YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan ilk Avropa Oyunlarına böyük uğurla ev sahibliyi edəcək

   Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin İcraiyyə komitəsinin üzvü Rauf Əliyev

- Rauf müəllim, ilk Avropa Oyunlarının başlanmasına qısa bir müddət qalıb. Sizcə, bu hadisə, ölkəmizə nə kimi dividentlər gətirəcək? 

- Bilirsiniz ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz uğurlu daxili və xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycanın inkişafını şərtləndirməklə yanaşı, bütövlükdə dünya üçün böyük töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün Azərbaycan sabitlik adası, mədəniyyətlərin qovuşduğu, tolerant məkan kimi səciyyələndirilir. Əlbəttə ki, bütün bu amillər Azərbaycanı beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirib. Eyni zamanda, xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu nailiyyətlər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət nəticəsində   qazanılıb. İllərdir ki, Prezident İlham Əliyev bu siyasəti uğurla həyata keçirir və bunun da bəhrələri göz önündədir.
Doğrudur, Azərbaycanın uğurlarına sevinməyən qüvvələr də var, bədxahlarımız hər zaman ölkəmizin imicinə zərər yetirmək üçün cəhdlər edirlər. Hazırda da, bu cəhdlər mövcuddur. Amma bu cəhdlər həmişəki kimi puç olacaq. Bu gün bütün dünyada ilk Avropa Oyunlarına böyük maraq var və beynəlxalq ictimaiyyət ölkəmizin bu möhtəşəm tədbirə hazırlığını diqqətlə izləyir. Avropa Oyunlarına hazırlıq işləri cənab Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi çox uğurlu fəaliyyət göstərir. Xalqımız əmindir ki, ilk Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Azərbaycan bu tədbirdə böyük uğurla ev sahibliyi edəcək. Eyni zamanda, bu hadisə Avropanın idman tarixinə qızıl hərflərlə yazılacaq. Bütün bunlar isə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirən faktor olacaq. 

- Qarşıdakı dövrlərdə ölkəmizdə nüfuzlu beynəlxalq yarışların keçirilməsi üçün idman infrastrukturlarının səviyyəsini necə qiymətləndirirsiniz?

- Ölkəmizdə idmanın inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılır. Həmin addımların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanda müasir səviyyəli idman infrastrukturu yaradılıb. Müasir idman kompleksləri, idman arenaları istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Bu amil ölkəmizin beynəlxalq idman federasiyaları və təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərib. Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Yəni, Azərbaycan müasir idman və digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. 

- Sizcə, yaradılan infrastruktur, şəraitlə yanaşı, ölkəmizdə idmanın kütləviliyinin təminatında bu sahənin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarının, qanunvericiliyin rolu hansı səviyyədədir?

- Ümumiyyətlə, bir faktı mütləq şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır. O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Prezidentimizin də qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var. Prezident İlham Əliyevin şəxsi səyi sayəsində bölgələrdə gənclərin sağlam şəkildə yetişdirilməsi, ölkəmizin genefondunun-gənclərimizin sağlam ruhda böyüməsi üçün əsaslı addımlar atılır. Digər tərəfdən, hər bir istiqamət kimi idmanın inkişafı da ölkə qanunları çərçivəsində tənzimlənir. Bu gün ölkəmizdə idman təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəb səviyyəsində də inkişaf etdirilir. “Bədən tərbiyəsi və idman haqqında” Qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistematikliyini təmin edir. Qanunda da göstərilir ki, bu istiqamətdə dövlət siyasətinin məqsədi bədən tərbiyəsi və idmanın hüquqi bazasını, bədən tərbiyəsi və idmanın inkişafının təmin etdirilməsini, yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi-idman təşkilatlarını, uşaq idman müəssisələri sistemini yaratmaqdan ibarətdir. Yəni, bu sahədə nailiyyət əldə olunması üçün bütün imkanlar yaradılır. O cümlədən, bu gün bütün idman təşkilatları üçün bərabər imkanlar yaradılıb və bütün idman sahələri inkişaf etdirilir. Bu özü-özlüyündə həm də sistematikliyi, davamlılığı təmin edir. Təbii ki, nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir, idmana qayğı, idmanın kütləviliyi həm də gənclərin inkişaf etdirilməsi sahəsində görülən işdir. Bu baxımdan, ölkəmizdə gənclərin inkişafına həsr olunan dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi də prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirici təbliğatın aparılması, idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır. Əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir. Ölkə rəhbərliyinin qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha onu deməyə əsas verir ki, ölkəmizdə idmanın inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin olunacaq.

- Rauf müəllim, millət vəkili olarq başqa bir məsələyə də münasibət bildirəmyinizi xahiş edirik. Avropa Parlamentinin uydurma «erməni soyqırımı» ilə bağlı qəbul etdiyi qətnaməyə münasibətiniz necədir?

- Avropa Parlamentinin qondarma erməni soyqırımını tanımasi ilə bağlı qəbul etdiyi qətnamə bir daha gostərdi ki, Avropa Parlamenti ikili standartlardan əl çəkmir ancaq öz mənafeləri naminə hadisələrə qiymət verirlər. Hal-hazırda dünyanın bir çox yerində münaqişə ocaqlarinda hər gün minlərlə insan öz həyatlarını itirir, qəsəbə və kəndlər, şəhərlər yerlə yeksan olur milyonlarla insan öz doğma evlərini tərk etməyə məcbur olurlar.
Maraqlı budur ki, Ermənistanın Azərbaycan torpaqlarıni işğal etməsi barədə BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq, Azərbaycanın 20 faiz torpaqları hələ də erməni qəsibkarlarının işğalı altındadır. İşğal olunmuş torpaqlarda çoxlu sayda tarixi və mədəniyyət abidələri məhv edilmiş, bir milyondan çox azərbaycanlı öz doğma yurdlarını tərk etməyə məcbur olmuşlar. 20-ci əsrin əvvəllərində erməni daşnaq-bolşevik qrupları Azərbaycanın müxtəlif bölgələrində minlərlə azərbaycanlını vəhşicəsinə, işgəncələrlə öldürmüşlər. Bu hadisələrin bariz nümunəsi Quba məzarlığıdır. Bu məzarlığı ziyarət edən müxtəlif ölkələrdən gələn nümayəndələr gördükləri mənzərədən dəhşətə gəlirlər. 20-ci əsrin sonlarında bu hadisələr yenidən təkrarlandı. Xocaləda baş verən dəhşətli qətliyam əslində soyqırım hadisəsidir.Bu soyqırım əməliyyatına rəhbərlik etmiş Ermənistanın indiki prezidenti Sarkisyan utanmadan bu əməlləri törətdiyini Avropalı deputatların qarşısında bəyan etmişdir. Bütün bunları Avropalı deputatlar çox sakit qarşılayırlar, elə bil ki heçnə olmayıb.
“Qondarma soyqırım” məsələsi ilə bağlı Türkiyə tərəfi dəfələrlə hər iki dövlətin tarixçilərinin iştirakı ilə birgə komisiya yaradılmasını təklif etmişlər. Lakin Ermənistan tərəfi bu təklifləri qəbul etmirlər, çünki özləri də bilirlərki bu uydurulmuş “soyqırımı” tarixi faktlarla sübüt etmək mümkün olmayacaq. Elə düşünürəm ki, belə bir qətnamənin qəbul edilməsində bir neçə gün bundan öncə Roma Papasının yüksək din xadimi rütbəsi olan bir şəxsin öz çıxışında bu “qondarma soyqırım” ifadəsini işlətməsi də müəyyən rol oynamışdır. Hesab edirəm ki, AP-nın bu fitnəkar qətnaməsi təkcə Türkiyə Respublıkasına qarşı yox bütünlükdə bütün Türk dünyasına qarşı yönəlmişdir. Ona görə də, hər birimiz AP-nin bu riyakar qətnaməsinə öz etirazımızı bildirməliyik.