YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Şuşada keçirilən beynəlxalq konfrans Türkiyə və Azərbaycanın dünyaya verdiyi sülh məsajı idi

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu

-Türkiyə -Azərbaycan əlaqələri daima inkişaf edən və heç bir digər ölkələrarası münasibətlərə bənzəmir. Bunun səbəbini necə izah etmək olar?

-Hər şeydən öncə qeyd etmək  lazımdır ki, bu münasibətlər tarixi təbii müttəfiqliyimizə, xalqlarımızın milli maraqlarına və ortaq mənafelərinə əsaslanır. Hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan əlaqələri regionda sabitləşdirici rol oynayır. Bu əlaqələr digər bütün region ölkələri üçün də mühüm əməkdaşlıq platforması formalaşdırmaqla gələcək inkişaf üçün olduqca faydalı perspektivlər yaradır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi ciddi strateji çəkiyə malik layihələr Türkiyəni mühüm infrastruktur dəhlizinə çevirib. Qardaş ölkə bu mühüm enerji və nəqliyyat layihələrindən bəhrələnməklə, həm tranzit məkanına çevrilib, həm də bu layihələrdə pay sahibi olub. Türkiyə 40 milyard dollarlıq “Cənub Qaz Dəhlizi” layihəsinin üçüncü seqmentinin inşasına ev sahibliyi etməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm iştirakçıya çevrilib. Bu da qardaş ölkədə yüksək qiymətləndirilir. Bundan başqa, Azərbaycan Türkiyə iqtisadiyyatına 14 milyard, Türkiyə isə ölkəmizin iqtisadiyyatına 12 milyard dollar həcmində sərmayə qoyub. Əldə edilən bu mühüm nailiyyətlər yeni perspektivlər yaradır. Bütün bu məsələlər daha sıx əməkdaşlığı və daha dərin inteqrasiyanı şərtləndirir. Ona görə də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının vaxtaşırı keçirilən iclaslarında bütün bu məsələlər ətraflı müzakirə edilir, xeyli sayda  yeni müqavilələr imzalanır. Diqqət etsək, görəcəyik ki, bu müqavilələr sosial-iqtisadi sahədən tutumuş elmi–mədəni, humanitar, hətta hərbi-strateji sahəyə qədər olduqca geniş sektorları əhatə edir. Türkiyə hazırda dünya miqyasında bir gücdür, onun çox inkişaf etmiş müdafiə sənayesi var. Ona görə də iki ölkə arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi məhsullarının əldə edilməsi ilə də bağlı müqavilələr mövcuddur və bunlar Azərbaycanın hərbi-siyasi təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bunlarla yanaşı, Azərbaycan və Türkiyə öz təhlükəsizliklərini təmin etmək üçün terrorizmə qarşı da birgə mübarizə aparırlar. Bütün bunlar və buna bənzər çoxsaylı strateji məsələlər iki ölkənin öz təhlükəsizliklərini birlikdə təmin etmələri zərurətini yaradır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan da bu istiqamətdə addımlar ataraq XXI əsrdə milli təhlükəsizliyimizin yeni strateji əsaslarını yaradırlar.

-Hər iki ölkədə keçirilən prezident seçkilərindən sonra Prezidentlərin qarşılıqlı olaraq Türkiyə və Azərbaycana səfər etmələri necə səciyyələndirilə bilər?

 -Bu dövlətlərarası münasibətlərdə mühüm strateji ismarıc kimi qəbul edilir və ölkələrin xarici siyasətinin prioriteti kimi xarakterizə olunur. Azərbaycanın ən yaxın strateji müttəfiqi Türkiyə və Türkiyənin də ən yaxın strateji müttəfiqi Azərbaycandır. Ona görə də Prezident İlham Əliyevin seçkilərdən sonra ənənəvi olaraq  ilk səfərlərini qardaş Türkiyə Cümhuriyyətinə etməklə iki ölkə arasında strateji müttəfiqliyin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha nümayiş etdirmiş olur. Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətləri xarakterizə edərkən bildirib ki, bizi birləşdirən qədim və yeni tarix var.  Biz isə tərəddüdsüz olaraq qeyd edə bilərik ki, əgər bu tarixin qədim dövrlərini əcdadlarımız, müstəqilliyimizin ilk illərində böyük dövlət xadimi Heydər Əliyev qurubsa, ən yeni siyasi tariximizdə Türkiyə-Azərbaycan münasibətlərinin yeni keyfiyyətdə qurucusu məhz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğandır.

- Vətən müharibəsinə gələn yol və bu müharibədə əldə etdiyimiz tarixi qələbəmizdə də Türkiyə - Azərbaycan müttəfiqliyinin xüsusi rol oynaması necə qiymətləndirilə bilər ?

-Azərbaycanın əldə etdiyi tarixi-strateji qələbənin miqyası o qədər böyükdür ki, bunu dərk etmək üçün zamana ehtiyac var. Bu qələbə - şaquli dərin və üfüqi coğrafi olmaqla çoxvektorludur: İkinci görünən tərəfdir, hamımız bunu vizual olaraq aydın görürük ki, torpaqlarımız işğaldan azad edildi. Birinci isə heç də hamımızın görə bilmədiyi dərin qatlardadır. Zamanla üzə çıxdıqca biz onu dərk edəcəyik. Məhz dərin qatlarda baş verən hadisələr mənsub olduğumuz geostrateji rayonun gələcəyini təyin edəcək. Bu, elə bir gələcək olacaq ki, Azərbaycan-Türkiyə tandemi yeni dünya nizamında diktə edən güc mərkəzlərindən birinə çevriləcək. Xalqımızın Vətən müharibəsinin, İstiqlal savaşının sonu bizə qalibiyyət və yeni geostrateji status qazandırıb.Qısaca olaraq, bu tarixi qələbəyə necə gəldiyimizin siyasi arxeologiyası isə belədir. Problemin 70 illik fasilədən sonra yenidən aktiv fazaya keçməsi dövrü. Yəni, 1920-ci ildən 1988-ci ilədək davam edən passiv müharibənin 1988-ci ildə başa çatması. 1988-1994-cü illər assimmetrik müharibə dövrü və döyüşlərdə Azərbaycanın uduzdurulması. 1994-1997-ci illər fəal sülh axtarışları mərhələsi. 1997-2001-ci illər problemin həllinə yaxınlaşmaq mərhələsi. 2001-ci ildə Ki Uest fiaskosu. 2001-2003-cü illər danışıqların imitasiyası dövrü. 2003-2016-cı illər strateji sükut, yaxud səssiz müharibə dövrü. 2016-2018-ci illər strateji sükut və səssiz müharibə dövründə Azərbaycanın müharibəyə hazırlığının test edilməsi mərhələsi. Aprel və Günnüt döyüşləri. 2018-2020-ci ilin iyul tarixləri arasındakı vaxt nəticələrin təhlil edilməsi, çatışmazlıqların qısa müddətdə aradan qaldırılması və hərbi-siyasi və geostrateji zamanın zərgər dəqiqliyi ilə seçilməsi. 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 9-na qədər davam edən 44 günlük müharibə dövrü və tam qələbə, işğalçı Ermənistanın kapitulyasiya aktına qol çəkməsi. Ancaq müharibələr tarixi göstərir ki, müharibəyə başlamaq nə qədər çətindirsə, onu bitirmək ondan da çətindir. Üstəlik, yaşadığımız mürəkkəb regionda mövcud olan güc balansları konteksində bunu etmək daha da çətindir. Ancaq Azərbaycan bunu bacardı və hərbi qələbəsini siyasi-diplomatik qələbəsilə də taclandırdı. Sovet dövrü istisna olmaqla digər bütün mərhələlərdə Türkiyənin Qarabağ probleminin həllində daima Azərbaycanın yanında olmasını görürük. Ancaq bu müxtəlif səviyyələrdə fərqli keyfiyyətdə baş tutub. 2020-ci il sentyabr ayının 27 – də başlayan ikinci Qarabağ savaşında isə Türkiyə-Azərbaycan müttəfiqliyi dildən, fikirdən iş müstəvisində real əməkdaşlıq mərhələsinə keçdi. Bunun başlıca səbəbi isə hər iki ölkənin Prezidentlərinin yüksək siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirə bilmələri idi. Müzəffər Ali Baş Komandanımız və onun qalib ordusu 44 günlük ildırımsürətli müharibə ilə 30 il işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi və savaşın bütün mərhələrində qardaş Türkiyə Azərbaycanın yanında oldu. Bu iki ölkə arasında olan münasibətlərin təntənəsi, zirvəsi idi. Hazırda çox fəal və sürətli postmüharibə mərhələsinə qədəm qoymuşuq və ən çox müzakirə olunan məsələlərdən biri xalqımızın öz doğma torpaqlarında necə və nə vaxt məskunlaşacağı məsələsidir. Bu prosesdə də Türkiyə özünün şirkətləri, müasir yol və inşaat texnologiyaları ilə Azərbaycanın yanındadır.

- Müharibədən sonra Türkiyə və Azərbaycanın təşəbbüsü ilə Türk Şurası yeni ad və yenilənən strukturla fəalyyətə başladı. Hazırda təşkilatın fəaliiyəti ilə bağlı nələri qeyd etmək olar?

- Azərbaycanın əldə etdiyi tarixi qələbə regionda yeni geostrateji reallıq yaratmaqla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təşkilatını da cazibə mərkəzinə çevirdi. Bu təşkilatın daha funksional və səmərəli fəaliyyəti üçün yeni tarixi şərtlər formalaşdı və İstanbul zirvə görüşündə adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı oldu. Bu türk dövlətlərinin yeni birliyi kimi səciyyələndirilə bilər və heç şübhəsiz ki, Türkiyə-Azərbaycan tandeminin qalibiyyəti bu yeni reallığı yaratdı. TDT-in ilk toplantısında Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Orden ilə təltif olundu. Bu Prezident İlham Əliyevin türk dünyası qarşısında xidmətlərinə verilən ədalətli qiymət idi. Çünki istər Türk Şurasının yaranması və fəaliyyətinin təşkili, istərsə də bu təşkilatın genişlənməsi və beynəlxalq nüfuzunun artması istiqamətində Azərbaycan Prezidentinin gördüyü işlər olduqca strateji əhəmiyyət kəsb etmişdi. Türk Dövlətləri Təşkilatı hazırda beynəlxalq təşkilatlar arasında özünəməxsus yer tutmaqla bərabər, həm də mühüm strateji cazibə mərkəzlərindən birinə çevrilib. Türk Şurasına üzv olmaq istəyən ölkələrin sayı ciddi şəkildə artıb. Ancaq Prezident İlham Əliyevin türk dünyası qarşısında ən böyük xidməti yüz il əvvəl pozulmuş bu vahid etno-siyasi coğrafiyanın fiziki bütövlüyünü bərpa etməsidir. Bu, tarixi hadisədir və Prezident İlham Əliyevin adı ilə bağlıdır. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin liderləri bu qərarı qəbul edərkən məhz həmin ümumi mənafelərə xidmət edən reallığı nəzərə alaraq veriblər. Türk Dünyasının Ali Ordenini təqdim edərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə xitabən onu Müzəffər Ali Baş Komandan adlandırdı. Qardaş ölkənin dövlət başçısı dedi ki, qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Doğrudan da türk dünyasının fiziki bütövlüyünə xidmət edəcək bu mühüm tarixi hadisə bütün türk dünyası ölkələri üçün yeni iqtisadi-siyasi və strateji perspektivlər yaradır. Bu, hər şeydən öncə təqribən 170 milyona yaxın insanın və 1.5 trilyon dollarlıq ümümdaxili məhsul istehsalı imkanlarının qarşılıqlı və birbaşa əlaqəsinin yaradılması deməkdir.

-Hazırda Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın sədri olduqları hakim partiyalar arasında münasibətlər bu vaxta qədər müşahidə edilməyən dərəcədə yüksək səviyyəli və sıxdır. Partiyalararası münasibətlər iki qardaş ölkənin əməkdaşlığının daha da inkişaf etdirilməsinə nə kimi töhfələr verə bilər?

-Yeni Azərbaycan Partiyasının qurucu lideri, böyük dövlət xadimi Heydər Əliyevin  ifadə etdiyi ”Türkiyə ilə Azərbaycan bir millət iki dövlətdir”   düsturu hər iki ölkənin siyasi-ideoloji və ictimai həyatının da keyfiyyətini təyin etməklə cəmiyyətdaxili instututların qarşılıqlı əməkdaşlığı üçün  ilham mənbəyi rolunu oynayır. Cəmiyyətdaxili siyasi instututların əsasını  isə siyasi partiyalar təşkil edir. Bu mənada hər iki qardaş ölkənin milli iradəsinin təmsilçiləri olan hakim siyasi partiyaları, yəni AK Parti və Yeni Azərbaycan Partiyasının qarşlılqlı faydalı əməkdalığı şübhəsiz ki, mahiyyət etibarilə öklələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə özünəməxsus töhfələr verə bilər. Ona görə də hakim partiyaların sədrlərinin siyasi iradələri iki partiya arasında olan əməkdaşlığın da siyasi təməlini və ruhunu təşkil edir. Hazırda Yeni Azərbaycan Partiyası öz inkişaf tarixinin yeni yüksəliş mərhələsinə qədəm qoyub. YAP- ın sonuncu Qurultayında mühüm dəyişiklər baş verib, yeni Mərkəzi Aparat formalaşdırılmaqla həmin Aparata yeni rəhbər təyin olunub. YAP Sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərliyi altnda qısa müddətdə partiyadaxili strukturlaşmada və təşkilatlanmada nəzərəçarpacaq dərəcədə keyfiyyət dəyişikliyi baş verib. Şübhəsiz ki, bütün bunlar paralel olaraq YAP-ın xarici əlaqələrinin də inkişaf etdirilməsi üçün zəmin yaradıb. Xarici əlaqələrin inkişafı istiqamətində isə əlbətdə ki, proritet qardaş ölkənin hakim partiyası AK Parti ilə olan münasibətlərdir. Artıq qısa müddət ərzində istər videoformat şəklində istərsə də canlı olaraq çoxsaylı konfranslar və görüşlər keçirilib. 2021-ci ilin iyun ayında YAP Sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya səfər edib və ilk dəfə olaraq iki partiya arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Hər iki partiyanın gənclər təşkilatları və digər uyğun qurumları arasında sıx əməkdaşlıq yaradılıb və faydalı təcrübə mübadiləsi həyata keçirilib.

-İyun ayının 15 də  Şuşa şəhərində  Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Şuşa bəyannaməsinin birinci ildönümünə həsr edilmiş beynəlxalq konrans keçirildi. Konfrans dünyaya hansı məsajları vermiş oldu?

-İki  hakim partiyanın təşəbbüsü ilə  iyunun 15-də Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda  keçirilən beynəlxalq konfrans  ən yeni siyasi tariximizin mühüm hadisəsi kimi yadda qaldı. Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırım, Türkiyə Respublikasının kənd təsərrüfatı naziri Vahid Kirişçi, Türkiyənın mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türkiyə Milliyyətçi  Hərəkat Partiyasının  Baş katibi İsmət Böyükataman, YAP İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının və Gənclər Birliyinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri və digərləri iştirak etdi. Bu möhtəşəm tədbir AK Parti və Yeni Azərbaycan Partiyasının əməkdaşlığı kontekstində hər iki ölkənin siyasi sistemini təşkil edən aparıcı təşkilatlanmaların da siyasi təması  və milli maraqlar ətrafında ortaq fəaliyyəti kimi də  yadda qaldı. Şuşadan regiona və bütün dünyaya sülh və təhlükəsizlik məsajları verildi. Regionun inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün olduqca maraqlı konseptual fikirlər səsləndirildi və çıxışlar edildi. Şübhəsiz ki, bütün bunlar eyni zamanda hər iki ölkənin siyasi sisteminin qarşılıqlı inteqrasiyası və əməkdaşlığı üçün də yeni fürsət və imkanların əsasını qoymuş oldu.