YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Antimilli ünsürlər tarixin səhifələrində qınaq və ittiham obyekti olmağı özlərinə şərəf hesab edirlər

   Milli Məclisin deputatı Məlahət İbrahimqızı

- Məlahət xanım,  Azərbaycan müstəqil siyasəti, dünyaya nümunə olan inkişaf modeli ilə daim diqqətdədir. Tarixi  Zəfərimiz ədaləti bərpa etməklə yanaşı, ölkəmizlə bağlı daha hansı reallıqlara işıq saldı?

- Fəxr hissi ilə deməliyik ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman Milli Ordumuzun 30 il işğal altında olan torpaqlarımızı azad etməsi beynəlxalq aləmdə, eləcə də dünya mətbuatında müzakirə olunmaqdadır. Ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən İkinci Qarabağ savaşı  Azərbaycan xalqına və milli dövlətçilik tariximizə  başucalığı, şərəf gətirməklə bərabər,  bölgəmiz,  dünya,  xüsusilə də torpaqları işğal altında olan bir sıra yaxın və uzaq ölkələr üçün əvəzolunmaz  stimul olaraq böyük siyasi, hüquqi, iqtisadi, etnokultural, tarixi və mənəvi əhəmiyyətə malikdir. Azərbaycan xalqının qazandığı bu Zəfərlə bölgənin taleyində yeni bir mərhələ və yeni reallıqlar yarandı.  Azərbaycan bölgənin  əsas söz sahibinə çevrildi. Bütün beynəlxalq norma və prinsiplər çərçivəsində aparılmış bu  müharibə  taktika və strategiyasına, metod və qaydalarına, eləcə də istifadə edilmiş müasir hərbi texnologiyalara görə artıq bir sıra, hətta inkişaf etmiş  ölkələrin hərbi təhsil proqramına daxil edilmişdir. Bu mənada dünya hərb tarixinə verdiyi töhfəsi baxımından xalqımızın haqq və ədalət uğrunda apardığı Qurtuluş savaşı və qazanılan Qələbə  haqqında uzun illər danışılacaq və tədqiqatlar aparılacaq. XXI əsrin üçüncü onilliyində aparılan bu müharibə iki tərəf arasında baş vermirdi. İki yüz ildən çox tarixi olan bu münaqişənin bir tərəfi təcavüzkar Ermənistan və onu dəstəkləyən dünyanın ermənipərəst qüvvələri,  bəzi riyakar mövqedə olan beynəlxalq təşkilatlar idisə, o biri tərəfdə  ərazisi zaman-zaman işğal olunmuş Azərbaycan dövləti və xalqı idi. Şəhidlərimizin qanı ilə yazılan bu möhtəşəm Zəfər dövlətimizin gücünü, xalqımızın və onun Liderinin qətiyyətini, məğlubedilməzliyini bir daha bütün dünyaya sübut etdi. Qeyd etmək lazımdır ki, Vətən müharibəsi zamanı  sosial və siyasi mənsubiyyətindən, yaşından, cinsindən asılı olmayaraq bütün  xalqımız bir yumruq kimi öz Liderinin, Milli Ordusunun arxasında dayandı. Ölkəmizdə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları, eləcə də siyasi partiyaların mütləq əksəriyyəti  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Milli Ordumuzun  arxasında dayanaraq, həmrəylik və milli birlik nümayiş etdirdilər. Bu Zəfər bir daha sübut etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilən  siyasətin alternativi yoxdur. Bu yol təkcə Azərbaycan deyil, bütövlükdə bölgə xalqlarını  işıqlı gələcəyə aparan yoldur. Bu mənada ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar tərəfindən  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin dəstəkləməsi  təqdir olunmalıdır.

- Təəssüflər olsun  ki, bəzi  psevdosiyasətçilər  hələ də  populist, hətta böhtan və şər xarakterli, mənasız  çıxışları ilə cəmiyyətdə katalizatorluqla məşğuldurlar. Buna münasibətinizi bilmək istərdik…

-  Bir qrup hələ də dünyada,  eləcə də bölgədə  baş verən qlobal geosiyasi prosesləri başa düşmür və ya başa düşmək iqtidarında deyil. Ataların bu deyimini yada salmaq istərdim: “boş qazan daha çox səs çıxarar.” Son vaxtlar  siyasi kursunun əsas istiqamətini dedi-qodu, qeybət, böhtan hesab edən, həyacanlı  və paradoksal çıxışları ilə özünə siyasətçi imici formalaşdırmağa çalışanlardan biri də   Vətəndaş və İnkişafı Partiyası,  onun sədridir. Gülünc doğuran məqamlardan  biri də odur ki, dünyanın ən nüfuzlu ölkələrinin, eləcə də beynəlxalq təşkilatların istər Azərbaycan xalqının İkinci  Qarabağ savaşında göstərdiyi rəşadət və şücaətdən, istərsə də bəşəriyyətin üzbəüz qaldığı  COVİD-19-la mübarizə sahəsində əldə etdiyi  uğurları təqdir və təbliğ etdikləri halda bu psevdosiyasətçilər böhtan və şər kampaniyası  ilə  məşğuldur. Sözsüz ki, bu qəbildən olan ünsürlər  anlamırlar ki, Azərbaycan xalqı öz taleyini bu cür “siyasətçilərə” etibar etməz.  Ötən dövrün təcrübəsi göstərir ki, Azərbaycan uğurlara imza atdıqca, bu uğurlara  istər xaricdə, istərsə də daxildə qısqanclıqla yanaşan, ölkəmizin inkişafına, qələbələrinə sevinməyən qüvvələr fəallaşmağa çalışır. Əslində bu qüvvələr üçün Azərbaycanın uğurları və ya inkişafı önəmli deyil. Onların missiyası  iqtidarın hər bir yaxşı işinə qara eynəkdən  baxmaqdır.  Onlar dərk etmirlər ki,  erməni faşizmi üzərində Qələbəmiz nə qədər möhtəşəm və əzəmətlidirsə, ondan sonrakı mərhələ,  azad olunan  torpaqlaırmızda  çox qısa müddətdə həyata keçirilən misli görünməmiş bərpa və  quruculuq işləri miqyasına  görə heç də müharibədə əldə edilən Zəfərdən  az  əhəmiyyət kəsb etmir. Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan xalqı hər ötən gün böyük və tarixi uğurlara imza  atır. Bu gün hər kəs möhtərəm  Prezidentimiz  İlham Əliyevin 44 günlük Vətən savaşında əldə edilən Qələbənin möhkəmləndiirlməsi və tezliklə Böyük Qayıdışa nail olunması, bərpa-quruculuq sahəsində, yaşayış komplekslərinin inşası,  infrastruktur layihələrinin həyata keçirilməsi, ərazilərin minalardan təmizlənməsi, diplomatiya,  sərhədlərin delimitasiyası və demarkasiyası, beynəlxalq informasiya məkanında  Azərbaycanın haqq işinə qarşı yönələn çirkin oyunların ifşa olunması istiqamətində yorulmadan çoxşaxəli  fəaliyyət göstərdiyinin şahididir. Bununla bərabər möhtərəm Prezidentimizin bilavasitə rəhbərliyi ilə  ölkəmizdə COVİD-19 pandemiyası ilə   uğurlu mübarizə aparılır. Qürurla deməliyik ki, Vətən torpaqlarının azad olunması yolunda 3000-ə yaxın şəhid və 3000 yaxın qazi, eləcə də hərbçi və əsgər ailələrinin sosial problemlərinin  həlli istiqamətində görülmüş, həmçinin  görülən işlər həqiqi mənada dövlətimizin gücünü bir daha sübut edir. Bütün bu mənzərəni seyr və görülən işləri zamanla müqayisə etdikcə ölkəmizdə sanki möcüzələrin baş verdiyi qənaətinə gəlirsən.

 -  Məlahət xanım, Azərbaycanın əldə etdiyi Qələbə və uğurla həyata keçirdiyi bərpa-quruculuq işləri erməniləri və onlara  havadarlıq edən xarici gücləri narahat edir. Onların ölkəmizdəki əlaltılarının bu narahatlığa dəstəklərini necə şərh edərdiniz?

- Son günlərdə  anti-Azərbaycan qüvvələrin yenidən daxildəki əlaltılarından alət kimi istifadə edərək, görülən bu əzəmətli  işlərin əhəmiyyətini gözdən salmaq istiqamətində fəaliyyətləri müşahidə olunmaqdadır. Dünyada gedən qlobal maliyyə-iqtisadi çətinliklər və pandemiya fonunda  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət, ölkənin və bölgənin gələcək dayanıqlı inkişafı, işğaldan azad edilən ərazilərdə çox sürətlə nəhəng işlərin görülməsi nəinki bu antimilli qüvvələri təəccübləndirir və ya narahat edir,  hətta gözləri götürmür. Onlar üçün ancaq xaos və anarxiya lazımdır. Bu gün Qarabağın, işğaldan azad edilmiş bütün ərazilərimizin dirçəlişi üçün ən yüksək standartlarla inkişaf planı və proqram hazırlanmış,  həyata keçirilməyə başlanmışdır. Füzuli rayonunda Beynəlxalq Hava Limanının qısa zamanda  inşası və yaxın vaxtlarda istifadəyə verilməsi, işğaldan azad olunmuş bütün ərazilərdə elektrik stansiyalarının qurulması, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, mədəniyyət paytaxtı Şuşanın dirçəldilməsi istiqamətində  misilsiz işlərin görülməsi sözün həqiqi mənasında möcüzədir.

Bu bir gerçəklikdir ki, Vətən müharibəmizin hərb mərhələsi bitsə də,  beynəlxalq aləmdə və mediada erməni faşizminin ifşası məqsədilə   informasiya mübarizəmiz davam edir. Bu mənada Şuşada möhtərəm  cənab Prezidentimizin rəhbərliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə  “Xarıbülbül” musiqi festivalı,  Vaqif Poeziya Günləri ənənəsinin  bərpası Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban  xanım Əliyevanın mədəniyyət diplomatiyası sahəsində növbəti uğurudur. Əlbəttə,  bütün bu görülmüş işlərin hər biri  dünyaya Qarabağ torpaqlarının əsl sahiblərinin kim olması ilə bağlı verilmiş çox önəmli diplomatik mesajlardır. Bu mesajlarla bir daha  bu torpaqların əzəli və əbədi sahiblərinin Azərbaycan xalqı  olduğu sübut olundu. Bu gün 44 günlük Vətən müharibəsində əldə edilən Qələbənin beynəlxalq səviyyədə möhkəmləndirilməsi istiqamətində çox ciddi diplomatik addımlar atılıb və bu istiqamətdə işlər davam edir.  Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik Bəyannaməsi  Şuşada imzalandı. Bu sənəd   iki qardaş ölkə arasındakı sarsılmaz müttəfiqliyi, dostluğu və qardaşlığı əbədi etdi.  Azərbaycanın üçtərəfli formatda- Azərbaycan-Türkiyə-Pakistan əlaqələrinin yüksək səviyyəyə inkişaf etdirilməsi  istiqamətində məqsədyönlü  və uğurlu addımları daha da genişlənir. Bu ilin iyul ayında Bakıda hər üç ölkənin parlament rəhbərləri səviyyəsində tarixi görüş keçirildi və birgə Bakı Bəyannaməsi imzalandı. Səfər çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri Şuşaya birgə səfər etdilər. Erməni faşizminin dünyada ifşası məqsədilə  davamlı olaraq  xarici ölkələrin və beynəlxalq təşkilatların  ölkəmizdəki diplomatik missiyalarının nümayəndələrinin, müxtəlif dini icmaların təmsilçilərinin, xarici jurnalistlərin, hüquq müdafiəçilərinin, diaspor nümyəndələrinin işğaldan azad olunan bölgələrə səfərləri təşkil edilir. Bütün bu görülmüş və görülən işləri möhtərəm Prezidentimizin dəfələrlə səsləndirdiyi “bizim rəqibimiz vaxtdır” müdrik kəlamı baxımından dəyərləndirsək, işğaldan azad edilmiş ərazilərimizdə,   sözün həqiqi mənasında cənnət yaradılır  desək,  yanılmarıq.  Təsəvvür edin ki, keçən ilin  bu günlərində Tovuz hərbi təxribatının ağrı-acısını yaşayırdıq, Keçən il bu zamanlarda  təcavüzkar dövlətin Baş naziri Şuşada Cıdır düzündə Azərbaycan xalqının qədim rəqsi olan Zəngəzur yallısını oynayırdı.   Bugün isə  Şuşada ali qonaqlar qəbul edilir, mötəbər tədbirlər təşkil olunur.  Bu gün Qarabağın hər bir yerində Azərbaycan və Türkiyənin bayraqları qoşa dalğalanır.

Bu gün Azərbaycanın  möcüzələr yaratması  barədə  nəinki dünya mediasında, beynəlxalq təşkilatlarda deyilir, hətta  erməni mətbuatı,   siyasətçiləri  etiraf edirlər. Sözsüz ki, məğlubiyyətlərini hələ də qəbul edə bilməyən düşmənlərimiz xislətlərinə uyğun olaraq  təxribat törətməyə çəhd edirlər. Bu günlərdə dəmir yumruğu unudaraq Xankəndində erməni quldurlarının və revanşist qüvvələrin fiaskoya uğramış tədbirləri də məhz növbəti təxribat cəhdi idi. Çox təəssüflər olsun ki, xarici və erməni mətbuatında Xankəndində fiaskoya uğramış  bu tədbir haqqında geniş məlumat  verilsə də, eləcə də 30 il ərzində ilk dəfə olaraq təcavüzkar Ermənistanın yüksək rəsmilərinin bu tədbirə  qatılmadıqları bildirilsə də  Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev  şər və yalan fikirlər səsləndirir.

- Siyasətdə olub, amma bu anlayışın mənasını belə dərk etməyən  Əli Əliyev kimilərin hakimiyyətə gəlmək sevdasına düşməsini necə cavablandırardınız?

- Vətəndaş və İnkişafı Partiyasının sədri  kimi düşünən qüvvələr çox gözəl dərk edirlər ki, onlar heç vaxt hakimiyyətə gələ bilməyəcəklər. Görünür,  bu qüvvələr konstruktiv əməkdaşlıq  deyil, qaraguruhçu yolu daha üstün tuturlar.  “Alətçik”lərə və ya “psevdosiyasətçi”lərə çevrilmiş bu siyasət alverçilərinin fikirlərinə diqqət yetirəndə bir daha onların milli maraqlardan çox uzaq olduqlarının şahidi olursan. Dünyada baş verən  təhlükələrdən bixəbər olan bu qüvvələrin siyasi leksikonları ancaq dedi-qodu, qeybət, şər, böhtan, paradoksal fikirlərdan ibarətdir. Bu qüvvələr hələ də anlamaq istəmirlər ki, bugünku qlobal siyasi proseslər fonunda siyasət, diplomatiya taftaloğiya və ya tamadalıq peşəsi deyil,  elmdir. Bəzən sükut diplomatiyası ən böyük uğur qazandırır. Diplomatiyadan  çox  uzaq olan bu qüvvələr üçün əsas fəaliyyət qarayaxma diplomatiyasıdır. Danışıqlarında heç bir məntiqi ardıcıllıq olmayan, absurd fikirlərdən istifadə edərək  “babam mənə kor deyib, hər yetəni vur deyib” prinsipinə arxalanan qüvvələr özləri haqqında  çox böyük iddiadadırlar.  Əslində  gündəmdə olmaq üçün  lazımsız çıxışları, şər yanaşmaları  ilə özlərini daha da ifşa edirlər. Ətrafına 3-5 nəfəri toplaya bilməyən VİP sədrinin bir neçə gün öncə ölkəmizə qarşı qərəzli  mövqeyi dediklərimizin bariz nümunəsidir. Hər kəsin  fəqrli düşüncəsi və məsələlərə fərqli baxışı ola bilər. Təcrübəsiz və qeyri-peşəkar siyasətçi olmaq ayıb deyil .Təcrübə və peşəkarlıq üçün  siyasət müəyyən zaman tələb edir. Bu təbiidir. Amma bir siyasi partiyanın təməl prinsipi  böhtan, şər, qərəz olarsa, o həm cəmiyyət,  həm də onun özü üçün çox təhlükədir.

Yeni Azərbaycan Partiyası bütün partiyalara konstruktiv əməkdaşlıq üçün xoş niyyətlə əl uzatdı. Əlliyə yaxın siyasi partiya bugün ümummilli maraqlar naminə bu əməkdaşlığı davam etdirir. Çox təəssüf ki, VİP və onun kimi bir qrup qüvvələri milli  yox, cılız, bəsit və qərəzli maraqlar maraqlandırır. Bu qüvvələr Azərbaycan xalqı və dövləti qarşısında xəyal kimi görünən məsələlərin möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə  həll edildiyini, xalqın onun ətrafında daha sıx birləşərək “İlhamla İrəli” çağırışını eşitdikcə ölkəmizin  ictimai-siyasi həyatında onlara yer olmadığını  çox gözəl  dərk edirlər. Ataların bu deyimini xatırlatmaq istərdim: “suda boğulan saman çöpündən yapışar”. Vətəndaş və İnkişaf Partiyasının  sədri və onun kimi düşünənlər yaxşı anlayır ki, möhtərəm  Prezidentimiz  İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan hələ daha çox uğurlara imza atacaq,  dünyanın ən nüfuzlu ölkələrindən  birinə çevriləcək. Qarabağ və Şərqi Zəngəzur  cənnətə çevriləcək.  İllər keçəcək və gələcək nəsillər tərəfindən tariximizin bu şərəfli səhifələri vərəqləndikcə  Vətən müharibəsinin qəhrəmanları  minnətdarlıqla yad ediləcəklər. Görünür, daim cəmiyyətdə  təxribat, dedi-qodu yaradan bu qüvvələr  yaddaşlarda, tarixin səhifələrində qınaq və ittiham obyekti olmağı özlərinə şərəf hesab edirlər.