YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır

Müsahibimiz Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Adil Əliyev

- Adil müəllim, hazırda ölkəmizdə 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilir. Sizcə, bütövlükdə ordu dövlət və cəmiyyət üçün nə deməkdir?

- İlk öncə xalqımızı  26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə təbrik edirəm.  Azərbaycan Xalq Cümhuriyyətinin əsas uğur və nailiyyətlərindən biri də Milli Ordunun yaranması idi. 40 minlik ordu qısa zaman ərzində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və düşmənlərinin hücumlarının qarşısı alındı. 

Bu gündə ordu  hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Hazırda müasir dünyamızda baş verənlər onu təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər. Ordusu zəif olan dövlətlərə təsir etmək daha asandır. Yaxşı bir deyim var: Ordun varsa, yurdun var. Nəzərdən qaçırmamalıyıq ki, bütün diplomatik danışıqların arxasında güclü ordu dayanır. Ona görə də bu sualınıza prizmadan yanaşarsaq, ordunun dövlət və cəmiyyət üçün önəmi ortaya çıxır.

- Nəzərə alsaq ki, torpaqlarımızın böyük bir hissəsi işğal altındadır, onda Silahlı Qüvvələrimizin üzərinə böyük bir məsuliyyət düşür. Necə hesab edirsiniz, ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazırdırmı?

- Hal-hazırda Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur. Hətta,  beynəlxalq hərbi təşkilatlar öz hesabatlarında açıq-aydın yazırlar. Xarici ekspertlər Azərbaycanın Ordusunun gücünü qeyd edirlər.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesi bu gün uğurla davam etdirilir. Bu gün də bu məsələ Ali Baş Komandan cənab İlham Əliyevin diqqətindədir. 

Düşmənin bütün təxribatlarının qarşısı yerindəcə alınır. Ordumuz daim düşməni vahimə içərisində saxlayır. İstənilən zaman ordumuz torpaqlarımızı azad etməyə qadirdir. Bunu cənab Prezident dəfələrlə çıxışında bəyan edib. Ermənilər özləri etiraf edirlər ki, Azərbaycana bütün sahələrdə məğlub oluruq. Düşmən dərk edir ki, onların qarşısında 90-ci illərdə olan özünümüdafiə dəstələri yox, nizami və yüksək silahla təmin edilmiş Azərbaycan Ordusu var. Xalqımız arasında ruh yüksəkliyi var. Ermənistan ordusunda isə əksinə bir vəziyyət yaşanır. Erməni gəncləri orduda xidmət etmək istəmirlər və fərarilik get-gedə artmaqdadır, həmçinin xaos ordunu iflac hala gətirib. Əsgər anaları İrəvanın mərkəzində etiraz aksiyaları keçirirlər. Uşaqlarının boş və mənasız yerə ölmələrini istəmirlər.

- Ordumuzun NATO standartlarına uyğunlaşdırılması məsələsi də daim cəmiyyətin diqqət mərkəzində olub. Bu baxımdan, mövcud vəziyyəti necə dəyərləndirmək olar?

- Bildiyiniz kimi Avroatlantik məkana inteqrasiya Azərbaycanın dövlətinin əsas prioritet xətlərindəndir. Azərbaycan 1994-cü ildən "Sülh Naminə Tərəfdaşlıq proqram"ı çərçivəsində NATO ilə əməkdaşlıq edir. 2005-ci ilin avqustunda "Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı" imzalanıb və hazırda həyata keçirilir. Ondan öncə Azərbaycan 2002-ci ildən NATO PA-nın assosativ üzvüdür.

Bu gün ordumuzun NATO standardlarıa uyğunlaşdırılması yüksək səviyyədə aparılır. Ölkə rəhbərliyi tərəfindən bu bəyan edilib. Hərbçilərimiz NATO kurslarına göndərilir və hərbi yenilikləri mənimsəyirlər. Hərbçilərin qarşılıqlı səfərləri olur.  Onu da qeyd etmək lazımdır ki, NATO-nun birləşmiş qüvvələr komandanlığından və ana qərargahında (Brüssel) Azərbaycan zabitləri yüksək səviyyədə öz bilik və bacarıqlarını göstərirlər.

- Adil müəllim, Milli Məclis hərbi qanunvericiliklə bağlı ardıcıl olaraq müvafiq addımlar atır. Bu mənada bu sahədə qanunvericilik bazasını necə qiymətləndirirsiniz?

- Ordumuzla bağlı ən yüksək tələblərə cavab verən qanunlar qəbul edilib. “Hərbi vəziyyət haqqında", Sülhməramlı əməliyyatlarda iştirak haqqında", "Hərbi tribunallar haqqında", "Hərbi qulluqçuların pensiya təminatı haqqında", "Hərbi xidmət keçmə haqqında" və bir sıra digər qanunlar ordumuzun güclənməsinə təsir göstərən qanunlardır. Qəbul edilən və yenilənən qanunlar ordumuzun inkişafına və rifahına xidmət edir.  Hərbi qulluqçuların sosial problemlərinin həlli daima öz həllini tapır. Dövlətimiz hər zaman hərbi qulluqçuların statusunun diqqət mərkəzində saxlayır.