YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

2014-cü il Azərbaycan üçün bütün parametrlər üzrə uğurlu il kimi yadda qalacaq

   Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova

- Bahar xanım, 2014-cü il artıq bir tarixə çevrilir. Yola saldığımız bu il bütövlükdə Azərbaycan üçün hansı əlamətdar hadisələrlə yadda qaldı?

- Azərbaycanın yeritdiyi siyasətin əsas məzmunu və mahiyyəti ondan ibarətdir ki, xalqımızın, dövlətimizin maraq və mənafeyi, rifahı və gələcək inkişafı istiqamətində addımlar atılır və bu yöndə bütün imkanlar səfərbər edilir. Bunlar da ölkəmizin qazandığı nailiyyətlər sırasına daxildir. Hər hansı sahədə müəyyən itikilərimiz varsa, hələ nailiyyətlərimiz yoxdursa, bu da müvəqqətidir. Əldə etdiyimiz uğurlar mütləq  itkilərin yerini doldurmaq, nailiyyətlər qazanmaq üçün bünövrə rolunu oynayır. Bunu bugünkü həyatımız, qısa müddətdə əldə etdiklərimiz, sosial-iqtisadi inkişafımız, ictimai-siyasi sabitlik, mövcud vətəndaş həmrəyliyi və beynəlxalq aləmdə artan nüfuzumuz sübut edir. Ümummilli liderimiz Heydər Əliyevin hakimyyətə qayıdışından sonra Azərbaycan yalnız yüksələn xətlə inkişaf edib. Ulu öndərimiz Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib və Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin 11 illik hakimiyyəti dövründə biz çox ciddi nailiyyətlər əldə etmişik. Həyatımız yaxşı mənada çox böyük sürətlə dəyişib. Bu dəyiikliklər həm ölkəmizin ümumi həyatında, həm də insanların şəxsi həyatında hiss olunur.

Dövlət bu vəzifələri yerinə yetirmək üçündür. Azərbaycan dövləti bütün resurslarını, o cümlədən  qısa müddətdə ən əsas resursunun mənafeyinə yönəldə bildi. Bizim əsas resursumuz insandır. 2014-cü il haqqında danışsaq, qısa şəkildə demək olar ki, Azərbaycan üçün bütün parametrlər üzrə uğurlu il kimi yadda qalacaq. Ən əsası ölkəmiz iqtisadi inkşaf tempini qoruyub saxladı. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının 76 faizi Azərbaycanın payına düşür. Ümumi daxili məhsul istehsalı 2,8 faiz, qeyri-neft sektoru isə 6,6 faiz artıb. Bu rəqəmin özü çox şey deyir və bu rəqəmlərin arxasında zəhmət və fədakarlıq dayanır.

Bütün bunlar  Prezident İlham Əliyevin Azərbaycanı Heydər Əliyev yolu ilə inkişaf etdirmək xəttinə sadiqliyinin və Azərbaycan vətəndaşlarının da bu siyasəti dəstəkləməsinin bariz nümunəsidir. İqtsadi sahədəki uğurlarımız əlbəttə ki,  sosial sferadakı müsbət dəyişiklikləri müəyyən edir. Və bu il də tariximizə sosial problemlərin həllində uğurlu addımlar ili kimi yadda qalacaq. Qeyri-neft sektorunun inkişafına yönələn diqqət öz nəticələrini göstərməkdədir. Nəzərə alsaq ki, 2014-cü il «Sənaye ili» elan olunmuşdu, il ərzində sənayenin inkişafı ilə bağlı mühüm dövlət qərarları oldu və müsbət nəticələr verdi. 2014-cü il bizim üçün  ərzaq təhlükəsizliyinin, enerji təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatının inkişafı, texnoparkların yaradılması, qloballaşma fonunda nəticəsi proqnozlaşdırıla bilən proqramların müəyyən edilməsi və yerinə yetirilməsi ili kimi qalacaq.

Eyni zamanda, bölgələrdə cənab Prezidentin iştirakı yeni layihələrin əsası qoyuldu, bəzi layihər isə uğurla  başa çatdı. Meliorasiya və su təsərrüfatında yeniliklərin baş verməsi, enerji, sənaye obyektlərinin açılması, turizm mərkəzlərinin yaradılması istiqamətində ciddi işlər görüldü, eləcə də İKT sahəsinə böyük diqqət var. Bilirsiniz ki, İKT neftdən sonra yüksək gəlir gətirən ikinci sahədir. Artıq Azərbaycan kosmik ölkədir və bu sahə gəlir gətirir. Azərbaycanın yeritdiyi sabit, müstəqil və ardıcıl siyasət nəticəsində nəinki dünyada baş verən maliyyə-iqtisadi böhran ölkəmizə təsir etmir, əksinə, bütün sahələr üzrə inkişaf müşahidə olunur. Və bütün istiqamətlərdə inkişafın davamı gəlməkdədir. Onu da qeyd etmək istəyirəm ki, bu yaxınlarda müzakirə edərək qəbul etdiymiz 2015-ci ilin dövlət büdcəsi 2014-cü ildə başlanan işləri davam etdirmək üçün də kifayət qədər imkan yaradır.

Mən vurğulamaq istəyirəm ki, Azərbaycanın bütün dünyada nüfuzlu idman ölkəsi kimi tanınması da xüsusi əhəmiyət kəsb edir. Hazırda Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi  məqsədilə ölkəmizdə çox böyük işlər görülür, yeni idman obyektləri tikilir, bəziləri isə əsaslı təmir edilir. Yeni idman komplekslərinin yaradılması həm yeni iş yerləridir, həm də beynəlxalq idman yarışlarının təşkilinin yeni standartlarını müəyyənləşdirir. Hesab edirəm ki, bu baxımdan başqa ölkələr də gələcəkdə Azərbaycanın təcrübəsindən yararlanacaqlar. Bütün bunları ümumiləşdirsək, il ərzində ölkə vətəndaşlarının rifahı, məşğulluğu, insanların  sağlamlığının qorunmasının daha yaxşı təşkili üçün böyük işlər görüldüyünün şahidi olarıq. Hökumət il ərzində qarşıya qoyduğu hədəflərə çatıb. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələridir. Artıq Prezidentimiz reytinq baxımından da dünyada yüksək mövqe tutur və mən deyərdim ki, cənab İlham Əliyevin  nüfuzu Azərbaycanın inkişafını üstələyir. Bütün bunlar uğurlarımızı şərtləndirən amillərdir.

- Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycan bütün sahələrdə olduğu kimi xarici siyasətdə də çox mühüm, təqdirəlayiq uğurlara imza atıb. Sizin Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri kimi bu barədə fikirlərinizi bilmək maraqlıdır.  2014-cü ili ölkəmizin beynəlxalq müstəvidə mövqelərinin daha da güclənməsi baxımından necə qiymətləndirmək olar?

- İl ərzində Azərbaycan uğurlu xarici siyasət kursunu davam etdirib. Bu il çərçivəsində altı ay  ölkəmiz Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərliyik edib. Rəhbərlik etdiyi dövrdə Azərbaycana qarşı təzyiq və təhdidlərin qarşısının alınmasında qətiyyətli olmuşuq. Bu il həmçinin, ATƏT Parlament Assambleyasının yay sessiyası Bakıda keçirildi. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu və bu fakt xarici qonaqlar tərəfindən də etiraf olundu. Bu nailiyyət həm ölkəmizin, həm də ATƏT-in tarixinə yazıldı, həm də bu çərçivədə ölkəmizə gələn xarici qonaqların yaddaşında Azərbaycan inkişaf etmiş dövlət kimi, yüksək vətəndaş cəmiyyətinə malik demokratik dövlət kimi, eləcə də, beynəlxalq tədbirlərə gözəl ev sahibliyi edən ölkə kimi qaldı.

Azərbaycan il ərzində bir çox siyasi xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərliyi çərçivəsində çoxsaylı tədbirlər keçirildi ki, bu da bəşəri dəyərlərə töhfə verən tədbirlər oldu. Bunların sırasına tolerantlıq, mədəniyyətlərarası dialoq tədbirlərini əlavə etmək olar. Bu mənada Heydər Əliyev Fondunun ölkəmizdə və  xaricdə, YUNESKO çərçivəsində tədbirləri də xüsusilə təqdirəlayiq haldır. Bütün bunlar onu göstərir ki, Azərbaycan nəinki regionun lider dövlətidir, eləcə də, dünyada söz sahbi olan dövlədir. Azərbaycan bununla da belə bir mövqe nümayiş etdirir ki, heç də yalnız özünün maraqlarına aid olan məsələlərlə deyil, dünyanı narahat edən məsələlərlə bağlı öz mövqeyin ortaya qoyan, öz imkanlarını səfərbər edən dövlətdir. Azərbaycan bütün bunları müstəqil iradəsinə əsasən həyata keçirir. Bütün bunlarla ölkəmiz beynəlxalq hüququn prinsiplərini müdafiə etmiş olur və bunu beynəlxalq miqyasda ifadə edir. Azərbaycanın regionda gedən proseslərdə kimlərinsə marağına xidmət etməməsi,  bəşəri dəyərləri yüksək tutaraq ona istinad etməsi milli və dövlət maraqlarına tam uyğundur.

Ölkəmiz bu il ərzində uğurlu enerji siyasətini davam etdirib. Belə ki, bu sahədə  qazanılan nailiyyətlər Azərbaycanı Xəzər-Qafqaz regionunda sürətlə inkişaf edən dünyanın neft mərkəzlərindən birinə çevirib. Azərbaycan öz enerji təhlükəsizliyinin təmin olunmasına və enerji resurslarının nəqli marşrutlarının şaxələndirilməsinə nail olub və uzun müddətdir ki, öz karbohidrogen resurslarının dörd qaz və üç  neft ixrac boru kəmərləri vasitəsilə qonşu ölkələrə və beynəlxalq bazarlara nəqlini həyata keçirir. Artıq  Avropaya inteqrasiya məqsədilə ölkəmizdə hasil olunan enerji məhsullarının Avropa ölkələrinə də nəql edilməsi istiqamətində müvafiq layihələr həyata keçirilir. Prezident İlham Əliyevin səyləri nəticəsində Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerci təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin edib.

Hazırda Avropanın enerji təhlükəsizliyinə öz tövhəsini vermək üçün  Azərbaycan qazının dünya bazarına nəqlini nəzərdə tutan  Cənub Qaz Dəhlizi çərçivəsində  “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və  Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə mühüm işlər görülür. TANAP və TAP layihələri  öz xüsusiyyətinə görə yeni marşrut olmaqla, həm də Avropaya qazı   yeni mənbədən gətirəcək. Bu layihələrin reallaşması  gələcəkdə,  nəinki Avropanın enerji təhlükəsizliyinə təminat olacaq, həm də mənbələrin diversifikasiyası nəticəsində Avropanın qaz bazarındakı  qiymətlərdə rəqabət mühitinin  yaranmasına münbit şərait yaradacaq.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində gedən prosesləri və bu məsələdə ATƏT-in və digər beynəlxalq qurumların fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

- 2014-cü ildə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aktiv danışıqlar oldu. Təəssüf ki, bunun konkret nəticəsi olmadı, amma bu il olduğu qədər heç zaman prezidentlər, həmsədrlər, onların dövlət rəhbərləri səviyyəsində görüşlər olmayıb. Münaqişənin həlli ilə bağlı danışıqlar ilin əvvəlində ümidlər yaradırdısa, ilin sonuna doğru bunun da təsirinin olmadığı qənaəti  yarandı. Amma Ukrayna hadisələri fonunda Azərbaycanın ərazi bütövülyünün vacibliyinin ən müxtəlif səviyyələrdə vurğulanması ölkəmizin indiyə qədər düzgün mövqedə olduğunu bir daha ortaya qoydu. Bizə müttəfiq olan ölkədəki hadisələrə biganə deyilik, sülh yolu ilə həllinin tərəfdarıyıq. Eyni zamanda, bu tip münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinə diqqət çəkildi. Belə münaqişələrin həll olunmamasının fəsadlarını bir daha dünyanın diqqətinə çatdırdıq.

Bu il həm də beynəlxalq hüququn prinsiplərinin və bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinin bir çox səviyyələrdə vurğulanması ili kimi də yadda qaldı. Bu da Azərbaycanın bu istiqamətdə məqsədyönlü siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Xüsusi vurğulamaq istəyirəm ki, il ərzində təmas xəttinidə baş verənlər narahatlıq doğurdu. Bu, işğalçı Ermənistan və onu dəstəkləyən dairələr tərəfindən bir provakasiya kimi dəyərləndirildisə, ölkəmizi  ittiham etməyə yönəlmişdisə, həmin dairələr Azərbaycanın qətiyyətini, heç də ölkəmizin geri çəkilməyəcəyini və daha artıq qətiyyət nümayiş etdirəcəyini, ərazi bütövlüyünün təmin olunması üçün bütün variantlardan istifadə etməyə hazır olduğunu gördülər. Ermənistan və onun havadarları bunu nəzərə almağa məcbur oldular. Ordumuzun göstərdiyi rəşadət, təmas xəttinin üzərində düşmən  helikopterinin vurulması bunu sübut etdi.

- Bəzi antiazərbaycan dairələrinin ölkəmizə münasibəti və fikirləri hər kəsə bəllidir. Qarabağ məsələsində ikili standartlar da bunun göstəricisidir. Necə hesab edirsiniz, belə yanaşmalar Azərbaycanın öz gücünə bu problemi həll etmək yolunu seçməyə yaxınlaşdırmırmı?

- Azərbaycana qarşı təkcə Qarabağ məsələsində deyil, digər məsələlərdə ikili standartlar artıq açıq xarakter daşıyır. Bunu təkcə bizim vətəndaşlar deyil, bütün dünya müşahidə edir. Dünyada xalqları narahat edən, dövlətlərin inkişafını məcrasından çıxaran hadisələr baş verməkdədir. Təəssüf ki, bir qrup ölkələr dünyanın nizamını pozmaq, xalqları bir - birinə qarşı qoymaqla öz maraqlarını həyata keçirmək istəyir. Buna görə də, ölkələrin çoxu təzyiqlərə məruz qalaraq həmin güclərin istəyi ilə hesablaşmağa məcburdur. Az qrup dövlət var ki,   ədalət, sülh və beynəlxalq hüququn prinsiplərindən çıxış edirlər. Azərbaycan məhz bu qrup ölkələrdəndir ki, dünyada yalnız haqq -ədalətə üstünlük verir və beynəlxalq hüquq prinsiplərindən çıxış edir.

Dünya böyük olduğu qədər də kiçikdir. Nə qədər qloballaşırsa, nə qədər inteqrasiya prosesi gedirsə, dünya o qədər də kiçilir. Hardasa baş verən hadisə bir andaca dünyaya yayılır və öz təsirini göstərir. Ona görə də, dövlətlər diqqətli olmalıdır. Məsuliyyətsiz qərarlar, hansısa qrupların maraqları baxımından qəbul olunan qərarlar dünyanın nizamını pozur. Çoxüzlü standartların olduğu haqda insanların qənaəti möhkəmlənir. Bu da mənfi mənada dünyanı, insan həyatını dəyişir. Bu mənfi tendensiya nəticəsində əsrlərdən ötüb gələn mədəniyyətlər,  tarixi dəyərlər, ölkələr dağılır. İnsanlıq inkişaf adına keçdiyi yolun üzərinə xətt çəkərək orta əsrlərə qayıdır. Müəyyən beynəlxalq güclər  bunu demokratiya, din adına edərək həyata keçirirlər. Əslində isə bütün bunların demokratiya və insan haqlarına, dini dəyərlərə heç bir aidiyyatı yoxdur.

Azərbaycan haqlıdır ki, dünyada çoxüzlü standartların olduğunu bəyan edir. Çünki baş verənlər irəli sürülən şüarların mahiyyətini ifadə etmir. Necə razılaşmaq olar ki, Azərbaycan bir sıra hesabatlarda azad olmayan ölkə hesab olunsun, amma işğalçı Ermənistan bizdən üstün mövqedə yer alsın. Hətta əndazəni o qədər aşıblar ki, Dağlıq Qarabağdakı separatçı rejim insan haqlarını qoruyan «dövlət» kimi hesabatlarda təsdiqini tapır. Ukrayadakı separatçılar sankiyalara məruz qalır, amma Dağlıq Qarabağ separatçıları ABŞ Konqresində qəbul olunur, ABŞ hökuməti onlara maliyyə  yardımı ayırır. Ona görə də, Azərbaycan öz mövqeyində  haqlıdır və bütün müstəvilərdə öz mövqeyini ortaya qoyur.

Müəyyən dairələrin ölkəmizdə gərginik yaratmaq cəhdləri alınmayacaq. Xalqımız bu məsələlərdə ayıqdır. Ölkəmiz Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi  xətt ilə inkişaf edir və bu problemlərin aradan qaldırılmasında bu yol başlıca istinaddır. Doğrudur, antiazərbaycan qüvvələrinə işləyən satqınlar var, amma onlar xalqın mütləq əksəriyyətin qarşısında acizdirdilər. Satqınlar öz cəzalarını alacaqlar. Düşmənlərimizin layihələri isə heç vaxt  reallaşmayacaq və biz geri çəkilməyəcəyik.

Hesab edrəm ki, sadaladığım  uğurların əsasında Azərbaycanın müstəqil iradəsi dayanır. Əgər digər dövlətlər də müstəqil iradə göstərə bilsəydilər, dünyada  baş verənlər proqnozlaşdırıla bilən olardı. Və bir çox məsələlər ətrafında dil tapmaq asan olardı. Çox təəssüf ki, Azərbaycan kimi müstəqil iradəsi olan dövlətlər azdır. 2014-cü ildə ölkəmizə qarşı  insan haqları adı altında yeni təzyiq cəhdləri ortaya çıxdı. Amma ölkəmiz bu məsələdə də öz mövqeyini nümayiş etdirdi. Bütün bunlar qarşıdakı fəaliyyəti müəyyən etmək üçün də əsasdır.

Azərbaycan heç zaman ruhdan düşmür, öz resurslarına istinad edir. Azərbaycanda intellektual cəmiyyət formalaşıb, güclü ordumuz var, hərbi sənayemiz inkişaf edir. Təbii resurslarımızı milli maraqlarımıza uyğun olaraq  istifadə edirik. Bu məsələdə kiminsə tapşırıqlarına əməl etmirik. TAP və TANAP layihələri bunu bir daha təsdiqlədi. Bu məsələlərdə Azərbaycan ən doğru variantı seçir. Bizim atdığımız addımlar həm də, digər xalqların, dövlətlərin  ümumi təhlükəsizliyinə yönəlik addımdır, sabitləşdirici faktor kimi çıxış edir. Mürəkkəb şəraitdə Azərbaycan aydın və dəqiq qərarlar verir. Məhz müstəqil iradə ortaya qoyduğumuza görə xarici qüvvələr yalnız qondarma  insan hüquqları amilindən istifadə edərək təzyiqlər göstərməyə çalışırlar. Amma  bunlar əbəsdir və onların cavabları verilir. Hazırki siyasət onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlardan uğurlara doğru inamla irəliləyir.

- Bahar xanım, Milli Məclisin 2014-cü ildəki fəaliyyətini necə dəyərləndirirsiniz?

- Milli Məclis hər zaman olduğu kmi, bu il də gördüyümüz və görəcəyimiz işlərin qanunvericilik bazasını təkmilləşdirmək və  yeniləşdirmək istiqamətində götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdi. Yaz və payız sessiyasında iş planına aid məsələlərə baxıldı. Qanunlar qəbul olundu, əlavə və dəyişikliklər edildi.  Xüsusilə qanunun aliliyinin, insan haqlarının daha yaxşı  qorunması, mətbuat azadlığının daha yaxşı təmin olunması, dini və etnik qruplar arasında dözümlülüyün daha da möhkəmlənməsi istiqamətində lazım olan bir sıra qanunlara əlavə və dəyişiklər etdik.

Eləcə də, bu il ərzində 2015-ci ilin büdcə zərfini müzakirə etdik. Müzakirənin gedişində görülən işləri dəyələndirdik. İl ərzində Hökümətin, Hesablama Palatasının, Ombudsmanın hesabatını dinlədik. Beləliklə, həm qanun yaradıcılığı funksiyamızı, həm nəzərət funksiyamızı, həm də millət vəkili olaraq təmsilçilik funksiyamızı layiqincə yerinə yetirdik. Bu il deputatlar seçicilərlə müxtəlif görüşlər keçirdilər və onları narahat edən məsələləri parlamentdə səsləndirdilər. Eləcə də, dünyada baş verən proseslərə, o cümlədən ölkəmiz haqqında qərəzli mövqelərə münasibət bildirildi. Bir sıra beynəlxalq və ikitərəfli sazişlər təsdiq olundu. Bugünlərdə cəmiyyətin çoxdan gözlədiyi «Elm haqqında» qanun layihəsi müvafiq komitədə müzakirə olundu. Bu  qanun çox əhəmiyətlidir. Çünki sənəddə elmin inkişafına, təşklinə, elm adamlarının  sosial müdafiəsinin qorunmasına yönəlik məsələlər əksini tapır. Biz bu qanunun qəbulu ilə elmin daha yaxşı inkişaf etməsinə və gəlir gətirən sahəyə çevrilməsinə öz töhfəmizi vermiş oluruq. Bunu xüsusi  qanun kim təqdir edirəm. Yəqin ki, sənəd gələn ilin yaz sessiyasında plenar iclasın müzakirəsinə çıxarılacaq.

İl ərzində parlament beynəlxalq müstəvidə Azərbaycanın xeyrinə olan sənədlərin qəbulu üçün də işlər apardı. Artıq bir neçə ölkədə belə sənədlər qəbul olundu, bu sənədlərdə ölkəmizin ərazi bütbövlüyü dəstəkləndi. Bütün bunlar parlament diplomaitiyasının uğurudur.

Eləcə də, parlament xətti ilə bir sıra mühüm tədbirlər və qarşılıqlı səfərlər həyata keçirildi. Onu da deyim ki, bu ölkəmizdə mühüm siyasi hadisə – bələdiyyə seçkiləri keçirildi. Partiyamızın deputatları bu seçki kampaniyası çərçivəsində fəal iş apardılar. Nəticə isə ondan ibarət oldu ki, partiyamızın namizədlərinin böyük əksəriyyəti  bələdiyyə seçkilərində qələbə qazandılar.

Fikrimcə, xalqımız parlamentin bu ilki fəaliyyətindən  razılıq ifadə edə bilər. Biz yeni ili alnıaçıq qarşıyayırıq. Çünki üzərimizə düşən vəzifələri yerinə yetirdik.Hesab edirəm ki,  gələn il də uğurlarımız davam edəcək. Mən qarşıdan gələn yeni il münasibətilə bütün xalqımızı təbrik edirəm.