YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Soçi görüşü Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti diplomatik qələbəsidir

   YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov

-Cavid müəllim, noyabrın 26-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Soçi görüşünü necə qiymətləndirirsiniz? Bu görüşdə  10 noyabr 2020-ci il Bəyanatının imzalanmasından ötən bir ildə həllini tapmayan məsələlərlə bağlı hansı qərarlar qəbul olundu?

-Xüsusu qeyd etmək lazımdır ki, Ermənistan tərəfinin nə qədər təxribatlar törətməsinə baxmayaraq üçtərəfli görüş baş tutdu. Çünki bildiyiniz kmi, üçtərəfli görüş noyabrın 9-na planlaşdırılmışdır. Nikol Paşinyan  Ermənistanın bundan boyun qaçırdığını  açıq şəkildə etiraf etdi. Nəhayət ki, Soçidə Rusiyanın təşəbbüsü ilə üçtərəfli görüş baş tutdu. Ümumilikdə bu görüşü  üç hissəyə bölmək olar:  Rusiya-Azərbaycan  əlaqələri;  üçtərəfli  görüş və nəhayət, görüşdə qəbul olunan sənəd. Əlbəttə, onu xüsusi qeyd etmək lazımdır ki,  cənab İlham Əliyev qətiyyətlə,    qalib xalqın, qalib ordunun Lideri, bununla paralel olaraq haqlı tərəfin rəhbəri kimi bu görüşə  qatılmışdır. Rusiya Prezidenti Vladimir Putinin görüşdən öncə Azərbaycan Prezidentini qəbul etməsi  bir daha göstərdi ki, Vladimir Putinin azərbaycanlı həmkarına  çox böyük hörməti və etimadı var.  Rusiya və Azərbaycan Prezidentlərinin baş tutan ikitərəfli görüşündə  iki ölkənin münasibətlərindən geniş bəhs olundu. Qeyd olundu ki, Rusiya və Azərbaycan strateji tərəfdaşdılar. Strateji tərəfdaşlığı bütün sahələr üzrə  daha da inkişaf etdirmək üçün  bu gün bir sıra istiqamətlər  üzrə 7 yol xəritəsi icra edilməkdədir.  Təkcə bir faktı  qeyd etmək kifayətdir ki, pandemiya dövrünün olmasına baxmayaraq cari ilin 9 ayında Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 11 faiz artmışdır. Bu bir daha onu göstərir ki,  Rusiya ilə Azərbaycan arasında  münasibətlər yüksələn xətlə inkişaf edir. Əlbəttə,  Azərbaycan- Rusiya münasibətlərinin belə yüksək səviyyədə inkişaf etməsində  hər iki ölkənin liderlərinin  rolu böyükdür. 

  Əlbəttə, bizi narahat edən Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin  üçtərəfli görüşü idi.  Üçtərəfli görüşün yekununu qiymətləndirsək  qeyd edə bilərik ki, Azərbaycanın konstruktiv mövqeyi bu görüşün nəticələrində ifadə olundu.  Xüsusi qeyd edə bilərik ki, üçtərəfli görüş Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yekunlaşdı. Üçtərəfli görüşdə  Azərbaycan Prezidentinin konstruktiv mövqe nümayiş etdirməsi və Rusiyanın mövqeyinin də bir çox məsələlərdə Azərbaycanın mövqeyi ilə  üst-üstə düşməsi, Ermənistan baş nazirinin  çox aciz durumda olması və sanki məktəbli uşaq kimi şikayətlə çıxış etməsi açıq şəkildə görünürdü. Ermənistanın hazırkı vəziyyəti Nikol Paşinyanın  görüşə hansı formada qatılacağından  xəbər verirdi.  Birincisi,  Ermənistanın  baş naziri çalışırdı ki, üçtərəfli görüş baş tutmasın. O, daha çox Qərb görüşünə maraq göstərirdi.  Artıq qeyd etdiyimiz kimi, işğalçı dövlət təxribatlar törətməklə bu görüşün baş tutmasında maraqlı olmadığını  göstərmişdi. 9 noyabr 2020-ci il  Ermənistan üçün çox ağır bir gündür. Bu baxımdan Nikol Paşinyanın çıxışında  30 ildə fəaliyyətində heç bir nəticə ortaya qoymayan Minsk qrupunun dirçəldilməsi ilə bağlı ifadə işlətməsi, qondarma hərbi əsir və girov  məsələsini gündəmə gətirməsi və sair kimi məqamlar Ermənistanın hansı vəziyyətdə olmasının və bu açıqlamaların nəyə hesablandığının  göstəricisidir.  Üçtərəfli görüşün yekunu olaraq mətbuata bəyanatda səsləndirilən fikirlər bir daha göstərdi ki,  Azərbaycan üçtərəfli görüşdə masa üzərində hansı məsələləri zəruri hesab edirdisə, bütün bunların hamısını ardıcıllıqla, qətiyyətlə  həyata keçirdi. Üçtərəfli görüşdən sonra səsləndirilən bəyanatlara diqqət yetirək. Birincisi, Rusiya Prezidentinin, ümumiyyətlə, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməməsi  bir daha təsdiqlədi ki,   Azərbaycanın 44 günlük Vətən müharibəsində  əldə etdiyi  tarixi Zəfərdən sonra yeni yaratdığı  reallıqlar artıq dünya ölkələri, o cümlədən  bölgəmizin ən böyük ölkələrindən olan və bu məsələdə vasitəçilik rolunu həyata keçirən  Rusiya tərəfindən birmənalı olaraq qəbul edilir. İkincisi, Rusiya Prezidenti Vladimir Putinin  məhz dəhlizlərin açılması məsələsini dəfələrlə ifadə etməsi  bir daha göstərdi ki, Azərbaycan qədər də Rusiyanın Zəngəzur dəhlizinin açılmasında çox böyük istəkləri var. Soçi görüşü Zəngəzur dəhlizinin açılması istəqmətində  çox əhəmiyyətli rol oynadı. Digər bir tərəfdən Azərbaycan dəfələrlə ifadə edirdi ki, biz artıq sərhədlərin delimitasiyası və  demarkasiyasına  başlamağa,  bölgədə sülhün, əmin-amanlığın  bərqərar olması üçün kommunikasiyaların  açılmasına,  sülh sazişinin imzalanmasına hazırıq. Bütün bunlar Soçi görüşündə müzakirə predmeti olub.  Qısa zamanda, bu ilin sonuna qədər mexanizmi işlənib hazırlanacaq.  Bunun üçün növbəti həftə  üçtərəfli İşçi Qrupu, yəni Azərbaycan,  Rusiya və Ermənistanın  baş nazirlərinin müavinləri çərçivəsində  görüş keçiriləcək. Qısa zamanda sərhədlərin delimitasiyası və demarkasiyası  ilə bağlı işlərə başlanacaq ki, bu da Azərbaycan tərəfinin  son  bir ildə dəfələrlə  ifadə etdiyi bir mövqedir.  Bütün bunlar sülh müqaviləsinin  imzalanmasına aparan yoldur. Üçtərəfli görüşdə əsas müzakirə predmetlərindən biri bu oldu. Qeyd edildi ki, artıq sülh müqaviləsinin imzalanması istiqamətində də çox zaman keçmədən işləmək lazımdır. Bir sözlə,  Azərbaycanın  prioritet qəbul etdiyi  və  Vətən müharibəsi başa çatdıqdan sonra dəfələrlə açıqladığı  və qarşıya qoyduğu hədəflərin  hamısı Soçi görüşündə Azərbaycanın   istədiyi kimi  artıq öz əksini tapmış oldu.

 - Bu konteksdə Ermənistanın mövqeyini  necə qiymətləndirirsiniz? Son bir ildə, həmçinin Soçi görüşündə Ermənistanın ikibaşlı oyununu gördük. Nikol  Paşinyanın açıqlamalarından hansı qənaət yaranır-Sülhə hazırdılar, ya yox?

-  Əlbəttə,  Ermənistanın baş nazirinin  yenə də ikibaşlı oyun oynadığını gördük. Ermənistan maksimum dərəcədə Rusiyaya arxa çevirib, özünə müəyyən Qərb dairələrində yeni arxa axtarmaqla bütün məsələləri Qərb məkanına yönəltmək istədi. Amma bu, alınmadı. Çünki Soçi görüşü bu məsələlərin konkret təməlini qoydu. Digər bir tərəfdən, Ermənistan çalışır ki, Nikol Paşinyanın ifadə etdiyi kimi, Minsk qrupunu dirçəltsin.  Bu, əlbəttə,  qəbuledilməzdir.  Vətən müharibəsi başa çatdıqdan  sonra Minsk qrupunun hər hansı təşəbbüslə çıxış etdiyini,  təkliflər verdiyini  görmədik.  Vətən müharibəsindən öncə də  münaqişənin həllində heç bir irəliləyiş olmamışdır. Əlbəttə, burada Nikol Paşinyanın ən çox istədiyi ondan ibarətdir ki,  Fransanın vasitəçiliyini təmin etsin.  Fransa açıq şəkildə istər Vətən müharibəsində, istərsə də postmünaqişə dövründə  ermənipərəst mövqe nümayiş etdirdi. Ermənistan da bütün gücü ilə çalışır ki, artıq ölmüş Minsk qrupunu  yenidən canlandırsın.

-Cavid müəllim, Ermənistan bununla nəyə nail olmaq istəyir? Artıq yenidən  Minsk qrupunun dirçəldilməsini masa üzərinə gətirməyə ehtiyac varmı?

-  Vətən müharibəsi dövründə Fransanın bəyanatları  birmənalı olaraq Azərbaycana qarşı idi. Azərbaycanın işğaldan azad etdiyi torpaqlarını yenidən Ermənistana qaytarmaq kimi cəfəngiyat  fikirlər söyləyirdilər. Fransa İkinci Qarabağ savaşı bitdikdən sonra  saxta bir qətnamə qəbul etdi. Fransaya  baxıb bir sıra ölkələr də həmin qətnamələri qəbul etdilər. Əlbəttə, Ermənistan çalışır ki, məhz  10 noyabr Bəyanatında əksini tapan müddəaların icrasına əngəl törətsin,  öhdəlikləri yerinə yetirməsin.  Söhbət Zəngəzur dəhlizindən, sərhədlərin delimitasiyası və demarkasiyasından gedir. Bu baxımdan hələ də  tarixə qovuşmuş münaqişənin bitməməsi kimi  xəyallarla yaşayırlar. Ermənistanın son təxribatlarının  qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınması və növbəti dəfə işğalçı dövlətə  vurulan zərbə göstərir ki, revanş ritorikası Ermənistanı daha rəzil duruma gətirib çıxaracaq. Bu baxımdan Ermənistan çalışırdı ki, yenə də dekonstruktiv mövqe nümayiş etdirməklə  bu  məsələnin müzakirəsini  üçtərəfli    formatda yox, müəyyən Qərb dairələri formatında  həyata keçirsin.  Baş tutan üçtərəfli görüş Ermənistanın  həm vaxt qazanmaq, öhdəlikləri yerinə yetirməmək kimi niyyətlətini açıqladı.  Artıq 15 dekabrda Brüsseldə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin baş tutacaq görüşü adi  bir görüş deyil.  Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçiriləcək  görüşdə Soçi görüşünün hər hansı bir məsələsi müzakirə predmeti ola bilər. Düşünürəm ki, bütövlükdə 10 noyabr  2020-ci il tarixli Bəyanat, 11 yanvar 2021-ci il tarixdə Moskva, həmçinin 26 noyabr 2021-ci ildə  Soçi görüşləri Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinin  təməlidir. Bütün proseslər bu təməl əsasında inkişaf edəcəkdir.

-Ümumiyyətlə, Brüssel  görüşündə hər hansı məsələ ilə bağlı qərarın qəbul olunması gözlənilirmi? Yenə də Ermənistanın Soçi görüşündə gündəmə gətirdiyi məsələlərin qaldırılacağı gözləniləndir. Ermənistanın Brüssel görüşünə qədər hər hansı təxribata əl atacağını düşünmək olarmı?  Brüssel görüşü nə vəd edir?

 - Ermənistan  son  bir il ərzində bir necə dəfə  təxribatlar törədib.  Bu təxribatların qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alınıb və  Ermənistan  növbəti uğursuzluğa düçar olub.  Heç şübhəsiz ki,  bundan sonra da Ermənistan tərəfindən hər hansı təxribatın törədilməyəcəyinə  real baxa bilmərik. Çünki erməni xislətidir. Onlar öz  məkrli niyyətlərinə nail olmaq üçün  müəyyən təxribatlar törədə bilərlər. Yəni, müxtəlif platformalarda təxribatları inkar edilmir.  Amma istənilən  halda Brüssel görüşündə  hansısa məsələnin  böyük  mənada müzakirəsini düşünmürəm. Qeyd etdiyim kimi, bütün məsələlər Soşi görüşündə müzakirə olundu. Müzakirədən kənar hər hansı məsələ qalmadı. Ermənistanın  Soçi görüşündə olduğu kimi, Brüssel görüşündə də  müəyyən ifadələrdən  istifadə edəcəyi qaçılmazdır.  Burada qondarma hərbi əsirlər və girovlar məsələsi yenə  gündəmə gətirilə bilər.   Baxmayaraq ki, Nikol Paşinyan  Soçi görüşündə də bu məsələni gündəmə gətiridi, amma yekun sənəddə öz əksini tapmadı. Tarixə qovuşmuş Dğlıq Qarabağ münaqişəsi, status ifadələrindən istifadə edəcək ki,  bunlar da  Soçi  Bəyanatında öz əksini tapmadı.  Nikol Paşinyan  sərhədlərin delimitasiyası və  demarkasiyasını  dilə gətirir və hətta bir qədər də irəli gedərək bildirir ki,  guya Azərbaycan Ermənistanın  ərazisinə daxil olub. Bunlar absurd fikirlərdir. Azərbaycan Ermənistan ərazisinə daxil olmaq istəsəydi  2020-ci ilin yay aylarında işğalçı dövlət Tovuz istiqamətində  təxribatlar törədərkən sərhədi keçərdi.  Azərbaycan istəsəydi 44 günlük Vətən müharibəsi  zamanı sərhədi keçərdi. Buna bizim  gücümüz və  hüquqi əsasımız var idi. Ermənistanın baş nazirinin Brüsseldə status məsələsini gündəmə  gətirmək ehtimalı var. Bütün bunlar Ermənistanın növbəti dəfə iflası  ilə  nəticələnəcək. Çünki Soçi görüşü bütün bu kimi məsələlərə aydınlıq gətirdi. Ölkə Prezidenti İlham Əliyev Soçi görüşündə olduğu kimi,  eyni prinsipiallıqla, qətiyyətlə Brüssel görüşünə qatılacaq, Azərbaycanın beynəlxalq dəstək qazanan, ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha  nümayiş etdirəcək.