YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın içməli su təchizatı sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin ideyaları bu gün də reallaşmaqdadır

Müsahibimiz “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov

- Qorxmaz müəllim, son illər Azərbaycan dinamik inkişaf dövrünü yaşayır. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası ictimai-siyasi sabitliyə və davamlı inkişafa töhfələr verməkdir. Ulu öndərin respublikaya rəhbərliyi dövründə əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı bir neçə iri layihə həyata keçirilmişdir. Bu layihələrin tarixi əhəmiyyəti  və istehlakçılara faydası barədə nə deyə bilərsiniz?

Azərbaycanda siyasi sabitliyin təmin edilməsi,  hüquqi dövlət quruculuğu,  yeni iqtisadi kursun müəyyənləşdirilməsi və davamlı inkişaf  görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi  xidmətləri sayəsində mümkün olmuşdur. Ölkəmizdə infrastruktur layihələrinin, o cümlədən istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin böyük bir hissəsi ulu öndərin adı ilə bağlıdır.

 Bilirsiniz ki, şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda sudan səmərəli istifadə tarixin  bütün dövrlərində aktual olmuşdur. Bu problem Bakı  şəhəri və Abşeron yarımadasında özünü daha qabarıq biruzə verib. Bakı şəhərinin sürətli inkişafı ilə əlaqədar ötən əsrin ikinci yarısında paytaxtda və ətraf ərazilərdə içməli su problemi yaşanırdı.  1969-cu ildə ulu öndər Heydər Əliyevin respublika  rəhbərliyinə gəlməsindən sonra  digər sahələr kimi su təchizatı sektorunda da dönüş yaranmışdır. 1970-ci ilin iyun ayının 10-da Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan KP MK-nın növbəti iclasında Kür su kəmərinin birinci növbəsinin istifadəyə verilməsinin sürətləndirilməsi ilə bağlı müvafiq təşkilatlar qarşısında tapşırıqlar qoyulur. Bundan sonra işlər sürətləndirilmiş  və 30 aya görülməli olan işlər qısa müddətdə başa çatdırılır və  1970-ci ilin 27 sentyabrında Birinci  Kür su kəmərlərinin birinci növbəsi istifadəyə verilmişdir. Kəmərin istismara verilməsi ilə bağlı keçirilmiş mərasimdə ulu öndər bu layihənin tarixi əhəmiyyətini xüsusi qeyd etmişdir: “Əgər bu gün Kür suyu Bakıya axırsa, bu, böyük sevinc və səadət bayramıdır, bunu təmin etmiş adamların hamısı isə nəcib hünər göstərmişdir. Kür su kəmərinin birinci növbəsinin, gələcəkdə isə bütün kompleksinin işə salınması Bakı, Sumqayıt şəhərlərində və bütün Abşeronda əhalinin və xalq təsərrüfatının suya artan tələbatının ödənilməsində, sözsüz, böyük rol oynayacaqdır”. 43 il əvvəl uzaqgörənliklə deyilmiş bu sözlərinin real həqiqətə çevrilməsinə bu gün bütün  Bakı və Abşeron əhalisi şahidlik edir.

Bu sahədə qazanılmış zəngin təcrübə Kürdən Bakıya ikinci xəttin çəkilişini də qısa müddətdə başa çatdırmağa imkan vermişdir. Cəmi bir il sonra - 1971-ci il sentyabrın 15-də birinci Kür su kəmərlərinin ikinci xətti istifadəyə verilmişdir. Bir məsələni xüsusi vurğulamaq istərdim ki, həmin illərdə  tikinti işlərinin qısa vaxtda başa çatdırılmasında Heydər Əliyevin SSRİ miqyasında  böyük nüfuzu əhəmiyyətli rol oynamışdır. 1980-88-ci illərdə İkinci Kür su kəmərləri sistemi ilə  Bakıya daha üç magistral su kəməri çəkilir. Bununla da, Kür su kəmərləri ilə Bakı və Abşerona nəql olunan suyun həcmi 3 dəfəyə yaxın artırılaraq saniyədə 9,5 kubmetrə və ya sutkada 820 min kubmetrə çatdırılır. Bu layihə təkcə həmin dövr uçun deyil, bu gün də əhəmiyyətini saxlayır. Bakı şəhərinə digər mənbələrdən verilən suyun artması hesabına Kürdən Bakıya nəql edilən suyun bir hissəsi ölkənin aran rayonlarının tələbatının ödənilməsinə yönəldilmişdir.

Kür su kəmərləri sisteminin yaradılması təkcə içməli suyun Bakı şəhərinə çatdırlması ilə yekunlaşmır. Həmin illərdə Abşeron yarımadasında minlərlə kilometr magistral və paylayıcı su xətləri çəkilmiş, yeni su anbarları, nasos stansiyaları tikilib istismara verilmişdir.  Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyət daşıyan Ceyranbatan sutəmizləyici qurğular kompleksinin inşasında da ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1961-ci ildə istismara verilmiş kompleksin üçüncü növbəsi, məhz ulu öndərin rəhbərliyi dövründə, 1978-ci ildə işə salınmışdır.

Həmin dövrdə Bakı şəhərinə böyük həcmdə içməli suyun daxil olması kanalizasiya infrastrukturunun genişləndirilməsi zərurətini də yaratmışdı. Ümummilli liderin göstərişi əsasında 1970-ci ildə əhalinin 2000-ci ilə qədər perspektiv artımı nəzərə alınmaqla paytaxtın “Böyük kanalizasiya” layihəsi işlənib hazırlanmışdır. Bu layihə çərçivəsində Hövsan Aerasiya Stansiyası, “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları tikilib istifadəyə verilmişdir. Bunun nəticəsində yalnız mexaniki təmizləmədən keçən və ya təmizlənmədən Xəzər dənizinə axıdılan çirkab suların böyük hissəsinin toplanaraq Hövsan Aerasiya Stansiyasına axıdılması və burada bioloji üsulla təmizlənib zərərsizləşdirilməsi təmin edilmişdir. 

Azərbaycanın şəhər və rayonlarında su təchizatı və kanalizasiya infrastrukturları yaradılması da ulu öndərin respublikaya rəhbərliyi dövrünə təsadüf edir. Həmin illərdə bölgələrdə yeni su mənbələrindən istifadə olunmuş, su anbarları tikilmiş, minlərlə kilometr su və kanalizasiya xətləri çəkilmişdir.   Yeri gəlmişkən  hazırda həyata keçirdiyimiz yeni layihələrin bir çoxunda həmin infrastrukturların imkanlarından istifadə olunur.

- Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakının və Abşeron yarımadasının  keyfiyyətli içməli su ilə təmin olunması məsələsi yenidən aktuallaşmışdır. Müstəqilliyin ilk illərində yaranmış çətinliklərə baxmayaraq ulu öndər bu sahənin inkişafını xüsusi diqqətdə saxlamışdır. Həmin illərə nəzər salaraq ümummilli liderin  içməli su təchizatı sektorunun inkişafında göstərdiyi xidmətlər barədə fikirlərinizi bilmək istərdik.

Əvvəlcə onu qeyd edim ki,  ötən əsrin 80-ci illərin sonları 90-cı illərin əvvəllərində baş verən iqtisadi tənəzzül bütün sahələrdə olduğu kimi su təchizatı sektorunda da özünü biruzə verirdi. Həmin illərdə mövcud olan infrastruktur obyektlərinin bir çoxu istismar tələblərinə, istehlakçıların artan tələbatına cavab vermirdi. Müstəqilliyini yenicə qazanmış Azərbaycanın məhdud maliyyə ehtiyatları içməli su təchizatı sektorunda iri həcmli layihələri həyata keçirməyə imkan vermirdi. Bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyev əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün beynəlxalq maliyyə təşkilatlarından kredit cəlb etmək təşəbbüsünü irəli sürdü.

1995-ci ildə ulu öndərin göstərişi ilə fiziki cəhətdən köhnəlmiş Ceyranbatan və Kür sutəmizləyici qurğularının yenidən qurulması üçün Dünya Bankından, eləcə də  Avropa Yenidənqurma və İnkişaf  Bankından dövlət zəmanətli kreditlərin cəlbi üçün danışıqlara başlanıldı. Məhz Heydər Əliyevin böyük qayğısı və şəxsi nüfuzu sayəsində MDB dövlətləri arasında ilk dəfə olaraq respublikanın su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu.  Həmin danışıqların nəticəsi olaraq “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayrılmasına razılıq verildi. Bu, Azərbaycan hökumətinin infrastruktur layihələrinin icrası məqsədilə xarici banklardan aldığı ilk böyük məbləğli kredit idi.

1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində Kür və Ceyranbatan sutəmizləyici qurğular komplekslərində  əsaslı yenidənqurma işləri aparılmışdır. Görülmüş işlər nəticəsində təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırılmışdır ki, bu da  paytaxt sakinlərinin  təmiz içməli su ilə təminatına imkan yaratmışdır.

Daha bir layihə isə Dünya Bankı və İsveçrə Konfederasiyası hökuməti ilə  birgə əməkdaşlıq çərçivəsində həyata keçirildi. 2000-ci il oktyabr ayının 30-da imzalanmış “Bakı şəhərinin məhəllədaxili nasos stansiyalarının yenidən qurulmasına maliyyə köməyi barədə” Qrant Sazişinə əsasən İsveçrə hökuməti 9,9 milyon frank (5,6 milyon ABŞ dolları) maliyyə yardımı ayırmışdır. Bu layihə çərçivəsində Bakı şəhərində 426 məhəllədaxili nasos stansiyasında bərpa işləri aparılmış nəticədə 350 min nəfər sakinin içməli su təminatı yaxşılaşmışdır.

Bakı şəhərini içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan, müstəqillik dövrünün ən böyük yerli infrastruktur layihələrindən olan Oğuz-Qəbələ-Bakı su kəmərinin ideya müəllifi də ulu öndər  Heydər Əliyevdir. 2002-ci il dekabrın 19-da keçirilən müşavirədə Prezident Heydər Əliyev paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar vermişdir. Ulu öndərin irəli sürdüyü bu ideya onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi. 2007-ci ilin mart ayında dövlət başçısının iştirakı ilə təməli qoyulmuş Oğuz-Qəbələ-Bakı su kəməri 3 ildən sonra istifadəyə verildi.  Bu kəmər istismara veriləndən sonra Bakı şəhərinin içməli su təchizatında stabillik yarandı.  Təsadüfi deyil ki, bu mənbədən gətirilən suyun  hesabına bu gün paytaxt sakinlərinin 78 faizi  fasiləsiz içməli su ilə təmin edilir. 

-  Yaxın vaxtlarda “Azərsu” ASC-nin yaranmasının 10 ili tamam olur. Səhmdar Cəmiyyətin 10 illik fəaliyyət dövründə əldə olunan nailiyyətlər barədə nə deyə bilərsiniz?

 “Azərsu” ASC-nin yaranması cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk illərinə təsadüf edir. 2003-cü ildə  Prezident seçilən cənab İlham Əliyev qısa müddətdə iqtisadi və sosial sahələrdə ciddi islahatlara başladı. Əgər xatırlayırsınızsa Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı  ilə bağlı ilk dövlət proqramı və  “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərman həmin dövrdə imzalanmış və təsdiqlənmişdir.  Həmin sənədlərdə əhalini sosial  rifahının  yaxşılaşdırılmasına yönəlmiş infrastruktur layihələrinin həyata keçirilməsi ciddi tapşırıq kimi qoyulmuşdur. İçməli su təchizatı və kanalizasiya sektorunda vahid idarəetmə sisteminin yaradıması məqsədi ilə cənab Prezident 2004-cü il iyun ayının 11-də “Azərsu” ASC-nin yaradılması haqqında Sərəncam imzalamışdır. 

Ümumilikdə Cəmiyyətin 2004-2013-cü illər üzrə fəaliyyəti çoxşaxəli  olmuşdur. İstərdim su təchizatı və kanalizasiya sektorunda əldə edilmiş nailiyyətlər barədə qısaca məlumat verim.

Həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində 2004-2013-cü illərdə  su təchizatı sektoru üzrə 5130 km  içməli su və 1810 km kanalizasiya xətləri çəkilmiş, yeni suqəbuledici qurğular, su anbarları,  nasos stansiyası tikilərək istismara verilmişdir. Görülmüş işlərin nəticəsidir ki, 10 il əvvəl  ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 26 faizi fasiləsiz içməli su alırdısa, hazırda bu rəqəm 55 faizə çatdırılmışdır.

Son 10  ildə su təchizatı və kanalizasiya  sektorunda əlamətdar hadisələrdən biri əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranan borcların silinməsi olmuşdur. Cənab Prezidentin 08 aprel  2011-ci il tarixdə imzaladığı sərəncamla əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 1 fevral 2011-ci il tarixinə “Azərsu” ASC-yə olan 294,2 milyon manat məbləğində borcları silinmişdir.

 Bakı şəhəri və Abşeron yarımadasının su təminatında müstəsna əhəmiyyət daşıyan, memarı ulu öndərimiz Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə Bakı şəhərinin su təchizatında stabillik təmin edilmişdir. Bunun nəticəsində Kür sutəmizləyici qurğularından Abşeron yarımadasına verilən suyun həcminin azaldılmasına və yaranan əlavə ehtiyatın su təchizatı zəif olan bölgələrə yönəldilməsinə imkan yaranmışdır. Beləliklə, 1970-ci illərdə ulu öndər Heydər Əliyevin kənd və qəsəbələrin mərkəzləşdirilmiş qaydada su təminatının həyata keçirilməsi üçün irəli sürdüyü qrup su kəmərləri ideyasının reallaşması mümkün olmuşdur. Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edərək Şirvan-Muğan və Saatlı-Sabirabad qrup su kəmərləri layihələndirilmiş və real işlərə başlanılmışdır.

Artıq Şirvan-Muğan qrup su kəmərinin birinci mərhələsi istismara verilmişdir. 

107 km uzunluğunda kəmər cəmi bir il ərzində  inşa edilmiş və  bu mənbədən Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinə içməli suyun verilməsinə başlanılmışdır. Neftçala və Salyan şəhərlərinə, eləcə də kəmər boyu yerləşən kəndlərə suyun verilməsi ilə bağlı işlər davam etdirilir. Ümumilikdə bu layihədə 5 şəhərlə yanaşı  121 kəndin, ümumilikdə 470 min sakinin faydalanacağını proqnozlaşdırırıq.

Kür sutəmizləyici qurğularının imkanlarından istifadə etməklə Saatlı və Sabirabad şəhərləri, həmçinin 36 kəndin su problemi də öz həllini tapacaqdır. Hər iki şəhəri içməli su ilə təmin edəcək 65 km olan magistral kəmərin inşa edilir. Tezliklə bu şəhərlərin və  marşrut boyunca yerləşən kəndlərin 100 mindən artıq sakini keyfiyyətli su ilə təmin ediləcəkdir.

Regionlarda həyata keçirilən böyük layihələrdən biri Mərkəzi Aran bölgəsini əhatə edən, Girdimançayın yatağında yerləşən Külüllü su mənbəyi layihəsidir. 2011-ci ildə icrasına başlanan layihə çərçivəsində məhsuldarlığı saniyədə 500 litr olan suqəbuledici qurğu tikilmişdir. Su mənbəyindən Kürdəmir, Ucar, Zərdab və Ağsu şəhərlərinə ümumilikdə 170 km uzunluğunda magistral kəmərlər çəkilmiş,  4 şəhərin hər birinə içməli suyun verilməsi təmin edilmişdir. Bu layihə tam başa çatdıqdan sonra 170 mindən artıq əhali su ilə təmin ediləcəkdir.

Hazırda tikintisi davam edən Şəmkirçay su anbarı Gəncə şəhəri, eləcə də Şəmkir və Samux rayonlarının içməli su təminatında əsas mənbə rolunu oynayacaqdır. Artıq Gəncə və Samux şəhərlərini qidalandıracaq diametri 1400 mm, uzunluğu  27 km olan Şəmkirçay-Gəncə su kəmərinin tikintisi başa çatdırılmışdır. Belə layihələrdən biri də respublikamızın cənub bölgəsində həyata keçirilir. Cənub bölgəsində yerləşən yaşayış məntəqələrinin su təchizatı üçün mənbə kimi Xanbulan və Viləşçay su anbarları seçilmişdir. Xanbulançay dəryaçası yaxınlığında Lənkəran, Astara şəhərləri və 39 kəndi su ilə təmin edəcək sutəmizləyici qurğu tikilmiş, Xanbulan-Lənkəran magistral su kəmərinin tikintisi başa çatdırılmışdır. Masallı və Cəlilabad şəhərlərinin su təminatının yaxşılaşdırılması məqsədilə Viləşçay anbarı yaxınlığında sutəmizləyici qurğunun və magistral kəmərin tikintisi isə davam etdirilməkdədir.

Regionlarda həyata keçirdiyimiz layihələr çərçivəsində içməli su çatışmazlığının müşahidə olunduğu kəndlərin də içməli su probleminin həllinə xüsusi diqqət yetirilir. Magistral kəmərlərin keçdiyi ərazilərdə yerləşən, eləcə də rayon mərkəzlərinə yaxın kəndlərin bir hissəsi layihələrə daxil edilib. Hazırda “Azərsu” ASC-nin sifarişi ilə 24 rayonda icra olunan layihələr üzrə belə kəndlərin sayı 350-dən çoxdur. Şəhər mərkəzlərindən,  su mənbələrindən və magistral xətlərdən uzaqda yerləşən kəndlər üçün fərdi layihələr hazırlanıb həyata keçirilir.

Ümumilikdə 2004-cü ildən indiyədək regionların sosial iqtisadi inkişafı ilə bağlı iki dövlət proqramı icra olunmuşdur. Bu proqramlar çərçivəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda 3430 km  içməli su xətti, 1225 km kanalizasiya kollektorları və şəbəkəsi, 96 ədəd su anbarı, 39 ədəd su və kanalizasiya nasos stansiyaları tikilmişdir.

- Səhmdar Cəmiyyət  Bakı şəhəri və ətraf qəsəbələrdə də su və kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı layihələr həyata keçirir. Bu sahədə görülən işlər və perspektiv planlar barədə nə deyə bilərsiniz?

“Azərsu” ASC-nin su təchizatı və kanalizasiya infrastrukturunun yaradılması istiqamətində reallaşdırdığı layihələrin böyük  bir hissəsi Bakı şəhəri və Abşeron yarımadasında həyata keçirilir.

Qeyd edim ki, layihələrin səmərəliliyini artırmaq məqsədi ilə  2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı,  kanalizasiya sistemləri və yağış sularının idarə olunması sistemləri üzrə Master Plan hazırlanmışdır. Sənədə əsasən Bakı şəhəri və Abşeron yarımadasının su-kanalizasiya infrastrukturu xeyli genişlənərək bütün yaşayış məntəqələrini əhatə edəcəkdir. Master Plana uyğun olaraq Abşeron yarımadasında 8100 km su, 6400 km kanalizasiya xətləri və 140 km uzunluğunda kanalizasiya kollektoru çəkiləcəkdir. Bunlarla yanaşı qarşıdakı illərdə tutumu 650 min kubmetr olan 85 su anbarının, ümumi məhsuldarlığı sutkada 685 min kubmetr olan 7 çirkab sutəmizləyici qurğunun tikintisi və yenidən qurulması nəzərdə tutulur.

Master Plana əsasən hazırda Bakı şəhəri və Abşeron yarımadasının 40-dək yaşayış məntəqəsində layihələr icra edilməkdədir.  Bu layihələr çərçivəsində yaşayış məntəqələrində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemləri yaradılır.

Bakı şəhəri və Abşeron yarımadasında əhalinin keyfiyyətli və dünya standartlarına uyğun içməli su ilə təmin etmək əsas prioritetimizdir. Bu məqsədlə inşa edilən Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi +davam etdirilir. Məhsuldarlığı saniyədə 6 kubmetr olacaq bu qurğuda müasir metodla təmizlənəcək su Bakı, Sumqayıt və Xırdalan şəhərləri və ətraf qəsəbələrdə yaşayan 1 milyona yaxın insanın içməli su təminatına öz töhfəsini verəcəkdir.

Abşeron yarımadasının mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmayan qəsəbələrini içməli su ilə təmin etmək məqsədilə Ceyranbatan-Balaxanı-Qala magistral kəməri qısa müddətdə tikilərək 2013-cü ilin avqust ayında istifadəyə verilmişdir.  Kəmərin istifadəyə verilməsi nəticəsində 20-dək qəsəbənin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır. Layihənin davamı olaraq Zirə və Pirallahı qəsəbələri istiqamətində yeni magistral xəttin tikintisi davam etdirilir. Ümumilikdə bu layihədən 600  min nəfərin faydalanacağı gözlənilir.

Bakı şəhərinin mərkəzi hissəsində su təchizatının yaxşılaşdırılması istiqamətində işləri davam etdiririk. Cənab Prezident İlham Əliyevin əhalinin 24 saat keyfiyyətli içməli su təminatı barədə  tapşırığına uyğun olaraq indiyədək 900-dən artıq çoxmənzilli binanın daxili su təchizatı sistemləri yenidən qurulmuşdur. Nəticədə binaların alt paylayıcı xətləri və dik dayaqları tamamilə yenilənmiş, pilləkən qəfəsələrinə çıxarılmaqla hər bir mənzil smart-kart tipli sayğacla təmin edilmişdir.  

İstehlakçılara verilən içməli suyun və kənarlaşdırılan tullantı sularının tərkibinə tam nəzarət olunması üçün  yeni Mərkəzi laboratoriya yaradılmışdır. Laboratoriyada  Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılmışdır. Bu cihaz  və avadanlıqlar  içməli suyun 84 və tullantı sularının 54 parametri olmaqla, ümumilikdə 138 göstəricini təyin etməyə imkan verir.

Bir qədər də tullantı sularının axıdılması istiqamətində həyata keçirdiyimiz layihələrdən bəhs etmək istərdim. 2011-ci ildən bu sahədə başlanan işlər həm paytaxtda, həm də bölgələrdə geniş vüsət almışdır. Bakı şəhərində uzun müddət istismarda olan və yararsız vəziyyətə düşmüş xətlərin bir hissəsi dəyişdirilmiş, yeni kanalizasiya xətləri və kollektorlar çəkilmiş və hazırda bu sahədə işlər davam etdirilir. Burada xüsusilə tunel tipli kanalizasiya kollektorlarının tikintisini qeyd etmək lazımdır. Hazırda Xırdalan-Xocasən, Bilgəh-Pirşağı, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Zığ, Bayıl-Bibiheybət tunel tipli kanalizasiya kollektorlarının tikintisi  davam etdirilir. Qeyd edim ki,  bu kollektorlar xüsusi tunelqazan maşın və mexanizmlər  vasitəsi ilə tikilir və bu zaman yerüstü obyektlər inşaat işləri üçün heç bir problem yaratmır.  

Xəzər dənizinə Novxanı-Sumqayıt sahil zonasından axan çirkab suların qarşısını almaq məqsədilə uzunluğu 15 km olan kanalizasiya kollektoru tikilib istifadəyə verilmişdir. Bununla da Novxanı-Sumqayıt çimərliklərinin çirklənməsinin qarşısı alınmışdır.

Ötən il Hövsan Aerasiya Stansiyasında həyata keçirilən  əlavə tədbirlər nəticəsində dənizə axıdılan suyun texniki göstəriciləri normalara uyğunlaşdırılmış, lilin emalı ilə bağlı son texnologiya tətbiq olunmuşdur.

Həm içməli su təchizatı, həm də kanalizasiya sektorunda işlərimiz bununla bitmir, qarşıda yeni layihələrin icrası dayanır. Bilirsiniz ki, ölkə başçısı həm regionların, həm də Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqramlar təsdiq edib. Proqramların əsas istiqamətlərindən biri əhalinin fasiləsiz içməli su ilə təchiz edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinın yaxşılaşdırılmasıdır. Ümidvaram ki, cənab Prezidentin müəyyənləşdirdiyi hədəflərə tezliklə nail olmaq üçün  “Azərsu” ASC-nin kollektivi bütün imkanları səfərbər edəcək və ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə öz töhfələrimizi  verəcəyik.

- Müsahibə üçün təşəkkür edirik.