YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadiyyatın diversifikasiyası siyasəti sayəsində ölkəmizin sənaye xəritəsi daha da zənginləşib

Müsahibimiz Milli Məclisin deputatı Malik Həsənov

- Malik müəllim, son illər Azərbaycan iqtisadi inkişaf baxımından yüksək nəticələr əldə etməkdədir. Ölkə iqtisadiyyatının inkişafı yönündə qazanılan nailiyyətləri necə qiymətləndirirsiniz?

 - Bildiyiniz kimi, Azərbaycan hazırda dünyada sürətli inkişaf tempinə malik olan ölkələrdən birinə çevrilib. Buna isə həyata keçirilən iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirməklə nail olunub. Bütövlükdə, Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Nəticədə ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb.  Hazırda Azərbaycanda iqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Məsələn, informasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sektorlardan biri kimi müəyyənləşdirilib. Ötən ilin fevralında "Azərspace-1" ilk Azərbaycan peyki fəzaya buraxılıb, ölkəmizdə kosmos sənayesinin inkişaf etdirilməsi istiqamətində işlər aparılır. 

Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Həyata keçirilən məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcəkdə iqtisadi inkişaf üçün dərin zəmin yaradıb. 
Son illərdə Azərbaycan iqtisadiyyatının tikinti, energetika, informasiya-kommunikasiya və digər qeyri-neft sahələrinə xarici investisiyaların yatırımı genişlənib. 

- Azərbaycanda qeyri-neft sektorunun inkişafı da xüsusi diqqət mərkəzindədir. İqtisadiyyatın diversifikasiyası baxımdan bu sektorun əhəmiyyəti nədən ibarətdir?

- Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun inkişafının təmin edilməsi prioritet istiqamət təşkil edir. Bu sahənin inkişaf etdirilməsinə göstərilən davamlı dövlət qayğısının nəticəsidir ki, son illərdə ölkənin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır. Son 10 ildə respublikamızda qeyri-neft sektoru 2,6 faiz artıb, cari ilin arxada qalan doqquz ayında isə bu sahədə 6 faiz artım müşahidə edilib. Sevindirici haldır ki, artıq ölkəmizdə istehsal olunan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi neft sektorunu üstələyərək 55 faizə yüksəlib.
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə neft gəlirlərinin uğurla modern, innovasiyalara əsaslanan, elmtutumlu sənaye quruculuğuna yönəldilməsi siyasəti həyata keçirilir. Son illərdə bu sahənin intensiv inkişafının təmin edilməsi məqsədilə mükəmməl infrastruktur yaradılıb, ayrı-ayrı mövcud müəssisələr müasir texnologiyalar əsasında yenidən qurulub, yerli xammalla işləyən, eyni zamanda, ixrac potensialına malik olan yeni istehsalatlar yaradılması məqsədilə əməli tədbirlər həyata keçirilib.

- 2014-cü il Azərbaycanda «Sənaye ili»dir. Bu il çərçivəsində, eləcə də ümumilikdə Azərbaycanda sənayenin işkişafı haqqında fikirlərinizi bilmək istərdik...

- Sənayeləşmə siyasəti çərçivəsində ölkəmizdə zəruri işlər, o cümlədən, yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılır və bu işlər gələcəkdə də davam etdiriləcək. Azərbaycanda Sumqayıt və Balaxanıda sənaye və yüksək texnologiyalar parkının yaradılması iqtisadi artımın qeyri-neft sektoru amili hesabına təmin edilməsi ilə yanaşı, həm də ölkə iqtisadiyyatının modernizasiyasının həyata keçirilməsi, ölkə iqtisadiyyatının gələcək inkişafının innovativ trayektoriyaya çıxarılması istiqamətində həyata keçirilən çox ciddi addımlardan biridir. Demək olar ki, Azərbaycandakı iqtisadi sistem qlobal maliyyə böhranından əziyyət çəkən bir sıra dövlətlər üçün nümunə ola bilər. Dövlət investisiyalarının artırılması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi onu deməyə əsas verir ki, hökumət neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edir. Yəni, milli iqtisadiyyatın inkişafı üçün maliyyə resurslarına malik olmaq heç də inkişaf demək deyildir, əsas məsələ bu maliyyədən necə istifadə etməkdədir. 

Ölkəmizdə uğurlu sənaye quruculuğu siyasətindən söhbət açarkən bu məqsədlə möhkəm hüquqi bazanın yaradılmasını ayrıca qeyd etmək lazımdır. Prezident İlham Əliyevin ölkəmizdə modern sənaye quruculuğu ilə bağlı nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq qeyri-neft sahəsinin inkişafının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında" müvafiq Fərman imzalayıb. Ölkəmizdə "Xüsusi iqtisadi zonalar haqqında" ayrıca Qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə" təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin "Sənaye ili" elan edilməsi ölkəmizdə sənaye sahəsinin üstün inkişafına göstərilən diqqətin daha bir ifadəsidir. Beləliklə, deyə bilərik ki, Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlanıb. Dövlət başçısının imzaladığı yuxarıda bəhs olunan Sərəncama uyğun olaraq, ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülüb. Hazırda ölkədə cari il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən, sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr hazırlığının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadiyyatın diversifikasiya siyasəti sayəsində respublikanın sənaye xəritəsi daha da zənginləşib, həmçinin, regionlar iqtisadi güc amilinə çevrilib. 

- Malik müəllim, Azərbaycanda sahibkarlara dövlət qayğısını necə dəyərləndirirsiniz?

- Sahibkarlıq fəaliyyətinə yaradılan azad şəraitin göstəricisi olaraq bu gün respublika iqtisadiyyatının 80 faizdən çoxu özəl sektorun payına düşür. Dövlətin bu sahəyə göstərdiyi diqqətin nəticəsi olaraq regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində paytaxtda və regionlarda orta və kiçik sahibkarlığın inkişafı üçün stimullaşdırıcı tədbirlər görülür. Bu məqsədlə fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin fəaliyyətinin maliyyə cəhətdən dəstəklənməsində aparıcı rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində gerçəkləşdirilən tədbirlərin əsas məqsədlərindən biri ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, daha əlverişli investisiya mühitinin yaradılması məqsədilə bütün investorlar üçün azad rəqabətin təmin edilməsidir. Bundan əlavə, sosial-iqtisadi inkişaf proqramlarında sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi yönündə həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən biri kimi göstərilir. Özəl sektorun inkişafı məqsədilə dövlətin müəyyənləşdirdiyi prioritetlər içərisində sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və digər strukturların yaradılmasının davam etdirilməsi, sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması mühüm əhəmiyyət daşıyır. 
Göründüyü kimi, hökumət təkcə rəqabətli iqtisadi mühitin yaradılması ilə kifayətlənmir. Özəl sektorun genişlənməsinə dəstək olaraq hər il yüzlərlə sahibkara Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər verilir. Fondun xətti ilə indiyədək 24 min nəfərə yaxın sahibkara təqribən 1 milyard 475 milyon manat həcmində güzəştli kreditlər verilib, onların böyük hissəsi regionların payına düşür. Gələcəkdə isə özəl sahibkarlıq subyektlərinə ayrılan kreditlərin həcminin daha da artırılması nəzərdə tutulub. 
Sahibkarlığın inkişafı sahəsində görülən işlər, ayrılan vəsaitlər ölkənin gələcəyinə edilən yatırımdır. Çünki sahibkarlıq fəaliyyəti hər zaman öz çevikliyi, yeniliyə, istehsalatda və müəssisələrin idarə edilməsində yeni üsulların, müasir texnologiyaların istifadəsinə meyil etməsi, yüksək rəqabətliliyi və istehlakçı tələbatına tez uyğunlaşması ilə səciyyələnir. Sahibkarlıq fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq yeni müəssisələrin yaradılması, yerli istehsalın artması respublika iqtisadiyyatının əsaslarını möhkəmləndirir. Özəl sektorun inkişafı milli iqtisadiyyatın dinamikliyini artırmaqla bərabər, beynəlxalq bazarlara çıxışı asanlaşdırır, qlobal iqtisadi proseslərlə ayaqlaşmağa imkan verir. 
Qeyd etməliyik ki, sahibkarlığın inkişafı təkcə iqtisadiyyata deyil, sosial rifaha da çox böyük təsir göstərir. Belə ki, hər yaradılan müəssisə, fabrik, emal zavodu onlarla, yüzlərlə yeni iş yerinin açılması deməkdir. Ölkədə işsizliyin səviyyəsinin 5 faiz həddinə enməsində, heç şübhəsiz, çoxsaylı sahibkarlıq müəssisələrinin yaradılmasının, son on ildə açılan 1,3 milyon yeni iş yerinin bir hissəsinin özəl sektorda cəmləşməsinin böyük rolu var. Bundan əlavə, yerli istehsalın artması xarici ölkələrlə ticarətdə müsbət saldoya təsir etməklə yanaşı, ölkədə məhsul bolluğu yaradır ki, bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi deməkdir.

- Sizcə, ölkəmizdəki biznes mühitinə beynəlxalq müstəvidə münasibət necədir? Bu istqamətdə vəziyyət nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən necə qiymətləndirilir?

- Bildiyiniz kimi, hər il Azərbaycan iqtisadiyyatına böyük həcmdə daxili və xarici investisiyalar yatırılmaqdadır. Əlbəttə ki, bu prosesin davamlı olması, ilk növbədə, ölkədə əlverişli biznes mühitinin mövcudluğunun nəticəsidir. Azərbaycan iqtisadiyyatının bu sahədə yüksələn göstəriciləri nüfuzlu beynəlxalq qurumların hər il hazırladıqları hesabatlarda da əksini tapır. Dünya Bankının  və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) illik “Doing Business-2015” reytinqində Azərbaycan biznesin açılmasının sadəliyi üzrə ilk 20-liyə daxil olub. Bu göstərici üzrə Azərbaycan reytinqin əhatə etdiyi 189 ölkə arasında 12-ci yeri tutaraq Çin, Avstriya, Belçika, Braziliya, Xorvatiya, Çexiya kimi ölkələri qabaqlayıb. Hesabata əsasən, Azərbaycan vergi uçotunun onlayn qeydiyyatına elektron imzaların alınması üçün vaxta qənaət edilməsi ilə biznesin açılması prosesini asanlaşdırıb. Qeyd edilir ki, Azərbaycan biznesin açılması, mülkiyyətin qeydiyyatı və vergilərin ödənişi sahəsində dəyişikliklər həyata keçirərək islahatçı ölkələrin ilk onluğuna daxil olub.
Biznesin qurulması üzrə bir çox prosedurların sadələşdiyi Azərbaycan ötənilki nəticələrlə müqayisədə vergilərin ödənişində 77-ci yerdən 33-cü yerə, tikintiyə icazənin alınması üzrə 180-ci yerdən 150-ci yerə və elektrik enerjisi təchizatı sisteminə qoşulmaq üçün icazənin alınmasında 181-ci yerdən 159-cu yerə yüksəlib. Hesabata əsasən, Azərbaycan yüklülük haqqında arayışın alınması üçün elektron sistemin tətbiqi vasitəsilə daşınmaz əmlakın mülkiyyətə verilməsini sadələşdirib. Bundan başqa, ölkədə qeydiyyatın və sosial sığorta haqlarının ödənişinin elektron sisteminin tətbiqi yolu ilə şirkətlər üçün vergilərin ödənişi də sadələşdirilib.
Ümumilikdə, Azərbaycan hesabatın reytinq cədvəlində 80-ci yeri tutur. Buradan da görünür ki, ölkəmiz sahibkarlıq fəaliyyəti üçün prinsipial önəm kəsb edən bir çox məsələlərdə dünyanın əksər dövlətlərini qabaqlayır. 
Bilirsiniz ki, illik “Doing Business” məruzəsi artıq 12-ci dəfədir tərtib olunur və 189 ölkəni əhatə edir. Məruzədə biznes fəaliyyətinin bütün dövrü ərzində müəssisənin yaradılması, biznesin idarə edilməsi, xarici ticarət fəaliyyətinin həyata keçirilməsi, vergilərin ödənişi, həmçinin investorların hüquqlarının müdafiəsi səviyyəsi daxil olmaqla, biznesin inkişafına imkan yaradan və ya mane olan nizamlama normaları araşdırılır. Əvvəlki illərin müvafiq hesabatlarında da Azərbaycan əksər ölkələri qabaqlayan yüksək pillələrdə yer tutub. Bu isə təsadüfi deyil, çünki Azərbaycanda yaradılan azad biznes mühiti, özəl sektorun inkişafına dövlət dəstəyi iqtisadiyyatın çox vacib hissəsini təşkil edən sahibkarlığın çəkisinin artmasına əlverişli şərait yaradır.