YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Hər qələbənin kökündə isə güclü iqtisadiyyat dayanır

Müsahibimiz Milli Məclisin deputatı Elman Nəsirov

- Elman müəllim, Prezident İlham Əliyevin rəhbərliyi altında son 17 il ərzində bütün sahələrdə olduğu kimi, ölkə energetikasının  inkişafında da tarixi uğurlara imza atılmışdır.  Həmin uğurların forma və məzmun parametrlərini necə xarakterizə etmək olar?

- Prezident İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. O, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasət həyata keçirir. Bu, çətin, lakin şərəfli yoldur. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. Bu siyəstin uğurunu təmin edə həlledici amil xalq-hakimiyyət birliyidir. Bütün bu sadalanan amillərin nəticəsi olaraq Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu 44 günlük Vətən müharibəsi dövründə tarixi zəfərə imza ataraq işğal altındakı torpqalarımızı azad etmiş və bu  ərazilərdə suveren hüquqlarımızın bərqərar olmasını təmin etmişdir. Bu huquqlar ilk növbədə azad olunmuş ərazilərin bərpası və yenidənqurulması anlamını özündə ehtiva edir. Yeni reallıq eyni zamnada işğaldan azad  olunan torpaqlarımızda energetika sisteminin bərpası və reinteqrasiyası kimi mühüm vzəifələrin yerinə yetirilməsi zərurətini ortaya qoyur. Bu taleyüklü vəzifələrin layiqincə öhdəsindən gəlinməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri  böyük işlər görülmüş, nəinki Azərbaycanın, eləcə də Avropanın enerji təhlükəziliyinin təminatında  misilsiz addımlar atılmışdır. Bu baxımdan 2017-ci il sentyabrın 14-də “Yeni Əsrin müqaviləsi”nin imzalanması, 2020-ci il dekabrın 31-də TAP layihəsinin istifadəyə verilməsi və nəticədə Avropanın meqalayihəsi hesab olunan Cənub Qaz Dəhlzinin tam işə düşməsi tarixi əhəmiyyətli  iqtisadi-enerji hadisələridir. Bütün bu uğurlar təsadüfi olmayıb, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş düşünülmüş, ardıcıl və sistemli enerji siyasətinin ölkəmizin və dünyanın yeni iqtisadi-enerji trendlərinə adekvat  olaraq Prezident İlham Əliyev tərəfindən  varislik, innovativlik və dinamizm prinsiplərinə əsaslanmaqla davam etdirilməsi kursu dayanır.

Dövlətimizin başçısı bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsini ölkəmizin müasir enerji siyasətinin prioritetləri kimi müəyyən etmişdir.

Bu məqsədlə energetika sisteminin inkişafının hüquqi-normativ bazası daha da gücləndirilmişdir. Xüsusilə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamı, Azərbaycan Respublikası Prezidentinin  2016-cı il 6 dekabr tarixli  Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı  energetikanın inkişafında mühüm rolu oynamışdır.

Prezident İlham Əliyev 2018-ci il yanvarın 29-da “2014-2018-ci  illər Regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans”da çıxışında “energetikanı hər bir iqtisadiyyatın bel sütünu” adlandıraraq qeyd etdi ki, “ona görə də ilk növbədə bu məsələlərlə məşğul olmağa başladıq. Bu gün ölkəmizin uğurlu, sürətli inkişafı bu eıektrik stansiyalarının mövcud olması ilə bağlıdır.”

Təsadüfi deyil ki, 2004-cü ildə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında elektrik stansiyalarının tikintisi xüsusi nəzərə alınmışdır.

Nəticədə son 17 il ərzində  ölkəmizdə generesiya güçü 7150,6 meqavata çatan 32 elektrik stansiyası (15-i İES, 17-si SES) işə salınmışdır. Nəzəra alsaq ki, 2004-cü ildə Azərbaycanda cəmisi 9 elektrik stansiyası var idi və onların ümumi generasiya gücü  3500 meqavata bərabər idi.

Enerji sektoru ilə bağlı daha bir müsbət saldo ondan ibarətdir ki, ölkəmizdə əhəmiyyətli şəkildə ixrac potensialı formalaşmışdır. 2004-cü ilə qədər enerji idxal edən ölkəmiz 2007-ci ildən başlayaraq onun ixracatçısna çevrilmişdir. Bu məqsədlə həm ölkə ərazisində, həm də həm də üç qonşu dövlətlə-Rusiya, İran və Gürcüstanla elektrik xətlərinin birləşdirilməsi reallaşmışdır. Azərbaycan və Türkiyə  enerji sistemlərinin sıx əlaqəsi təmin edilmişdir.

Bütövlükdə, 2020-ci ildə ölkəmizin elektrik enerjisi ixracı 1,15 milyard kilovat-saata bərabər olmuşdur.

Azərbaycanın elektonergetikanın inkişafında əldə etdiyi nailiyyətlər Davos Dünya İqtisadi Forumunun hesabatlarında da dəfələrlə yüksək qiymətə layiq görülmüşdür, Təsadüfi deyildir ki, dünyanın bir nömrəli iqtisadi forumu 2019-cu ildə olduğu kimi, 2020-ci ildə də ölkəmizi elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünyada ikinci yerə yüksəltmişdir.

- Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər bütün istiqamətlədə olduğu kimi, energetika sahəsi qarşısında da mühüm vəzifələr müəyyən etmişdir. Bu strateji əhəmiyətli vəzifələrin yerinə yetirilməsində  “Azərişıq”  Açıq Səhmdar Cəmiyyəti (ASC) və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) üzərinə  böyük  məsuliyyət düşür...

- Haqlısnız. “Azərenerji” (ASC)-nin bu istiqamətdə fəaliyyəti, xüsusilə də “Azərişıq” ASC-nin içğaldan azad olunan torpaqlarımızın fasiləsiz və keyfiyyətli  elektrik enerjisi ilə təmin olunması sahəsində “Azərişıq” “Qarabağda” layihəsi çərçivəsində həyata keçirdiyi operativ və geniş miqyaslı tədbirlər qürurvericidir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev doğum günü-dekabrın 24-də işğaldan azad olunmuş Zəngilan və  Qubadlıya səfəri zamanı idarə etdiyi avtomobildən  yolun kənarında uzanan elektrik dirək və xəttlərinə diqqəti cəlb edərək, “yolun sağ və sol tərəfində qoyulmuş dirəklər torpaqlar işğaldan azad olunandan sonra qısa müddətdə qoyulmuşdur”,-deməklə bu sahədə görülən işlərin səviyyəsi və dinamikasından razılığını ifadə etmişdir.

Xüsusi olaraq qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında”  Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli imzaladığı Fərmandan irəli gələn məsələlərin icrası ilə əlaqədar olaraq həmin əraziləri elektrik enerjisi ilə təmin etmək üçün “Azərişıq” ASC tərəfindən ardıcıl və sistemli olmaqla zəruri addımlar atılmaqdadır. Belə ki, artıq 35 kV-luq Tərtər-İsmayılbəyli hava xəttinin düşmən atəşi nəticəsində dağıdılmış 15 km hissəsi yenidən çəkilmiş, Ağdam rayonunda düşmən atəşi nəticəsində yararsız hala salınmış 110 kV-luq iki dövrəli Təzəkənd hava xətti 13 km məsafədə bərpa edilərək istismara verilmiş, habelə Füzuli rayonunda elektrik enerjisi ilə təmin olunmayan ərazilərinə 9 km uzunluğunda 10 kV-luq yeni elektrik hava xətti çəkilmişdir. Bundan savayı, Cəbrayıl rayonu Böyük Mərcanlı kəndindən Cəbrayıl şəhərinə 20 km uzunluğunda 10 kV-luq hava xətti təmir olunaraq şəbəkəyə qoşulmuş, Böyük Mərcanlı kəndindən Hərəkül kəndində yerləşən 35/10 kV-luq yarımstansiyaya qədər 25 km uzunluğunda 10 kV-luq hava xətti bərpa olunaraq Cəbrayıl şəhərində vacib obyektlərə elektrik enerjisi verilmişdir. Eyni zamnada Cəbrayıl rayonu Hərəkül kəndində yerləşən 35/10 kV-luq yarımstansiyadan Hadrut qəsəbəsindəki 35/10 kV-luq yarımstansiyaya qədər 17 km uzunluğunda 35 kV-luq hava xətti bərpa edilmiş, 10 kV-luq gərginliklə Hadrut qəsəbəsində bir neçə həyatı vacib obyektlər elektrik enerjisi ilə təmin olunmuş, Cəbrayıl rayonunun İran İslam Respublikası ilə sərhəddində Sərhəd Qoşunlarının zastavalarının elektrik təchizatı üçün 10/0,4 kV-luq iki ədəd güc transformatoru quraşdırılaraq şəbəkəyə qoşulmuşdur.

Ümumilikdə “Azərişıq” ASC tərəfindən düşmən atəşi nəticəsində zədələnmiş 280 km 10, 6 və 0.4 kV-luq hava xətləri və 78 ədəd güc transformatoru bərpa edilmişdir. Bununla bərabər, Qarabağ və ətraf rayonların ərazilərində həyatı vacib olan obyektlərdə müxtəlif gücdə 38 ədəd dizel-generatorları quraşdırılmış, 16 ədəd mövcud generatorlarda təmir və sazlama işləri aparılmışdır.

Hal-hazırda “Azərişıq” ASC  Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən strateji əhəmiyyətli Şuşa şəhərində müvəqqəti yaradılan dövlət orqanlarının və müxtəlif təyinatlı obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün 35/10kv-luq 4MVA gücündə yarımstansiyanın,  Füzuli rayonunda yerləşən 110/35/10 kV-luq “Şükürbəyli” yarımstansiyasından 35/10 kV-luq “Hadrut” yarımstansiyasına 27 km uzunluğunda 35 kV-luq iki dövrəli hava xəttinin tikintisi, Hadrut qəsəbəsindən Şuşa şəhəri istiqamətində mövcud olan 25,2 km uzunluğunda 35 kV-luq hava xəttinin təmiri və 21 km uzunluğunda 35 kV-luq yeraltı kabel xəttinin quraşdırılması işlərini sürətlə və keyfiyyətlə  aparmaqdadır. Eyni zamanda onu da qeyd edək ki, Qarabağ və ətraf rayonlarının elektrik enerjisi ilə təmin etmək üçün hər bir ərazi üzrə 35 və 0,4 kV-luq  paylayıcı elektrik şəbəkələrinin yaradılması istiqamətində müvafiq texniki tədbirlər operativ olaraq icra olunmaqdadır.

- Elman müəllim, işğaldan azad olunan torpaqların zəngin enerji potensialına malik olduğu bəllidir. Xüsusilə də Pezident İlham Əliyev həmin ərazilərin yaşıl enerji zonasına çevrilməsini strateji vəzifə olaraq müəyyən etmişdir. Bu məsələlər ətrafında fikirlərinizi  eşitmək istərdik.

- Prezident İlham Əliyev elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasını strateji hədəf olaraq müəyyən etmişdir. Bu baxımdan zəngin enerji potensialına malik Qarabağ regionunda təkcə ənənəvi deyil, eyni zamanda bərpaolunan enerji mənbələrindən istifadə olunması məsələsi də xüsusi aktuallıq və əhəmiyyət kəsb edir.

Təsadüfi deyildir ki, yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirədə Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət ayıraraq vurğuladı ki, “Azad edilmiş torpaqlarda, eyni zamanda, böyük enerji potensialı var. Bəri başdan demək istəyirəm ki, mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim... Bütün bu bölgə dünya üçün yaşıl enerji zonası kimi bir nümunə olacaq. Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, - mən buna şübhə etmirəm, - həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. Eyni zamanda, ən müasir texnologiyalar tətbiq edilməlidir, iqtisadi cəhətdən ən sərfəli texnologiyalar, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji – su, külək, günəş. Nəzərə alsaq ki, bərpaolunan enerji növlərinə çox böyük maraq var və keçən il müzakirə olunan layihələr artıq reallaşır”  Qeyd olunan layihələrin reallaşması sahəsində görülən işlərlə bağlı Energetika naziri Pərviz Şahbazovun səsləndirdiyi mövqeyə görə, “ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağ regionunda bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək yaşıl zona, yaxud yaşıl məkan konsepsiyasının hazırlanmasına başlanılmışdır. Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələr aparılmaqdadır. İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 4000 meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialı vardır. Kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə başlanılmışdır. İlkin məlumatlara görə, bu stansiyaların sayı 30-a yaxındır, lakin əksəriyyəti yararsız hala salınmışdır. Üç stansiyada artıq bərpa işlərinə başlanılmışdır. Yaşıl enerji layihələrinə xarici investorların cəlb edilməsi üzərində iş aparılır.”

Bu xüsusda onu da qeyd edək ki, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 meqavat külək elektrik stansiyasının tikintisi üzrə müqavilələr artıq imzalanmışdır. Xarici sərmayəyə əsaslanan bu layihə ildə 200 milyon kubmetr qaza qənaət olunmasını təmin edəcəkdir. Növbəti layihə, “Günəş” layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birlikdə bu il mart ayının 1-dək yekunlaşdırılmalıdır və bu istiqamətdə də işlər aparılmaqdadır.

Beləliklə, son 17 il ərzində ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların,  müasirləşmənin, ugurlu xarici siyasətin və xüsusilə də pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və qalibi olan Prezident İlham Əliyevin ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yeni tarixi qələbələrə hədəflənməliyik. Hər qələbənin kökündə isə güclü iqtisadiyyat dayanır. Hər bir iqtisadiyyatın bel sütüunu isə energetikadır.  Deməli, daha da qüdrətli dövlət olmaq üçün dayanıqlı və güclü energetikaya sahib olmalıyıq. Bu, zamanın çağırışıdır.