YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Qarabağ Dirçəliş Fondu Azərbaycan xalqının birlik və həmrəylik rəmzlərindən birinə çevriləcək

Müsahibimiz Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım

- Fatma xanım, tarixi Zəfərimizdən 7 ay keçməsinə baxmayaraq Qələbəyə gedən yolun təhlili davam edir, Ermənistanın illərdir havadarlarının dəstəyi əsasında imitasiya naminə danışıqlar apardığı təsdiqlənir  və belə bir reallıq önə çəkilir  ki, hər bir münaqişəli məsələnin həllində güc və beynəlxalq hüquq əsasdır. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Bu gün Azərbaycan xalqı qazanılan böyük Zəfərin qürurunu, sevincini, təntənəsini yaşamaqdadır. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində bizi 30 ilə yaxın həsrətlə gözlədiyimiz Qarabağ torpaqlarına qovuşdurdu.

Qələbəyə addım-addım irəlilədik. Son 17 ildən artıq dövrdə möhkəm təməl üzərində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün  hazırlıq işləri görüldü. Azərbaycan bütün sahələrdə gücləndi, müstəqilliyimizin, suverenliyimizin qarantı olan Ordumuzun maddi-texniki bazası möhkəmləndirildi, döyüş ruhu artırıldı, eyni zamanda, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsi beynəlxalq hüquqa əsaslanan mövqeyimiz, həmçinin Azərbaycan Ordusunun rəşadəti sayəsində mümkün oldu. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, biz öz torpaqlarımızda döyüşdük, heç kimin torpağında gözümüz yoxdur. Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, Ermənistan  silahlı qüvvələri ərazimizdən çıxmalıdırlar. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci üçtərəfli Bəyanatın imzalanması işğalçı dövlətə və havadarlarına bu mesaj oldu ki, ədalət, beynəlxalq hüquq deyilən məfhumlar  mövcuddur və onların  fərqli şəkildə, maraqlara uyğun olaraq tətbiq edilməsi problemlərə səbəb olur. Beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməli, ikili standartlar bir  kənara qoyulmalı, ədalət, beynəlxalq hüquq  öz sözünü deməlidir. Azərbaycan Ordusu dünyanın nüfuzlu dövlətlərinin 30 ilə yaxın dövrdə edə bilmədiklərini 44 gündə etdi.  BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu.   

- Hazırda işğaldan azad edilmiş ərazilərimizin  yenidən qurulması, Böyük Qayıdışın gerçəkləşdirilməsi  qarşımızda dayanan əsas məsələlərdəndir. Bu istiqamətdə görülən işləri necə şərh edərdiniz?

- Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində bütün infrasturktur, sosial, iqtisadi, mədəni obyektlər, tarixi, dini abidələr tamamilə məhv edilib. Bu səbəbdən  bizi qarşıda çox vacib bərpa-yenidənqurma işləri gözləyir. İşğaldan azad edilmiş şəhərlərimiz və kəndlərimiz yerlə-yeksan olunduğu üçün, sözün əsl mənasında, müasir dövrün tələblərinə uyğun yenidən qurulmalıdır.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə də bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, biz indi böyük quruculuq işlərinə start vermişik. Müharibədən cəmi 7 ay keçib, nə qədər böyük işlər görülüb. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə misli görünməmiş bərpa və quruculuq işləri aparılır. Nəyin hesabına? Təbii ki,  hazırlıq işlərinin  hesabına. Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır.

Ölkə Prezidentinin  işğaldan azad olunmuş ərazilərimizə hər səfəri yeni sosial obyektlərin təməlinin qoyulması ilə yadda qalır. Onu da qeyd edim ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı əsasında təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” postmüharibə dövründə görüləcək bütün işləri və onların icra mexanizmlərini özündə ehtiva edir.

Postmüharibə  dövrünün bərpası böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən uzunmüddətli bir prosesdir. Buna görə də bu mərhələdə iqtisadi güclərin birləşdirilməsi sözügedən prosesin sürətli, şəffaf və səmərəli formada həyata keçirilməsinə şərait yaradacaq. Bu dövrdə dövlət - özəl sektor əməkdaşlığının Qarabağın dirçəlişinə töhfəsi böyük ola bilər. Belə ki, dövlətin maliyyə və iqtisadi resurslarının sərhədsiz olmadığını nəzərə alsaq, müxtəlif layihələrdə özəl təsisatların  bu prosesə cəlb olunması həmin bölgənin bərpa prosesini tezləşdirə və eyni zamanda, qurulan infrastruktur layihələrinin müasirliyini, rəqabət qabiliyyətliliyini artıra bilər.

Hal hazırda keçmiş məcburi köçkünlərimiz həsrətlə öz yurd-yuvalarına  qayıdacağı  günü gözləyir. Mən də bir Şuşalı kimi bu prosesləri yaxından izləyərək, qürur hissi keçirirəm. Çünki illərdir həsrətlə gözlədiyimiz torpaqlara qədəm qoymuşuq, Qarabağın döyünən ürəyi Şuşaya qovuşmuşuq. Ötən ay uzun illərdən  sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə təşkil olunan “Xarıbülbül” festivalı zamanı keçirdiyimiz sevinc və iftixar hisslərini sözlərlə ifadə etmək çox çətindir. Əminəm ki, möhtərəm  Prezidentimizin  rəhbərliyi ilə həmrəylilik göstərərək, tezliklə işğaldan azad olunmuş bütün rayonlarımızda belə festivallar və tədbirlər tez-tez keçiriləcək. İllərdir torpaq həsrəti çəkən köçkünlərimizin sevincinin birlikdə şahidi olacağıq.

- Fatma xanım, “Qarabağ Dirçəliş Fondu”nun yaradılmasını və fəaliyyətini necə dəyərləndirirsiniz?

- Quruculuq işlərinə dəstək vermək hər bir azərbaycanlının arzusudur. Çünki bu dəstək həm də bizim qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq. Məhz bütün bu vacib məqamları nəzərə alaraq  Prezident İlham Əliyev 4 yanvar  2021-ci il tarixdə  “Qarabağ Dirçəliş Fondu”nun yaradılması haqqında fərman imzalayıb.

Hazırkı məqamda Qarabağ Dirçəliş Fondunun yaradılmasına çox böyük ehtiyac var idi. Biz artıq Fondun fəaliyyətinin gerçək nəticələrini də görməkdəyik.

Qarabağ Dirçəliş Fondunun dinamik fəaliyyət qurması, bu fəaliyyət çərçivəsində,  ölkə daxilindən və xaricindən gələcək qlobal və irimiqyaslı, layihələr bu prosesdə böyük bir imkan qaynağı olacaq. Fondun yaradılması bir daha göstərir ki, Azərbaycan dövlətinin və Prezidentinin məqsədi təkcə ərazilərimizin erməni işğalından azad edilməsi deyil, eyni zamanda, dədə- baba torpaqlarımızı hərtərəfli bərpa edərək, Azərbaycanın sabit inkişaf edən böyük hissəsi ilə bərabərləşdirilməsi və ölkənin sosial-iqtisadi sisteminə daxil edilməsidir.

Əminəm ki, Fond Azərbaycan xalqının birlik və həmrəylik rəmzlərindən birinə çevriləcək. Məhz bu Fondun dəstəyi ilə işğaldan azad edilmiş rayon və bölgələrimiz ən qısa zamanda ölkənin inkişaf etmiş regionları sırasında öz layiqli yerlərini tutacaq. Necə ki, müharibə dövründə xalqımız bir yumruq kimi birləşərək böyük Zəfər qazandı, eləcə də Qarabağın dirçəlməsi istiqamətində işlərin sürətləndirilməsinə təkan verəcək.

Bu gün həmvətənlərimizin Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri milli-mənəvi birliyimizi möhkəmləndirir, Vətən, torpaq, yurd sevgisini daha da artırır. Fondun hesabına vəsait köçürənlər Qarabağın dirçəlişində öz  paylarının olması ilə fəxr edirlər. Çünki hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, müasir şəhər və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək. Ən önəmlisi səbirsizliklə öz ata-baba yurdlarına qayıtmağı gözləyən köçkünlərimiz daha qısa zamanda daimi yaşayış yerlərinə qayıdacaqlar.

- İkinci Qarabağ müharibəsinin reallıqlarının təbliği qarşımızda dayanan əsas vəzifələrdəndir. Qarabağ Dirçəliş Fondunun bu işə dəstəyini  necə görürsünüz?

- İyunun 30-da keçirilən Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı  bu reallığı aydın şəkildə ifadə edir. İnformasiya müharibəsinin hələ də davam etdiyi bir dövrdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən “Karabakh. Center” web saytın (portalin) yaradılması böyük əhəmiyyət kəsb edir. Çünki “Karabakh. Center” portalı vasitəsilə Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızda törədilən vandalizm dünya ictimaiyyətinə çatdırılacaq.

Digər vacib məqam ondan ibarətdir ki, portalın təbliği işinə vətəndaş olaraq hər birimiz, bütün cəmiyyətimiz öz töhfəsini verməlidir. Yəni, bu portal vasitəsilə erməni vandalizminin dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması bizim özümüzdən çox asılıdır. Nə qədər fəal təbliğat aparsaq, dünya birliyi bu barədə daha çox məlumatlı olacaq. Düşünürəm ki, təbliğat işində xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız da çox fəal iştirak etməlidirlər.

Mən belə bir önəmli təşəbbüslə çıxış etdiyinə görə Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya, portalı hazırlayıb ərsəyə gətirən Qarabağ Dirçəliş Fonduna dərin təşəkkürümü bildirirəm.

Qarabağ Dirçəliş Fondu azad olunmuş ərazilərimizin bərpa prosesində könüllülük və bərabərhüquqluluq prinsipi əsasında iştirak etmək istəyən bütün vətəndaşlarımız üçün yaradılmış vahid bir platformadır. Fond xalqımızın Qarabağın bərpasında birlik və iştirakının təminatçısıdır. Prezident İlham Əliyevin vurguladıgı kimi, müharibə bizim gücümüzü, əyilməz iradəmizi, birliyimizi, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də, ölkəmizin gücü də var və həmişə olacaq.

Qarabağ Dirçəliş Fonduna gələcək fəaliyyətində uğurlar,  “Karabakh. Center” portalının xalqımıza, dövlətimizə  xeyirli olmasını, tarixi Zəfərimizlə bağlı reallıqların təbliğinə böyük töhfələr verməsini  diləyirəm.