YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda dövlət quruculuğu ilə yanaşı ümumilikdə dövlətçiliyin inkişafı Ulu öndərin adı ilə bağlıdır

   Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli

- Əli müəllim, ilk Avropa Oyunlarının başlanmasına qısa zaman qalıb. Sizcə, belə bir nüfuzlu idman tədbirinin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

- İyun ayında keçiriləcək ilk Avropa Oyunları Azərbaycanın həm bir güclü dövlət kimi özünü təsdiq etməsi, həm də xalqımızın böyük uğurudur. Çünki belə mötəbər tədbirlər ancaq o ölkələrdə keçirilə bilər ki, həmin ölkə həm hüquqi, həm siyasi, həm insan insan haqları, həm də iqtisadi baxımdan tam inkişaf etmiş olsun. Azərbaycan Avropada inkişaf etmiş ölkələr sırasına daxil olmaqdadır, göstəricilərimiz bundan ibarətdir. Məhz bu amillərin əsasında da ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi haqda qərar qəbul olunub.
Bilirsiniz ki, Azərbaycanda idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində ölkəmiz Avropanın idman mərkəzlərindən birinə çevrilib. Ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır. Əminliklə bildirmək istəyirəm ki, Azərbaycan ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bakıda birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən infrastruktur layihələri, yeni idman arenalarının inşası, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin aparılması, atletlər kəndinin hazırlanması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, digər çoxsaylı tədbirlərin əlaqələndirilməsi və qısa müddətdə reallaşdırılması görülən işlərin miqyası barədə konkret təsəvvür yaradır.
Eyni zamanda, ilk Avropa Oyunları idmançılarımızın da öz imkanlarını nümayiş etdirmək üçün bir şansdır. İnanıram ki, bu mötəbər idman yarışında idmançılarımız böyük uğurlar qazanacaqlar. Azərbaycan idmançıları uzun illərdir ki, beynəlxalq yarışlarda  ölkəmizi şərəflə təmsil edirlər. Avropa Oyunları da bir fürsətdir ki, öz evimizdə Azərbaycanın dövlət himnini səsləndirməklə bir daha bütün dünyaya sübut edək ki, Azərbaycan həm  güclülər ölkəsidir, həm də inkişaf etmiş, azad və demokratik dövlətdir. 

- Ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirilir. Bu amil sağlam gənc nəslin formalaşması baxımından nə dərəcədə önəmlidir? 

- İdman sahəsindəki qələbələr, nailiyyətlər uzunmüddətli dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var. Bilirsiniz ki, bütün Azərbaycanda, onun  bölgələrində idmanın inkişafı geniş vüsət alıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bölgələrdə gənclərin sağlam şəkildə yetişdirilməsi, ölkəmizin genefondunun-gənclərimizin sağlam ruhda böyüməsi üçün əsaslı addımlar atılır. 
Bu gün ölkəmizdə idman təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəb səviyyəsində də inkişaf etdirilir. “Bədən tərbiyəsi və idman haqqında” Qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistematikliyini təmin edir. Qanunda da göstərilir ki, bu istiqamətdə dövlət siyasətinin məqsədi bədən tərbiyəsi və idmanın hüquqi bazasını, həmçinin, yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi-idman təşkilatlarını, uşaq idman müəssisələri sistemini yaratmaqdan ibarətdir. Yəni bu sahədə nailiyyətlərin əldə olunması üçün bütün imkanlar yaradılır. O cümlədən, bu gün bütün idman təşkilatları üçün bərabər imkanlar yaradılıb və bütün idman sahələri inkişaf etdirilir. Nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir, o zaman belə bir qənaətə gələrik ki, idmana qayğı, idmanın kütləviliyi həm də gənclərin inkişaf etdirilməsi sahəsində görülən işdir. Bu baxımdan, ölkəmizdə gənclərin inkişafına həsr olunan dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi də prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarirfləndirici təbliğatın aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır. Əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. İdmanın inkişafı istiqamətində görülən işlərdə başlıca amillərdən biri də sağlam nəslin formalaşmasından ibarətdir.

- İlk Avropa Oyunları ərəfəsində müəyyən xarici dairələr tərəfindən ölkəmizə qarşı qərəzli kampaniyalar aparılır. Buna münasibətiniz necədir? 

- Bu dairələrin Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində başladıqları kampaniyaların, eləcə də,  boykot çağırışlarının heç bir əsası yoxdur. Bu kampaniyaları əsasən müəyyən QHT-lər həyata keçirirlər. "Amnesty İnternational", "Human Rights Watch" kimi qeyri-hökumət təşkilatları Qərbin müxtəlif dairələri tərəfindən idarə olunur. Bu dairələrin erməni lobbisi ilə birbaşa əlaqəli olduğu hamımıza məlumdur. Onların ölkəmizdəki havadarları radikal müxalifət və bir sıra «vətəndaş cəmiyyəti nümayəndələri»dir. Artıq Azərbaycanın inkişafı o səviyyədədir ki, bu cür əsassız iddialarla ölkəmizə təzyiq etmək mümkün deyil. 
Heç kimdə şübhə yoxdur ki, ilk Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Çünki Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyevanın rəhbərliyi ilə təşkilati işlər ən yüksək səviyyədə icra olunur. Avropa Oyunları ilə əlaqəli olan Avropa nümayəndələri də dəfələrlə təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğulayıblar. Yəni demək isətyirəm ki, Avropa Oyunlarının uğurla keçiriləcəyi artıq həm dünya, həm də Avropa ictimaiyyətinə məlumdur. Əlbəttə ki, bu fakt Azərbaycanın beynəlxalq imicinə də çox müsbət təsir göstərəcək. Məhz buna görə də, müəyyən QHT-lərin cəhdləri heç bir nəticə verməyəcək. Hamı onları tanıyır, Azərbaycan ictimaiyyəti də belə kampaniyalara əhəmiyyət vermir. Yenə də, deyirəm ki, ciddi, nüfuzlu beyənlxalq təşkilatlar, idman qurumları, o cümlədən, Avropa Olimpiya Komitəsinin rəhbərliyi Azərbaycanın ilk Avropa Oyunlarına hazırlığını çox yüksək qiymətləndirirlər. 

- Əli müəllim, hazırda Azərbaycan xalqı əlamətdar gün ərəfəsindədir. May ayının 10-da Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü tamam olur və bu münasibətlə respublikamızın bütün guşələrində tədbirlər keçirilir. Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu prosesində rolu haqqında fikirlərinizi bilmək istərdik... 

- Heç şübhəsiz, bu gün dövlət quruculuğundan danışarkən ilk yada düşən Ulu öndər Heydər Əliyevin bu sahədəki danılmaz fəaliyyəti və əzmidir.  Bəli, 1993-cü ildən Azərbaycanda bütün atributlara malik güclü dövlət yaradıcılığına başlandı. Dövlət quruculuğu və onun hüquqi təminatı prosesi uğurlu xətt, istiqamət üzrə davam etdirildi. Bu, həqiqətən də, böyük nailiyyətdir. Hərçənd, Heydər Əliyevin fəaliyyəti daha dərin qatları özündə ehtiva edir. Yəni müasir Azərbaycanda dövlət quruculuğu ilə yanaşı ümumilikdə dövlətçiliyin inkişafı  Ulu öndərin adı ilə bağlıdır. 
Tarixə ekskurs etsək görərik ki, Azərbaycanda dövlətçiliyin inkişafı ən çox onun ərazisində dövlət qurumlarının və siyasi liderlərin, böyük sərkərdələrin fəaliyyət göstərdiyi dövrlərlə bağlıdır. Və belə dövrlər Azərbaycan tarixində az olmamışdır. 1993-cü ildən sonra bu istiqamətdə hadisələrin axarına diqqət yetirəndə, onun məqsədyönlü surətdə başqa bir məcraya yönəldildiyinin şahidi oluruq. Əsas kurs insanlarda etnik-milli duyğularla yanaşı, ictimai-siyasi özünüdərk duyğusunun, vətəndaşlıq duyğusunun formalaşdırılmasına yönəldilib. 
Heydər Əliyevin əsas amalı  dövlət işini  ümumxalq işinə çevrmək idi. Bu xüsusda Ulu Öndərin çox maraqlı bir fikri yada düşür: “Bir var dövlət işi ilə məşğul olan adamlar, bir də var adi vətəndaş. Adi vətəndaş da, əgər həqiqətən də vətəndaşdırsa, deməli, öz vətəninə, burada gedən proseslərə, dövlətinə biganə qala bilməz". Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, O, siyasəti iqtisadiyyatdan, mədəniyyətdən, milli-mənəvi dəyərlərdən təcrid etmirdi. Onun özünün bir şəxsiyyət kimi hərtərəfli hazırlıqlı olması, bütün  sahələrdə yüksək intellektual səviyyəyə malik olması xarici siyasət kursunun da kompleks şəkildə həyata keçirilməsinə imkan verirdi. Və əgər biz Heydər Əliyevin çıxışlarını diqqətlə izləsək, görərik ki, Onun ən böyük nailiyyət hesab etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsi idi
Üstəgəl, Azərbaycanın öz maraqlarına uyğun işlənib - hazırlanmış müstəqil siyasi kursu da Heydər Əliyevin əsəridir! Bu gün də həmin kurs böyük uğurla davam etdirilir. Və ya istər böyük və ya kiçik, uzaq  ya da qonşu dövlətlərlə, istərsə də iqtisadi və mədəni - mənəvi sahələrdəki tərəf - müqabillərlə münasibətdə Azərbaycan ilk növbədə öz milli maraqlarından çıxış edir. Hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasəti, eyni zamanda, uzun illər boyunca öyrəndiyimiz və öyrənəcəyimiz Heydər Əliyev irsi  dövlətçiliyimizin, dövlət quruculuğunun gələcəyi üçün də yetərli təminatdır.

- Ulu öndər Heydər Əliyev ilk milli Konstitusiyanın müəllifidir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, sivil cəmiyyətin formalaşmasında milli Konstitusiyanın rolunu necə dəyərləndirirsiniz? 

- Dövlət quruculuğundan danışarkən  onun bir qolu olan hüquqi dövlət quruculuğunu fərqləndirə bilərik. Çünki bu sahənin də özünəməxsusluğu var. Və təsadüfi deyil ki, 1993-cü ildə Ulu öndərin səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələr içində  hüquqi təməl və ümumilikdə hüquq anlayışı əsas prioritetlərdən birini təşkil edirdi. Demokratik hüquqi dövlət quruculuğu prosesi də məhz tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi.
Danılmaz faktdır ki, 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz Ümummilli lider Heydər Əliyevdir. Həqiqətən də, bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir. Və bütün bunlar Ulu öndər başda olmaqla bu işdə əməyi keçın insanların sayəsində idi.
Demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın - Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları öz əksini tapmışdır. 
Bildiyiniz kimi, ölkəmizdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Ümummilli liderimiz vicdan azadlığının təmin edilməsini, tolerantlıq mühitinin formalaşmasını əsl vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm amil sayırdı və respublikaya rəhbərliyi dövründə bu amilləri dövlət həyatının ayrılmaz hissəsinə çevirmişdi. Onu da qeyd edim ki, müəyyən dövrlərdə Konstitusiyaya ümumxalq səsverməsi nəticəsində müəyyən dəyişikliklər edilib ki, bu dövlət və milli maraqları özündə ehtiva edir.