YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan doğan dəstəyi dayanır

Müsahibimiz YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov

- Aydın müəllim, Azərbaycan növbəti parlament seçkiləri ərəfəsindədir. Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq işlərinin vəziyyəti barədə fikirləriniz ...

- Demokratik siyasi sistemə malik olan Azərbaycan növbəti parlament seçkilərinə siyasi sabitlik və iqtisadi inkişafın fonunda gedir. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət milli tərəqqini təmin etməklə yanaşı, həm də demokratik inkişafı şərtləndirir, yeni uğurların əsası kimi çıxış edir. Əminliklə söyləmək olar ki, növbəti parlament seçkiləri Azərbaycanın demokratik inkişafında növbəti uğurlu mərhələ olacaq, həmçinin Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm qələbəsi ilə yadda qalacaq. Ümumiyyətlə, qələbələr partiyası olan YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan doğan dəstəyi dayanır. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a böyük etimad göstərir, yüksək inam nümayiş etdirir. Onu da vurğulamalıyıq ki, partiyamız da gördüyü işlərlə, üzərinə götürdüyü missiya ilə xalqın inamını doğruldub. Yeni Azərbaycan Partiyası Azərbaycanın və ümumiyyətlə, regionun ən böyük və güclü siyasi partiyası kimi daim inkişaf edir, müasir dünyanın təcrübələrini mənimsəyir.

Bu günə qədər keçirilmiş bütün seçkilərdə seçicilərin mütləq əksəriyyətinin dəstəyini qazanaraq parlaq qələbələr əldə edən Yeni Azərbaycan Partiyasının bu seçkiləri də yüksək nailiyyətlərlə başa vuracağını indidən söyləmək mümkündür. Ümumiyyətlə, biz növbəti parlament seçkilərinə ürəkaçan yeniliklərlə, yüksək əhval-ruhiyyə ilə gedirik. Möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində qazanılmış uğurlar ölkədə davamlı inkişafın, tərəqqinin və yüksəlişin təzahürüdür.

- Rəhbərlik etdiyiniz YAP Qaradağ rayon təşkilatı öz fəaliyyətini hansı səviyyədə davam etdirir?

- YAP Qaradağ rayon təşkilatı fəaliyyətini partiya rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsi üçün uğurla davam etdirir. Fəaliyyətimizi, öz işimizi partiyanın İcra katibliyinin tövsiyə və tapşırıqlarına, həmçinin YAP-ın nizamnamə və proqramına müvafiq müəyyənləşdirmişik. Nəzərinizə çatdırım ki, hazırda YAP Qaradağ rayon təşkilatının üzvlərinin sayı  11 min 357 nəfərdir. Onların  3 min 329 nəfəri qadın, 4 min 266 nəfəri isə gənclərdir. Ümumilikdə, ərazi ilk partiya təşkilatlarının sayı 122-dir.

Rayon təşkilatı müəyyən olunmuş vaxtlarda vaxtlarda toplaşır, təşkilatın işini və qarşıda duran vəzifələri müzakirə edirlər.

Ümumiyyətlə, rayon təşkilatı olaraq hər ilin əvvəlində tədbirlər planı təsdiq edirik və bu plana uyğun olaraq fəaliyyətimizi qururuq. Hər il bütün əlamətdar günlər, tarixi hadisələrlə və s. bağlı tədbirlər keçiririk. Xüsusilə, seçki kampaniyaları dövründə partiyamızın qələbəsini təmin etmək üçün yerli təşkilat olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.

- YAP Qaradağ rayon təşkilatı seçkilərə necə hazırlaşır?

- Parlament seçkiləri ilə əlaqədar rayon təşkilatının aparatında 35 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Qərargahın iclasında  üzvlər arasında vəzifə bölgüsü aparılıb, görüləcək işlər müəyyənləşdirilib. Seçki Qərargahında fəaliyyət göstərəcək qərargah üzvləri və seçki kampaniyasında iştirak edəcək YAP fəalları müəyyənləşdirilib və onlar müvafiq qaydada təlimatlandırılıblar. Seçki Qərargahı öz işini YAP Mərkəzi Aparatının tərtib etdiyi plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun şəkildə qurur. Qərargahın üzvləri arasında gənclər də təmsil olunurlar. Ümid edirəm ki, bu parlament seçkilərində də gənclərimiz böyük fəallıq göstərərək öz töhfələrini verəcəklər. Bu prosesdə, həmçinin qadınlarımızın da üzərinə böyük məsuliyyət düşür.

Bundan başqa, qarşıdakı dövrlərdə müxtəlif seçki mərhələlərinin tələblərinə uyğun olaraq ardıcıl tədbirlərin görülməsi də nəzərdə tutulur. Bu mənada dairə və məntəqə seçki komissiyalarında Yeni Azərbaycan Partiyasını təmsil edən üzvlərin siyahısı hazırlanıb. Seçki kampaniyası dövründə rayon ərazisində təbliğat materiallarının asılması, yapışdırılması, yerləşdirilməsi və seçki məntəqələri ərazisinə çatdırılması, paylanması işinin aparılması üçün gənclərdən ibarət mobil qrup yaradılıb. Bu qrup isə təbliğat kampaniyasına rəsmi olaraq start verildikdən sonra fəaliyyətə başlayacaq.

Diqqətə çatdırmaq istəyirəm ki, Qaradağ rayonu ərazisində 2 seçki dairəsi və ümumilikdə, 56 seçki məntəqəsi yerləşir. 11 saylı Qaradağ Seçki Dairəsi üzrə 37 məntəqədə 43752, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə isə 20 məntəqədə 25696 seçici qeydiyyatdadır. Rayon təşkilatı Seçki Qərargahı isə seçki prosesində bu məntəqələrin, o cümlədən bütün seçicilərin əhatə olunduğu bir kampaniya həyata keçirmək əzmindədir.

Onu da qeyd edim ki, bundan öncə  Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının Seçki Qərargahında noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərin xeyrinə imza toplayacaq partiya fəallarına treninq keçirilib. Ümumilikdə, hər dairə üzrə 10 nəfər imzatoplayan müəyyənləşib. Bütün digər seçkilərdə olduğu kimi, bu dəfə də ən qısa vaxtda və müvafiq sayda imzalar toplanaraq təhvil verilməlidir. Bu sahədə YAP üzvlərinin zəngin təcrübəsi var və Seçki Məcəlləsində, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimatlarda imza toplayan şəxslərin hüquq və vəzifələri, kimlərin imza toplaya biləcəyi, onların hansı qaydalara əməl etmələri, yaxud harada imza toplanıla bilər kimi məsələlər aydın formada göstərilib. YAP tərəfindən isə imza toplayacaq şəxslərin istifadə etməsi üçün həmin təlimatlardan çıxarışlar hazırlanıb. Bunlar, bir növ, imza toplayacaq fəallar üçün yaddaş kitabçalarıdır. Qanunvericilikdə və MSK-nın təlimatlarında nəzərdə tutulan məsələlər orada əksini tapıb. Bu treninqin keçirilməsində məqsəd də bu məsələləri diqqətə çatdırmaq və onlara əməl etməkdir.