YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycandakı sabitlik və əminamanlıq ən böyük uğurlarımızdan biridir

Müsahibimiz Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı

- Məlahət xanım, bir neçə gün öncə Nazirlər Kabinetinin Milli Məclisdə illik hesabatı təqdim olundu. Ümumiyyətlə, Azərbaycanın sosial-iqtisadi sahədə həyata keçirdiyi siyasəti necə qiymətləndirirsiniz? 

- Təbii ki, dünyada çox mürəkkəb proseslərin baş verdiyi şəraitdə Azərbaycandakı sabitlik və əminamanlıq ən böyük uğurlarımızdan biridir. Hökumətin illik hesabatında da biz bu nailiyyətləri bir daha hiss etdik. Azərbaycanın bütün sahələrdə uğurlar qazanması bir faktdır. Həmin hesabatda da ötən il ərzində qazanılmış nailiyyətlər sadalandı. 
İqtisadiyyatımız inkişaf edir, əhalinin sosial müdafiəsi daim gücləndirilir, təhlükəsizliyimiz diqqət mərkəzindədir. Artıq iqtisadiyyatın qeyri-neft sektoru da sürətlə inkişaf edir. Sənaye müəssisələri, texnoparklar, loqistik mərkəzlər yaradılır. Bütün bunlar çox yaxşı hal olmaqla yanaşı, həm də yeniliklərdir. Məsələn, texnoparklar sözünün özü leksinomuza yeni daxil olub. Onun bir sahə kimi artıq iqtisadiyyatımıza daxil olması böyük faydalar verəcək.
Eləcə də, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları nəticəsində bölgələrimizin siması tamamilə dəyişir. Prezident  İlham Əliyevin vurğuladığı kimi bizim həyata keçirdiyimiz siyasətin arxasında konkret proqramlar, layihələr və nəticələr dayanır. Həqiqətən də, bu gün biz bu siyasətdən doğan proqramların uğurlu nəticələrini görürük. Bu proqramlar nəticəsində yeni yollar çəkilir, müəssiələr, yeni iş yerləri açılır, sosial obyektlər istifadəyə verilir. Məsələn, keçmiş SSRİ-dən bizə 5000-ə qədər məktəb miras qalmışdı ki, onların böyük əksəriyyəti istismara yararsız idi. Amma bu gün ölkəmizdə bütün təhsil ocaqları ya yenidən inşa olunur, ya da əsaslı təmir edilərək istifadəyə verilir. Eləcə də, tibb müəssiələləri də yenidən qurulur, ən müasir avadanlıqlarla təmin olunur. 
Mən Heydər Əliyev Fondunun da fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Fond mühüm layihələr həyata keçirir. Ötən il ərzində də Heydər Əliyev Fondu uğurlu layihələr reallaşdırıb.
Həmçinin, ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün münbit şərait var. Millət vəkili seçildiyim Şəmkir rayonunda da böyük abadlıq və quruculuq işləri həyata keçirilir. Kənd təsərrüfatının inkişafından söz düşmüşkən, deməliyəm ki, Şəmkir çayının üzərində tikilən su anbarı böyük əhəmiyyət kəsb edir. Bu su anbarı on minlərlə hektar torpağı suvarma gücünə malikdir. Nəzərə alsaq ki, aqrar sahənin inkişafı üçün suvarma məsələsi həyati əhəmiyyətə malikdir, bu, çox möhtəşəm bir layihədir. 
Eyni zamanda, belə bir dəryaçanın tikilməsi bölgədə turizmin inkişafına şərait yaradacaq. Çünki bu su anbarı əsrarəngiz bir təbiətə malik olar ərazidə yaradılıb. Ona görə də, burada turizmin inkişafı üçün böyük imkanlar var. 
Təbii ki, müəyyən problemlər də var. Azərbaycan dünyanın bir parçasıdır. Ona görə də, dünyada baş verən proseslər ölkəmizin iqtisadiyyatına da müəyyən təsirlər edir. Amma başqa ölkələrlə müqayisədə,dünyadakı böhran  Azərbaycan iqtisadiyyatına cüzi təsir edib. Bu da ölkəmizdə həyata keçirilən düzgün sosial-iqtisadi siyasətin nəticəsidir.  

- Bugünlərdə TANAP layihəsinin təməli qoyuldu. Sizcə, bu layihənin əhəmiyyəti nədən ibarətdir? 

- Ümumiyyətlə, TANAP, TAP layihələri ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu artıran layihələrdir. Bu layihələr Avropanın enreji təhlükəsizliyin təminatçısı kimi Azərbaycanın  rolunu artırır. Ümumiyyətlə, Şahdəniz layihəsi çox böyük tarixi hadisədir. Amma ölkəmizin imza atdığı möhtəşəm layihələr bununla bitmir. Mən Bakı-Tbilisi-Qars dəmiryolunun da böyük əhəmiyyətini vurğulamaq istəyirəm. Bugünlərdə Qarsda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə bu layihənin növbəti mərhələsinin təqdimatı oldu. Yaxın zamanlarda dəmiryolunun inşasının başa çatması gözlənilir. Biz belə möhtəşəm layihələrin reallaşdırılmasından qürur duyuruq. Bütün bunlar ölkəmizin imicinin daha da yüksəlməsinə təsir göstərir, həm də Azərbaycanı etibarlı tərəfdaş kimi dünyaya təqdim edir. TANAP, TAP və digər enerji layihələri ölkəmizin əməkdaşlıqda, işbirliyində etibarlı olmasının sübutudur. Bu da Azərbaycanın gücüdür. 
Fikrimcə, Azərbaycanın beynəlxalq nüfuzu və gücü artdıqca, Qarabağ probleminin həllinə addım-addım yaxınlaşırıq. Artıq  dünyada ermənilərin işğalçılıq siyasəti ifşa olunur, həqiqətlər öz yerini tutur. Azərbaycan həqiqətlərrinin yayılmasında böyük nailiyyətlər əldə etmişik. Dünya ictimiyyəti ermənilərin ikiüzlülüyünü, işğalçı siyasətinin əsil mahiyyətini bilir. Hətta Avropa İnsan Haqları Məhkəməsi də uydurma «erməni soyqırımını» tanımaqdan imtina edib. Ermənilər bu sahədə də uğur qazana bilmirlər. Bütün bunlar Azərbaycan Türkiyənin birgə olaraq erməni saxtakarlığına qarşı apardığı siyasətinin nəticəsidir.

- İyun ayında ölkəmizdə ilk  Avropa Oyunları keçiriləcək. Sizcə, bu tədbir Azərbaycanın beynəlxalq müstəvidəki nüfuzuna necə təsir göstərəcək?

- İlk  Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir. Ölkəmiz bu möhtəşəm tədbiri yüksək səviyyədə keçirməyə hazırdır. 50-ə qədər ölkədən minlərlə idmançı gələcək. Bu da dövlətimizin gücüdür. Azərbaycan xalqı tarix boyu bəşər sivilizasiyasına böyük töhfələr verib. Bu hadisə də dünyanın, Avropanın tarixində mühüm bir hadisə kimi yadda qalacaq. Bilirsiniz ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi ilk Avropa Oyunları ilə əlaqədar, çevik fəaliyyət göstərir. Bunun nəticəsində möhtəşəm idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə əminik. Avropa ölkələrində də birinci Avropa Oyunlarının təqdimatı da yüksək səviyyədə keçirilir. Hesab edirəm ki, bu tədbir Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq. 

- Məlahət xanım, belə bir tədbir ərəfəsində bəzi dairələr ölkəmizin imicinə zərbə vurmağa çalışır. Buna münasibətiniz necədir? 

- Azərbaycanın uğurlarını istəməyən kifayət qədər xarici qüvvələr var. Sapı özümüzdən baltalar da var ki, həmin qüvvələrin maraqlarına qulluq edirlər. Azərbaycan çox strateji məkanda yerləşdiyi, zəngin təbii sərvətlərə  sahib olduğu üçün  həmişə təzyiqlərə məruz qalıb. Çünki dünyanın supergüclərinin bu regionda maraqları daim toqquşub. 
Təzyiqlərin səbəbi odur ki, müəyyən beynəlxalq dairələr Azərbaycan dövlətinin müstəqil, milli maraqlara xidmət edən siyasətini həzm edə bilmirlər. Ona görə də, qərəzli, qeyri-obyektiv rəy formalaşdırmağa çalışırlar ki, ölkəmizin imicinə mənfi təsir etsin. 
Amma mən deyərdim ki, Azərbaycanda olan demokratiya qərb dövlətlərinin bir çoxundan yüksəkdir. Azərbaycanın hüquq mühafizə orqanları öz vətəndaşına güllə atmır.  Amma ABŞ-da polislər dinc, günahsız insanları öldürürlər. Son aylar belə hallar daha da artıb. Avropa dövlətləri irqçi qanunlar qəbul edirlər, miqrantları, qaçqınları ölkəyə buraxmırlar. Bu isə humanizmdən, tolerantlıqdan uzaq bir məsələdir. Azərbaycan isə dünyada tolerantlıq üçün nümunə olan bir ölkədir. 
Bir sözlə, həmin dairələr nə edirlər etsinlər, dövlətin iradəsini sındıra bilməzlər. Azərbaycan müstəqil siyasət həyata keçirir, güclü dövlət başçımız var. Prezident İlham Əliyev milli maraqlarımızı qətiyyətlə qoruyur. Hörmətli Prezidentimiz milli maraqlarımıza xidmət edən siyasət həyata keçirir. Dövlətimizin başçısı beynəlxalq miqyasda ən yüksək tribunalardan cəsarətlə, yüksək vətənpərvərliklə, milli hisslərlə Azərbaycanın maraqlarını müdafiə edir.  
Əlbəttə ki, Azərbaycan cəmiyyəti sivil cəmiyyətdir. Dünyada hansı proseslərin baş verdiyini, müəyyən dairələrin ölkəmizə qarşı təzyiqlərinin həqiqi səbəblərini cəmiyyətimiz çox yaxşı bilir. Ona görə də, Azərbaycan haqqında yanlış məlumatlar ciddi qəbul olunmur. Təəssüf ki, ölkəmizdə bəzi qruplar xarici dairələrin əlində alətə çevrilib. Onların keçirdiyi son mitinqdə də cüzi adam var idi. Bu fakt onu göstərir ki, belə qüvvələri xalqımız birmənalı olaraq dəstəkləmir. 
Bizim əsas problemimiz torpaqlarımızın erməni işğalından azad olunmasıdır. İnanırıq ki, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq.