP Ağcabədi təşkilatının fəaliyyəti haqqında nə deyə bilərsiniz? Təşkilat qarşısında duran vəzifələri hansı səviyyədə yerinə yetirir?

-  Partiyamızın Ağcabədi rayon təşkilatı hər zaman üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışır. Təşkilatımız hər ilin əvvəlində təsdiq etdiyi tədbirlər planına uyğun olaraq fəaliyyətini qurur.  YAP Ağcabədi rayon  təşkilatı   98 ərazi ilk təşkilatından ibarətdir. Təşkilatımız öz sıralarında  12 min 34 nəfər YAP üzvünü birləşdirir. Onlardan 5 min 534 nəfərini (46.0%) nəfərini  qadınlar, 4 min 738 (39.4%) nəfərini  isə  gənclər təşkil  edir.  Cari  ildə  YAP  sıralarına  847 nəfər  qəbul edilib ki, onların 455 nəfərini (53.7%) qadınlar, 516 nəfərini  (61.0%) isə gənclər təşkil edir.

Hazırda qarşıdan parlament seçkiləri gəlir. Biz təşkilat olaraq partiyamızın seçki kampaniyasının uğurlu olmasını təmin etmək üçün üzərimizə düşən işlərlə məşğuluq. Çalışırıq ki, partiya rəhbərliyinin etimadını doğruldaq.

 - Bəs rayon təşkilatı parlament seçkilərinə necə hazırlaşır?

- YAP Ağcabədi rayon təşkilatı iyul ayından başlayaraq  cari ilin noyabr ayında keçiriləcək  parlament seçkilərinə hazırlıq işlərinə başlayıb. Bir müddət öncə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsi yaradılıb, Qərargahın fəaliyyət proqramı müzakirə edilərək təsdiq  edilib.

Seçki Qərargahının tərkibinə 17 nəfər seçilib, seçki qərargahının nəzdində fəaliyyət göstərəcək 35 nəfərdən ibarət  təşviqat qrupu yaradılıb. Biz,  həmçinin, YAP ərazi ilk təşkilatlarının nəzdində rayonun bütün  yaşayış məntəqəsinin hər birində seçki  qərargahı  yaradılması  barədə qərar qəbul etmişik. Qəbul edilmiş qərar əsasında rayonun 41 yaşayış məntəqəsində seçki qərargahı yaradılıb.

Hər bir seçki qərargahının tərkibinə seçicilərlə fərdi işin təşkili, təbliğat və təşviqat aparmaq üçün ərazidə yaşayan nüfuzlu  şəxslərdən ibarət qruplar yaradılıb. Qərargah üzvlərini təlimatlandırmaq üçün treninqlər keçirilib.

Ümumilikdə rayon üzrə seçki qərargahlarının tərkibinə 4000 nəfərdən artıq  YAP fəalı, gənclər,   qadınlar və nüfuzlu şəxslər  cəlb edilib. Eyni zamanda, YAP fəalları tərəfindən seçki məntəqələrinin ərazisində yaşayan  seçicilərin  siyahısı dəqiqləşdirilmiş və hazırda proses mütəmadi olaraq  davam etdirilir. Siyahılar  dəqiqləşdirildikdən sonra 10 sentyabr 2015-ci il tarixə 82 saylı Ağcabədi seçki dairəsi  üzrə 46 seçki məntəqəsində  45287 nəfər, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin  Ağcabədi rayonuna aid olan  ərazisində 27  məntəqədə  20621 nəfər seçici olduğu müəyyən edilib. Hazırda  Ağcabədi rayonu üzrə 2 seçki dairəsini əhatə edən  73 seçki məntəqəsi üzrə 65 min 908 nəfər seçici vardır.

Bundan əlavə, YAP ərazi ilk təşkilatlarının təqdimatı əsasında hər birində 10 nəfər olmaqla hər 2 seçki dairəsi üzrə 20 nəfər imza toplayan YAP fəalı,  seçki dairələrində və  seçki məntəqələrində müşahidəçilər və məşvərəçilər təyin olunub. Onu da qeyd edim ki, təbliğat və təşviqat  materiallarının müəyyən edilmiş yerlərdə asılması, yapışdırılması, əhalinin gur yerlərində bukletlər və təşviqat mareriallarının  paylanması üçün 45 nəfər gənc YAP fəalı müəyyən edilib, seçki qərargahlarında  telefon mərkəzləri yaradılmış, seçki ərəfəsində seçicilərə telefon müraciətləri və mobil telefon mesajları göndərilməsini təmin edən, həmçinin sosial şəbəkələr vasitəsilə məlumat ötürmək üçün YAP Gənclər Birliyinin  rəhbərliyi ilə 30 nəfərdən ibarət qrup  yaradılmışdır. Eləcə də, müəyyən edilmiş yerlərdə YAP tərəfindən namizədliyi irəli sürülmüş deputatlığa namizədlərin seçicilərlə görüşünü təşkil etmək üçün qrafik tərtib edilmişdir.

Əvvəlki illərin seçki təcrübəsi və respublikamızın dinamik inkişafı nəticəsində əhalinin sosial-iqtisadi rifahının  yüksəlməsi nəticəsində seçicilər arasında yaranmış  yüksək əhval-ruhiyyəyə əsasən inamla deyə bilərik ki,  qarşıdan gələn parlament seçkiləri də uğurla başa çatacaqdır.