YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Xocalı soyqırımı insanlığa qarşı ən amansız qətliamlardan biridir

Müsahibimiz Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev

- Vahid müəllim, ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı            soyqırımından 29 il ötür.Bu soyqırımın miqyası və dəhşətləri ilə bağlı                 düşüncələrinizi bilmək istərdik...

- Erməni millətçilərinin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktı yalnız azərbaycanlılara qarşı deyil, ümumilikdə bəşəriyyət əleyhinə, insanlıq əleyhinə cinayətdir. Mənim düşüncəmə görə, ermənilərin Xocalıda törətdiyi soyqırımı aktına bir gecənin,bir günün hadisəsi kimi baxılması yanlış olardı. Hadisəyə obyektiv qiymət vermək üçün uzun illər öncədən başlanmış və tarixin müxtəlif dövrlərində dünyada və regionda baş verən hadisələrdən özlərinin məkrli niyyətlərini reallaşdırmaq məqsədilə azərbaycanlıların deportasiya edilməsi hesabına ərazilərin boşaldılmasına nail olmaq və həmin ərazilərdə“böyük Ermənistan” xülyalarını gerçəkləşdirmək planının tərkib hissəsi kimi baxılması daha doğru olardı. Bildiyimiz kimi Qarabağda son hadisələr 1987-ci ilin ikinci yarısından başlanmış müxtəlif mərhələlərdən keçərək 1988-ci ilin fevral ayının 13-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi adı altında açıq müstəviyə çıxarıldı və Xankəndidə etiraz mitinqləri təşkil edildi.

Məsələnin açıq müstəviyə qaldırılmasına qədər Ermənistandan və keçmiş SSRİ məkanının müxtəlif bölgələrindən xüsusi hazırlanmış emissarlar göndərilərək millətlərarası ədavətin qızışdırılması istiqamətində məqsədyönlü işlər aparılmış, əvvəlcədən hazırlanmış pozucu təbliğat vasitələri erməni əhalisi arasında yayılaraq Qarabağda yaşayan erməni millətindən olan əhalini etiraz aksiyalarına cəlb etməyə yönəlik ”fəal” işlər həyata keçirilmişdi ki, bunu şərti olaraq Qarabağ hadisələrində birinci mərhələ adlandırsaq yanılmarıq. İkinci mərhələ yuxarıda qeyd olunduğu kimi, Qarabağda erməni əhalisinin etiraz mitinqlərinin təşkili, bu etiraz aksiyalarında geniş əhali kütləsinin iştrakının mütəmadi və davamlı xarakter almasının təmin edilməsi idi.

Üçüncü mərhələ kimi Yuxarı Qarabağ bölgəsində və Ermənistan  ərazisində milli münaqişənin yerli azərbaycanlı əhaliyə qarşı təhqir, təqib və zor tətbiq etmək, daha sonra qətlə yetirməklə daimi yaşayış yerlərində didərgin salmaqla Dağlıq Qarabağda qarışıq yaşayış məntəqələrinin, Ermənistandan isə bütün azərbaycanlı əhalini dədə -baba torpaqlarında didərgin salınmasını qeyd etmək olar.

Arkadi Volskinin rəhbərliyi ilə yaradılmış Dağlıq Qarabağ üzrə Xüsusi Komitənin fəaliyyəti dövründə Dağlıq Qarabağda mövcud olan bütün idarə, müəssisə və təşkilatların birbaşa Ermənistanın tabeçiliyinə keçirilməsi və Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin heçə endirilməsini dördüncü mərhələ kimi qiymətləndirsək heç də yanılmarıq.

1990-cı ilin yanvarında Azərbaycan Kommumist Partiyası Mərkəzi Komitəsinin tabeliyində və Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçkonun sədrliyi ilə Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Respublika Təşkilat Komitəsi yaradıldı ki, həmin qurumun fəaliyyəti abadlıq, quruculuq və təsərrüfat işlərinin icrasından o yana  keçmədi və keçmiş SSRİ-nin süqutu ilə qurumun da fəaliyyətinə xitam verildi.

Nəhayət beşinci  mərhələ, Qarabağ probleminin açıq müharibə müstəvisinə keçməsi və torpaqlarımızın bir-birinin ardınca işğal edilməsidir. Xocalı soyqırımına qədər ermənilər Dağlıq Qarabağ ərazisində yerləşən bir çox yaşayış məntəqələrinin, o cümlədən Ağdərə rayonunun İmarət Qərvənd, Xocavənd rayonunun Axullu, Sabakətin, Tuğ, Qaradağlı, Xocalı rayonunun Cəmilli, Meşəli, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsini və Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal etmişdilər. Ermənilər yalnız Xocalıda azərbaycanlılara qarşı soyqırım aktı törətməmişdir.Yuxarıda qeyd olunan yaşayış məntəqələrinin işğalı zamanı da buna bənzər dinc əhaliyə qarşı cinayətlər, qətliamlar törədilmişdi. Şəraitdən aslı olaraq bəzi yaşayış məntəqələrində soyqırımının miqyası böyük, bəzilərində isə nisbətən kiçik olmuşdur. Xocalı rayonunun Meşəli və Xocavənd rayonunun Qaradağlı kəndlərində ermənilər tərəfindən sözün həqiqi mənasında insanlıq əleyhinə faciə yaşanmışdır. Cəmi 409 sakini olan Meşəli kəndinin işğalı zamanı 28 nəfər amansızccasına qətlə yetirilmişdir. Əgər kənardan köməyə gələrək mühasirəni yarmaq mümkün olmasaydı, Meşəli kəndindən bir nəfər belə xilas ola bilməzdi. Meşəli kəndində erməni vəhşiliyinin təsəvür etmək üçün diqqətinizə bir neçə faktı çatdırım. Ermənilər gecə vaxtı kəndi dörd tərəfdən mühasirəyə alır, kəndin kənarında yerləşən evlərə və tövlələrə  insanlar yatdığı yerdə  od vurub yandırmağa başlayır, hadisədən xəbər tutub bayıra çıxan  əhali güllə-boran edilir. Təsəvvür edin, insan nə qədər vəhşi, qaniçən olmalıdır ki, evdə adam olduğu halda, tövlədə heyvanlar olduğu vəziyyətdə benzin töküb evə, tövləyə od vurasan. Meşəli kənd sakini Novruz Novruzovun özü, həyat yoldaşı və iki qız övladı bu şəkildə qətlə yetirilib, 16 yaşlı oğlu Novruzov Barat yaralı vəziyyətdə girov götürülərək qolları bağlanaraq başı kəsilmək üçün maşının yük yerinə atılır, o özünü maşının üstündən sıldırım qayadan atmaqla xilas ola bilir.

Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı kənddə qalmış 139 nəfərdən 91 nəfəri xüsusi amansızlıqla qətlə yetirilmişdir. Bunları qeyd etməklə bir daha vurğulamaq istəyirəm ki, ermənilər yalnız Xocalıda soyqırımı törətməyib. Yaşayış məntəqələrimizin işğalı zamanı harada fürsət tapıblarsa, öz xislətlərini göstəriblər.

Əlbəttə, Xocalıda törədilən soyqırımı hadisəsi miqyasına görə ən dəhşətlisi və ən amansızıdır. Dörd ay tam mühasirə şəraitində qalan, adi çörəyə belə möhtac olan dinc əhali şaxtalı bir qış gecəsi hər tərəfdən mühasirəyə alınır, ilk öncə artilleriya və ağır texnikaların mərmi yağışına tutulur, daha sonra isə canlı qüvvə dinc, əliyalın əhali üzərinə hücuma keçir, evlərə od vurulur, qarşılarına çıxan hər kəs qocasına, qadınına, körpəsinə, uşağına baxılmadan güllənir, süngüyə keçirilir, başları kəsilir, ağaca bağlanıb diri–diri od vurulur. Şaxtalı, dumanlı qış gecəsi canını Xocalı şəhərindən çıxara bilən dinc əhali yolda pusquya salınır, öldürülən öldürülür, qalanları isə əsir götürülərək işgəncələrə məruz qoyulur, əzab verməkdən xüsusi zövq alaraq alçaldılır, başları kəsilir, bədən üzvləri kəsilir və s.

- O dövrdə respublikamızdakı ictimai-siyasi durum proseslərə necə təsir edirdi?

- Ermənilər xarici havadarlarının köməyi ilə silahlı birləşmələr yaratdığı,bütün qüvvələri səfərbər etdiyi bir dönəmdə respublikamızda torpaqlarımızın mənfur düşməndən müdafiəsini təşkil etmək əvəzinə, yaşayış məntəqələrimizin işğal edilməsi kartından istifadə etməklə hakimiyyətə gəlmək uğrunda mübarizə aparılırdı. Mənə belə gəlir ki, o dövrdə Azərbaycan Respublikasının Prezidenti olan Ayaz Mütəllibovun ən böyük səhvi Milli Ordunun yaradılması işinin Rəhim Qazıyev kimi xəyanətkarların təmsil olunduğu Müdafiə Şurasına həvalə etməsi oldu. Həmin qurumda təmsil olunanlar vahid komandanlığa tabe olan Milli Ordu formalaşdırmaq əvəzinə, özlərinin siyasi məqsədlərini reallaşdırmaq üçün silahlı dəstələr yaratdılar.

Yeni yaranmaqda olan Silahlı Qüvvələr ayrı-ayrı adamların məkirli niyyətlərinin təmin edilməsi işinə cəlb edildi. Sözün əsl mənasında Qarabağ bölgəsində yaşayan əhali taleyin ümidinə buraxıldı. Qarabağda baş verən hadisələrdə yetərincə məlumatlı bir şəxs kimi deyə bilərəm ki, həmin dövrdə Şuşanın hərbi komendantı və Xocalı soyqırımının törədildiyi gün Şuşada olan Rəhim Qazıyev və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi və Ağdamda hərbi məsələlərə rəhbərlik edən Fəhmin Hacıyev Xocalı soyqırımının qarşısının alınması istiqamətində  nəinki hər hansı bir tədbir görmədilər, əksinə qeyd olunan ərazilərdə mövcud olan silahlı qüvvələrin keçirmək istədikləri əməliyyatın qarşısını aldılar. O dövrdə əsil reallıq  qeyd etdiklərimdən ibarət idi. 

- Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində dövlət    tərəfindən sistemli tədbirlər həyata keçirilir. Bu tədbirləri necə  dəyərlənirirsiniz?

- Xocalı soyqırımı törədildiyi dövrdə hakimiyyətdə olan qüvvələr  nəinki bu dəhşətli hadisə haqqında beynəlxalq aləmə məlumat  vermirdi, əksinə respublika ictimaiyyətindən belə əsl həqiqətləri gizlətməyə çalışırdı.

Əvvəlki hakimiyyət mənsublarından fərqli olaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəldikdən dərhal sonra Xocalı faciəsinə Milli Məclis səviyyəsində hüquqi-siyasi qiymət verilməsinə nail oldu və ermənilər tərəfindən törədilmiş insanlıq əleyhinə cinayət aktı “Xocalı soyqırımı” kimi rəsmiləşdirildi. Ulu Öndərimiz, daha sonra isə cənab Prezidentimiz İlham Əliyev keçirdiyi bütün rəsmi görüşlər və iştrak etdikləri hər bir beynəlxalq səviyyəli tədbirlərdə Xocalı soyqırımı haqqında görüş və tədbir iştirakçılarına ətraflı məlumat verməklə dünya miqyasında bu müdhiş hadisənin tanıdılmasına xüsusi diqqət yetirdi. Respublikamızın diplomatik korpusu, diaspora təşkilatları Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması işinə cəlb edildi. Xocalı soyqırımının beynalxalq səviyyədə tanıdılması işində Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan  ardıcıl və silsilə tədbirlərin müstəsna rolu olduğunu xüsusi qeyd etmək lazımdır. Aparılmış məqsədyönlü siyasət sayəsində dünyanın doqquz dövlətinin və ABŞ-ın 20-dən çox  ştatının parlamentləri Xocalı soyqırımına həsr olunmuş xüsusi qətnamələr qəbul etmiş, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır. Bu gün də Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl iş aparılmaqdadır.

- Sizcə, beynəlxalq birliyin erməni vəhşiliyə qarşı münasibətini qənaətbəxş  hesab etmək olarmı?

- Təəssüf  hissi ilə qeyd etmək lazımdır ki, ikili standartlar bir çox sahələrdə olduğu kimi Xocalı soyqırımı haqqında həqiqətlərin qəbul  edilməsində də açıq şəkildə sezilməkdədir. Bu da ədalətsiz dünyanının bu günki reallığıdır. Ancaq bu heç də əsas vermir ki, ermənilərin Xocalıda törətdiyi vəhşilik haqqında öz təbliğatımızı aparmayaq. Məhz bu səbəbdən cənab Prezidentimizin rəhbərliyi altında Xocalı soyqırımının tanıdılması məqsədi ilə ilbəil daha geniş miqyaslı silsilə tədbirlər davamlı olaraq aparılır.

Diplomatlardan tutmuş, sənət adamlarına, yaradıcı insanlara kimi bütün səviyyələrdə hər kəs Xocalı soyqırımının tanıdılması prosesində iştirak edir. Xocalı soyqırı həqiqətlərinin beynəlxalq səviyyədə təbliği prosesində azdan-çoxdan iştirak etmiş bir şəxs olaraq deyə bilərəm ki, ermənilərin yalançı təbliğat maşını xarici havadarlarının dəstəyi ilə bu sahədə də fəaliyyətdədir, beynəlxalq rəyi özlərinin xeyrinə dəyişməyə, əsl həqiqətlərin üzərinə kölgə salmağa çalışırlar.

Azərbaycan həqiqətlərini qəbul edən hər kəs tez və gec Xocalı soyqırımını tanıyacaq. Tanımaq istəməyənlərin isə siyasi maraq və vicdan məsələsidir ki, bu onların öz işidir.

- Vahid müəllim,  Azərbaycan 44 günlük Vətən müharibəsində böyük zəfər qazandı. Xocalı ictimaiyyətinin əhval-ruhiyyəsi necədir?

- Dilimizdə “Zülm qiyamətə qalmaz“  kimi gözəl bir deyim var .Cənab Prezidentimiz, Silahlı Qüvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilk öncə tarixi ədalətin bərpa edilməsi baxımından xalqımızın hər bir üzvü kimi Xocalı rayon içtimayyəti tərəfindən də  yüksək qiymətləndirilir. Xarici havadarlarının hərtərəfli dəstəyi ilə ardıcıl olaraq Azərbaycanın tarixi torpaqlarını ələ keçirərək, xalqımıza Xocalı soyqırımı kimi faciələr yaşatmış bədnam siyasətə axır ki, dur deyildi. “Dəmir yumruğ” un zərbəsindən “məğlubedilməz”, “döyüşən xalq”  mifləri darmadağın edildi.

30 il müddətində qurduqları müdafiə istehkamları, əldə etdikləri hərbi texnika, silah–sursat sıradan çıxarıldı, minlərlə canlı qüvvələri zərərsizləşdirildi və son nəticədə kapituliyasiya aktına imza atmağa məcbur edildilər. Cənab Prezident İlham Əliyevin qurduğu müasir dövrün tələblərinə cavab verən Milli Ordumuzun, Ali Baş Komandan kimi cənab Prezidentimizin qətiyyəti, seçdiyi hərbi taktika və strategiya, xalqımızın monolit güc olaraq cənab Prezidentimizin ətrafında bir yumruq kimi birliyi hesabına möhtəşəm qələbəmiz əldə olundu, illərdən bəri  düşmən əsarəti altında olan müqəddəs yurd yerlərimiz işğaldan azad edildi.

Böyük qayıdışın təmin edilməsi istiqamətində dövlətimizin başçısının həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət Xocalı rayon ictimayyəti tərəfindən birmənalı olaraq yüksək qiymətləndirilir. Əminik ki, digər işğaldan azad olunmuş rayonlarla yanaşı biz Xocalı sakinləri də doğma torpaqlarımıza qayıdacağıq və Xocalı soyqırımın ildönümlərini Xocalıda qeyd edəcəyik. Xocalıda soyqırımı muzeyi yaradaraq gələcək nəsillərin burada törədilmiş erməni vəhşiliyinin tariximizdə əbədi qalması təmin ediləcək.  Fürsətdən istifadə edərək Vətənimizin bütövlüyü uğrunda canını qurban vermiş  bütün şəhidlərə, o cümlədən Xocalı soyqırımının qurbanlarına Allahdan rəhmət diləyir, bütün qazilərimizin tezliklə sağalmasını arzulayıram. Uca Yaradan bir daha millətimizə  bu kimi qanlı, qadalı hadisələri nəsib etməsin.