YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın postindustrial cəmiyyət tipinə keçidi və yüksək inkişaf etmiş ölkələr qrupuna daxil olması heç də uzaqda deyildir

Müsahibimiz Milli Məclisin komitə sədri, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev

- Şəmsəddin müəllim, ötən hər gün hesabat xarakteri daşıyır. Bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası  öz tarixini hansı uğurlarla zənginləşdirib?

- Son 22 illik müstəqillik tariximizin yaşıdı olan Yeni Azərbaycan Partiyası nəinki ölkəmizdə, eləcə də yaxın coğrafiyada ən böyük ictimai-siyasi potensiala malik olan aparıcı güc mərkəzinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və uzaqgörənliklə formalaşdırdığı strateji inkişafkonsepsiyasının prinsipləri əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında çox böyük nailiyyətlərə imza atmış, zəngin və şərəfli inkişaf yolunda yeni zirvələr fəth etməkdədir.

Yeni Azərbaycan Partiyası – müstəqil Azərbaycanın unitar dövlət kimi formalaşmasında müstəsna xidmətləri olan, cənab Prezidentin strateji siyasi xəttinin reallaşmasında xüsusi rol oynayan və artıq ümumxalq statusu qazanmış böyük partiyadır. Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurlar, elə təqribən 700 minə yaxın partiya üzvünü özündə birləşdirən Yeni Azərbaycan Partiyasının uğurlarıdır desək, yanılmarıq.

Bugünkü Azərbaycan – dünyanın bir çox ölkələrinin həsəd apara biləcəyi modern ölkəyə çevrilmişdir. Partiyamızın sədri, Möhtərəm Prezidentimizin müdrik rəhbərliyi altında ölkəmiz davamlı inkişaf yoluna çıxmış, ictimai həyatın istisnasız olaraq bütün sferalarında yüksək artım tempinə nail olmuş, bütün demokratik azadlıqların qərarlaşdığı vətəndaş cəmiyyəti formalaşdırmış, siyasi-iqtisadi sabitlik və sosial həmrəyliyə nail olmuş, beynəlxalq arenada mövqelərini və nüfuzunu günü-gündən möhkəmləndirən və ümumiyyətlə, sabahına nikbin baxılmasına heç bir şübhə yeri qalmayan qüdrətli bir dövlətə sahib olmuşdur.

Ötən beş il ərzində də bu siyasət uğurla davam etdirilmiş, cəmiyyətin sosial-iqtisadi, siyasi və mədəni həyatının modernləşməsi yönümündə konkret proqramlar reallaşdırılmış, ölkənin nailiyyətləri daha da zənginləşmiş və mövqeləri daha da güclənmişdir. Bu gün Azərbaycan sivilizasiyalararası dialoqun keçirildiyi məkana çevrilmiş, çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu istiqamətdə yalnız, iki ay öncə dünya idman tarixinə öz möhtəşəmliyi ilə əbədi həkk olunan Bakıda keçirilmiş Birinci Avropa oyunlarını misal göstərmək kifayət edərdi. Bir sözlə, Azərbaycan yalnız öz hüdudları çərçivəsində deyil, bütövlükdə müasir dünyada baş verən proseslərdə fəal iştirak edir, dünyanın sülh və təhlükəsiz şəraitdə yaşaması və davamlı inkişafının təmin edilməsinə öz töhfəsini verir. 

Məhz, bu nəhəng uğurlar xalqımızın Yeni Azərbaycan Partiyasına olan inamını daha da artırmış, bütün təbəqələri və yaş qruplarını əhatə edən yüz minlərlə insanları partiyamızın sıralarında birləşdirmiş və beləliklə də, partiyamız siyasi meydanda heç bir ciddi rəqibi olmayan ümumxalq partiyası statusunu qazanmışdır.

- Qarşıya qoyulan məqsədlər birgə fəaliyyəti zərurətə çevirir. Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının müəyyənləşdirilmiş prioritetlərin gerçəkləşdirilməsində rolunu necə qiymətləndirirsiniz? Rəhbərlik etdiyiniz YAP Səbail rayon təşkilatı bugünkü reallıqları və qarşıdakı vəzifələri müəyyənləşdirməkdə qənaətbəxş hesab edirmi?

- İlk öncə onu qeyd edim ki, Yeni Azərbaycan Partiyasının indiyə qədər 5 qurultayı keçirilmişdir ki, hər bir qurultayda bütövlükdə partiyanın və onun ərazi təşkilatlarının fəaliyyətləri hərtərəfli təhlil edilmiş, problemlər müzakirə edilmiş və gələcək fəaliyyət istiqamətində konkret vəzifələr, proqram və fəaliyyət planları müəyyən edilmişdir. Hər şeydən əvvəl, qəbul edilmiş sənədlər Ülu Öndər tərəfindən təməli qoyulan və ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən yeni keyfiyyət müstəvisində uğurla davam etdirilən inkişaf strategiyasının reallaşdırılmasına xidmət edir və bu istiqamətdə aparılan geniş miqyaslı işlərin “yol xəritəsini” əks etdirir. Təbiidir ki, partiyanın müəyyənləşdirdiyi vəzifələrin icra edilməsində rayon və şəhər təşkilatları mühüm rol oynayır və onların üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda, qəbul edilmiş fəaliyyət proqramları çərçivəsində qarşıya qoyulmuş məqsəd və vəzifələrin həm ölkədə, həm də dünyada mövcud olan reallıqlarla yanaşı, partiyanın mövcud potensialı, ərazi təşkilatlarının icra resursları və imkanları nəzərə alınmaqla müəyyənləşdirilməsi imkan yaradır ki, partiyamızın müəyyən etdiyi prioritetlərin gerçəkləşdirilməsində rayon və şəhər təşkilatları öz işlərini nəinki qənaətbəxş, hətta yüksək səviyyədə təşkil edə bilsinlər. Konkret olaraq isə, YAP Səbail rayon təşkilatı fəaliyyət göstərdiyi bütün dövr ərzində partiya liderinin həyata keçirdiyi siyasətin hərtərəfli dəstəklənməsi və həyata keçirilməsi, partiyanın icra aparatının qarşıya qoyduğu məqsəd və vəzifələrin yerinə yetirilməsi istiqamətində kompleks işlər həyata keçirmiş və yaxın perspektiv dövr üçün fəaliyyət prioritetlərini müəyyən etmişdir.

- Ölkəmiz mühüm siyasi kampaniya – parlament seçkiləri ərəfəsindədir. Seçki prosesinə hazırlığın yüksək səviyyədə qurulması sonda uğurun əldə edilməsində həlledici amil rolunu oynayır. Yeni Azərbaycan Partiyası seçki praktikasını ildən-ilə təkmilləşdirərək, qələbə üçün ciddi səylər göstərir. YAP Səbail rayon təşkilatı bu qələbəyə töhfəsini vermək üçün necə hazırlaşır?

- Həqiqətən də, 2015-ci il mühüm siyasi hadisə ilə - noyabr ayının 1-də keçiriləcək V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə də yadda qalacaqdır.  Düzgün qeyd etdiniz ki, seçki prosesinə hazırlıq uğurun əldə edilməsində həlledici rolu oynayır. Lakin seçki prosesinə hazırlıq yalnız seçki ilində təbliğat və təşviqat kampaniyaları ilə məhdudlaşmır və eləcə də, seçkiyə qədərki hesabat dövründə görülən işlərin, əldə edilən nailiyyətlərin miqyası və əhəmiyyətini də əhatə edir. Məhz məsələyə bu kontekstdən yanaşdıqda, seçkilərdə Yeni Azərbaycan Partiyasının bir daha parlaq qələbə qazanacağına heç bir şübhə yeri qalmır.  Belə ki, 22 illik müstəqillik dövründə həyata keçirilən uğurlu siyasət, qazanılan əzəmətli uğurlar nəticəsində hər zaman YAP-ın seçki ərəfəsində irəli sürdüyü platformanın xalqımız tərəfindən böyük inam və etimad hissi ilə qarşılanması məntiqlidir, seçkilərdə qələbəsi gözləniləndir və birmənalıdır. Və, indiyə qədər nəinki ölkənin sosial, siyasi, iqtisadi və mədəni həyatında konstruktiv mövqe nümayiş etdirməyən, hətta öz partiyaları daxilində həmrəyliyə və birliyə nail ola bilməyən müxalifət partiyalarının gələcək üçün heç bir reallığa uyğun gəlməyən söz və vədlərinə xalqın haqlı olaraq inamının itməsi siyasi arenada YAP-ın ciddi rəqiblərinin olmamasının bariz göstəricisidir. Bununla belə, hər bir seçkidə olduğu kimi, parlament seçkilərində də Yeni Azərbaycan Partiyası mütəşəkkil qaydada, ildən-ilə təkmilləşdirilmiş fəal seçki kampaniyası aparmışdır. Məhz sadalanan amillərin nəticəsidir ki, partiyamız bütün seçkilər zamanı əldə etdiyi nəticələri daha da yaxşılaşdırmış və yüksəltmişdir. Məsələn, 2005-ci illə müqayisədə 2010-cu il parlament seçkilərində Yeni Azərbaycan Partiyası Milli Məclisdə əlavə 8 yer qazanaraq 72 millət vəkili ilə təmsil olunmaq hüququ əldə etmişdir. Təbii ki, noyabr ayında keçiriləcək növbəti parlament seçkilərinə də partiyamız ciddi şəkildə hazırlaşır. O cümlədən, YAP Səbail rayon təşkilatında da seçkilərlə əlaqədar qərargah yaradılmış və üzvlər arasında iş bölgüsü yekunlaşdırılmışdır. Məlumat üçün qeyd edirəm ki, rayon təşkilatımız 38 mindən çox seçicini və 30 seçki məntəqəsini əhatə edən 29 saylı Səbail, 35 mindən çox seçicini və 31 seçki məntəqəsini əhatə edən 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə fəaliyyət göstərəcəkdir. Bu zaman seçki dairəsi  və məntəqələr üzrə komissiya üzvlərinin və müşahidəçilərin müəyyənləşdirilməsi və müvafiq treninqlərin keçirilməsi, seçici imzalarının toplanması, qadınların və  gənclərin seçki kampaniyasına fəal cəlb olunması, seçkini poza biləcək təbliğat kampaniyalarına qarşı əks təbliğat işlərinin gücləndirilməsi, sosial şəbəkələrin imkanlarından geniş istifadə olunması və s. istiqamətlərdə tədbirlərin görülməsinə xüsusi əhəmiyyət veriləcəkdir. Əsas vəzifə seçkilərin şəffaf, obyektiv və demokratik əsaslarla keçirilməsi üçün lazım olan bütün şəraitin yaradılmasından ibarət olacaqdır. Əminik ki, YAP Səbail rayon təşkilatı seçki kampaniyası zamanı mütəşəkkil və effektiv fəaliyyət göstərəcək və seçkilərdə qələbənin təmin edilməsi işinə öz töhfəsini verəcəkdir. 

- Şəmsəddin müəllim, qeyd etdiyiniz kimi, ötən beş ilin göstəriciləri növbəti seçkilərdə qələbə üçün əsas yaradır. Siz, eyni zamanda, Milli Məclisin Elm və təhsil komitəsinin sədrisiniz. Ötən beş ildə təhsilin inkişafına, bu sahədə lüzum duyulan islahatlara yaşıl işıq yandıracaq ən əsas qanunların qəbuluna nail olmusunuz?

- Danılmaz faktdır və cəmiyyətimizə də məlumdur ki, partiyamızın lideri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən beş il ərzində ölkəmizdə ictimai həyatın istisnasız olaraq bütün sferalarının inkişafında yüksək naliliyyətlər əldə edilmişdir. Şübhəsizdir ki, dünyada siyasi və iqtisadi qeyri-sabitlik, böhran, müharibələr, iqtisadi sanksiyalar, qeyri-müəyyənliklər və s. bu kimi hadisələrlə xarakterizə olunan son beş ildə Azərbaycanda böyük uğurların əldə edilməsi məhz, milli maraqlara söykənən uzaqgörən və müdrik siyasətin, yüksək idarəetmə mədəniyyətinin və əzmkarlığın, güclü siyasi iradənin, tükənməz intellektual potensialın, qlobal liderlik məharətinin məhsuludur. Partiyamızın lideri və ölkə prezidentinin bu cür keyfiyyətlərə malik olması xalqın YAP-a olan inamını və etimadını daima artırır, seçkilərdə parlaq qələbə üçün əsas zəmin yaradır. Eləcə də regional və qlobal miqyasda baş verən proseslərdə ölkəmizin mövqeyinin möhkəmlənməsində, bölgədə sülh və sabitliyin təmin olunmasında, dünya iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verə biləcək qlobal layihələrin reallaşdırılmasında müstəsna rol oynayır. Təbiidir ki, belə lideri olan partiya və ölkə heç zaman məğlubiyyətə düçar ola bilməz, yalnız nikbin gələcəyə inanar və parlaq qələbələrə sevinər.

Əlbəttə ki, qeyd etdiyimiz uğurlar təhsil sahəsindən də yan keçməmişdir. Ötən illər ərzində təhsilimizin bütün pillə və səviyyələrində kompleks islahatlar həyata keçirilmiş və ciddi nailiyyətlər əldə edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilmiş və bu strategiya çərçivəsində milli təhsilimizin  inkişafı sahəsində kompleks islahatlar həyata keçirilir. Aparılan islahatların nəticəsi olaraq, təhsilin keyfiyyət parametrləri də əvvəlki illərlə müqayisədə xeyli yüksəlmişdir. Təbii ki, təhsilin inkişafı sahəsində aparılan islahatlar formalaşmaqda olan yeni cəmiyyət tipinin tələblərinə uyğun olan qanunvercilik bazasının yaradılmasını tələb edir. Ötən illər ərzində Azərbaycan təhsilinin müasir standartlara cavab verən mükəmməl qanunvericilik bazası yaradılmışdır. Müstəqillik əldə etdikdən 17 il sonra, nəhayət müasir tələblərə uyğun Təhsil haqqında Qanunun qəbul edilməsi təhsil sahəsində baş verən bütün münasibətlərin qanun müstəvisində tənzimlənməsinə imkan yaratmış, təhsil sisteminin təşkili, idarə edilməsi və tənzimlənməsini tamamilə yeni hüquqi müstəvidə həyata keçirilməsini təmin etmişdir.

Eyni zamanda, bu il fevral ayının 24-də Elm haqqında Qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirədən keçmişdir. Keçən bu müddət ərzində Qanun layihəsi daha da təkmilləşdirilmiş və növbəti oxunuşlar üçün tam hazır vəziyyətə gətirilmişdir.  Əminik ki, Elm haqqında Qanunun qəbul edilməsi və onun hüquqi qüvvəyə minməsi biliklərə əsaslanan iqtisadiyyatın yaradılmasını, regionun elm mərkəzinə çevrilməsini hədəfləyən ölkəmizdə elm və müasir texnologiyaların inkişafına əhəmiyyətli töhfələr verəcəkdir.

Bunlarla yanaşı, hazırda Milli Məclisin Elm və Təhsil komitəsində yaradılmış işçi qrupları tərəfindən “Məktəbəqədər təhsil”, “Ümumi orta təhsil” və  “Ali təhsil” haqqında qanun layihələrinin hazırlanmasına başlanılmış və bu istiqamətdə ciddi işlər aparılır.

- İqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişaf üçün başlıca amildir. Dövlətimizin başçısı cənab İlham Əliyevin təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyub. Sədr olduğunuz Elm və təhsil komitəsi bu vəzifənin icrası üçün hansı qanunların qəbulunu zərurət kimi məqsədəuyğun hesab edir.

- Elm, təhsil və iqtisadiyyat arasında real məzmunlu inteqrativ bağlılıqların formalaşdırılması kifayət qədər aktuallaşmış bir problem olmaqla, “yeni iqtisadiyyatın” (bilik iqtisadiyyatı) qərarlaşması prosesində həlledici rol oynayır. Elm - əsas məhsuldar qüvvəyə çevrilir. İndustrial dəyərlər sisteminə xas olan əksər dəyər-konseptlərin mahiyyəti əsaslı şəkildə dəyişikliklərə məruz qalır. Bir sözlə, cənab Prezidentin əsas prioritetlərdən biri kimi səciyyələndirdiyi problem əslində cəmiyyətin sosial-iqtisadi tipinin dəyişməsi prosesinin hərəkətverici qüvvələrindən biri kimi çıxış edir.

Elmi biliklərin iqtisadi prosesə proyeksiyası, qeyd etdiyimiz üçlük arasında inteqrativ bağlılığın “monolitlik” dərəcəsindən birbaşa asılılıqdadır. Məhz bu anlamda “yeni yaranışların” meydana çıxması və qarşılıqlı münasibətlər sisteminin trasformasiyası məntiqi olaraq hüquqi tənzimlənmənin predmeti kimi çıxış edir.

Hal-hazırda fəaliyyətdə olan Təhsil haqqında Qanun və bu yaxınlarda qəbulu gözlənilən Elm haqqında Qanun mövcud reallıqların və yaxın perspektivdə baş verə biləcək proseslərin tənzimlənməsi aspektindən “çərçivə qanunları”, başqa sözlə qarşılıqlı münasibətlər sisteminin konseptual-hüquqi sərhədlərini müəyyənləşdirən qanunlar keyfiyyətində qəbul olunurlar.

Sözügedən üçlük arasında qarşılıqlı münasibət və qarşılıqlı asılılığın getdikcə dərinləşməsi mövcud iqtisadi gerçəkliyin mahiyyətcə adekvat şəkildə yeniləşməsinə, hüquqi tənzimlənmə zərurəti olan yeni alt-sistemlərin meydana çıxmasına səbəb olacaqdır. Söhbət, təkcə elm və təhsil sferasında deyil, eləcə də elm və təhsil sferasından iqtisadiyyata transfer edərək “maddiləşən” “yeni yaranışların” formalaşdırılması prosesinin ayrı-ayrı seqmentlərinin tənzimlənməsinin zəruriliyindən gedir. Məsələn, hesab edirik ki, yaxın gələcəkdə elmi xidmətlər bazarı haqqında, yeni texnologiyalar haqqında, elmi-texniki nailiyyətlərin ekspertizası haqqında, eləcə də sözügedən üçlük arasında gerçək məzmunlu inteqrativ bağlılıqların formalaşması üçün sağlam və effektiv rəqabət mühitini qoruya biləcək ayrıca bir qanuna və s. ciddi ehtiyac yaranacaqdır.

- Azərbaycan bu gün beynəlxalq aləmdə zirvələri fəth edən ölkə kimi tanınır və nüfuz qazanır. Ölkəmizin dünyada təsdiqlənən inkişaf modelinin qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsində rolunu necə qiymətləndirirsiniz?

- Ulu öndər Heydər Əliyevin strateji baxışlar sistemindən qaynaqlanaraq formalaşmış milli inkişaf modeli cənab İlham Əliyevin kreativ yanaşma prinsipləri əsasında daha da təkmilləşmiş, sabitlik, davamlı və dayanıqlı inkişafın orijinallığı ilə fərqlənən nəzəri-metodoloji platformasına çevrilmişdir. Mahiyyətcə eklektik xarakter daşıyan, milli iqtisadiyyata münasibətdə inkişaf paradiqması zirvəsinə yüksəlmiş milli inkişaf modelinin unikallığı həm də onun özünə məxsusluğunda, dinamizmində, ehkamçı baxışların yoxluğunda, birmənalı praqmatik məzmuna malik olmasında təzahür edir. Modelin, digər analoqlardan fərqli olaraq, ən böyük üstünlüyü onun daha geniş və sistemli adaptasiya imkanlarına malik olmasındadır. Bu aspektdən milli inkişaf modeli cəmiyyətin sosial-iqtisadi və sosial-mədəni tipinin dəyişməsi, postindustrial cəmiyyətə keçidlə bağlı möhtərəm Prezidentimizin “Azərbaycan 2020: gələcəyə baxış” strateji konsepsiyasında müəyyənləşdirdiyi prioritetlərin reallaşdırılması prosesində də həlledici rol oynayacaqdır. Göründüyü kimi, Ulu Öndər Heydər Əliyevin dahi uzaqgörənliklə formalaşdırdığı təməl prinsiplərinə istinad edən milli inkişaf modeli inkişafın keyfiyyətcə, həm də sistemli olaraq yeni mərhələyə, yeni eraya (postmodern erası) keçidində də öz aktuallığını saxlamaqdadır. Eyni zamanda unutmaq olmaz ki, Azərbaycanın regional, transregional və beynəlxalq münasibətlər sistemində böyük nüfuz qazanması, qloballaşma prosesinə qoşulmanın kifayətedici dərəcədə effektiv təşkili, bir sözlə, Azərbaycan gerçəklərinin, Azərbaycan standartlarının qloballaşma prosesinə çıxışı, dünya iqtisadiyyatına qovuşmanın birtərəfli deyil, ikitərəfli səciyyə daşıması və coxvektorluluğu cənab Prezidentin birbaşa rəhbərliyi altında milli inkişaf modelinin unikallığından qaynaqlanan məntiqi nəticələrdir. Ümummilli inkişafın İlham Əliyev mərhələsinin sistemli tədqiqi aydın şəkildə göstərir ki, Azərbaycanın postindustrial cəmiyyət tipinə keçidi və yüksək inkişaf etmiş ölkələr qrupuna daxil olması heç də uzaqda deyildir.