YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

2003-cü ildən bu günədək keçilən yol Azərbaycanın tarixinə sosial-iqtisadi intibah dövrü kimi yazılıb

   Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov

- Qərib müəllim, arxada qalan hər gün bir hesabat xarakteri daşıyır. Azərbaycanın son on ildə keçdiyi yolu necə şərh edərdiniz və təhlillər fonunda ümumi qənaətiniz necədir?

- Tarixdən yaxşı məlumdur ki, hər bir ölkənin gələcək taleyində, inkişafında, dünya ölkələri arasında öz yerinin müəyyənləşdirilməsində dahi siyasətçilərin, müdrik dövlət başçılarının müstəsna rolu olur. Bu kimi siyasi liderlərin, dövlət xadimlərinin əldə etdikləri uğurlar, heç şübhəsiz, onların öz güc mənbəyini xalqdan almalarından qaynaqlanır. Ölkə Prezidenti, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, özünəməxsus liderlik keyfiyyətləri ilə seçilən cənab İlham Əliyevin fəaliyyəti bu fikri bir daha təsdiq edir. Bu baxımdan həyat fəaliyyəti birbaşa xalqının taleyi ilə bağlı olan cənab İlham Əliyevin doğum günü ərəfəsində Azərbaycanın dövlətçilik tarixində dərin iz buraxmış fəaliyyətini, ölkəmizin inkişafı üçün atdığı uğurlu addımları yenidən gözdən keçirmək olduqca vacibdir.
Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu günə qədər keçən dövrə nəzər salsaq, əminliklə deyə bilərik ki, xalqının sonsuz sevgisini qazanan möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasət ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır. Ötən ilin 9 oktyabr prezident seçkilərində Azərbaycan xalqının mövqeyi bir daha sübut etdi ki, ölkəmizdə xalqla hakimiyyətin vəhdəti ən yüksək səviyyədədir. Cənab İlham Əliyev xalqının onu dəstəkləməsini yüksək qiymətləndirərək bildirir: «Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir.»
Əlbəttə, xalqımızın ölkə Prezidentinə sevgisinin, inamının belə yüksək səviyyədə olması cənab İlham Əliyevin liderlik keyfiyyətlərindən irəli gəlir. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət başçısı kimi qətiyyətli olması, atdığı hər bir addımda milli maraqlarımızı öndə tutmasıdır. Cənab İlham Əliyevin verdiyi hər bir qərar yalnız və yalnız Azərbaycanın milli maraqlarına xidmət edib. Onun Prezident kimi fəaliyyətə başladığı gündən bu günə qədər yürütdüyü siyasət ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasətin davamıdır. Elə bunun nəticəsidir ki, Azərbaycan hərtərəfli inkişaf edir, iqtisadi, siyasi, hərbi qüdrətini günbəgün artırır.

- Ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, tərəqqi ölkənin hərtərəfli inkişafında, eyni zamanda sosial-iqtisadi göstəricilərində özünü təsdiqləyir. Bu günün göstəriciləri sabahımız üçün nə vəd edir? 

- Təbii ki, dövlət başçısı İlham Əliyevin söylədiyi hər bir fikir bugünümüzün reallıqlarına əsaslanır. Bu həqiqəti daha aydın görmək üçün son on ildə həyata keçirilən siyasətin nəticələrinə diqqət yetirməyə böyük zərurət duyulur. İqtisadiyyatda artım 3,4 dəfə, sənaye istehsalında 2,7 dəfə, kənd təsərrüfatında 1,5 dəfə təşkil edir. Son on ildə regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində  bir milyonu daimi olmaqla bir milyon 300 mindən çox yeni iş yeri açılıb. İşsizlik 5 faiz səviyyəsindədir. Yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə enib. Ölkəmizdə aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilir. Məlum olduğu kimi, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtiasadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Azərbaycan dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındadır. Ölkə Prezidenti İlham Əliyev bildirir: «Bu proses davam edir və bu da təbiidir. Çünki bizim iqtisadi siyasətlə bağlı təşəbbüslərimiz, o cümlədən Azərbaycanda aparılan sənayeləşmə siyasəti, əlbəttə ki, yeni iş yerlərinin açılmasına gətirib çıxarır.» Bir fakt da hamıya məlumdur ki, ölkənin hərtərəfli inkişafını daha da sürətləndirmək üçün hər il konkret bir sahənin adı ilə bağlanır. Bu il cənab İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli Sərəncamı ilə «Sənaye ili» elan olundu. Tədbirlər planına uyğun olaraq yeni sənaye müəssisələrinin yaradılması işsizliyin aradan qaldırılmasına öz müsbət təsirini göstərir. 
Bu gün ölkəmizdə böyük inkişafı, tərəqqini görmək üçün dövlət büdcəmizə də nəzər salmaq mütləqdir. Son on ildə dövlət büdcəmizin 20 dəfədən çox artması uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. 2014-cü ilin dövlət büdcəsinin gəlirlərinin 19 milyard, xərclərinin isə 21 milyard manatdan artıq nəzərdə tutulması iqtisadiyyatın inkişafının göstərici¬lərindəndir. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə dövlət büdcəmiz 1,2 milyard dollar idi.  Hazırda ölkəmizin valyuta ehtiyatlarının həcmi 53 milyard dollardır. Göründüyü kimi, köklü iqtisadi islahatlar, infrastruktur layihələri və sosial proqramlar üzrə uğurlu fəaliyyət çox mühüm nəticələrə gətirib çıxarır, iqtisadiyyatımız daha da çiçəklənir.

- Qərib müəllim, ötən dövr aqrar sahədə  hansı mühüm addımların atılması ilə yadda qalıb? Rəhbərlik etdiyiniz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bu sahədə əldə olunan uğurlarda rolunu necə dəyərləndirirsiniz?

- Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən qarşısına qoyduğu mühüm vəzifələrdən biri regionların malik olduğu potensialdan səmərəli istifadə edilməsidir. Bu məqsədlə ölkə Prezidenti regionların və aqrar sektorun inkişafını həmişə diqqət mərkəzində saxlayır. Cənab İlham Əliyevin bu sahələrə verdiyi önəm onun ölkəmizə rəhbərlik etdiyi illər ərzində imzalanmış dövlət proqramlarında öz əksini tapır. Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də dövlət proqramlarının icrasında yaxından iştirak edir. Bu günədək həmin Dövlət Proqramlarında komitə öz fəaliyyət istiqamətinə müvafiq olaraq mühüm işlər həyata keçirmişdir. Məsələn, cənab İlham Əliyevin regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərin¬ləşdirmək, əhalinin məşğulluğunu artırmaq və yoxsulluğun səviy¬yəsini azaltmaq məqsədilə imzaladığı «Azərbaycan Respublikası region¬larının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)»nın tədbirlər pla¬nına müvafiq olaraq 956156 hektar torpaq sahəsində tədqiqat işləri aparılmışdır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» əslində «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı»nın davamı idi. Çünki bu Dövlət Proqramının da vəzifələri və regionların prioritet istiqamətlərində əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarət idi. Komitə «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı»nın tədbirlər planına uyğun olaraq isə torpaqların texniki uçotunun elektron formatda işlənib xəritələşdirilməsi üzrə 26 rayonda, torpaqların bonitirovkasının elektron formatda işlənib xəritələşdirilməsi üzrə 27 rayon və şəhərdə, torpaqların iqtisadi qiymətləndirilməsinin elektron variantda işlənib xəritələşdirilməsi üzrə 28 rayonda işlər yerinə yetirmişdir. Bundan əlavə Hövsan və Binə qəsəbələrində həyətyanı sahələrin özəlləşdirilməsi üçün kompleks yerquruluşu işləri aparılmışdır.
Regionların inkişafına dair hər iki Dövlət Proqramının uğurlu icrası üçüncü Dövlət Proqramının qəbulunu şərtləndirdi. Cənab İlham Əliyevin müvafiq fərmanı ilə «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» təsdiq edildi. Burada məqsəd növbəti illərdə ölkədə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasıdır.
Bildiyiniz kimi, ölkə Prezidenti İlham Əliyev həmişə ərzaq təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayıb. Kənd təsərrüfatının, sahibkarlığın inkişafının prioritet istiqamətlər olduğu¬nu önə çəkən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir: «Biz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Bu istiqamətdə çox önəmli addımlar atılır. Özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etmək üçün biz artıq bu hədəfə yaxınlaşırıq. Ərzaq təhlükəsizliyimizin tam şəkildə təmin edilməsi, ixrac potensialımızın artırılması gələcəkdə həm iş yerlərinin yaradılmasına, eyni zamanda, insanların rifah halının yaxşılaşmasına xidmət edəcək.» 
Prezident İlham Əliyevin ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatının yerli istehsal hesabına tam şəkildə tənzimlənməsi məqsədilə xüsusi tapşırığı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin məsul işçilərinin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının nüma¬yəndələrinin iştirakı ilə massiv şəklində torpaq sahələrinin seçilməsi üçün ərazilərə baxış keçirilib. Bu məqsədlə 20 rayonun (Sabirabad, Saatlı, İmişli, Beyləqan, Şəki, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Kürdəmir, Tovuz, Şəmkir, Samux, Ağstafa, Tərtər, Yevlax, Goranboy, Ağcabədi və Zərdab) inzibati ərazilərində dövlət mülkiyyətinə aid olan qış otlaqlarına, dövlət ehtiyat torpaqlarına, eləcə də dövlət müəssisələrinə və bələdiyyə mülkiyyətinə aid torpaqlara yerində (naturada) baxış keçirilərək əkin dövriyyəsinə daxil edilməsi mümkün olan massiv sahələr seçilib. Seçilən torpaq sahələrinin əkinəyararlı vəziyyətə gətirilərək gələcəkdə əkin dövriyyəsinə daxil edilməsi üçün həmin torpaqların keyfiyyət göstəriciləri, habelə su mənbələri və s. vacib amillər nəzərə alınıb. Aparılan tədqiqat-axtarış işləri nəticəsində həmin rayonların ərazilərindən 203129 hektar torpaq sahəsi seçilib. Bundan əlavə, «Buğda əkini üçün nəzərdə tutulmuş torpaqların yararlılığının müəyyən edilməsi məqsədilə bu ərazilərdə irimiqyaslı torpaq tədqi¬qatlarının aparılması və xəritələş¬dirilməsi» işlərinin yerinə yetirilməsi məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin və «Azdövsulayihə» İnstitutunun nümayəndələrinin iştirakı ilə birinci növbədə əkin dövriyyəsinə daxil ediləcək (mövcud meliorativ layihələrə əsasən) yerlərə baxış keçirilmiş və bu layihələrin əhatə edəcəyi konkret ərazilər müəyyən¬ləşdirilib.
Cənab İlham Əliyevin qarşıya qoyduğu hədəfə çatmaq üçün ««2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planı»a uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bir sıra işlər görüb. Belə ki, 13 rayonun ərazisində 156 min 320 hektar sahədə suvarılan torpaqların inventarlaşdırılması, 8 rayonun 197 inzibati ərazi dairəsində 264 min 700 hektar sahədə torpaqların bonitirovkası, 14 rayonun 165 inzibati ərazi dairəsində 484 min 400 hektar sahədə isə torpaqların iqtisadi qiymətləndirilməsi işlərinin yerinə yetirilməsi, 5 rayonda 421 min 553 hektar sahədə torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyənləşdirilməsi işlərinin aparılması və torpaq xəritələrinin tərtib edilməsi, 9 rayonda 38 min 746 hektar sahədə kənd təsərrüfatına yararlı xüsusi mülkiyyətdə olan torpaqların istifadə vəziyyətinin müəyyən edilməsi üçün inventarlaşdırma və xəritələşdirmə işlərinin aparılması, Qaradağ rayonunda 186 hektar sahədə antropogen çirklənmiş və pozulmuş torpaqlarda topoqrafik planalma işlərinin aparılması, 10 rayonda 491 min 221 hektar sahədə qış otlağı və bələdiyyə torpaqlarının münbitlik göstəricilərinin müəyyən edilməsi məqsədilə irimiqyaslı torpaq tədqiqatının və xəritələşdirmə işlərinin aparılması, 16 rayonda isə 54 inzibati ərazi dairəsi üzrə elektron torpaq-kadastr xəritələrinin tərtibi üçün planalma işlərinin aparılması həyata keçirilib.
Görülən işlər davamlılığı ilə diqqət çəkir. Uğurları şərtləndirən əsas amillərdən biri də möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq şəffaflığın təmin edilməsidir. Cənab İlham Əliyevin «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi barədə» 2004-cü il 3 sentyabr və «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə» 2007-ci il 28 iyul tarixli Sərəncamlarına müvafiq olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Tədbirlər Planı təsdiq olunmuş və zəruri təxirəsalınmaz tədbirlər görülüb. Belə ki, birinci proqramda nəzərdə tutulan digər tədbirlərlə yanaşı, torpaq sahələrinin ayrılmasında şəffaflığın təmin edilməsi digər orqanlarla yanaşı, komitənin üzərinə qoyulan funksiyalardan biri idi. Bələdiyyələr tərəfindən fiziki və hüquqi şəxslərə torpaq sahələrinin ayrılmasında şəffaflığın yaradılması və nəticədə torpaqdan istifadə üçün ədalətli və bərabər hüquqi imkanların təmin edilməsi üçün bələdiyyələrin fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə torpaqların bilavasitə ayrılmasını tənzimləyən Azərbaycan Respublikasının torpaq qanunvericiliyində zəruri dəyişikliklər edilməklə bələdiyyə torpaqlarının yalnız hərrac və ya müsabiqə vasitəsilə ayrılması barədə komitənin gündəmə gətirdiyi məsələyə müvafiq dövlət qurumlarında baxılmış və nəticədə həmin mərkəzi icra hakimiyyəti orqanlarının rəyləri də nəzərə alınmaqla Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli qanunu ilə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən bələdiyyələrin qərarı ilə torpaqların bilavasitə ayrılması məsələsi çıxarılmışdır. Onu da qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın təsdiq edilməsi haqqında 5 sentyabr 2012-ci il tarixli Sərəncamında nəzərdə tutulmuş tədbirlərin icrasını daha yüksək səviyyədə təmin etmək üçün komitənin tabeliyində olan qurumların müstəqil internet informasiya ehtiyatları yaradılıb. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında» 5 sentyabr 2012-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə bütün «ASAN xidmət» mərkəzlərində (o cümlədən, səyyar xidmətlərdə) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssislərinin fəaliyyəti təmin olunub.
Möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman görülən işlərlə və əldə olunan uğurlarla kifayətlənməməyi bildirir. Cənab İlham Əliyevin fərmanı ilə təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası da bu məqsəddən qaynaqlanır. Ölkəmizin 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda qarşıdakı illər üçün hədəfləri və onlara nail olmağın yollarını müəyyənləşdirən bu Konsepsiya nəinki ölkə daxilində, beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, ölkəmizin dünya miqyasında öz mövqeyini gücləndirməsi üçün «Azərbaycan-2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası ulu öndər Heydər Əliyev tərəfindən yaradılan milli inkişaf modelinə uyğundur. Bu inkişaf konsepsiyasından irəli gələrək növbəti illərdə ölkədə torpaq bazarı inkişaf etdiriləcək, fermerlərin könüllülük əsasında birgə təsərrüfatçılıq ənənələrinin formalaşması təşviq olunacaq. Meliorasiya və irriqasiya tədbirləri, torpaqların eroziyaya uğramasının, suvarılan əkin sahələrinin şoranlaşmasının qarşısının alınması və münbitliyinin artırılması istiqamətində tədbirlər gücləndiriləcək.

- Bu günümüzün əsas tələblərindən biri də yeni texnologiyaların inkişafı və tətbiqidir. Ölkəmizin bu istiqamətdə addımlarını necə dəyərləndirirsiniz?

- Ötən ilin əvvəlində Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması da iqtisadi tərəqqiyə əsaslanan uğurlarımızdandır. Yeni texnologiyaların tətbiqi bütün sahələrdə nailiyyətlərin miqyasının genişlənməsinə öz müsbət təsirini göstərir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2013-cü ilin «İKT ili» elan edilməsi də bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Möhtərəm Prezidentimiz İlham Əliyev   bildirir ki, hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rola malikdir. Atılan addımlar bir məqsədə xidmət edir- Azərbaycan daha da güclənsin, müasir dövlətə çevrilsin. Cənab İlham Əliyevin bu fikri İKT-nin inkişafının dövlət siyasətində əsas prioritet olmasını bir daha təsdiqləyir: «Neft sərgisi bizə neft-qaz yataqlarını inkişaf etdirməyə kömək göstərmişdir. Biz neft-qaz layihəsinə başlayanda Azərbaycanı çox az ölkə tanıyırdı... İndi biz bütün dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə kimi deyil, həmçinin gələcəkdə yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu ölkə kimi tanınacağıq.»
Azərbaycanda son illər İKT sahəsində bir sıra təşəbbüslər həyata keçirilib. 2011-ci ildə «Elektron hökumət» portalı işə salınıb. «Elektron hökumət» prinsiplərinə keçməyin özü də Azərbaycanın iqtisadi cəhətdən azad ölkə olmasını təsdiqləyən amillərdəndir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurlara əsasən işlənib hazırlanan və təsdiq olunan «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında da elmə və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu strateji hədəf kimi irəli sürülüb.

- Qərib müəllim, son on ildə kartoqrafiya sahəsində hansı yeniliklərə imza atılıb?

- Məlum olduğu kimi, bu gün Azərbaycanda iqtisadiyyatın və sosial sferanın elə bir sahəsi yoxdur ki, orada kartoqrafiya elminin məhsulu olan xəritə və atlaslara müraciət olunmasın. Məsələn, torpaq islahatının aparılmasında, yer quruluşu layihələrinin tərtibində, yaşayış məntəqələrinin salınmasında, quru, su və hava nəqliyyatında, təbii ehtiyatların mənimsənilməsində və s. işlərdə xəritələrdən geniş istifadə olunur. Dövlət idarəçiliyində və iqtisadiyyatda kartoqrafiya materiallarına tələbatın artması səbəbindən mövcud sahədə ixtisaslaşmış dövlət qurumu kimi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi xəritə və atlasların istehsalı üzrə bir sıra tədbirlər həyata keçirmişdir. Belə ki, 2003-cü ildən başlayaraq ölkəmizdə ilk dəfə olaraq Azərbaycan dilində topoqrafik xəritələrin tam istehsalat dövriyyəsi qurulmuş, orta məktəblərin coğrafiya, tarix və zoologiya fənləri üçün kompleks divar xəritə və atlasları, Azərbaycan Respublikasının Ekoloji Atlası, Azərbaycan Respublikasının Torpaq Atlası, Azərbaycan Respublikasının Turist Atlası, Azərbaycan Respublikasının Tarixi Atlası, Azərbaycan Respublikasının Aqroiqlim Atlası, Naxçıvanın Tarixi Atlası və s. hazırlanmışdır. Ümumilikdə götürsək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu günə qədər 200-dən çox müxtəlif mövzuda xəritə və atlas nəşr etmişdir. Ancaq heç şübhəsiz, bu sahədə komitənin ən böyük uğuru ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ərsəyə gələn «Cənubi Qafqaz. 1903-cü il» xəritəsi və «Azərbaycan Respublikasının Milli Atlası»dır.

- «Cənubi Qafqaz. 1903-cü il» xəritəsinin və «Azərbaycan Respublikasının Milli Atlası»nın ölkəmiz üçün əhəmiyyətini necə şərh edərdiniz?

- Bildiyimiz kimi, son vaxtlar Azərbaycanın ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi istiqamətində təxribat xarakterli materialların kütləvi informasiya vasitələrində yayılması halları çoxalmışdı. Ölkə Prezidenti İlham Əliyev belə təxribatların qarşısını almaq və ölkəmiz haqqında düzgün məlumatları dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə 18 aprel 2012-ci il tarixli sərəncamı ilə 1903-cü ildə çar Rusiyasının hərbi dairələri tərəfindən tərtib edilmiş «Karta Kavkazskoqo voennoqo okruqa 1903 qoda» xəritəsi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hazırladığı «Cənubi Qafqaz. 1903-cü il» xəritəsinin nəşr olunması ilə əlaqədar göstəriş vermişdir. Xəritənin çar Rusiyası dövründə tərtib edilməsi, eləcə də burada göstərilən toponimlərin, yəni təbii-coğrafi adların, eləcə də şəhər, qəsəbə, kənd adlarının türk mənşəli olması onun əhəmiyyətini daha da artırır. Belə ki, bütün bunlar xarici ermənipərəst qüvvələrin və saxtakar erməni alimlərinin sübut etməyə cəhd göstərdikləri «ermənilərin bu torpağın aborigen xalqı olması» iddialarınin tam şəkildə əsassız olduğunu təsdiq edir.  
Bu yaxınlarda işıq üzü görmüş «Azərbaycan Respublikasının Milli Atlası»na gəldikdə isə onu deyə bilərəm ki, bu nəşr ölkəmizin siyasi-inzibati vəziyyətini, təbiətini, iqtisadiyyatını, flora və faunasını, kənd təsərrüfatını, sənayesini, təhsilini, səhiyyəsini, mədəniyyətini, tarixini və digər sahələrini kartoqrafik üsullarla əks etdirən önəmli atributdur. Prezident İlham Əliyevin 20 aprel 2011-ci il tarixli Sərəncamına əsasən hazırlanmış «Azərbaycan Respublikasının Milli Atlası» 19 bölmədən, 444 səhifədən və 1000-nə yaxın xəritə, diaqram, cədvəl, izahedici mətndən, slaydlardan və digər vacib material və məlumatlardan ibarətdir. Əminliklə deyə bilərik ki, əhatəliliyinə, nəfis tərtibatda nəşrinə, xəritə və digər məlumatların dolğunluğuna görə Milli Atlas xarici ölkələrin milli atlaslarından üstündür. İnanıram ki, bu nəşr uzun müddət alimlərin, iqtisadiyyatın müxtəlif sahələrində çalışan mütəxəssislərin, şagird və tələbələrin elmi və məlumat mənbəyi olacaq.

- Təbii ki, uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də böyük inam yaradır...

- Bu bir həqiqətdir ki, Azərbaycanın iqtisadi gücü artdıqca hərbi qüdrəti də artır. Bu gün Azərbaycan regionun ən güclü ordusuna sahib olan ölkədir. Ölkənin hərbi büdcəsi 3 milyard dollardan çoxdur. Ölkəmizin ordu quruculuğuna kifayət qədər böyük vəsait sərf etməsi ilk növbədə, işğal altında olan torpaqlarımızın qısa müddətdə azad edilməsi məqsədi ilə bağlıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir: «Qarşımızda duran ən vacib, ən əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Bu istiqamətdə müəyyən addımlar atılıb və bu gün danışıqlar prosesində Azərbaycanın mövqeləri daha da güclüdür. Bu mövqelərin gücləndirilməsində, əlbəttə ki, diplomatik səylərimizin rolu böyükdür. Eyni zamanda, Azərbaycanda gedən quruculuq və inkişaf prosesləri, ölkəmizin güclənməsi, əlbəttə ki, danışıqlar prosesində də mövqelərimizi möhkəmləndirib. Biz bu gün iqtisadi cəhətdən bölgənin ən inkişaf etmiş ölkəsiyik və bizdə olan inkişaf başqa ölkələrlə müqayisə oluna bilməz.» Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da dövlət başçısı İlham Əliyev Azərbaycanın uğurları fonunda bu reallığı bir daha diqqətə çatdırmışdır ki, iqtisadi cəhətdən işğalçı Ermənistanı Azərbaycanla müqayisə etmək mümkün deyil. Azərbaycan zənginləşən, güclənən müstəqil bir dövlətdir. Ermənistanın uğurlu inkişafı üçün heç bir amil yoxdur. Ölkə tənəzzülə uğrayıb. 
 Azərbaycanan diplomatik mübarizədə qələbəsi, iqtisadi uğurları fonunda müdafiə qabiliyyətinin günbəgün güclənməsi bir daha bu əminliyi və inamı şərtləndirir ki, tezliklə işğal altında olan torpaqlarımız azad olacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarında daim bəyan etdiyi kimi, hər gün Azərbaycanı qələbəyə yaxınlaşdırır. 
Cənab İlham Əliyevin son on ildə həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz iqtisadi inkişafa nail olmaqla yanaşı, beynəlxalq aləmdə nüfuzunu artırıb. Buna ən bariz nümunə 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Bu nailiyyət Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün, beynəlxalq imicinin daha da möhkəmləndirilməsinə xidmət edən addımdır. Prezident İlham Əliyev Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi ilə bağlı bildirmişdir: «Bizim dünyadakı dostlarımızın sayı artmaqdadır. Mən dəfələrlə bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyətinə fikirlərimi bildirmişdim. Bu gün də demək istəyirəm ki, dünyada dostlarımız kifayət qədər çoxdur. Əgər əvvəlki dövrlərdə belə bəyanatlar konkret nəticələrlə təsdiqlənmirdisə, bu səsvermə verilən bütün bu bəyanatların əyani sübutudur. Dünya miqyasında 155 ölkə Azərbaycana inanır, Azərbaycana hörmət edir, Azərbaycana rəğbətlə yanaşır və Azərbaycanı dəstəkləyir.»
Azərbaycanın bu gün beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsi də artan nufuzunun və siyasi çəkisinin təsdiqidir. Cənubi Qafqaz regionu iqtisadiyyatının 75 faizinə sahib çıxan Azərbaycan davamlı inkişafı ilə dünyanın diqqətindədir. Bu diqqətin bariz nümunəsi Azərbaycanın adının dünyanın 10 xoşbəxt ölkəsi sırasında çəkilməsidir. Uğurlarımız düzgün təmələ əsaslanan siyasətdən qaynaqlanır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, inkişafın Azərbaycan modeli mövcuddur. 

- Qərib müəllim, ölkə Prezidenti İlham Əliyevin «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası qarşıdakı illərdə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyinə xidmət edir. Son on ilin iqtisadi inkişafı bu istəyimizə hansı əminliyi yaradır? 

- Əlbəttə, sadalanan faktlar cənab İlham Əliyevin Prezidentliyi dövründə əldə edilən nailiyyətlərin sadəcə qısa xülasəsidir. Möhtərəm Prezidentimizin müdrik dövlət başçısı kimi qazandığı uğurları tam şəkildə ifadə etmək üçün yüzlərlə kitabın yazılması kifayət etməz. Əldə olunmuş iqtisadi nailiyyətlərin və Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizə yaratdığı əsasın ümumiləşdirilmiş ifadəsi olaraq  deyə bilərik ki, 2003-cü ildən bu günədək keçilən yol Azərbaycanın tarixinə sosial-iqtisadi intibah dövrü kimi yazılıb. Bu uğurlar yeni-yeni hədəflərə yol açmaqla yanaşı, onların gerçəkləşməsinə stimul verir. Ölkəmizin əldə etdiyi hər bir nailiyyətə görə cənab İlham Əliyevə borcluyuq, bunun üçün bir daha möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı bildiririk.