YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan müasir dünyanın enerji təhlükəsizliyinin qarantına çevrilməkdədir

Müsahibimiz Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov

-Cavid müəllim, “TEKNOFEST” Aerokosmik və texnologiya festivalının ölkəmizdə keçirilməsinin səbəbləri nə idi? Bir də ki, festivalın Azərbaycan üçün mahiyyəti nədən ibarətdir?

- “TEKNOFEST” Aerokosmik və texnologiya festivalı qardaş Türkiyə Respublikasında 2018-ci ildən keçirilməyə başlayıb. Festivalın keçirilməsinin məqsədi Türkiyə istehsalı olan texnologiyaları nümayiş etdirməkdir.  Türkiyə ilə Azərbaycan qardaş ölkələr, xalqlarımız isə eyni soy-kökə məxsus xalqlardır. Ölkələrimiz arasında olan dostluq münasibətlərinin qədim tarixi vardır. Lakin iki qardaş ölkə arasında münasibətlər ölkələrimizin başçılarının dostluq-qardaşlıq münasibətlərindən qaynaqlanaraq son illərdə daha da inkişaf etmiş, ötən ilin 15 iyununda imzalanmış Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi ilə özünün ən ali zirvəsinə yüksəlmişdir. Artıq ölkələrimiz hər bir sahədə sıx əməkdaşlıq edir, qarşlıqlı təcrübə mübadilələri aparılır. Təbii ki, “TEKNOFEST” Aerokosmik və texnologiya festivalının ölkəmizdə keçirilməsinin əsas səbəbini ölkələrimiz arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri təşkil edir.

Festivalın ölkəmiz üçün mahiyyəti isə ondan ibarətdir ki, ölkəmizdə istehsal olunmuş texnoloji vasitələr və ixtiraların böyük auditoriyaya təqdimatı üçün mühüm bir imkan oldu. “TEKNOFEST”-in Azərbaycanda keçirilməsi, eyni zamanda, özlüyündə birlik nümayişi idi. Bir daha bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının, hərəyliyinin şahidi oldu.

-“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında ölkə başçılarının çıxışları haqqında fikirlərinizi bilmək maraqlı olardı.

- Prezident cənab İlham Əliyev öz nitqində iki ölkə arasında mövcud olan yüksək səviyyəli dostluq-qardaşlıq münasibətlərindən bəhs edərək Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu bildirdi. Həqiqətən də ölkələrimiz həm yaxşı gündə, həm də çətin günlərdə bir-birinin yanındadır və         bir-birinə dəstəkdir. Ölkə başçısı Vətən müharibəsinin ilk saatlarında qardaş ölkənin Prezidentinin səsləndirmiş olduğu bəyanatı xatırladaraq qeyd etdi ki, Azərbaycan xalqı bunu heç zaman unutmayacaqdır.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da öz çıxışında ölkə və xalqlarımızın qardaşlıq münasibətlərinə diqqət çəkərək gələcəkdə də Türkiyənin Azərbaycanın yanında olacağını bəyan etdi. Həmçinin cənab Rəcəb Tayyib Ərdoğan öz nitqi ilə müəyyən mesajlar verdi ki, bu da özlüyündə Azərbaycan və Türkiyənin yeni güc mərkəzi olmasını sübut edir.

-Cavid müəllim, güc mərkəzi demiş,  bir neçə gün öncə paytaxtımızda növbəti bir beynəlxalq əhəmiyyətli tədbir - Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçirildi. Bu haqda nə deyə bilərsiniz?

-Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi 1994-cü ildən etibarən hər il keçirilən bir tədbirdir. Yalnız son iki il ərzində COVİD-19 pandemiyası səbəbindən bu sərgi keçirilməmişdir. Yenidən bu sərginin keçirilməsi deməyə əsas verir ki, bu tədbirə böyük maraq vardır. Elə iştirakçı ölkə və şirkətlərin sayı da bunu təsdiq edir. Sərginin Bakının evsahibliyi ilə keçirilməsi isə tədbirə əlavə maraq yaradır. Çünki Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı istənilən növ beynəlxalq tədbiri yüksək səviyyədə və təhlükəsizlik şəraitində təşkil etmək bacarığına malikdir. Bunu isə bütün dünyada hər bir ölkə bilir.

Prezident İlham Əliyev öz nitiqində bildirdi ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda təlabatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Daha sonra Prezident cənab İlham Əliyev müasir dünyanın ən böyük enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi haqqında danışaraq bu layihənin Avropanın enerji təhlükəsizliyi üçün böyük töhfə olduğunu qeyd etdi. Azərbaycanın etibarlı tərəfdaş olduğuna diqqət çəkən cənab İlham Əliyev  vurğuladı ki, ölkəmiz bu vaxta qədər imzalanmış müqavilələrdə bir söz belə dəyişməyib və öz öhdəliklərinə sadiqdir. Həmçinin Azərbaycan tərəfdaşlardan da bunu gözləyir. Xüsusilə, son illər ərzində Azərbaycan qazına təlabat durmadan artır və bunun üçün də yeni müqavilələr lazımdır.

-Azərbaycan qazına dünya bazarında təlabatın artmasının səbəbləri nədir?

-Bilirsiniz, dünyada cərəyan edən mürəkkəb siyasi proseslər, toqquşmalar hər bir sahəyə öz təsirini göstərir. Maraqların toqquşması, ziddiyyətli məqamlar, ələlxüsus da Rusiya-Ukrayna müharibəsindən irəli gələn məsələlər dünya enerji bazarında da fərqli münasibətlər yaratmağa başlayıb. Avropa üçün artıq yeni enerji mənbələrinə ehtiyac yaranıb. Təbii ki, buradan irəli gələrək Azərbaycanın enerji bazarında rolu artmaqdadır. Azərbaycan müstəqil dövlətdir və müstəqil iqtisadi siyasət yürüdür. Azərbaycanın enerji siyasəti dünyanın ABŞ, Birləşmiş Krallıq kimi böyük dövlətləri tərəfindən bəyənilir və dəstəklənir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi enerji diplomatiyası və uğurlu strategiya nəticəsində Azərbaycan təkcə neft-qaz ixrac etmir, eyni zamanda, 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edilir. Bundan əlavə, ölkəmiz Avropaya da elektrik enerjisi ixrac etməyi planlaşdırır. Ölkəmizin bu potensialı da yüksəskdir. Xüsusilə, son zamanlar bərpaolunan enerji mənbələrinə dövlət tərəfindən marağın artması və bu istiqamətdə əməli işlərin görülməsi ixrac imkanlarını artıracaqdır. Bir sözlə, əminliklə demək olar ki, Azərbaycan müasir dünyanın enerji təhlükəsizliyinin qarantına çevrilməkdədir.